__________________ Milli Kitabxana_________________________
12
Bir tənha aslanın nərəsi bəzən
Meşələr titrədər dağlar uçurar.
Sən ki, mehvərisən söz dünyasının,
Qəlbinə bir həmdən dünyamı yoxdur?
Söylə, bir aşiqin könül yasını
Baxışı dağıdan Leylamı yoxdur?
Hanı vəfalı yar, sevdalı canan?
Niyə bir həmdəmin yoxundu sənin?
Bəlkə külək deyil qapını açan,
Evinə sığmayan ahındı sənin?
Şöhrətin düşdükcə obaya, elə,
Zaman varlığını sıxır, şairim!
Belədir, həmişə ağır zəlzələ,
Ən uca dağları yıxır, şairim.
Sevən ürəklərə eşqin nur saçır,
Çiçəklər gülümsər günəş doğanda.
Səndən şeir yazır, səndən söz açır,
Səni oxuyan da, oxumayan da.
Odla üzə çıxıb sinənin varı,
Bir dağsan, vulkanlar yanır canında.
Gözlərindən çıxan qığılcımları
Göylər ulduz edib kəhkəşanında.
De niyə tənhasan, de niyə təksən?
Tufanlardır ahın, çaylardır qanın.
Bilmirdin ömürlük ömr edəcəksən
Qəlbində anamız Azərbaycanın...
Sən də, səba yeli, bu gündən səs al,
Dil açma o günün kədəri kimi.
Neçə ürəklərdə özünə yurd sal
O böyük şairin əsəri kimi.
__________________ Milli Kitabxana_________________________
13
Söylə, səba yeli, hər əsəndə sən
Ona dərd gətirdin, ilham gətirdin?
Neçə yol buluddan, göydən, günəşdən
O söz günəşinə salam gətirdin?
Söylə bulud kimi tutulan zaman
Gözündən sel gələn gördünmü onu?
Göy kimi kişnəyən, ney kimi yanan,
Sap kimi incələn gördünmü onu?
Günəş də üzündən qəm yağa-yağa
Yazdımı göylərə o ölən günü?
Sözü ürəklərə, özü torpağa
Səsi küləklərə verilən günü?
Qəlbimdə bir nəğmə dil açdı yenə,
Ay ellər, bir sevda nəğməsidir o,
Açın qapıları səba yelinə,
Açın, Füzulinin nəfəsidir o...
__________________ Milli Kitabxana_________________________
14
ÖMÜR
Bir gün həyatımda yellər qopacaq,
Ömür öz tağından salacaq məni.
Neçə il üstündə gəzdiyim torpaq
Bir gün də qoynuna alacaq məni.
Qəbrimdən göyərən otlan külək
Yayıb göyərdəcək dərədə, düzdə,
Bəlkə sinəm üstə bitən bir çiçək,
Gəzəcək nə qədər sinələr üstə.
Ömür də bir borcdur əlli il, yüz il,
Bədbəxtdir az yazıb, çox yaşayanlar.
Şair dost, ömrünü yaşında deyil,
Yazdığın nəğmənin ömründə axtar.
__________________ Milli Kitabxana_________________________
15
AĞARMA, SAÇIM, AĞARMA!
Nə erkən sənə dən düşdü,
Niyə düşdü, nədən düşdü?
Beynimmi qüvvədən düşdü?
Ağarma, saçım, ağarma!
Arzu sonsuz, ömür yarı...
Artdı alnın qırışları,
Səndə insaf olsun barı
Ağarma, saçım, ağarma!
Məni qəmgin görsə əgər
Düşmən gülər, dost qəm yeyər,
Qızlar baxıb "dayı" deyər,
Ağarma, saçım, ağarma!
Daşdır qəlbin, daşdır canın,
Yoxdur, duyğun, yoxdur qanın.
Hələ gəncəm, sən vicdanın
Ağarma, saçım, ağarma!
Ömür keçir, yaman keçir,
Qəlbimdən qara qan keçir.
Daha gözəllər yan keçir,
Ağarma, saçım, ağarma!
Hələ səsim ucalmayıb,
El gücündən güc almayıb.
Hələ ürək qocalmayıb
Ağarma, saçım, ağarma!
İlham adlı şahpərim var,
Yol üstəyəm, səfərim var...
Yazılmamış əsərim var...
Ağarma, saçım, ağarma...
__________________ Milli Kitabxana_________________________
16
SƏHƏR-SƏHƏR
Baharın nə gözəl çağları gəlmiş,
Bülbülü çağırır gül səhər-səhər.
Vətənin eşqiylə dil açıb yenə
Könlümün sazında tel səhər-səhər.
Çıxır meşəlikdən talaya əlik,
Səkir daşdan daşa xınalı kəklik.
Şehdən muncuq düzür güllük, çiçəklik,
Gəlinə bənzəyir çöl səhər-səhər.
Gedirəm tələsik tarlaya sarı,
Hamıdan tez gələ o qız da barı.
Sinəsi qartallı qayalıqları
Əks edir sonalı göl səhər-səhər.
Sevda yolçusunun xəyalına bax,
Sənsiz əfsanədir gözəllik ancaq.
Ey günəş üzlü yar, günəşdən qabaq
Yoluma nur çilə, gəl səhər-səhər.
__________________ Milli Kitabxana_________________________
17
KƏKLİK
Nə səkirsən narın-narın
Yenə daşdan-daşa, kəklik?
Könlüm istər nəğmən kimi
Bircə nəğmə qoşa, kəklik!
Sinən altı sal qırmızı,
Ayaqların al qırmızı.
Dimdiyində xal qırmızı
Yanar qoşa-qoşa, kəklik!
Niyə təksən, danış əzəl,
Dağlar qızı, xallı gözəl...
Bir vəfalı yar ilə gəl
Vuraq ömrü başa, kəklik!
Dağlar qoynu çiçək-çiçək,
Mən gedirəm, getmir ürək.
Uç Məmmədin xəyalı tək,
Bu dağlarda yaşa, kəklik!
__________________ Milli Kitabxana_________________________
18
ŞEİRİM
Gənc qələm yoldaşlarıma.
Yaş ötüb, ayılıb görürsən bir vaxt
Heç nə yazmamısan, ömür yarıdır.
Alnına yazılan qırışlar ancaq
Ömrünün şikayət misralarıdır...
Tələsik qələmi alırsan ələ,
Ürək də titrəyir əllərin kimi.
Lakin görünürsən Vətənə, elə
Sən də yazılmamış əsərin kimi.
Bəzən quşa dönür saat da, an da.
Axşam gəzdiyini səhər tapırsan.
Elə də olur ki, baxtın tutanda
Daş axtaran yerdə gövhər tapırsan.
Kainat deyimmi mən şeirə, sözə!
-Onun min düyünü, min açarı var.
Onu duya bilməz ondakı közə
Qəlbində köz töküb alışmayanlar.
Bəli, duy bunları, ey şair yoldaş,
Səsini kəsməsin hər ötəri səs.
Nəhrin qabağına atılan bir daş,
Onun sürətini saxlaya bilməz!
Duy ki, tüğyanında boranın, qarın
Odlu bir ürəklə yazan olubdur.
Çox zaman nəşədən dəm vuranların
Əsəri, nəşələr pozan olubdur.
Söz gərək ox keçməz qayadan keçə,
Yoxdursa sözünün kəsəri, - yazma,
Özün sevməyincə, sevilməyincə,
Özgədən məhəbbət əsəri yazma.
18
Dostları ilə paylaş: |