1
CƏMİL HƏSƏNLİ
SSRİ-TÜRKİYƏ:
SOYUQ MÜHARİBƏNİN
SINAQ MEYDANI
"Adiloğlu" nəşriyyatı
Bakı-2005
2
Az
H59
Elmi redaktor:
Prof. Dr. Süleyman Əliyarlı,
Əməkdar Elm Xadimi, Türk
Tarix Kurumunun Fəxri üzvü
Rəyçi:
tarix elmləri namizədi,
dosent Məmməd Fətəliyev
H 59 C.P.Həsənli. SSRİ-Türkiyə: soyuq müharibənin sınaq meydanı.
Bakı, "Adiloğlu " nəşriyyatı - 2005, 544 səh, (16 şəkil)
Tarix elmləri doktoru, prof. C.Həsənlinin oxuculara təqdim edilən "SSRİ-Türkiyə: soyuq
müharibənin sınaq meydanı" monoqrafiyası müəllifin Yaxın və Orta Şərqdə soyuq müharibəyə həsr
edilmiş ikinci araşdırmasıdır. Monoqrafiyada 1939-1953-cü illərdə Sovet-Türkiyə münasibətlərinin
keçdiyi tarixi yol, onun həlledici mərhələləri və dönüş məqamları tədqiq edilmişdir. Yeni açıqlanan
arxiv sənədlərinə istinadən müəllif soyuq müharibənin Türkiyə böhranının, İ.Stalinin fitvası ilə
Ermənistan və Gürcüstan Sovet respublikalarının bu prosesdə fəal iştirakının, habelə Güney Qafqaz
respublikaları arasında başlanmış əsəb savaşının maraqlı tarixi mənzərəsmi yaratmışdır. Rusiya, ABŞ,
Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistandakı məxfi sənədlərdən istifadə edərək müəllif göstərir
ki, SSRİ siyasi texnologiyaları dost və sülhsevər Türkiyədən məharətlə düşmən obrazı yaradaraq onu,
milyonlarla Sovet vətəndaşının beyninə yeridə bilmişdi.
Kitab beynəlxalq münasibətlər tarixi ilə məşğul olan mütəxəssislər, bu ixtisas üzrə təhsil alan
tələbələr və yaxın keçmişin tarixi ilə maraqlanan geniş oxucu dairəsi üçün nəzərdə tutulur.
ISBN 9952-25-013-4
H
2005
121
0514224124
−
sifarişlə
© C.Həsənli
3
GİRİŞ
İkinci Dünya müharibəsinin başa çatmasından altmış illik bir dövr
keçib. Bu gün mübaliğəsiz demək olar ki, soyuq müharibə bəşəriyyətin son
altmış illik tarixinin ən mühüm hadisəsidir. Dünyanın müharibədən sonrakı
tarixinə diqqət yetirilsə görərik ki, böyük qələbədən bizi ayıran altmış ilin
qırx beş ili məhz soyuq müharibə erası kimi tarixə daxil olub.
Dünya sosializm sisteminin böhranı və Sovet İttifaqının dağılmasından
sonra soyuq müharibə tarixinə böyük maraq yaranmışdır. Bir vaxtlar eyni
ideoloji zəmində, eyni qəlibdən çıxan və daha çox bir-birini təkrar edən
kitablar və elmi araşdırmalar, indi soyuq müharibənin canlı tarixini özündə
əks etdirən, maraqlı araşdırmalarla əvəz olunmaqdadır. Son illərdə ABŞ-
da, Avropa ölkələrində və Rusiyada soyuq müharibə tarixini araşdıran yeni
elmi mərkəzlərin yaranması heç şübhəsiz ki, dövriyyəyə yeni daxil edilən,
dövrün reallıqlarını özündə yaşadan arxiv sənədlərinin açılması, SSRİ-nin
süqutundan sonra köhnə ideoloji stereotiplərin dağılması ilə bağlıdır. 90-cı
illərin əvvəllərindən başlayaraq ardıcıl formada keçirilən beynəlxalq
konfranslar, aparılan elmi müzakirələr soyuq müharibə tarixinin bir sıra
yeni məqamlarını meydana çıxarmış və problemin nəzəri əsaslarının
ümumiləşdirilməsi ilə müşayiət olunmuşdur. Tam əsasla demək olar ki,
son illərdə soyuq müharibə tarixi ilə bağlı fundamental araşdırmaların
meydana çıxması İkinci Dünya müharibəsindən sonra beynəlxalq
münasibətlərin, Sovet-Amerika qarşıdurmasının, Qərb-Şərq
ziddiyyətlərinin bir sıra qaranlıq məqamlarına aydınlıq gətirmişdir. Son on
ildə Rusiya tarix elmində bu istiqamətdə əldə edilən uğurlar xüsusi şəkildə
qeyd edilməlidir. Şübhəsiz ki, bu bir tərəfdən rus tarixçilik məktəbinin
dərin elmi potensialı ilə bağlıdırsa, digər tərəfdən soyuq müharibə tarixinə
yeni baxış formalaşdıra biləcək qədər əhəmiyyətli olan Sovet arxiv
sənədlərinin öyrənilməsi və rus tarixçiliyinin bu prosesdə ilk araşdırıcı
missiyasını yerinə yetirməsi ilə izah olunmalıdır.
Soyuq müharibə tarixinə aid tədqiqat işlərinin nəzərdən keçirilməsi son
illərin elmi araşdırmalarının daha çox "Avropa böhranı" üzərində
qurulduğunu təsdiq edir. Əlbəttə, bu soyuq müharibənin sonrakı
mərhələsində Avropa böhranının aparıcı istiqamətə çevrilməsi, Qərb-Şərq
qarşıdurmasının səngərlərinin Avropadan keçməsi, Sovet-Amerika hərbi
arsenalının Avropada qarşı-qarşıya dayanması və xüsusilə soyuq
müharibəni stimullaşdıran hərbi blokların Avropada yaranması ilə bağlı
idi. Ona görə də soyuq müharibənin başlıca sərhədlərinin Avropadan
4
keçdiyi, soyuq müharibənin əsas səngərlərinin Avropada qurulduğu tarixin artıq
təsdiq olunmuş hadisəsidir.
Ötən əsrin 90-cı illərində "Avropa böhranı"nın önə çəkilməsi soyuq
müharibənin ilk illərində Sovet təsir dairəsinə düşmüş və Qərb-Şərq
qarşıdurmasını qırx ildən artıq öz taleyində yaşatmış Şərqi Avropada və
Balkanlarda sosializmin çökməsinin doğurduğu eyforik dalğanın bilavasitə
nəticəsi idi. SSRİ-nin dağılması və birqütblü dünyanın formalaşdığı dövrdə soyuq
müharibə problemlərini araşdıran ilk mərkəzlərin ABŞ, Qərbi Avropa və Rusiyada
yaranması bu istiqamətdə Avropa mərkəzçiliyinin formalaşmasında mühüm rol
oynadı. Bu isə bir növ soyuq müharibənin daha çox başlanğıc mərhəbsinə düşən
Yaxın və Orta Şərq hadisələrinin unudulmasına, Uzaq Şərq və Hind-Çin
səhifələrinin diqqətdən kənarda qalmasına gətirib çıxarmışdı. Lakin son illərdə bu
istiqamətdə ciddi dəyişikliklər baş vermiş, soyuq müharibənin coğrafiyasının
genişləndiyini şərtləndirən tədqiqat işləri meydana çıxmışdır. Bütün bunlar soyuq
müharibə tarixinə daha geniş miqyasda yanaşmağa, problemin tam mənzərəsmi
yaratmağa imkan vermiş, müharibədən sonrakı dünyanın bu mühüm hadisəsinə
münasibətdə konseptual baxışlar sisteminin formalaşmasına gətirib çıxarmışdır.
Soyuq müharibə tarixi ilə bağlı son illərdə aparılan müzakirələrin mühüm
cəhətlərindən biri bu eranın başlanması və onun dövrləşdirilməsi ilə bağlıdır. Bir
sıra müzakirələrdə və elmi araşdırmalarda soyuq müharibənin 40-cı illərin
sonunda Berlin hadisələri ilə əlaqədar Şərqi Avropada siyasi proseslərin ideoloji
ayrıtılarla başa çatdığı dövrdə meydana gəldiyi göstərilir. Soyuq müharibə erasının
başlanmasının belə interpretasiyası daha çox müharibədən sonrakı ilk illərdə Şərqi
Avropada və Balkanlarda gedən proseslərin müttəfiqlər arasında razılaşdırılmış
addımlar təsiri bağışlaması ilə bağlı idi. Bu ərazidə tərəflər nüfuz dairəsmi bir növ
hələ dost olarkən müəyyən etdiklərindən Şərqi Avropa və Balkanlarda hadisələr
ilk dövrlərdə qarşıdurma görüntüsü yaratmırdı. Soyuq müharibənin başlanmasının
daha çox Avropa mərkəzçiliyi üzərində qurulmuş "yubanmış tarixi" ilk növbədə
bununla bağlı idi.
Bununla yanaşı, həm ABŞ-da və həm də Rusiyada bir sıra alimlər soyuq
müharibənin daha erkən, 1917-ci ilin rus inqilabı və Vilson dövründən başlandığı
fikrini irəli sürürlər. Lakin soyuq müharibəyə tarixi bir era kimi yanaşılması, onun
məzmun və mahiyyətinin araşdırılması bu tarixi eranın məhz İkinci Dünya
müharibəsindən sonrakı dövrün xüsusi hadisəsi olduğunu təsdiq edir. Soyuq
müharibənin başlanması ilə bağlı irəli sürülən bütün fikir və mülahizələrə
hörmətlə yanaşmaqla bərabər, onun müttəfiqlər arasında razılaşdırılmamış bir
ərazidən və razılaşdırılmamış məsələlərdən başlandığını daha real hesab etmək
olar. Fikrimizcə bu proses 1945-ci ilin payızında müttəfiqlər
Dostları ilə paylaş: |