503
qaçmaq cəhdləri bunun aydın ifadəsi idi. Sonralar SSRİ DTK-nın Zaqafqaziya
hərbi dairəsi xüsusi şöbəsinin rəisi general Jeleznikov Gürcüstan kommunist
partiyasının katibi P.Kovanova Türkiyə ilə sərhədlərdə casusluq hallarının
çoxalması ilə bağlı yazdığı məktubda qeyd edirdi ki, 1956-cı ildə xarici ölkələrdən
SSRİ-yə turist axını çoxalmışdır və onlar sistematik olaraq Zaqafqaziya rayonuna
səfər edirlər. Orada göstərilirdi ki, vaxtilə Yaxın Şərqdən, Fransadan və digər
ölkələrdən daimi yaşamaq üçün Zaqafqaziya respublikalarına gələn və əsasən
Ermənistan ərazisində məskunlaşan repatriantlarla xaricilərin görüşləri qeydə
alınmışdır (1). Lakin "böyük repatriasiya" proqramı Qars, Ərdahan və Artvinin
alınmasında nəzərdə tutulan ümidləri doğrultmasa da, Ermənistanda yaşayan
azərbaycanlıların taleyində faciəli rol oynadı. Məhz Sovet Ermənistanına gəlmiş
repatriantları torpaqla təmin etmək, onların mənzil-məişət vəziyyətini
yaxşılaşdırmaq üçün İ.Stalin 100 min azərbaycanlının tarixən yaşadığı doğma
yurdlarından köçürülməsinə qərar verdi. Azərbaycanlıların Ermənistandan
deportasiya edilməsi Cənubi Qafqaz respublikalarının soyuq müharibə prosesində
iştirakının ən ağır nəticəsi idi. Müharibə başa çatan kimi Ermənistan və
Gürcüstanın Azərbaycana qarşı ərazi iddiaları ilə Moskvaya müraciət etməsi,
xaricdəki erməni siyasi partiyalarının və millətçi cəmiyyətlərinin Azərbaycana və
Gürcüstana qarşı ərazi tələbləri irəli sürməsi regionda gərginləşən əsəb savaşının,
bir sıra əlamətlərinə görə hətta soyuq müharibənin diqqətdən kənarda qalan
epizodu sayıla bilər. Belə ki, H.Kissincerin işlətdiyi "Stalin bazarı" ifadəsi bu
siyasəti xarakterizə etmək üçün yerinə düşən ifadədir.
Türkiyənin Şərq vilayətləri və Boğazlarla bağlı "bazarlıq siyasətinə" İ.Stalin
hələ 1940-cı ilin noyabrında Berlinə yola düşən V.Molotova verdiyi tapşırıqlarda
və G.Dimitrov ilə söhbətlərində başlamışdı. H.Kissincer haqlı olaraq yazır:
"Türkiyəyə ərazi iddialarının elan edilməsi ilə eyni vaxtda Boğazlarda da Sovet
İttifaqına baza verilməsi tələbi təxminən 1940-cı ilin noyabr ayının 25-də Stalinin
Hitlerə elan etdiyi tələblərin eynisi idi" (2).
İ.Stalinin türkləri Avropadan qovmaq planı sonrakı mərhələdə faciəli
hadisələrlə müşayiət edildi. Dövlət Müdafiə Komitəsinin 21 may 1944-cü il
qərarına uyğun olaraq Krım öz tarixi vətənləri olan türklərdən təmizləndi. 183135
nəfər Krım türkü Özbəkistana və Rusiya Federasiyasının uzaq vilayətlərinə sürgün
olundu. DMK-nın 30 iyul 1944-cü il qərarına görə həmin ilin sentyabr ayının 20-
də Gürcüstanın Türkiyə ilə sərhəd rayonlarından 69869 nəfər yerli türklər Orta
Asiyaya sürgün edildi, 1947-ci il dekabrın 23-də İ.Stalinin imzaladığı qərarla 100
min azərbaycanlının Ermənistandan deportasiyasına start verildi. Siyasi Büronun 4
aprel 1949-cu il qərarı ilə Qara dəniz sahillərində və Zaqafqaziyada türklərin
sonuncu nümayəndələrinin Tomsk vilayətinə əbədi sürgün edilməsi ilə
504
Stalinin "türk" təmizləmələri başa çatdırıldı. 50-ci illərin ikinci yarısında SSRİ-də
stalinizmin mahiyyəti açıqlananda və XX əsrin bu böyük diktatorunun faciəli
əməllərinə qiymət veriləndə Stalin repressiyalarının qurbanı olmuş bu xalqların
heç birisinin köhnə yurdlarına qayıtmasına icazə verilmədi. SSRİ Ali Sovetinin
Rəyasət Heyətinin 1956-cı il aprel ayının 8-də qəbul etdiyi qərarda Gürcüstanın
Cənub rayonlarından köçürülmüş türklərin öz doğma yurdlarına qayıtmaq barədə
müraciətləri rədd edildi. Krım türkləri də eyni taleyi yaşamalı oldu. Məsələn,
Gürcüstan KP MK-nın katibi P.Kovanov 1957-ci ilin sentyabrında Sov.İKP MK-
ya yazırdı: "Gürcüstan kommunist partiyası respublikanın sərhəd rayonlarından
köçürülmüş şəxslərin öz əvvəlki yaşayış yerlərinə qayıtmasına etiraz edir, belə ki,
bu rayonların torpaqları artıq yeni sakinlər tərəfindən tutulub və məskunlaşdırılıb.
Bundan əlavə əvvəlki sakinlərin qayıtması sərhədlərdə qeyri-sabit vəziyyət
yaradar, xüsusən ona görə ki, 1944-cü ildə sürgün edilənlərin çoxunun Türkiyə
sakinləri ilə qohumluq əlaqələri vardır. Bütün bunları nəzərə alaraq SSRİ Ali
Soveti Rəyasət Heyətinin 8 aprel 1956-cı il qərarının qüvvədə saxlanmasını zəruri
hesab edirik" (3).
Sovetlərdə olduğu kimi SSRİ-nin təsiri altına düşmüş Balkan dövlətlərində də
türk azlıqları eyni faciəli taleyi yaşamalı oldu. İ.Stalin Boğazların Avropa
sahillərini sosialistləşdirə bilməsə də türklərin Bolqarıstandan və digər Balkan
ölkələrindən qovulmasına nail ola bildi. Bütün bunlar SSRİ-nin Türkiyəyə qarşı
həyata keçirdiyi təzyiq siyasətinin bilavasitə nəticəsi idi.
Məhz bu tələblərin təsiri altında, Sovet təzyiqinin doğurduğu psixoloji xofun
əsəb gərginliyində Türkiyə Qərbə doğru sürətlə meyl etməyə başladı. 1925-ci il
Sovet-türk müqaviləsi SSRİ tərəfindən ləğv edildikdən sonra Türkiyəni Sovet
hücumundan qoruyacaq hər hansı hüquqi baza mövcud deyildi. Türklərin əsəbləri
möhkəm olsa da, Sovet məngənəsində sıxılan ölkənin müdafiəsinə etimadlı
təminat olmadan əsəb savaşının ağır yükünü çəkməyin böyük çətinlikləri var idi.
Müharibə başa çatdıqdan sonra Sovetlərin Zaqafqaziya hərbi dairəsini
gücləndirməsi, İran Azərbaycanında və Bolqarıstanda hərbi hazırlıq tədbirləri,
Aralıq dənizində və Yaxın Şərqdə baza axtarmaq arzuları Türkiyəni cinahlardan
sıxmaq siyasətinin hədəfinə çevirmişdi. Trümen doktrinası və Türkiyənin Şimali
Atlantik blokuna daxil olması məhz bu siyasətin hərbi-siyasi nəticəsi idi. ABŞ-ın
Türkiyə ilə bağlı siyasəti haqqında Milli Təhlükəsizlik Şurasının 1955-ci ilin
fevralında hazırladığı dəyərləndirmədə göstərilirdi ki, 1947-ci ildən 1954-cü ilə
kimi Birləşmiş Ştatlar Türkiyəyə 704 milyon dollar həcmində hərbi, 262 milyon
dollar həcmində isə iqtisadi və texniki yardım göstərmişdir. Türkiyə bu
yardımların vasitəsi ilə öz hərbi obyektlərini müasirləşdirmək və iqtisadiyyatını
inkişaf etdirmək üçün geniş