85
-Əvvələn, Allaha əyandı ki, mən üşüyənin biriyəm, ona görə də yerim
məlumdu. Bir də ki, məni behiştə o mollalarla, hacılarla bir yerə salmazlar,
davamız düşər, onsuz da aramız yoxdu. Nə vermişəm cəhənnəmə, xanəndə orda,
nəvazəndə orda, şərab orda, mütrüfə də ki, bu gün təşrif apartdırdılar...
Bir qəhqəhə də qopdu, şair, dostunun bu cəsarətli cavabını eşitcək əvvəl
diksindi, sonra məhəbbət dolu baxışlarını, ölümlə diri gözlü mübarizə aparan
Cavadın simasına zilləyib düşündü: "Sən nə cürətlisən, nə ürəklisən, Cavad! Mən
tək-tək, birini həcv edəndə qorxudurlar: "Özünü gözlə!” deyib qoruyurlar məni
dost-aşna. Əsil ifşanı sən eləyirsən! Mən səndən hələ çox şey, birinci növbədə
cəsarət öyrənməliyəm, Cavad!
O yerindən qalxdı, Cavaddan və ehtiramla onu müşayiət edən adamlardan
uzaqlaşdı: "Səndən çox şey öyrənməliyəm, birinci növbədə cəsarət, Cavad! Mənim
də Alışlar, Qapaqlılar, Molla Qurbanqulularla işim çoxdu, dava hələ təzə başlanıb,
Cavad, təzə başlanıb..."
Şair bazardan çıxanda artıq Sonanın gizləndiyi yeri heç kəsin bilmədiyinə
arxayın olmuşdu. Erkən olmasına baxmayaraq, Seyid Əzim üzüyuxarı Minaxora
tərəf qalxmağa başladı. O, Mahmud ağanın yanına gedirdi. İndi Mahmud ağanın
necə kədərli olduğunu təsəvvür edirdi. Yaxınlaşıb dostlaşdıqları bu bir il
müddətində Seyid Əzim, Mahmud ağanın incə, hər şeydən yaralanan nəcib ürəyinə
yol tapa, bələd ola bilmişdi. İndi o sənət aləminin belə qiymətli bir inci, bir sona
itirməsinə nə qədər heyifsilənirdi. Kim bilir nələr düşünür, Sonaya qəlbində necə
də ağır bir matəm saxlayırdı. Gedib onu təskin etmək, Sonanın ölmədiyini,
itmədiyini xəbər vermək, lakin hardasa gizlədilməli olduğunu məsləhətləşmək,
kömək almaq lazım idi. O şübhəsiz ki, Sonanın sağ qalmasına sevinəcək, kömək də
verəcək, amma belə bir sənətkarın tərəb
1
aləmindən əbədilik yox olmasına, belə bir
ulduzun sənət fəzasında sönməsinə dərindən təəssüflənəcək... Elə mənim kimi...
...Axşam azanınacan onlar evdə tək qaldılar. Əvvəl Minasoltan onunla heç
kəlmə də kəsmədi, ürəyində qarasına deyindi, balasını afətlərdən, çəngi məkrindən
qorumaq üçün Allahına yalvardı. Amma günortaya doğru arvadın fıkirləri öz içini
yeməyə başladı: "Çəngi də olsa, Ağa demişkən, Allah onun ölməyinə razı olmayıb.
Mən nəkarayam seyid evinə pənah gətirən bədbəxt bəndəsini ac qoyam, susuz
86
qoyam. Çox düşündükdən sonra arvad içi-içini kəsə-kəsə daxili bir əzab
duyduğu halda siniyə çörək, yavanlıq, bir fincan da çay qoyub, sübh namazından
sonra girmədiyi bala otağa keçdi. Sona bayaqkı qaydada dizlərini qucaqlayıb
oturmuş, başını sinəsinə əymişdi. Gözlərinin yaşı hələ də qurumamışdı: "Ağlamalı
günün axirətdədi, abədbəxt, siratdan keçəndədi sənin yasın, niyə gözünü kor
eləyirsən?" O, bir söz demədən, naməhrəmdən çəkinər kimi, ağzı yaşmaqlı olduğu
halda, sinini gəlinin qabağına qoyub çıxdı.
Bir qədər keçdi. Minasoltan qorxudan həyətə çıxmırdı, qapı döyən olsa cavab
verməyəcəkdi, Seyid Əzimlə belə qərarlaşmışdılar: "Qoy elə bilsinlər ki, heç evdə
adam yoxdu". Qadın bu tapşırığa sözsüz əməl eləyirdi. Amma qərarı gəlmir, duruş
gətirə bilmirdi. Yenidən qapıdan bala otağa baxdı: "Süfrəyə el vurmayıb, bəlkə heç
görməyib də... Fikir dəryasına elə cumub ki.... yazıq..." Bu ilk dəfə dodağına gələn
yazıq sözündən qorxdu: "Nə? Hə də, vallah, yazıqdı. Əgər adamın başına gələnlər
"qalü-bəladan" alnına yazılırsa, onda, növzənbillah, bu bədbəxtin taqsırı nədi?
Alnına belə yazılıb... Yazıya ki, pozu yoxdu... Haqqın dərgahına hamısı əyandı..."
Onun onsuz da nazik ürəyi yumşalmağa başlamışdı. Bir də təbii fəlakət, böyük
qorxu qarşısında insan, həmcinsilə ünsiyyətə adi hallardan daha çox can atar.
Minasoltanın bağrı çatlayırdı. O mütləq kiminləsə danışmalı idi. Dərdi
yüngülləşməli idi; içəri girdi:
-Niyə yemirsən?
Sona arvadın içəri girdiyini, nə isə gətirib qoyduğunu indicə duydu, onun
qarşısında dik qalxmaq istədi...
-Otur, otur, səndə taqət hardadı, yazıq...
"Qəribədir, kişilər qabağında oynayan Sona, ömründə yaşınmaq bilməyən
Sona, Mütrüf Ədilin əlində böyüyən Sona, deyəsən sən bu qadından utanırsan, bu
nurani ana qarşısında səni həya təri basır, birinci dəfə, ya rəbbi, ömrümdə birinci
dəfə... Yox, birinci dəfə deyil, bir dəfə də olub".
Arvad sinidən bəri, Sonanın qənşərində oturdu; şəfqət duyulan bir səslə dedi:
-Ye, bir tikə ye heç olmasa, ürəyin üzülər, sonra səfərə çıxa bilməzsən.
Bu şəfqətli, mehriban səs Sonanın ürəyinə işlədi; yaş öz-özünə gözlərindən cari
olub, solmuş yanaqlarına süzüldü; arvadın amanını qırdı; o da kövrəldi. İndi onun
qarşısındakı Şirvana sədası yayılmış, adı
87
dillər əzbəri, nifrət mənbəyi çəngi Sona deyildi, bədbəxt, yazıq bir məxluq idi.
Elə bil ürəyini bir piyalə soyuq suya salıb oycalayırdılar:
-Ay yazıq, axı sən hardan bu işə düşdün? Kimin qızısan? Danış,bəlkə ürəyin
boşala... Adam dərdini danışanda yüngülüyür axı...
Sonanın gözləri Minasoltanın çiyninin üstündən o yana, divara zilləndi, göy
şirə çəkilmiş divarhamar idi, sürüşək idi. Orada bir ləkə, bir nöqtə belə yox idi.
Birdən-birə bu göy şirəli divar gömgöy bir fəzaya çevrildi; Sona bu göy çadır
altında yanıb qaralan bir kənd gördü... Palçıq daxmalar,üstünəqarğı basılmış qazma
damlar, güzlər... Bu qazma daxmaların birində...
Sona sözünə bir xatirə kimi başladı;
-Atam uzun azardan öləndə kəndimizdə bir yaxın adamımız qalmamışdı. Bir il
ondan əvvəl qohumtarımızın çoxu ovmadan ölmüşdü.
Kənd əhlinin heç yarısı qalmamışdı. Bağlar, əkinlər yanıb tələf olmuşdu. Başlı
başın saxlayırdı...
...Minasoltan hiss edirdi ki, nə isə olduqca təsirli bir hekayət, bir qəziyyə
dinləyəcək. Sona isə artıq bütün olub keçənləri, dünən və bu gün baş vermiş
hadisələri unutmuş, uzaq, çox uzaq bir xatirənin qoynuna atılmış, dəryada, ləpələr
üzərində çalxanan xırdaca qayıq kimi bu xatirələrin ağuşunda yırğalanmağa
başlamışdı...
-Bir neçə gün damın altında ağlar-sızlar qaldıq, küləkdən başqa qapımızı açan
yox idi. Kim də açacaq idi? Hamı öz canının, öz ölüsünün, öz batan əkənəcəyinin,
qırılan mal-qarasının hayında idi... Biz heç kimin yadına düşmürdük. Nəüzənbillah
elə bil Allah da bizi yaddan çıxartmışdı. Yaratdığı ağıza bircə tikə çörək də
göndərmirdi. Ot-ələf yanmışdı, qaynatmalı bir çəngə ispanaq, qovurmalı bir tutam
əməköməci də yox idi... "Ana" deyib sızıldayırdım, yaylığının ucu ilə qızarmış
gözlərini silməkdən anamda hal qalmamışdı, saçları,birçəkləri də islanmışdı. Bir
neçə gündən bəri çəkdiyi əzab, naxoşa qulluq, sonra da başyoldaşını itirmək anamı
üzmüşdü. Amma neynəyəsən ki, mən dizinin dibini kəsdirib çörək istəyir, dərdinin
üstünə sağalnaz dərd artırırdım. Bir gün obaşdan, dan yeri heç qızarmamış anam
məni yerimdən qaldırdı... Yatan kim idi ki,...qarnım acından qırılırdı, gözümə yuxu
getmirdi. Ağır da olsa deyim ki, atamın ölməyi də az qala yadımdan çıxmışdı, bircə
tikə çörək olsaydı... Qərəz, anam daxmamızdakı olan-qalanımı əynimə geydirib,
belimi, başımı bağladı.
Daxmamızın qapısını kilidləyib çıxdıq. Yazıq anam evdən aralananda bir ayaq
saxladı, kəndin yuxuya gedən evlərini gözdən keçirtdi. Elə bil
Dostları ilə paylaş: |