Mirzə İbrahimov və xalq yaradıcılığı
109
keçərsən, onu dəxi keçərsən
və həm səninlə gürəşəlim, məni
basarsan, onu dəxi basarsan-dedi” (46,47).
“Şah İsmayıl və Gülzar” dastanında deyilir. “Ərəbzəngi
də öz atına mindi. Qəndəhara tərəf yola düzəldilər. Dərələrdən
sel kimi, təpələrdən sel kimi getdilər” (67,165).
Mirzə İbrahimov dərvişlə bağlı xalq arasında gəzən
rəvayətlərdən bəhrələnərək Şortanla Nargilənin əhvalatını
qələmə almışdır. Şortan İlyas bəyin qardaşı oğludur. “Dillərdə,
ağızlarda belə söz gəzirdi ki, o hələ ana bətnində ikən ağır
nəfəsli bir dərviş ona qarğayıb, bəddua oxuyub, üfləyib
anasının üzünə uşağı lənətləndirib. Guya bu uşaq bədğur
olacaq, böyüyüb kişi olanda kimi olsa, arvadı altı aydan artıq
yaşamayacaq” (104,183).
Şortan aldığı dörd arvadı altı ayın içində döyə-döyə
öldürmüşdü. Cahan xanım əvvəlcə günüsü Afəridəni aradan
çıxarmaq üçün Şortana vermək istəyir. Bu qurğu baş tutmur.
Oğlu Xaspoladın Nargilənin kölgəsində bəhrələnməsindən
qorxuya düşən Cahan sonra da Nargilənin Şortana almağı
çalışır.
Cadulanmış Nargiləni, cadulanmış Şortana calayan
Cahan xanım Qaratelə deyir:
“ – Necə Şortan, o da elədir. Sən heç özünə dərd eləmə.
Bu işlər Allah işidir, sənin-mənim əlimdən nə gələr? Qoy
getsin, deyirlər ki, iki cadulu evlənəndə çox vədə ikisi də şəfa
tapır”(104, 593).
Mifik təfəkkürün izlərini bu iki surətdə görmək olar.
Bədğur lənətlənmiş Şortan “Kitabi-Dədə Qorqud” dastanındakı
Təpəgözü xatırladır. Təpəgöz insanlara ziyan gətirən qüvvəni
təcəssüm etdirdiyi kimi, Şortanın da əməlləri, səfehliyi dörd
arvadın ölümü ilə nəticələnmişdir və belə bir inam yaranmışdır
ki, “Guya onun əlində beş arvad həlak olmalı
imiş”(104,183).Şortanın obrazı əsərdə mistik dini etiqadın
məhsulu, əcaib məxluq donunda təqdim olunur. Dastandakı
Təpəgöz də əcaib, yırtıcı bir məxluqdur. “Təpəgöz Oğuzdan
Fazil Əliyev
110
çıxdı. Bir uca dağa vardı. Yol kəsdi, böyük hərami oldu”
(67,114).
Qanmaz, insan cildində əcaib canlı təsiri bağışlayan
Şortanın hərəkətləri cadugərliyə, mistik etiqada nifrət doğurur.
Nargilə də dastan və nağıllardan gəlmə bədii obrazdır. Həm də
işıqlı, təfəkkür genişliyi ilə fərqlənən obrazdır. Müəllif dərviş
etiqadı ilə dünyaya gələn qəhrəmanlar silsiləsinin uğurlu
cəhətlərindən bəhrələnərək bütöv bir obraz yaratmışdır. Onun
simasında həyata açıq gözlə baxmaq, nikbin olmaq, ismətini
gözləmək, təhsil almaq, yeri gələndə at çapmağı, saz tutmağı
bacarmaq kimi xüsusiyyətlərin qadın və qızlarımıza yad
olmadığını təsvir etmişdir.
Təmizlik, açıqlıq Nargilə obrazını oxucunun gözündə
ucaldır. Özünün tədbiri, ağıllı hərəkəti nəticəsində sevdiyi,
mərd, sinəsi sazlı-sözlü çoban Qəsdana qoşulub gedir. Bədğur
Şortanın canını qurtarır. Toy gecəsi Şortanı asırlar.
Xalq yazıçısı Nargilənin çalıb-oxumağı bacarmasını
təsvir etməklə bu obrazdakı dastan qəhrəmanlarının məxsus
qabiliyyətini varlığını təsdiq etmişdir. Nargilənin aşıq şerində
oxuduğu seçmələr məzmununa görə əsərdə qoyulmuş ideya ilə
yaxından səsləşir.
Aşıq Əsmərin :
Zəhər qatdılar aşıma,
Bəlalar gəldi başıma.
Baxmadılar göz yaşıma.
Satdılar kaftara məni.
Ağ yal canavara məni (104.621)
Gəraylısının yanıqlı misraları toy məclisinin ab-havasına
olduqca uyğun gəlir.
Qadın aşıqlarımızdan Şərabanı xanımın qoşması da
Nargilənin dilində qadın əsarətinə, köləliyə ittiham kimi
səslənir.
Mirzə İbrahimov və xalq yaradıcılığı
111
Qoyun deyil, qoyunlara qatım mən,
Öküz deyil, çovdara satım məni,
Ana, məni bir nadana verdilər
Günahıma, babalıma girdilər (104.622)
Aşıq poeziyasına müraciət olunmasında iki cəhət özünü
göstərir.
1. Hazır folklor nümunəsi təsvir edilən hadisə ilə, əsərin
məzmunu ilə üzvü şəkildə bağlanır. Folklordan yaradıcılıqla
bəhrələnmək sənətkarın uğur qazanmasına səbəb olur.
2. Sənətkar özünə sadiq qalır. Aşıq poeziyasını dərindən
tədqiq edən yazıçı, onun təbliğinə, oxucunun qəlbində bu sənət
incilərinə məhəbbət oyatmağa diqqət yetirir.
Mirzə
İbrahimov folklorun lirik növündən
bəhrələnməkdən də ədəbi təcrübə qazanmış ustad sənətkardır.
“Pərvanə” romanında istifadə etdiyi qoşma və bayatılar bunu
təsdiq edir.
Hürü kədərə üstün gəlmək, ümidsizlikdən yaxa qurtarmaq
üçün çıxış yolunu mahnı və əməkdə görür. Sahibə corab
toxuya-toxuya oxuduğu bayatılar onun qəlbində kədər qarışıq
həzin bir sevinc oyadır.
Yar qoydu bağda məni,
Nə ağır çağda məni...
Ölsəm Leylitək ölüm,
Gəzsinlər dağda məni.
Eldən aralar məni.
Gözlərim yolda qalıb
Basır qaralar məni (104,134).
Professor P.Əfəndiyev demişdir: “Mahnı xalqın həyatı,
iztirabı, sevinci və kədəridir. Mahnılar insanların həyəcanları,
düşüncələri, daxili-mənəvi hisslərilə əlaqədardır” (41,114).
Mirzə İbrahimovun seçdiyi bayatılar, aşıq şerləri, obrazın
xarakteri, psixoloji halı ilə sıx bağlı olur. O, folklordan öz
məqamında istifadə etməyə xüsusi sənətkarlıqla yanaşmış,
Fazil Əliyev
112
folklorun ən incə mətləblərinə dərindən bələd olduğunu
göstərmişdir.
Ədib yazır: “Təsadüfi deyil ki, dastanlar və
nağıllarımızdakı qəhrəmanların böyük bir qismi ya şair, ya da
aşıq və gözəl nəğməkardır, onlar öz xoş və məlahətli səsi ilə
adamları valeh edir, mübarizəyə ruhlandırır, ağır dəqiqələrdən
kədərini dağıdıb, ümidsizliyə qapılmağa qoymur”(103, 304).
Hürü xanım da ağır dəqiqələrdə mahnı oxumaqla özündə
nikbin əhval-ruhiyyə yaradır. Romanda bayatı və qoşmalarla
yanaşı, saz havaları da sənətkar işləməsində gözəl təsir
bağışlayır. Sazda dil açan havalar sanki obrazları oxucunun
gözündə canlandırır, yaşadır. Vəfadarın çaldığı “Ruhani”
havası bacısı Səkinəni, dostu əməldaşı Cəfəri ağladırdı:
“Vəfadar isə “Ruhani”nin misilsiz cazibəsinə və təsirinə
qapılaraq tamamilə qeyb aləminə getmişdi, bu dünyadan
xəbərsiz kimi hey çalırdı. Onun yumulu gözlərinin dalında
nəhayətsiz işıqlı bir dünya açılmışdır... bu dünya günəşli, nurlu
bir dünya idi” (104,78).
Sazın sehiri insana zamanın acısını unutdurur, onu həyat,
yaşamaq uğurunda mübarizəyə səsləyir. Burada sənətin qüdrəti,
aşıq şeirinin hərarəti sənətkar qəlbini ehtirasa gətirmişdir. Xalq
yaradıcılığının zəngin xəzinəsindən bəhrələnən sənətkar, nəsri-
mizin poetikasını, ana dilimizin gözəlliyini üzə çıxarmışdır.
Mirzə İbrahimov 1960-cı ildə yazdığı “Tükənməz xə-
zinə” əsərində göstərir ki, elin aşıq adına layiq gördüyü adam-
lar, sözün və sazın hörmətini uca tutmuşdur. Xalqa görə aşıq
şəxsi həyatında da təmiz və nəcibdir, tamahkar ehtiraslarını bo-
ğandır, ümumxalq işinə sadiqdir, ədəb-ərkan sahibidir, çoxları-
na nümunə ola bilər” (102,395).
Aşığın şəxsiyyəti haqqında dəyərli fikirlər söyləməklə
yanaşı, M.İbrahimov bədii əsərdə də özünə sadiq qalmışdır. O,
Vəfadarın atası Aşıq Kərəmi oxuculara təqdim edərkən yazır:
“O, yaxşı aşıqlığı ilə və əsl aşıqlara məxsus gözəl sifətləri ilə ad
qazanmışdır... Gözü, könlü tox olduğu kimi, özü də mərifətli və