Müasir Azərbaycan dili
93
Mövzu № 3 Köməkçi nitq hissələri
Mövzunun planı:
1.Köməkçi nitq hissələri haqqında ümumi məlumat
2. Qoşma köməkçi nitq hissəsi kimi, onun təsnif
prinsipləri
3.Bağlayıcı, onun vəzifəsinə və quruluşuna görə növləri
4. Ədat haqqında məlumat, ədatın mənaca növləri
5.Modal sözlər, onun mənaca növləri
6. Nida, onu köməkçi nitq hissələrindən fərqləndirən
cəhətlər və mənaca növləri
Köməkçi nitq hissələri
haqqında ümumi məlumat
Əsas nitq hissələrindən fərqli olaraq, köməkçi nitq
hissələri müstəqil lüğəvi mənaya malik olmur, ona görə də
morfoloji sual tələb etmir, cümlə üzvü kimi çıxış edə bilmir. Bu
cəhətdən qoşma digərlərindən fərqli olaraq, aid olduğu sözlə
birlikdə bir cümlə üzvü kimi çıxış edir. Köməkçi nitq hissələri
yalnız müəyyən qrammatik mənaya malik olur, cümlədə sözlər
arasında əlaqə yaradır
və ya cümləyə, onun üzvlərinə müəyyən
məna çaları əlavə edir.
Köməkçi nitq hissələri, əslində, tarixən əsas nitq
hissələrindən törəmədir. Lüğəvi mənaya malik olan hər hansı
bir sözün mənasının daralması və tədricən mənasını itirməsi
onun köməkçi nitq hissələri sırasına keçməsinə səbəb
olmuşdur. Bu gün dilimizdə kifayət qədər söz var ki, onlar həm
əsas, həm də köməkçi nitq hissəsi kimi işlənməkdədir.
Gülarə Abdullayeva
94
Dilçilikdə köməkçi nitq hissələrinin təsnifində müxtəlif
münasibət müşahidə olunur. Bəzi kitablarda qoşma, bağlayıcı,
ədat və modal sözlər köməkçi nitq hissələri qrupuna daxil
edilir, nidalar xüsusi
nitq hissəsi kimi verilir, bəzilərində isə
bunların hamısını köməkçi nitq hissələri qrupuna daxil edilir.
Bəzi dilçilər yalnız qoşma, bağlayıcı və ədatı köməkçi nitq
hissəsi adlandırır, modal sözlərlə nidanı bir ad altında verməyi
məqsədəuyğun hesab edirlər.
Köməkçi nitq hissələrinin bir qismi sözlər, cümlələr
arasında əlaqə yaradır, onları bir-biri ilə bağlayır. Qoşmalar və
bağlayıcılar dilimizdə məhz bu vəzifənin daşıyıcılarıdır.
Köməkçi nitq hissələrinin bir qismi isə söylənilən fikrə
münasibət bildirir, əlavə məna çaları ifadə edir. Bu xüsusiyyət
isə modal sözlər və ədatlar üçün xarakterikdir.
Bunlarla
yanaşı, dilimizdə nida adlanan bir nitq hissəsi
də vardır ki, o həm əsas, həm də köməkçi nitq hissələrinin
xüsusiyyətlərindən məhrumdur. Nidalar öz-özlüyündə hiss-
həyəcan bildirdiyi üçün əsas
nitq hissələrinə oxşasa da,
adlandırma xüsusiyyəti olmadığına görə onlardan fərqlənir.
Ona görə də nidanın xüsusi nitq hissəsi kimi ayrıca təqdim
edilməsi daha məqsədəuyğundur. Bundan başqa, dilimizdə səs
təqlidi sözlər, vokativ sözlər də vardır ki, onlar da
xüsusiyyətlərinə görə nidalara yaxındır.
Qoşma köməkçi nitq hissəsi kimi,
onun təsnif prinsipləri
“Hallana bilən nitq hissələrinə qoşularaq adlarla
adlar və adlarla fellər arasında əlaqə yaradan sözlərə qoşma
deyilir”. (2, səh. 335)
Qoşmalar bir sıra xüsusiyyətlərinə görə əsas və köməkçi
nitq hissələri arasında ortaq mövqedə dayanır. Bu,
onun əsas
söz köklərindən əmələ gəlib şəkilçiləşməyə doğru inkişaf
Müasir Azərbaycan dili
95
etməsi ilə bağlıdır. Köməkçi nitq hissəsi kimi qoşmanı
səciyyələndirən əsas xüsusiyyətlər aşağıdakılardır:
1. Qoşmaların müstəqil lüğəvi mənası yoxdur.
2. Qoşma heç bir suala cavab vermir.
3. Təklikdə qoşma müstəqil cümlə üzvü olmur, yalnız
qoşulduğu sözlə birlikdə müəyyən sintaktik vəzifə daşıyır.
Qoşmanın aid olduğu söz də qoşma olmadan heç bir sintaktik
vəzifə daşıya bilmir. Yəni qoşmanın aid olduğu sözün digər
sözlə əlaqəyə girməsində onun rolu əvəzsizdir. Hətta qeyri-
təyini ismi birləşmələrin bir qismi (sənin kimi tələbə, Əli qədər
təmkinli və s.) qoşma olmadan qurula bilmir.
4. Qoşmalar güclü idarəetmə xüsusiyyətinə malikdir.
İsmin yiyəlik, yönlük, çıxışlıq halları qoşmalar tərəfindən güclü
şəkildə idarə olunur.
5.Digər köməkçi nitq hissələrindən fərqli olaraq,
qoşmalar məhdud da olsa, şəkilçi qəbul edərək dəyişir, III
şəxsin təkinin xəbərlik şəkilçisini qəbul etməklə aid olduğu
sözlə birlikdə cümlənin ismi xəbəri vəzifəsini daşıyır. Məsələn
,
Bütün bunlar onun üçündür ki, Şahbaz bəy gözümüzdən bir
dəqiqə uzaq olmasın. (M.F.Axundzadə)
6.Qoşmaların bir qismi vurğusuz, bir qismi isə
yarımvurğuludur.
7. Cümlədə qoşmanın yeri sabitdir. Yəni bir qayda
olaraq, aid olduğu sözdən sonra işlənir və yalnız onunla
birlikdə yerini dəyişə bilər.
8. Qoşmalarda da omonimiya (
kimi, qədər və s.) və
sinonimiya (
üçün, ötrü, görə və s.) hadisəsi özünü göstərir.
Qoşmanın təsnif prinsipləri Qoşmalar müxtəlif
prinsiplər əsasında təsnif oluna bilər. Bunlar aşağıdakılardır:
1.Nitq hissələri ilə münasibətinə görə.
Qeyd etdiyimiz kimi, qoşmalar əsas nitq hissələrindən
əmələ gəlmişdir. Hazırda dilimizdə keçid
prosesində olan, əsas
nitq hissəsindən qoşmaların sırasına keçməkdə olan kifayət
qədər söz vardır. Bu proses başa çatmadığından həmin sözlər
Gülarə Abdullayeva
96
həm müstəqil leksik mənalı söz, həm də qoşma kimi
işlənməkdədir. Ona görə də dilimizdə olan qoşmaları aşağıdakı
kimi qruplaşdırmaq olar:
1. Sabit qoşmalar;
2. Qeyri-sabit qoşmalar;
3. Şəkilçiləşən qoşmalar.
Sabit qoşmalar dedikdə dilimizdə tarixən çox qədim
olub, hazırda yalnız qoşma kimi işlənən sözlər başa düşülür. Bu
sözlər dildə öz vəzifəsini qoşma kimi sabitləşdirdiyindən sabit
qoşmalar adlanır. Bu qrupa aşağıdakı qoşmalar daxildir:
üçün,
ötrü, üzrə, içrə, aid, dair, məxsus, haqqında, barəsində və s.
Məsələn
, Nəsib dayı adəti üzrə bu gün yenə hamıdan əvvəl
yuxudan durub kolxoz idarəsinə getdi. (İ.Şıxlı) Zina sibirli
olduğu üçün bu bişmişi çox sevər və gözəl bişirərdi.
(Y.V.Çəmənzəminli) Bibim nə Xəzər barəsində bir söz soruşdu,
nə də kəndə qaçdığıma görə məni danladı. (Ə.Əylisli)
Mətndən asılı olaraq, həm əsas nitq hissəsi, həm də
qoşma kimi işlənən sözlər qeyri-sabit qoşmalar adlanır. Qeyri-
sabit qoşmalara
kimi, qədər, tək, özgə, ayrı, görə, bəri, tərəf,
başqa, qeyri, əlavə, qarşı, əvvəl, sonra sözləri daxildir.
Məsələn,
Qızı ərə verəndən sonra Səfalı müəllim bir dəfə
Leninqradda olmuşdu. (Ə.Əylisli) Bayaq hökmdarın gözləri
başı kəsilmiş qoyun gözləri kimi cansız və soyuq idi.
(Y.Səmədoğlu) Axşamüstü camaat yeməkdən qabaq vestibülə
yığışmışdı. (Ə.Babayeva) Neçə illərdən bəri dünya işığına
həsrət qalmış Mikayıl oğlunu sanki nəfəsindən tanıyırdı.
(İ.Məlikzadə) Corabdan tutmuş papağa qədər hər şey
alınmışdı. (A.Şaiq) və s. - cümlələrdə bu sözlər qoşma kimi
işlənərək qoşulduğu sözü ismin bu və ya digər halında tələb
etmiş, onunla birlikdə uyğun cümlə üzvü yerində dayanmışdır.
Bu sözlər cümlədə müstəqil mənalı söz
kimi işlənərək, bir
sintaktik suala cavab verdikdə əsas nitq hissəsi kimi çıxış edir.
Məsələn,
Sonra (zərf) biz səhərə qədər söhbət elədik.(M. Oruc)
Qalxanda yönü artıq başqa (sifət) səmtə çönmüşdü.