Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991)
51
Belə ki, Rusiya Azərbaycanın xarici dövlətlərlə iqtisadi əlaqələrinə mane
olmaqla ixrac potensialımızdan digər dövlətlərə qarşı təsir
vasitəsi kimi
istifadə edirdi. Azərbaycan neft sənayesini və balıq vətəgələrini
xarici
dövlətlərə konsessiyaya verməklə, normal idxal-ixrac tarifi və gömrük
vergiləri tətbiq etməklə böyük mənfəət verərdi. Əksinə, xeyli miqdarda
Azərbaycan nefti və digər strateji xammallar Rusiyaya və digər sovet
respublikalarına daşınırdı [222, 168-174].
1921-ci ilin dekabr ayına qədər fəaliyyət göstərən Azərbaycan XXTK
İtaliya, İsveçrə və Fransa şirkətləri ilə imzalanan 6 ticarət sazişi əsasında
xalça,
ipək parça, barama və xəz satmaqla 166, 8 min funt sterlinq həcmində
müxtəlif mallar alınmışdı. Bundan əlavə 1,5 mln. funt sterlinq məbləğində
alqı-satqı sövdələşmələri imzalanmış və Təkcə Almaniyadan 60 min ədəd
elektrik lampası, elektrik avadanlığı, dəmir yolu vaqonları, kənd təsərrüfatı
alətləri və kütləvi tələbat malları gətirilmişdi. 1921-ci ilin fevralından
başlayaraq bir neçə ay ərzində Batum vasitəsilə Avropa ölkələrinə 3326
ədəd xalça, 513 pud qara kürü, 1149 pud frizon, 55903 dəst bağırsaq, 2566
ədəd qaragül dəri, 120
pud ipək, 996 pud yun və digər valyuta tutumlu
mallar göndərilmişdi [221, № 6, 1921, 21-23, 26 ].
Azərbaycandan ixrac edilən dərman bitkiləri, o cümlədən valerian
valyuta tutumlu mallardan idi. Rusiya və Zaqfederasiyanın xarici ticarət
qurumları bunun qarşısını almağa çalışırdılar. Tiflisdən “Obvneştorq”dan
Azərbaycan hökumətinə ünvanlanan 10 fevral 1922-ci il tarixli 2100 saylı
məktubda valerian kökünə həm Rusiyada, həm də Cənubi Qafqaz respub-
likalarında ehtiyac olduğunu nəzərə alıb sərhəddən buraxılmaması haqqında
Azərbaycan gömrüyünə göstəriş verilməsi xahiş edilirdi.
Azərbaycan SSR-
in XKS-nin İşlər idarəsindən Gömrük komissarı Məmmədzadəyə ünvan-
lanan 1922-ci il 23 fevral tarixli bildirişdə göstərilirdi:
“tibdə istifadə edilən
bitkilərin, o cümlədən valerianın (pişikotu) ixracının qadağan edilməsi
haqqında üzərində XKS-nin sədr müavini Bağırovun dərkənarı olan qərarın
surəti icra üçün Sizə göndərilir”[86, 463-464].
1921-ci ilin martında Moskvada sovet Rusiyası ilə Türkiyə arasında
imzalanan müqavilə hər şeydən əvvəl iqtisadi, o cümlədən ticarət əlaqə-
lərinin yaradılması və inkişafını nəzərdə tuturdu. Türkiyənin neftə olan
tələbatının çox hissəsi Azərbaycan vasitəsilə ödənilirdi. Cənubi Qafqaz
gömrük idarəsinin məlumatında göstərilir ki, “Azərneftsindikat” yalnız
Batumi limanı vasitəsilə Türkiyəyə 1922-ci ildə 9294
ton yanacaq nefti və
340 ton benzin, 1923-1924-cü illər ərzində 16931 ton yanacaq nefti 509 ton
benzin, 2695 ton maşın yağı, 180 ton mazut, toxuculuq dəzgahları üçün
işlədilən 48 ton yağ aparılmışdı [209, 1926, № 3, 443-444].
1921-ci il aprelin 26-da Tiflisdə Cənubi Qafqaz respublikalarının
yığıncağında Zaqafqaziya Xarici Ticarət İdarəsinin (ZXTİ) yaradılması və
avqustun 7-də RSFSR-in analoji qurumu ilə əməkdaşlıq müqaviləsinin
Azərbaycan dövlətçiliyi tarixində gömrük işi
52
bağlanılması çox mətləblərə aydınlıq gətirdi. Müqavilənin şərtlərinə görə,
bundan sonra Cənubi Qafqaz respublikaları xarici iqtisadi əlaqələrini sovet
Rusiyasının razılığı və RSFSR XTİ-nin tərtib etdiyi qaydalar əsasında
həyata keçirə bilərdi. Rusiya Cənubi Qafqaz respublikalarının xarici
ölkələrdə ticarət fəaliyyətinə və idxal-ixrac əməliyyatlarına birbaşa müda-
xilə etmək imkanı qazanırdı. Rusiya ZXTİ-nə təyin etdiyi nümayəndəsi
vasitəsilə Azərbaycanın xarici ticarət əməliyyatlarına nəzarəti (xarici
dövlətlərlə müqavilə bağlanması, xarici firmalara Azərbaycan ərazisində
konsessiya verilməsi, valyuta tutumlu malların ixracı, gömrük rüsumlarının
həcminin tənzimlənməsi və s.) altına aldı [154, 95].
V.İ.Lenin 1921-ci il iyulun 14-də S.Orconikidzeyə göndərdiyi tele-
qramda “Bakı üçün və xarici ticarətin inkişafı üçün nə etdiyinizi bildirin” və
21 sentyabr tarixli teleqramla isə N.Nərimanova
“Vilayət Xarici Ticarət
idarəsinin və RKP(b) MK-nın icazəsi olmadan nə almanlarla, nə də başqa
heç kəslə xarici ticarət müqaviləsi bağlamayın” kimi göstərişlər verməklə
bu məsələnin tamamilə RSFSR-in səlahiyyətinə aid olmasına təkid edirdi
[162,12, 252].
Belə bir şəraitdə Azərbaycan İnqilab Komitəsinin 1921-ci il 21 avqust
tarixli dekreti ilə Azərbaycan SSR ərazisində idarə və təşkilatlar, həmçinin
fiziki şəxslər tərəfindən idxal-ixrac əməliyyatlarının aparılması qadağan
edildi. Xarici ticarət fəaliyyəti sovet orqanlarının əlində cəmləşdirildi [60,
55].
Xarici ticarəti genişləndirməkdə sovet dövlətinin başlıca strateji
məqsədlərdən biri gömrük gəlirlərinin artırılması idi. Əgər 1922-ci ildə
gömrük gəlirləri bütün vergi daxilolmalarının 10 faizini təşkil edirdisə,
1923-cü ildə bu göstərici 35 faizə çatmışdı. Xarici ticarət komissarlığı
işçilərinin 1924-cü ilin yanvarında keçirilən 2-ci ümumittifaq müşavirəsində
qeyd
olunmuşdu ki, xarici ticarət üzərində inhisarın tətbiqi dövlətə yüksək
gəliri təmin edəcəkdir. Sovet statistikasının həmin illərə aid məlumatı bunu
təsdiq edir: 1923/24-cü təsərrüfat ilinə nisbətən 1925/26-cı təsərrüfat ilində
gömrük gəlirləri 2,2 dəfə artmış, başqa sözlə, 67,4 mln. qızıl rubldan 150,1
mln. qızıl rubla qədər yüksəlmişdi [144, 85].
Sovet hökuməti bir sıra çətinliklərə baxmayaraq, qonşu İranla ənənəvi
ticarət əlaqələrinin bərpası və daha da genişləndirilməsi üçün böyük səy-
lərini davam etdirirdi. Bu məqsədlə 1921-ci ilin mart ayında Azərbaycan
XTK-nin xətti ilə qonşu İrana 3 ticarət ekspedisiyası göndərilmişdi.
Azərbaycan sovet hökumətinin və onun bu sahəyə rəhbərlik edən qurumu-
nun
gərgin səylərinə baxmayaraq, respublikanın xarici ölkələrlə ticarət
balansı passiv idi. Bu vəziyyət ilk növbədə həmin qurumun xarici ticarət
əməliyyatlarını səriştəsiz idarə etməsindən irəli gəlirdi. Buna görə də, 1921-
ci ilin iyulundan başlayaraq bəzi dövlət müəssisələri İranla müstəqil ticarət
aparırdılar.