460
Qəzet Ankara siyasi dairələrinə istinad edərək A.Lavrişevin təyinatını SSRİ-nin
təsir dairəsinə aid edilən ölkələrdə öz mütləq nəzarətinin qurulmasını gücləndirən
fakt kimi dəyərləndirirdi (13).
A.Lavrişevin təyinatı ilə bağlı türk mətbuatı belə bir fikir irəli sürürdü ki,
yaxın vaxtlarda Sovet İttifaqı Türkiyəyə ittifaq müqaviləsi bağlamağı təklif
edəcəkdir. "Hər gün" qəzeti qeyd edirdi ki, Finlandiyaya "kömək əlini uzatmış"
kommunistlər, bundan sonra Sovet İttifaqı sərhədlərində onunla siyasi müqavilə
bağlamayan Türkiyəyə təzyiq göstərməyə başlayacaqlar. Sovet Rusiyasının ruh
yüksəkliyi onunla bağlıdır ki, Sovetlərlə qonşu olan bütün xalqlar onun qarşısında
boyunlarını əymişdir. Türkiyəyə münasibətdə bunun ilk müjdəsi ola bilsin ki,
Balkanlarda məktəb keçmiş Lavrişevin Ankaraya səfir təyin edilməsidir. Ölkədə
və dünyada belə bir məlumat yayılmışdı ki, Sovet İttifaqı Finlandiya kimi
Türkiyəyə də ittifaq müqaviləsinin bağlanmasını təklif etmək fikrindədir. Bu
məsələ ilə bağlı Frans Press agentliyinin sualını cavablandıran N.Sadak Londona
və onaltıların iclasına Parisə yola düşərkən bildirdi ki, Türkiyə hökuməti belə bir
təklif almamışdır, əgər alsa şübhəsiz ki, onu rədd edəcəkdir. Türklər bu fikirdə
idilər ki, hər hansı ölkənin Rusiya ilə əməkdaşlığı onun müstəqilliyinin itirilməsi
ilə nəticələnir və ona görə də Ankaranın siyasi dairələri Sovetlərlə hər hansı ittifaq
müqaviləsini mümkün hesab etmirdilər (14). Mart ayının 11-də Londona gələn
N.Sadak Marşall planının 16-lar tərəfindən Parisdə ikinci müzakirəsi ərəfəsində
Britaniya xarici işlər naziri E.Bevinlə görüşüb bəzi məsələləri müzakirə etdi.
Britaniya və Türkiyə xarici işlər nazirlərinin görüşü haqqında elan olunmuş rəsmi
məlumatda göstərilirdi ki, tərəflər Avropanın bərpası proqramını, habelə əsası
1939-cu il ittifaq müqaviləsi ilə qoyulan Türkiyə-İngiltərə münasibətlərinin son
illərdəki vəziyyətini müzakirə etdilər və iki ölkə arasında dostluğu və əməkdaşlığı
daha da dərinləşdirmək əzmində olduqlarını vurğuladılar (15).
Mart ayının 15-də Marşall planı ilə bağlı məsələləri müzakirə etmək üçün 16
ölkənin xarici işlər nazirlərinin ikinci Paris görüşü işə başladı. Konfransın getdiyi
günlərdə Amerika senatı Avropanın bərpası ilə bağlı yardım proqramını təsdiq etdi
və prezident Trümen konqresdəki çıxışında dünyada gedən prosesləri təhlil edib
ABŞ-ın bu proseslərə münasibətini açıqladı. Çıxış bütövlükdə kommunizmə, onun
təcavüzkar metodlarına münasibətdə ittiham və xəbərdarlıqlardan ibarət idi. Mart
ayının ortalarında Qərbi Avropanın beş ölkəsinin 50 il müddətinə iqtisadi
əməkdaşlıq və istənilən təcavüzə qarşı birgə müdafiə olunmaq haqqında müqavilə
bağlamasını H.Trümen yüksək qiymətləndirdi. O, qeyd edirdi ki, qərb blokunun
yaranması sivilizasiyanın qorunması üçün müstəsna dərəcədə əhəmiyyətli
addımdır. H.Trümen dedi: "Nə qədər ki, Avropanın azadlıqsevər xalqları yenidən
möhkəmlənməyib, nə qədər ki, kommunizm mövcud demokra-
461
tiyanı təhdid edəcək, müstəqilliyi polis dövlətinin təhdidi qarşısında olan
dövlətlərə Amerika həmişə yardım göstərəcəkdir" (16).
Mart ayının 19-da Paris görüşündə Türkiyəni təmsil edən N.Sadak "Mond"
qəzetində bəyanatla çıxış etdi. O qeyd etdi ki, Parisdə konfransın açılmasının
Amerika senatında Marşall planının bəyənilməsi və Avropa siyasi ittifaqının
başlanğıcı olan Brüssel paktının imzalanması ilə eyni vaxta düşməsi, ən nahayət
Trümenin bütün dünyada yeni dövr açan çıxışı şübhəsiz ki, bu gün müşavirədə baş
verənlərin mühüm əhəmiyyətini sübut edir. N.Sadak Amerika yardımının
Türkiyəyə aid hissəsinə toxunaraq dedi: "Türkiyə nəğd hesablaşma yolu ilə mallar
alan Portuqaliya və İsveçrə kimi ölkələrin sırasına daxil edilə bilməz. Bizim üçün
kredit yolu ilə sənaye və kənd təsərrüfatımız üçün zəruri olan maşınlar almaq
həyati əhəmiyyətə malikdir. Əgər bu kömək təcili olaraq göstərilsə, onda Türkiyə
Marşall planının fəaliyyət müddəti başa çatmamış qısa müddətdə Avropaya
yardım göstərə bilər. Qərb ittifaqının yaranması ilə bağlı suala cavab olaraq
Türkiyənin mövqeyini açıqlayan N.Sadak qeyd etdi ki, Türkiyə Avropa ölkəsi
kimi bu gün təhlükəsizlik sisteminin olmamasından daha artıq ziyan çəkir.
Türkiyə dünyanın yeganə ölkəsidir ki, dünya müharibəsinin başlanmasından bəri
öz ordusunu hərbi hazırlıq vəziyyətində saxlayır. Türkiyə ötən 8 il ərzində bir
milyon kişi əhalidən istehsalatda istifadə edə bilməyib. Türkiyənin büdcəsinin hər
il 48-dən 54 faizə qədəri milli müdafiə işlərinə xərclənir. Müharibə qurtardıqdan
sonra Balkanlarda Sovet orientasiyalı ölkələr arasında rəsmən müdafiə xarakterli,
lakin səbəbini bizim üçün anlamaq çətin olan siyasi müqavilələr silsiləsi
imzalanmışdır. Çoxdan vaxtı çatmışdı ki, Avropanın qalan hissəsi də eyni işi
etsin" (17).
Lakin Marşall planı Senatda təsdiq edildikdən sonra məlum oldu ki, Türkiyə
bərpa proqramı üzrə Amerika yardımı göstərilən ölkələrin sırasında deyildir.
Marşall planına görə Avropa ölkələrinin bir hissəsi istiqraz formasında, ikinci
hissəsi əvəzsiz istiqraz formasında yardım ala bilərdi. Üçüncü qrup dövlətlər isə
öz ehtiyaclarını nəğd hesablaşmalar yolu ilə ödəyə bilərdilər, onların nə istiqraz,
nə də əvəzsiz yardım alması planda nəzərdə tutulmamışdı. Türkiyə İsveçrə və
Portuqaliya ilə birlikdə üçüncü qrupa daxil idi. Marşall planının bu qrupa aid
hissəsi 28 səhifədən ibarət idi. Türkiyənin bu qrupa aid edilməsi yardım
proqramını hazırlayan ekspertlər tərəfindən Türkiyədə möhkəm siyasi rejim
olması, müharibə dövründə ticarət balansının onun xeyrinə inkişaf etməsi,
müharibəyə qədərki istehsalın səviyyəsinin saxlanması, büdcə kəsirinin çox
olmaması və sair ilə izah edilirdi. Bununla yanaşı amerikanlar qəbul edirdilər ki,
Türkiyə ağır siyasi təzyiq altındadır və bu təzyiqə görə böyük ordunu silah altında
saxlamağa məcburdur. Bu isə öz növbəsində Türkiyəyə Trümen doktrinası üzrə
yardım göstərilməsinə gətirib çıxarmışdır. Ame-