470
gətirmişdi. A.Lavrişev son vaxtlar bir sıra mətbuat orqanlarında Türkiyənin
Atlantika paktına birləşmək arzusu haqqında məlumatların getdiyi ilə
maraqlananda N.Sadak cavab vermişdi ki, bu ayrı-ayrı jurnalistlərin fantaziyasıdır.
O dedi ki, Türkiyə ondan bu qədər uzaqda olan ölkələrə münasibətdə öz üzərinə
hərbi öhdəlik götürə bilməz və onun belə bir niyyəti yoxdur (38). Eyni mövqeyi
N.Sadak fevral ayının əvvəllərində Marşall planının növbəti müzakirəsi ilə bağlı
xarici işlər nazirlərinin Paris konfransına yola düşərkən də təsdiqlədi. O, qeyd etdi
ki, Atlantika paktı onu yaradanların fikrinə uyğun olaraq müəyyən coğrafi ərazini
əhatə edir. Onun adı "Şimali Atlantika paktı" adlanır və ona görə də ona Şimali
Atlantikaya yaxın olan dövlətlər qoşula bilərlər. Türkiyə isə Atlantika
sahillərindən uzaqdır və onun təhlükəsizlik zonası tamamilə digər coğrafi ərazidə
yerləşir. Lakin bununla belə, N.Sadak təhlükəsizlik sisteminə bütöv baxdığını və
təhlükəsizliyin yalnız Avropanın bir hissəsini əhatə edəcəyinə inanmadığını
vurğuladı. O dedi: "Madam ki, Avropada sülh və təhlükəsizliyin müdafiə
olunması nəzərdə tutulur, bu məqsədə yalnız Avropanın bir hissəsində nail oluna
bilməz" (39). Parisdə olarkən N.Sadakın Britaniya xarici işlər naziri E.Bevin və
Fransa xarici işlər naziri Şümanla apardığı danışıqlar coğrafi uyğunsuzluq
anlamında Türkiyənin Atlantika paktından kənarda qaldığını təsdiqləyirdi.
Bununla belə Paris görüşündə N.Sadak Britaniya, Fransa və Yunanıstan xarici
işlər nazirləri ilə Aralıq dənizi blokunun yaradılması ilə bağlı ilkin fikir
mübadiləsi apardı. Lakin NATO-nun yaradılması istiqamətində ciddi hazırlıq
işləri getdiyindən Britaniya Xarici İşlər Nazirliyi Aralıq dənizi paktinin təsis
edilməsinin vaxtının yetişmədiyini vurğuladı. Danışıqlar zamanı Ankaranın
narahatçılığını azaltmaq məqsədilə E.Bevin bildirdi ki, Türkiyənin
təhlükəsizliyinə təminat ingilis-fransız-türk ittifaq müqaviləsilə verilir və
Trümen doktrinası bu təhlükəsizliyə daha etibarlı təminatdır. N.Sadak Parisdən
döndükdən sonra Türkiyə Millət Məclisində mart ayının 16-da çıxış edib Aralıq
dənizi paktına münasibətdə heç bir qərarın qəbul olunmadığını bildirdi.
Sovetlər 1949-cu ilin əvvəllərindən genişlənən bloklaşma siyasətindən və
Türkiyənin hər hansı formada bu bloklara cəlb edilməsindən ciddi narahatçılıq
keçirirdi. Aralıq dənizi paktı ilə bağlı müzakirələr genişləndiyindən Ankaradakı
Sovet səfiri A.Lavrişev mart ayında Türkiyənin bu pakta münasibətilə bağlı Xarici
İşlər Nazirliyinə şifahi sorğu ilə müraciət etdi. Bu sorğuya cavab olaraq Türkiyə
tərəfi bildirdi ki, Aralıq dənizi paktı bilavasitə müdafiə məqsədləri üçün yaradılır
və Türkiyə ona qoşulmağa hazırdır. Aralıq dənizi paktına münasibətdə
A.Lavrişevin "qeyri-rəsmi demarşı" türk mətbuatında geniş müzakirəyə səbəb
oldu. Məsələnin ciddiliyi eyni zamanda onunla izah edilirdi ki, Sovetlər nə
Türkiyəyə yönəlmiş öz iddialarından imtina edir, nə də Türkiyənin sovet təhdidləri
471
qarşısında öz təhlükəsizliyini təmin etmək cəhdləri ilə barışmaq istəyirdi. Bütün
bu məsələlər və "Sovet demarşının" doğurduğu digər nəticələr mart ayının 10-da
Londondakı türk səfiri C.Açıkalınla E.Bevinin görüşündə müzakirə edildi (40).
1949-cu ilin mart ayında Sovet rəhbərliyində bir sıra dəyişikliklər edilməsi,
uzun müddət SSRİ xarici siyasətinə rəhbərlik edən V.Molotovun A.Vışinski və
xarici ticarətinə rəhbərlik edən A.Mikoyanın M.Menşikovla əvəz edilməsi
Türkiyənin bəzi dairələrində səhv olaraq Sovetlərin xarici siyasətində dəyişiklik
olacağı fikrini yaratmışdı. Xüsusilə V.Molotovun xarici işlər naziri vəzifəsindən
azad edilməsi türk mətbuatında son illərin ən mühüm hadisəsi kimi dəyərləndirilir,
o, Sovetlərin yeritdiyi ekspansionist və imperialist siyasətin başlıca nümayəndəsi
kimi qiymətləndirilirdi. Lakin SSRİ-də gedən dəyişiklikləri diqqətlə izləyən
Türkiyə siyasi dairələri bunu Sovetlərin xarici siyasətinə heç bir təsir
göstərməyəcəyini bildirirdilər. N.Sadak türk mətbuatının çoxsaylı sorğularına
cavab olaraq qeyd edirdi ki, Molotovun Vışinski ilə əvəz olunması SSRİ-nin xarici
siyasətində heç bir dəyişikliyə gətirib çıxarmayacaq. Onun fikrincə, Türkiyənin
səmimi niyyətlərinə baxmayaraq SSRİ Türkiyəyə münasibətdə düşmənçilik
meyllərindən hələ ki, imtina etməmişdir. N.Sadak deyirdi: "Molotovun Vışinski
ilə əvəz edilməsi Sovetlərin Türkiyəyə münasibətdə dostluq ifadə edəcəyinə,
bolşevik siyasətinin dəyişəcəyinə ümid bəsləmək olmaz". Xarici işlər nazirinin
açıqlamasını şərh edən bir sıra türk qəzetləri haqlı olaraq belə nəticəyə gəlirdilər
ki, bugünkü Rusiyanın siyasəti bütövlükdə İ.Stalinin əlində toplanmışdır, xarici
işlər naziri vəzifəsini kimin tutmasından asılı olmayaraq bu siyasət dəyişməz
qalacaqdır (41).
1949-cu ilin mart ayının ortalarında Atlantik paktının layihəsi elan olundu.
Həmin vaxt Paris görüşü barədə Millət Məclisinə hesabat verən N.Sadak eyni
zamanda NATO-nun yaradılması ilə bağlı məsələlərə də toxundu. O, bir daha
təsdiq etdi ki, Şimali Atlantika paktı bəlli bir coğrafi ərazini əhatə etdiyindən
Türkiyənin bu paktda iştirakından söhbət gedə bilməz. Eyni zamanda xarici işlər
naziri Məclisə məlumat verdi ki, Türkiyənin yerləşdiyi rayonda sülhü qoruyub
saxlamaq üçün İngiltərə və Amerika ilə danışıqlar davam etdirilir. Mart ayının 18-
də isə E.Bevin və D.Açeson açıqladılar ki, NATO-nun yaradılması heç bir halda
ABŞ və Britaniyanın Türkiyəyə diqqətini azaltmır.
Mart ayının 22-də Birləşmiş Ştatların Milli Təhlükəsizlik Şurası Sovetlərin
ABŞ-ın təhlükəsizliyinə təhdidlərinin qarşısını almaq üçün Amerikanın
Yunanıstan və Türkiyə ilə bağlı siyasəti barədə prezidentə geniş məruzə hazırladı.
Orada qeyd olunurdu ki, SSRİ Türkiyəyə nəzarəti aşağıdakı vasitələrlə ələ
keçirməyə çalışır: 1) Boğazlarda birgə Sovet-Türkiyə nəzarətini təmin etmək
cəhdləri; 2) Boğazlara birgə nəzarətlə əlaqədar