Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə3/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   2   3   4   5   6   7   8   9   ...   37

__________________Milli Kitabxana_________________________ 
12 
 
Bir tənha aslanın nərəsi bəzən  
Meşələr titrədər dağlar uçurar. 
 
Sən ki, mehvərisən söz dünyasının,  
Qəlbinə bir həmdən dünyamı yoxdur?  
Söylə, bir aşiqin könül yasını  
Baxışı dağıdan Leylamı yoxdur? 
 
Hanı vəfalı yar, sevdalı canan?  
Niyə bir həmdəmin yoxundu sənin?  
Bəlkə külək deyil qapını açan,  
Evinə sığmayan ahındı sənin? 
 
Şöhrətin düşdükcə obaya, elə,  
Zaman varlığını sıxır, şairim!  
Belədir, həmişə ağır zəlzələ,  
Ən uca dağları yıxır, şairim. 
 
Sevən ürəklərə eşqin nur saçır,  
Çiçəklər gülümsər günəş doğanda.  
Səndən şeir yazır, səndən söz açır,  
Səni oxuyan da, oxumayan da. 
 
Odla üzə çıxıb sinənin varı,  
Bir dağsan, vulkanlar yanır canında.  
Gözlərindən çıxan qığılcımları  
Göylər ulduz edib kəhkəşanında. 
 
De niyə tənhasan, de niyə təksən?  
Tufanlardır ahın, çaylardır qanın.  
Bilmirdin ömürlük ömr edəcəksən  
Qəlbində anamız Azərbaycanın... 
 
Sən də, səba yeli, bu gündən səs al,  
Dil açma o günün kədəri kimi.  
Neçə ürəklərdə özünə yurd sal  
O böyük şairin əsəri kimi. 


__________________Milli Kitabxana_________________________ 
13 
 
 
Söylə, səba yeli, hər əsəndə sən  
Ona dərd gətirdin, ilham gətirdin?  
Neçə yol buluddan, göydən, günəşdən  
O söz günəşinə salam gətirdin? 
 
Söylə bulud kimi tutulan zaman  
Gözündən sel gələn gördünmü onu?  
Göy kimi kişnəyən, ney kimi yanan,  
Sap kimi incələn gördünmü onu? 
 
Günəş də üzündən qəm yağa-yağa  
Yazdımı göylərə o ölən günü?  
Sözü ürəklərə, özü torpağa  
Səsi küləklərə verilən günü? 
 
Qəlbimdə bir nəğmə dil açdı yenə,  
Ay ellər, bir sevda nəğməsidir o,  
Açın qapıları səba yelinə,  
Açın, Füzulinin nəfəsidir o... 
  


__________________Milli Kitabxana_________________________ 
14 
 
ÖMÜR 
 
Bir gün həyatımda yellər qopacaq,  
Ömür öz tağından salacaq məni.  
Neçə il üstündə gəzdiyim torpaq  
Bir gün də qoynuna alacaq məni. 
 
Qəbrimdən göyərən otlan külək  
Yayıb göyərdəcək dərədə, düzdə,  
Bəlkə sinəm üstə bitən bir çiçək,  
Gəzəcək nə qədər sinələr üstə. 
 
Ömür də bir borcdur əlli il, yüz il,  
Bədbəxtdir az yazıb, çox yaşayanlar.  
Şair dost, ömrünü yaşında deyil,  
Yazdığın nəğmənin ömründə axtar. 
  


__________________Milli Kitabxana_________________________ 
15 
 
AĞARMA, SAÇIM, AĞARMA
 
Nə erkən sənə dən düşdü,  
Niyə düşdü, nədən düşdü?  
Beynimmi qüvvədən düşdü?  
Ağarma, saçım, ağarma! 
 
Arzu sonsuz, ömür yarı...  
Artdı alnın qırışları,  
Səndə insaf olsun barı  
Ağarma, saçım, ağarma! 
 
Məni qəmgin görsə əgər  
Düşmən gülər, dost qəm yeyər,  
Qızlar baxıb "dayı" deyər,  
Ağarma, saçım, ağarma! 
 
Daşdır qəlbin, daşdır canın,  
Yoxdur, duyğun, yoxdur qanın.  
Hələ gəncəm, sən vicdanın  
Ağarma, saçım, ağarma! 
 
Ömür keçir, yaman keçir,  
Qəlbimdən qara qan keçir.  
Daha gözəllər yan keçir,  
Ağarma, saçım, ağarma! 
  
Hələ səsim ucalmayıb,   
El gücündən güc almayıb.   
Hələ ürək qocalmayıb   
Ağarma, saçım, ağarma! 
 
İlham adlı şahpərim var,  
Yol üstəyəm, səfərim var...  
Yazılmamış əsərim var...  
Ağarma, saçım, ağarma... 
           
  


__________________Milli Kitabxana_________________________ 
16 
 
SƏHƏR-SƏHƏR 
 
Baharın nə gözəl çağları gəlmiş,  
Bülbülü çağırır gül səhər-səhər.  
Vətənin eşqiylə dil açıb yenə  
Könlümün sazında tel səhər-səhər. 
 
Çıxır meşəlikdən talaya əlik,  
Səkir daşdan daşa xınalı kəklik.  
Şehdən muncuq düzür güllük, çiçəklik,  
Gəlinə bənzəyir çöl səhər-səhər. 
 
Gedirəm tələsik tarlaya sarı,  
Hamıdan tez gələ o qız da barı.  
Sinəsi qartallı qayalıqları  
Əks edir sonalı göl səhər-səhər. 
 
Sevda yolçusunun xəyalına bax,  
Sənsiz əfsanədir gözəllik ancaq.  
Ey günəş üzlü yar, günəşdən qabaq  
Yoluma nur çilə, gəl səhər-səhər. 
  


__________________Milli Kitabxana_________________________ 
17 
 
KƏKLİK 
 
Nə səkirsən narın-narın  
Yenə daşdan-daşa, kəklik?  
Könlüm istər nəğmən kimi  
Bircə nəğmə qoşa, kəklik! 
 
Sinən altı sal qırmızı,  
Ayaqların al qırmızı.  
Dimdiyində xal qırmızı  
Yanar qoşa-qoşa, kəklik! 
 
Niyə təksən, danış əzəl,  
Dağlar qızı, xallı gözəl...  
Bir vəfalı yar ilə gəl  
Vuraq ömrü başa, kəklik! 
 
Dağlar qoynu çiçək-çiçək,  
Mən gedirəm, getmir ürək.  
Uç Məmmədin xəyalı tək,  
Bu dağlarda yaşa, kəklik! 
  


__________________Milli Kitabxana_________________________ 
18 
 
ŞEİRİM 
 
Gənc qələm yoldaşlarıma
 
Yaş ötüb, ayılıb görürsən bir vaxt  
Heç nə yazmamısan, ömür yarıdır.  
Alnına yazılan qırışlar ancaq  
Ömrünün şikayət misralarıdır... 
 
Tələsik qələmi alırsan ələ,  
Ürək də titrəyir əllərin kimi.  
Lakin görünürsən Vətənə, elə  
Sən də yazılmamış əsərin kimi. 
 
Bəzən quşa dönür saat da, an da.  
Axşam gəzdiyini səhər tapırsan.  
Elə də olur ki, baxtın tutanda  
Daş axtaran yerdə gövhər tapırsan. 
 
Kainat deyimmi mən şeirə, sözə!  
-Onun min düyünü, min açarı var.  
Onu duya bilməz ondakı közə  
Qəlbində köz töküb alışmayanlar. 
 
Bəli, duy bunları, ey şair yoldaş,  
Səsini kəsməsin hər ötəri səs.  
Nəhrin qabağına atılan bir daş,  
Onun sürətini saxlaya bilməz! 
 
Duy ki, tüğyanında boranın, qarın  
Odlu bir ürəklə yazan olubdur.  
Çox zaman nəşədən dəm vuranların  
Əsəri, nəşələr pozan olubdur. 
 
Söz gərək ox keçməz qayadan keçə,  
Yoxdursa sözünün kəsəri, - yazma,  
Özün sevməyincə, sevilməyincə,  
Özgədən məhəbbət əsəri yazma. 
                    18   
  
 


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə