Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   2   3   4   5   6   7   8   9   ...   37

__________________Milli Kitabxana_________________________ 
31 
 
İNSAN ÜRƏYİ 
 
Unudulmaz, görkəmli aktyorumuz  
Ələskər Ələkbərovun xatirəsinə 
 
Bir şair demişkən yel əsdi yaman,  
Başladı bir nəslin yarpaq tökümü.  
Qopdu bir ömür də öz budağından,  
Qopdu saralmamış bir yarpaq kimi. 
 
Əcəlin nə ağır qanunu varmış,  
Ölümün gülləsi dəydi hədəfə...  
Cavanşir qılıncı yerə qoyarmış,  
Vaqif də ölərmiş ikinci dəfə... 
 
Gör, kimi yıxarmış, ürəyə bir bax...  
O görkəm, o gövdə sanki dağ idi.  
Bəlkə də bircə gün Otello olmaq  
Onunçün əlli il yaşamaq idi... 
 
Fırtına duyardın qaşqabağından,  
Şəlalə kimiydi hər gülməyi də.  
Onun hisslərinə dözməzdi bir an  
Üç insan ömürlü fil ürəyi də. 
 
Eh, ürək... Yox, onun nə təqsiri var,  
Əsəblər üstündə yer salır insan.  
Yollar silkələnər, relslər qırılar  
Bir qəlbin yükünü qatara yığsan. 
 
Sən, həkim, adını soruşmamış gəl  
Öyrən ki, hər xəstən kimdir, nəçidir.  
Elə bil sənətkar hər şeydən əvvəl  
Ürək ağrısına abunəçidir. 
 
Ürəkdə ay doğur, günəş də batır,  
Göy qopur, ildırım çaxır ürəkdə. 
 


__________________Milli Kitabxana_________________________ 
32 
 
Tufan da hayqırır, sükut da yatır,  
Alov da, gurşad da yağır ürəkdə. 
Sev - ürək, duy - ürək, ağla-gül - ürək,  
Şairin gözü də ürəkdir bəzən.  
 
Ulduzlar göz olsun, nəyimə gərək  
Dünyanı ürəklə görə bilməsəm. 
Onunla keçirik hər imtahandan,  
Bir ordu deməkdir bəzən bir ürək.  
Bir şıltaq körpədən, bir nər cavandan  
Titrək bir qocaya çevrilir ürək... 
Sinəsi od tutsun soyuq məzarın,  
Sənət çiçəyimiz nə vaxtsız solur.  
Görünür ürəklə yaşayanların  
Elə ölümü də ürəkdən olur. 
 
1963 
  


__________________Milli Kitabxana_________________________ 
33 
 
MƏN SƏNİ TAPARAM... 
 
Mən bura gül-çiçək  
Dərməyə gəlmişdim,  
Nəğməmi nəğmənə  
Verməyə gəlmişdim,  
Uşaqlıq çağımı  
Görməyə gəlmişdim...  
Nə gördüm? —  
Gözənin yerində  
Bir çılpaq tala var;  
Bulağın yerində  
Bir quru çala var.  
Tək bircə qarışqa  
Yolundan savayı,  
Qırpbığın örtübdür  
Cığın, dolayı...  
Ceyranın güzgüsü,  
Ovçunun bərəsi,  
Dərənin gözüydün, 
ay bulaq,  
Gecənin səsiydin, 
ay bulaq...  
Su itməz, bilirəm,  
Hardasa sən yenə  
Saçını sərmisən  
Bir dərə döşünə.  
Yüz yana qol atıb,  
Yüz yerdən sən axsan,  
Öz təzə yerində  
Ayrı bir bulaqsan.  
Mən burda bir zaman  
Dəyirman qurmuşam,  
Baldırğan gəmimi  
Suyunda yormuşam.  
Mən burda bir qızın 
 


__________________Milli Kitabxana_________________________ 
34 
 
Eşqilə yanardım.  
Mən səni qaynayan  
Bir ürək sanardım.  
O qız da suyunda  
Daranar, gedərdi.  
Xəyalım zülfünə  
Dolanar gedərdi...  
Sandım ki, səndə bir  
Nişanə qalıbdır...  
Gördüm ki, bulaq da  
Viranə qalıbdır.  
Bu nədir, o bulaq 
bəs hanı? Dedilər: 
Bir Qəfil gurşadın  
Olmusan qurbanı.  
Gözünü lil tutub,  
Qum tutub, gil tutub.  
O kabab çəkənlər  
Dövrəndə hanı bəs?  
Hardadır onların  
Vicdanı, qanı bəs?  
Yüz dəfə, min defə  
İçiblər suyunu;  
Məst olmuş gözləri  
Gözündə yuyunub. 
 Bircəsi gözünü  
Axtarsa, nə olar?  
Bir parça yer qazsa,  
Daş yarsa, nə olar?  
Mən səni dərədə  
Sükutdan soruşar,  
Gözləri dolan bir  
Buluddan soruşar,  
Gəzərəra, taparam.  
Dağ-daşı kökündən 


__________________Milli Kitabxana_________________________ 
35 
 
Üzərəm, taparam.  
Qolumdan, qıçımdan  
Bezərəm, taparam.  
Dərələr, gəzələr  
Görmədik desələr,  
Sinəmi qələmlə  
Qazaram, taparam,  
Adına bir şeir  
Yazaram, taparam!  
Yazaram, taparam! 
 
1962 
  


__________________Milli Kitabxana_________________________ 
36 
 
QƏBİRİSTANA GEDƏN GƏLİN 
 
Hara belə, hara belə  
Bu geyimdə, bu libasda?  
Nə tapmısan büründüyün  
Qara şalda, qara yasda?  
Qəm nə vaxtdan çörək olub?!  
Ah çəkəndə sən dərindən – 
Deyirəm ki, bu saatca  
Yer qopacaq mehvərindən.  
Otuz yaşın ancaq olar,  
Yanında da bir qızın var:  
Gözlərində bir yaralı,  
Bir körpəcə ceyran qəmi!  
Ona belə tanıdırsan  
Nəşə dolu bu aləmi!  
Heç o körpə olmasaydı  
Bəlkə səni görməzdim mən.  
Qəbristanı ev etsən də  
Qeyri məna verməzdim mən.  
Hara belə? Qəbristana?  
Bu gedişin sonu varmı?  
Bəs, həyata gətirdiyin  
O körpəcik günahkarmı? – 
Oyun vaxtı, gülüş vaxtı,  
Bağ-bağçaya gediş vaxtı,  
Şəkillərə baxan günü,  
Telinə gül taxan günü  
Yanıb gedir: Gözlərinin həyat eşqi,  
Sevinc səsi donub gedir. –  
Mən demirəm unudasan  
Vaxtsız ölən ərini sən.  
Həyatın da, ölümün də  
Deyirəm bil yerini sən.  
Get qəbr üstə, get, nə olar; 


__________________Milli Kitabxana_________________________ 
37 
 
 
Vaxtında get! 
Göz yaşı yox, çiçək apar! 
Ərin qalxsa, söyləməzdi 
sənə ağla. 
Deyərdi ki, get yadigar 
Uşağımı yaxşı saxla! 
Get, sən ona heykəl qoydur, 
Özünə də ailə qur. 
Get bir daş qoy daş üstünə, 
Çıx dünyanın seyrinə bir
Axı həyat öz evindən 
Qəbristana yol deyildir... 
 
1963 
  


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə