184
hüququdur, imtiyazıdır. Müsəlman ticarətsiz
miskinləşir. BAZAR ticarətin gerçəkləşdiyi azad
ictimai məkandır. Bazar da məscid kimi hamınındır və
konkret heç kimin deyil. Müsəlman aləmində məscidlə
bazarın intensiv əlaqəsi bir an da səngimir. Zaman
etibarı ilə bazarda ticarət müədzinin camaatı ibadətə
dəvət etdiyi azandan sonra təşkil olunur. Bazarın
həyatı məscidlə tənzimlənir. Azan bazar üçün saat
rolunu oynayır. Müsəlman şəhərində müədzinin səsi
eşidilən kimi bazar ticarəti, hər cür alver əlüstü
dayanır, dükanların qapısı bağlanır, hamı ibadətə
tələsir. Ola bilsin ki, kimsə məscidə getməyib elə
dükanındaca namaz qılsın. Fərq eləməz: namaz vaxtı
ticarət aparılmayacaq. Bir sözlə, müsəlman bazarı
ibadətdən ibadətə yaşayır. Müsəlmanın həyatında
ruhsal, qutsal olanla faydalı, sərfəli isə həmişə
qapıbir qonşu olur. Artıq əsrlərdən bəri məlumdur ki,
müsəlman bir ayağı ilə məsciddədir, o iri ayağı ilə
bazarda. Heç bir mədəniyyət məkan çərçivəsində öz
məbədgahı ilə bazarını bu qədər bir-birinə
yaxınlaşdırmır.
Bazar məscidin qanunları ilə yaşayır. Ticarətin
əxlaq kodeksinin, ədəb prinsiplərinin, davranış
etiketinin əsasını şəriət müəyyənləşdirir. Məscidin
“gözü” daim bazarın üstündədir. Bazar məscidin
himayəsinə, nüfuzuna sığınır. Ortaçağ islam
mədəniyyəti kontekstində bazar təkcə alver yeri deyil,
həm də misilsiz ünsiyyət məkanıdır. Müsəlman şəhərində
bazar leqal və qeyri-leqal informasiya şəbəkəsidir.
Hamının şəxsi vərəqəsi bazarda təsdiqlənir, hamı
bazarda tanınır. Nədən ki, bütün təzə xəbərlər
ləngimədən həmişə bazara “gəlir” və buradan da ildırım
sürətilə şəhərə yayılır. Ona görə məscidin də marağı
var ki, bazar onun böyründə, lap elə darvazasının
ağzında yerləşsin. Çünki məscid yox, məhz bazar
xəbərlərin intensiv və becid dəyişməsini təmin edir.
Müsəlmanın həyatında bazara getmək, bazarlıq etmək
həmişə mikro mərasimdir. Onun ömründə bazarın öz
185
xüsusi çəkisi var. Bazar müsəlman üçün həm alış-
veriş yeridir, həm də haylı-küylü bir tamaşa
meydanıdır, aktiv ünsiyyət zonasıdır. Müsəlmanlar bura
başqalarını görməyə, özünü göstərməyə, təzə xəbərləri
öyrənməyə, alver tamaşasında iştirak etməyə, seyrçi,
dinləyici olmağa gedirlər. Bazar əyləncədir,
istirahətdir, ünsiyyətdir, şəhərdəki siyasi, ideoloji,
dini, mənəvi-əxlaqi ovqat haqqında məlumatdır,
müsəlman şəhərinin ekspressiv tamaşasıdır. Orta
yüzillərdə müsəlman tacirləri bazar meydanlarında
satdıqları malı reklam etməkdən ötrü muzdla xüsusi
münadilər tutardılar. Münadinin başlıca vəzifəsi uca
səslə bazara çıxarılmış malı, onun sahibini öyüb
tərifləmək, min cür oyun göstərə-göstərə diqqəti
yanında durduğu satdıqlara cəlb eləməli idi. Orta
əsrlərdə nağılçılar, məsxərəbazlar, kuklaçılar,
kəndirbazlar da öz sənətlərini göstərmək üçün bazara
axışardılar. Bazar müsəlman şəhərində tipajlar,
xarakterlər, etiketlər, şakərlər, vərdişlər sərgisi
idi, asudə ünsiyyət zonası idi, folklorun cilalandığı
ictimai laboratoriya idi. Burada sərbəst davranmaq,
saatlarla bir yerdə dayanıb çənə-boğaz döymək, açıq-
saçıq danışıb əl-qol atmaq, söyüş söymək, qarğış
eləmək, and içmək olardı; yəni o şeyləri eləmək olardı
ki, onlar şəriətlə yasaqlanırdı. Bazarın meydan
təbiəti buna imkan verirdi. Təsəvvür edilə bilər ki,
müsəlman bazarı kontekstində Mixail Baxtinin “karnaval
estetika”sının
10
müddəaları işləkdir. Lakin bu, belə
deyil. Çünki məscid və şəriət bazar meydanında
karnaval dünyasının doğuşunu əngəlləyirdi. Belə ki,
islamın əxlaq prinsipləri, toxunulmaz ruhsal, mənəvi
dəyərləri bazarda karnaval kollapsının qarşısına sipər
çəkirdi, sakral və urvatsız sayılanların məna
tutumları ilə oynamağa, onların yerini dəyişməyə imkan
vermirdi. Nədən ki, müsəlmanlar bazar münasibətləri
şəbəkəsində də şəriətin cızdığı hüdudlardan kənara
çıxmırdılar. Bazar məsciddən zühura gələn sözlə,
imperativlə sahmanlanır. RƏHM və GÜNAH, HALAL və HARAM
186
müsəlmanın bazar düzəninin, bazar münasibətlərinin
əlifbasıdır, açarıdır, sehrli kəlmələridir. Hərçənd
ki, halal rəhmin, haram günahın təzahürü kimi götürülə
bilər. Şəriət buyurur ki, müsəlmana halal və haramını
gözləmək vacibdir. İslam bunu vəzifə kimi müsəlmana
tapşırır. Tərəzidə bir kimsəni aldatmaq haram hesab
edilir, Axirət günü cəzalandırılacaq günah cərgəsinə
yazılır. Bununla bağlı Quran birmənalı şəkildə bəyanat
verir: “Vay halına ölçüdə-çəkidə aldadan kimsələrin! O
kimsələrin ki, başqalarından bir şeyi alan zaman
ölçüb, çəkib tam alarlar, özlərisə bir şeyi satan
zaman ölçüdə-çəkidə aldadarlar” (83:1-3). Quran deyir
ki, tərəzidə kimisə aldatmaq pis əməl kimi mələklər
tərəfindən qeyd olunub Siccində, yəni cəhənnəmin ən
alt təbəqəsində saxlanılr. “Əl-Mutəffifin” (“Çəkidə və
ölçüdə aldadanlar”) surəsindən aydın olur ki, çəkidə
və ölçüdə aldadanların yeri birbaşa Cəhənnəmdir. Çünki
onlar Cəhənnəmi yalan bilib aldadıblar, Cəhənnəmə
inanmayıb aldadıblar; odur ki, “Cəhənnəmə varid
olacaqlar” (83:16). “Ər-Rəhman” surəsində də Quran
bazar əhlinə xəbərdarlıq eləyir: “Həddinizi aşmayın,
hər şeydə gözləyin tərəzini-mizanı. Hər şeyi insafla
çəkin, əskik çəkməkdən çəkinin, gözləyin tərəzini-
mizanı” (55:8-9)
11
. Görünür, bazarı tənzimləməkdən ötrü
Orta əsrlər müsəlman dünyasında bu Quran imperativləri
də kifayət eləmirdi. Ona görə də hər ehtimala qarşı
bazarda halal və haramı qatıb-qarışdırmamaq, alver
zamanı qayda-qanunlara dəqiq əməl etmək üçün xüsusi
möhtəsiblər (məmur, darğa) fəaliyyət göstərirdi.
Onların vəzifəsi tərəzilərin və ölçü qablarının dəqiq,
xətasız işlədiyini yoxlamaqdan ibarət idi. Sonra
möhtəsib bir növ bazar qazısına çevrilir və bazarda
cərəyan edən bütün prosesləri öz nəzarətinə götürür.
Bu ona dəlalət eləyir ki, Quranla şəriət bazar və
meydanı heç vədə özbaşına buraxmır. Elə ona görə də
müsəlmanın bazarı karnaval atmosferinə maksimal
şəkildə yaxınlaşsa da, özünü karnaval içrə unutmur,
özünü karnaval dünyasında qərq eləmir. Səbəb aydındır:
Dostları ilə paylaş: |