5
arasında ilk qarşıdurma meydanına çevrilmiş İran Azərbaycan hadisələri və
Türkiyəyə qarşı elan olunmuş Sovet tələblərinin beynəlxalq aləmdə doğurduğu
kəskin reaksiya ilə start götürdü. Yeni açıqlanan sənəd və materialların
araşdırılması İran Azərbaycanı və Türkiyənin müttəfiqlər arasında qarşıdurmanın,
o dövrdə deyildiyi kimi əsəb müharibəsinin, az sonra isə soyuq müharibə kimi
dəyərləndirilən hadisələrin ilk sınaq meydanına çevrildiyini təsdiq edir. Məhz bu
hadisələrə münasibətdə Avropadan daha öncə müharibə dövrünün əməkdaşlığına
son qoyuldu, müttəfiqlər arasındakı əməkdaşlıq müharibədən sonrakı dövrün
qarşıdurması ilə əvəzlənməyə başladı.
Avropada müharibə sona çatan kimi, 1945-ci ilin iyun ayının 10-da "İranın
şimalında Sovet sənaye müəssisələrinin təşkil edilməsi haqqında" SSRİ Xalq
Komissarları Sovetinin, iyunun 21-də "İranın şimalında neftlər bağlı geoloji-
kəşfiyyat işləri haqqında" Dövlət Müdafiə Komitəsinin, iyulun 6-da "Cənubi
Azərbaycanda və İranın şimalının digər vilayətlərində separatist hərəkatın təşkili
üzrə tədbirlər haqqında" ÜİK(b)P MK-nın Siyasi Bürosunun qəbul etdiyi gizli
qərarlar Sovet İttifaqının eks-pansionist niyyətlərinin ciddiliyindən, müttəfiqlərlə
qarşıdurmaya getməyə qərarlı olduğundan xəbər verirdi. Hər üç gizli qərarı
müvafiq orqanların rəhbəri kimi bilavasitə İ.Stalin imzalamışdı.
İran Azərbaycanı ilə eyni vaxtda SSRİ 1945-ci ilin iyun-avqust aylarında
Türkiyə ilə bağlı tələblərini formalaşdırdı və elan etdi. İyun ayının 7-də
Türkiyənin Moskvadakı səfiri S.Sarperi qəbul edən SSRİ xarici işlər komissarı
V.Molotov Sovetlərin Türkiyənin şərq vilayətlərinə ərazi iddiasını, Boğazlarda
hərbi baza yaratmaq, Bosfor və Dardanell boğazlarına birgə nəzarət etmək
tələblərini irəli sürdü. Avqust ayının 18-də isə SSRİ Xarici İşlər Komissarlığı
nəinki Türkiyədən alınacaq ərazinin sahəsini müəyyən etdi, eyni zamanda həmin
ərazilərin Ermənistan və Gürcüstan Sovet respublikaları arasında
bölüşdürülməsini "rəsmiləşdirdi". Almaniya üzərində tarixi qələbənin eyforik
təsiri altında olan Sovet rəhbərliyi yeni alınacaq ərazilərdə kommunist partiyasının
yerli komitələrini yaratmaq və həmin komitələrə göstərilən namizədləri təsdiq
etməkdən belə çəkinmədi. Sovetlərin hesablamalarına görə bu aksiya həyata
keçirildikdən sonra Sovet Ermənistanının ərazisi əvvəlki ilə müqayisədə 80 faiz,
Sovet Gürcüstanının ərazisi isə 8 faiz artmalı idi.
Türkiyəyə qarşı irəli sürülən Sovet tələbləri müttəfiqlər tərəfindən təəccübb
qarşılandı. Potsdam konfransı ərəfəsində V.Molotovla görüşən Britaniya xarici
işlər naziri A.İden qeyd etdi ki, onlar əvvəllər heç vaxt Sovet İttifaqının Türkiyəyə
ərazi iddiası olduğunu eşitməyiblər.
Beləliklə, əməkdaşlıqdan qarşıdurmaya keçidin başlanğıcı kimi səciyyələnən
İran Azərbaycanı və Türkiyə böhranları nəinki soyuq
6
müharibənin harada başlanması sualına cavab verir, eyni zamanda onun kim
tərəfindən başlanması kimi zəruri bir məsələyə də aydınlıq gətirir.
Yeni açıqlanan arxiv sənədlərinin araşdırılması soyuq müharibənin ilk hadisəsi
sayılan Türkiyə böhranının baş memarının məhz İ.Stalin olduğunu təsdiq edir.
Sovet İttifaqının Almaniya üzərindəki qələbədə böyük rolu onun bir tərəfdən
müharibədən sonrakı dövrdə dünyanın taleyinə təsir göstərmək imkanına malik
olan qüdrətli dövlətə çevrilməsini şərtləndirirdisə, digər tərəfdən həmin qüdrətli
dövlətin başçısı kimi İ.Stalinin xalqların taleyinin həll edilməsində neqativ
təsirinin artmasına rəvac verirdi. Müharibədən sonrakı ilk illərdə SSRİ-nin xarici
siyasəti bəzi məqamlarda güclü görsənən, lakin daha çox primitiv xarakter daşıyan
Stalin intriqalarının başlıca alətinə çevrilmişdi. 30-cu illərlə müqayisədə
müharibədən sonrakı illərdə Sovet repressiyalarının bir qədər səngiməsi Stalinin
vaxtilə ölkənin daxilində apardığı oyun qaydalarını indi ölkənin xaricinə
keçirməsi, qonşu dövlətlərə qarşı repressiv metodların güclənməsi ilə bağlı idi.
Soyuq müharibənin başlanmasında Stalinin daha çox SSRİ xarici siyasətində
təzahür edən intriqaları Sovetlərin sərhədlərini genişləndirmək doktrinasının çıxış
nöqtəsini təşkil edirdi.
Bu "genişlənmə doktrinası" Şərqi Avropada proseslər başlanmazdan daha
əvvəl Türkiyəyə münasibətdə özünü qabarıq şəkildə göstərirdi. Müharibədən qalib
çıxmış ölkənin xarici işlər komissarı kimi V.Molotov çox açıq şəkildə digər bir
ölkənin səfirini dəvət edib ondan torpaq tələb edir, Türkiyənin ərazisi sayılan
Boğazlarda Sovet bazaları yaradılması tələbini irəli sürür və Türkiyə üçün
suverenlik məsələsi olan Bosfor və Dardanellə birgə nəzarat iddiasını ortaya
qoyurdu. Sonralar V.Molotov bu göstərişlərin İ.Stalin tərəfindən verildiyini və
bunların real olmadığını etiraf edirdi. Bu etiraflara baxmayaraq İ.Stalin
intriqalarının nəticəsi kimi Türkiyənin simasında yaradılmış "düşmən obrazı"
soyuq müharibənin sonuna kimi davam etdi. SSRİ dağıldıqdan sonra yeni
açıqlanan arxiv sənədlərinin işığında bir sıra tanınmış rus alimləri Türkiyəyə
münasibətdə yaradılmış "düşmən obrazının" dağıdılmasında mühüm rol oynasalar
da, İ.Stalin təkəbbürlərinin nəticəsi kimi uzun müddət ölkələrin münasibətlərinə
ciddi zərbə vurmuş bu zərərli yanaşma hələ də bəzi araşdırmalarda müşahidə
edilməkdədir. Hətta Rusiyada yaranan müasir bədii sənət əsərlərində elə bir
nümunə tapa bilmərik ki, orada türklər, yaxud Türkiyə müsbət emosiyalar
yaratsın.
Sənəd və materialların araşdırılması müharibədən sonrakı ilk illərdə SSRİ-nin
Yaxın Şərq siyasətində Türkiyənin mühüm yer tutduğunu təsdiq edir. Bu
baxımdan soyuq müharibənin sınaq meydanına çevrilmiş Türkiyəyə münasibətdə
Sovetlərin yeritdiyi ekspansionist siyasət onun Yaxın Şərq və Aralıq dənizində
genişlənmək arzularının başlanğıcı, müharibədən sonra Britaniyanın iştirakı ilə
Sovet-Amerika qarşıdurmasının ilk mübarizə meydanı idi.