70
bu olsun” məsxərəsindən milli mentalitetin və
mədəniyyətin müxtəlif qatlarına, düşüncə, fikir
hücrələrinə qapılar açılır. Azərbaycan mədəniyyətində
MƏŞƏDİ İBAD adlı bir personaj bir və ya min bir günün
içində yaranmayıb. O, uzun əsrlərin yetirməsidir,
şərqli mentallığının məhsuludur, azərbaycanlı içinin
obrazıdır, tarixi-nadir kitabını yarıyacan oxumuşların
simvoludur. Həpənd isə həmişə və hər yerdə kölədir.
Odur ki, Məşədi Kölə haradasa Məşədi İbadın sosial
məğzinin, ictimai statusunun rəmzi bildiricisidir,
ifadəçisidir.
Lakin... və bir daha lakin... bütün bunlarla
yanaşı əsərin ontoloji təhlili mənə imkan verir
söyləyim ki, “O olmasın, bu olsun” məsxərəsinin baş
qəhrəmanı Məşədi İbad, ilk növbədə, Məşədi BƏDƏNDİR,
BƏDƏN cənablarıdır. Bəlkə də Üzeyir bəyin özü heç bu
barədə fikirləşməyib. Olsun, bunun mətləbə nə dəxli?
Ona görə ki, məsxərənin personajlarının xarakteri,
davranış məntiqi və onlar arasındakı münasibətlər bu
obrazların bədən imkanları, fiziki enerjisilə ilişikli
şəkildə dəyişir. Şəbədənin bədii-estetik parametrləri
müstəvisində BƏDƏN motivi son dərəcə ekspressiv
səslənir. Bu pyesi diqqətlə təhlil etdikdə şübhə yeri
qalmır ki, müəllifin altşüurundan gələn impulslar onun
maarifçi ideyalarını
sıxışdırıb ikinci plana
ötürmüşdür. İdeya həmişə bədənin tələbatına ram olur,
bədənə uduzur: əgər əksinə baş verirsə, bədən yaşamır,
həməncə ölür. Digər tərəfdən isə Məşədi İbad bir BƏDƏN
kimi meydan teatrı personajlarının sırasına qatılıb
rəsmi mədəniyyətdə onların (Keçəl Pəhləvanın,
Qaragözün) təmsilçisi funksiyasını daşıyır.
Nəhayət, baxaq görək, bu Məşədinin bədəni
nəmənədir ki, böylə bir söz-söhbətə səbəb olmuş ola.
İbad kişinin düz 50 yaşı var: canı isə hələ
“suludur”, yoxsa evlənmək arzusu ilə ondan-bundan
arvad soraqlamazdı ki? Sağlamlığı superdir, bir dişi
də ağzından düşməyib, cavan oğlan kimidir: dərd
çəkməyib, yaxşı yeyib-içib, canını güdüb. Üç dəfə
71
arvad dəyişib, amma yenə də qadın görəndə laqeyd
dayana bilmir.. Hətta gözəl Gülnazın görüşünə gəldiyi
zaman belə qulluqçu Sənəmi də gözaltı eləyir, onu da
əlindən buraxmaq istəmir. Məşədi İbad milli “don
juanlığın” simvoludur. Hərçənd müsəlman Şərqinin bütün
kişiləri çoxarvadlılığa aludə olublar və bununla
öyünüblər; Muhamməd peyğəmbər dörd arvad saxlamağa
icazə verib. Şərq müdrikləri elə hesab eləyiblər ki,
dörd arvad almaq kişi üçün, onun bədəni və ruhu üçün,
habelə, toplum üçün pozitiv bir əməldir.
İslamın kişilərə verdiyi dörd arvad almaq
icazəsi, təbii ki, siğələrdən əlavə, bugünün özündə də
diskussiya obyektidir. Gülnaz isə
Məşədinin
dördüncüsüdür. Deməli, İbad kişi qanun, icazə
çərçivəsində davranır. Əgər qanunlar köhnəlibsə,
baqqal İbadın burada günahı nə? Onun həm fiziki
qüvvəsi, enerjisi, həm də var-dövləti kifayət qədərdir
ki, özünə kiçik bir hərəmxana düzəltsin. Məhz bu
xüsusiyyətlərinə görə Məşədi İbadı “O olmasın, bu
olsun” məsxərəsinin yeganə KİŞİSİ ( ÖCÜL, ERKƏK
anlamlarında) saymaq mümkündür. Nə üçün? Bəs
başqaları? Doğrudan da, şəbədənin personajlarından heç
biri qadın sevgisinə susamaq baxımından Məşədiyə tay
ola bilməz.
Başlayaq elə Sərvərdən. O, İbad kişinin yanında
sütül bir oğlan uşağıdır, qarnıac “student baba”dır,
bambılıdır, hələ indən beləsinə Gülnazı fırıldaqla
özünə arvad eləyib kişi olmaq istəyir. Məşədidən yaşca
cavan müflis Rüstəm bəy DUL kişidir. Ancaq o, qulluqçu
Sənəmə, bir dəfə də olsun, gözünün ucuyla da baxmır,
eyş-işrət təmənnasında bulunmur. Nədən? Bilirəm,
hamınız deyəcəksiniz ki, axı, Rüstəm əsl BƏYDİR və
bəyə yaraşmaz özünü yüngül, qeyrətsiz aparmaq. Bu
məqamda mən də deyəcəyəm ki, Rüstəm bəy hər şeydən
öncə kişidir, 45 yaşlı kişidir. Onun nə vaxtıdır ki,
arvadsız qalsın? Bir də Rüstəm bəyə heç kim qeyrətsiz
olmağı təklif eləmir. Bir kəllə qənd, üç manat pul və
bir molla Rüstəm bəylə Sənəmi siğə vasitəsilə asanca
72
bir-birinə qovuşduracaq. Vacib deyil ki, bəyin
kəbinli arvadı olsun Sənəm. Amma hayıf ki, onun belə
bir təmənnası yoxdur: görünür ki, şürbilik,
qumarbazlıq fiziki cəhətdən də Rüstəm bəyi
“müflisləşdirib”. Yoxsa o öz evinin içində gül kimi
arvaddan imtina etməzdi ki? Və çox güman ki, Rüstəm
bəyin şərab dostları (Həsən bəy, Həsənqulu bəy, Rza
bəy, qoçu Əskər) da bu dərdə mübtəladırlar. İçkidən,
kefdən, boş-boş çərənləmələrdən onların başı ayılır
ki, arvad barədə fikirləşsinlər də. Deməli, mən
gümanımda haqlıyam: məsxərədə bir həqiqi KİŞİ (ÖCÜL,
ERKƏK) var ki, adını Məşədi İbad çağırırlar. Bu adam
haradasa şəhərin SEKSUAL nəhəngidir, özünəməxsus mömin
Don Juandır. Təsadüfi deyil ki, elə ilk görüşdən
Gülnaz Məşədidən qorxur. Bəhanə aydındır: Məşədi
çirkin kişidir. Lakin Məşədinin çirkinliyilə Gülnazın
qorxmasına heç cür bəraət qazandırmaq olmaz. Onun
Məşədiyə reaksiyası ifrat reaksiyadır. Sənəm də Məşədi
İbadla qarşılaşanda təqribən belə bir affekt
içindədir. Məşədi İbadsa, əksinə, onları gördükdə bir
az da qızışır, cuşa gəlir, ayırd edə bilmir ki,
qadınlardan qulluqçu hansıdır, xanım hansı. Qadın
üzünün hicabla, yaşmaqla örtüldüyü bir mühitdə bu
yaşantı normaldır. Hətta Məşədi güclənən ehtiras
içində şaşırır və öz halını gizlətməkdən ötrü başlayır
ağzına gələn cəfəngiyyatı danışmağa: saçmalayır,
mənasız “saqqal və həna” mövzusunu ortaya atır. Qorxu
hissiylə seksual həyəcan arasında həmişə bir addımlıq
psixoloji məsafə var. Onlar çox qısa bir zaman
müddətində bir-birinə transformasiya oluna bilərlər.
Bu emosiyalardan hər biri asanlıqla digərinin
başlanğıc impulsuna çevrilmək imkanına malikdir. Gözəl
Gülnazı çaşdıran, qorxudan Məşədinin çirkinliyi yox,
onun qabarıq ifadə olunmuş seksual niyyətidir.
Qulluqçu Sənəmin də İbad kişiyə qarşı aqressiv
münasibəti bəraətsizdir. Şəxsən Sənəmə tacir Məşədinin
heç bir ziyanı dəyməyib. Bəs onda qulluqçunun Məşədi
İbadla belə qaba, layiqsiz rəftarının səbəbi nədir?
Dostları ilə paylaş: |