MikroiQTİsadiyyat


Azad rəqabətin mövcud olduğu bazarlarda qiymətlərin əmələ gəlməsi



Yüklə 1,43 Mb.
səhifə20/23
tarix08.12.2017
ölçüsü1,43 Mb.
#14688
1   ...   15   16   17   18   19   20   21   22   23

1. Azad rəqabətin mövcud olduğu bazarlarda qiymətlərin əmələ gəlməsi.
Azad rəqabətin mövcud olduğu bazarlarda fəaliyyət göstərən firmaların hər biri bu sahədə məhsulun çox cüzi hissəsini (hətta bəzi hallarda təklif olunan əmtəələrin1%-dən azını) istehsal etdiyinə görə sahə üzrə təklifin və qiymətlərin dəyişməsinə təsir göstərə bilmir. Və buna görə də bazarda formalaşan qiymətlə razılaşmağa məcbur olur. Bu isə o de-məkdir ki, firmaların məhsullarına olan tələb tamamilə elastikdir.

Digər tərəfdən, bu bazarlarda rəqabət aparan firmalar məhsulun bütün vahidlərini eyni qiymətlə satdıqları üçün onların həm orta, həm də son gəliri qiymətlərə bərabər olur. Ümumi gəlir (və ya satışdan əldə edilən məbləğ) isə məh-sulun qiymətini onun həcminə vurmaqla aşağıdakı kimi müəyyən edilir:

TR=PQ.
Burada: P-məhsul vahidinin qiymətini,

Q-satılmış əmtəələrin həcmini göstərir.

Istehsalçılar qiymətləri bir qayda olaraq istehsal xərc-ləri ilə müqayisə edir və onların arasındakı nisbətdən asılı olaraq məhsul istehsalının ya genişləndirilməsi, yaxud da ixtisar olunması, bəzi hallarda isə hətta müvəqqəti olaraq dayandırılması haqqında qərar qəbul edirlər. Bununla əla-qədar olaraq bir neçə halı nəzərdən keçirək.

Ilk əvvəl, məhsulun qiyməti ilə ümumi orta xərcləri müqayisə edək. Qiymətlər ümumi orta xərclərdən yüksək olduqda firma hər bir məhsul vahidinin satışından iqtisadi mənfəət əldə edir. Mənfəətin ümumi məbləği isə ümumi gəlirdən ümumi istehsal xərclərini çıxmaq yolu ilə müəyyən olunur. Firmanın ümumi mənfəət məbləğini məhsul vahidindən əldə edilən mənfəəti istehsal olunmuş ( və ya satılmış) məhsulun miqdarını vurmaq yolu ilə də müəyyən etmək olar.

Qiymətlər ümumi orta xərclərdən aşağı olduqda isə məhsul istehsalı firmaya ziyan vurur. Bu ziyan qiymətlə ümumi orta xərclər arasındakı fərq kimi müəyyən edilir. Firmaya dəyən ümumi ziyanı müəyyən etmək üçün isə məhsulların satışından əldə edilən məbləğdən (ümumi gəlir-dən) ümumi xərcləri çıxmaq lazımdır. Firmaya dəyən ziyan mənfi kəmiyyət olduğuna görə insanlarda belə bir bayağı təsəvvür yaranır ki, firma gec-tez bağlanmalıdır. Lakin bu təsəvvür olduqça bəsitdir və onunla razılaşmaq düzgün de-yildir. Bunun həqiqətə nə dərəcədə uyğun olmasına inan-maq üçün başqa bir vəziyyəti nəzərdən keçirək.

Məlum olduğu kimi, firmaların xərcləri sabit və dəyi-şən xərclərə bölünür. Firma ziyana düşdüyünə görə istehsalı dayandırsa, onun dəyişən xərcləri sıfra bərabər olacaq, sabit xərcləri isə dəyişməz qalacaqdır. Yenə də alınmış kredit üçün faiz məbləği, icarə haqqı və sığorta ödəmələrini həyata keçirmək lazım gələcəkdir. Odur ki,firma, istehsalı məhsu-lun qiyməti dəyişən orta xərclərə bərabər olduqda və sabit orta xərcləri ödəmək mümkün olmadıqda dayandırsa daha yaxşı olar. Çünki bu zaman firmanın ümumi ziyanı ümumi sabit xərclərə bərabər olur. Qiymətlər dəyişən orta xərcləri və sabit orta xərclərin bir hissəsini ödəyə bilən səviyyədə olduqda isə firma sabit xərclərin ümumi kəmiyyətindən az olan məbləğdə ziyan çəkir. Ona görə də firma bütün bunları nəzərə alaraq məhsul istehsalını dayandırmır və zərəri mini-muma endirməyə çalışır. Firma, istehsalı dayandırmaq qərarına gəldikdə isə ona dəyən ziyanın məbləği sabit xərclərin kəmiyyətinə bərabər olur.

Firma, məhsul buraxılışının həcmi, yaxud da istehsalın dayandırılması haqqında qərar qəbul etdikdə başqa qayda-lardan da istifadə edir. Azad rəqabət bazarında məhsulun qiyməti firmanın son gəlirinə əlavə-daha bir məhsul vahidi-nin satışından əldə edilən gəlirə-MR-ə bərabər olur. Qiymət və deməli, son gəlir son xərclərdən çox olduqda (MR>MC), başqa sözlə, qiymət hər hansı bir konkret məhsul vahidinin (məsələn, tutaq ki, məhsulun 10-cu vahidinin) istehsalına çəkilən xərcdən yüksək olduqda əlavə məhsul vahidini istehsal etməyə dəyər. Bu zaman qiymət son xərcdən yüksək olduğuna görə əlavə əmtəə vahidinin satışından əldə edilən iqtisadi mənfəət P-MC kəmiyyətinə bərabər olur. Qiymətlər son xərclərdən yüksək olduqda isə istehsalı genişlən-dirmək, məhsul buraxılışının həcmini qiymətlər son xərclərə bərabər olana qədər artırmaq lazımdır. Bu zaman firmanın ümumi mənfəəti ən yüksək həddə çatır.

Son xərclər qiymətlərdən yüksək olduqda əmtəələrin istehsalı ilə əlaqədar firmaya dəyən ziyan qiymətlə son xərclər arasındakı fərq kimi müəyyən edilir və alınan nəticə mənfi kəmiyyətdir. Deməli, firma məhsul buraxılışını özünün son xərcləri qiymətlərlə bərabərləşənə qədər ixtisar etməlidir. Beləliklə, P=MR=MC qaydası istehsalın, mənfə-ətinən yüksək həddə çatdırılmasına şərait yaradan həcmini müəyyən etməyə imkan verir.

Məhsulun qiymətini ümumi orta istehsal xərcləri ilə müqaisə etməklə, firmanın mənfəət əldə edə bilməsi və ya ziyana düşməsinin müəyyənləşdirilməsi yalnız təcrübəvi əhəmiyyətə malik deyildir. Sahədə uzunmüddətli dövrdə məhsulun qiyməti ümumi orta xərclərdən yüksək olduqda firma mənfəət əldə edir və istehsalı genişləndirir. Başqa sahibkar isə bu sahədə yeni firmalar yaratmaqla fəaliyyət göstərməyə başlayırlar. Bu deyilənlərə əsasən aşağıdakı iki çox muhüm nəticəni çıxarmaq olar:1)Az mənfəət əldə edən, yaxud da zərərlə işləyən firmalar digər sahələrdən bu sahəyə gəlir, burada fəaliyyət göstərməyə başlayır və bunun nəti-cəsində sahadə daha çox istehsal ehtiyatları istehlak olunur;

2) Sahədə məhsul istehsalı artdığına görə tələbin mövcud səviyyəsində bu, qiymətlərin ümumi orta xərclərin səviy-yəsinə qədər aşağı düşməsinə gətirib çıxarır ki, bu da öz növbəsində firmaların zərər çəkməsinə səbəb olur.

Ümumi orta xərclər haqqında xüsusi danışmaq lazım-dır. Rəqabət aparan firmalar istehsalın həcmini elə səviy-yəyə çatdırmağa çalışırlar ki, bu, onların ümumi xərclərinin sahədə mövcud olan ən aşağı orta xərclərə gətirib çıxarsın.

Qiymətlər aşağı düşdükdə və sahədə mövcud olan ən aşağı ümumi orta xərclərdən az olduqda firmalar ziyana dü-şür. Bu isə istehsalın ixtisar olunmasına, bəzi sahibkarların sahədən çıxıb getməsinə səbəb olur. Bunun nəticəsində: 1) sahədə istifadə olunan resursların miqdarı azalır, ehtiyat-ların bir hissəsi digər sahələrə «axıb gedir»; 2)istehsalın həc-mi azalır, firmalar bazarda tələb və təklif arasındakı qarşı-lıqlı əlaqə nəticəsində formalaşan yeni şəraitə uyğunlaşırlar. Qiymətlər tədriclə, əvvəlcə ümumi orta xərclərin ən aşağı səviyyəsinə qədər artır, sonra isə ondan yüksək olur və beləliklə də bazarlarda tarazlıq yaranır.

Nəzərdən keçirilən bu proseslər (məhsul buraxılışının həcminin, ümumi orta xərclərin, mənfəət və zərərin, əmtə-ənin qiymətinin dəyişməsi, resursların bir sahədən başqa sahələrə «axıb getməsi» və i.a.) tədriclə, fasiləsiz olaraq baş verir. Rəqabət aparan firmaların tarazlıq vəziyyəti P=ATC=MC bərabərliyi ilə yerinə yetirilir. Qiymətlərin və ümumi orta xərclərin minimum məbləğinin bir-birinə bəra-bər olması o deməkdir ki, firmalar ən mütərəqqi və deməli, səmərəli texnologiyalardan istifadə edirlər. Firmalar belə hərəkət etməsələr yaşaya bilməzlər. Ona görə də onlar istə-nilən həcmdə məhsul istehsal etmək üçün resurslardan daha az istifadə etməlidirlər. Qiymətlərin və ümumi orta xərclərin bir-birinə bərabər olması isə istehsalın səmərəliliyini səciyyələndirir. Bu qiymətlər istehlakçıların da mənafelərinə cavab verir. Odur ki, firmalara normal mənfəət, faiz əldə etmək imkanı verən qiyməti ən ədalətli qiymət adlandırırlar.

Qiymətlərin və son xərclərin bir-birinə bərabər olması resursların iqtisadiyyat miqyasında səmərəli bölüşdürülməsi deməkdir. Qiymətlərin son xərclərdən yüksək olması isə o deməkdir ki, istehlakçı məhsulun hər vahidi üçün onun istehsalına sərf olunan resursların dəyərindən daha çox vəsait ödəməyə hazırdır. Təklif tələbi ödəmir, cəmiyyət miqyasında tələbatın ödənilməsi üçün kifayət qədər resurs ayrılmır, bölüşdürülməmiş resurslar hələ qalmaqdadır. Qiy-mətlər son xərclərdən aşağı olduqda isə istehlakçılar bu məhsulların satın alınmasına onların hazırlanmasına çəkilən resursların dəyərindən az vəsait sərf edir, təklif tələbdən irəlidə gedir, iqtisadi ehtiyatların bir hissəsindən səmərəli istifadə olunmur və resursların iqtisadiyyat miqyasında yenidən bölüşdürülməsi zəruruliyi meydana çıxır.

Beləliklə, firmalar azad rəqabət şəraitində istehsalın həcmini maksimum iqtisadi mənfəət əldə etməyə imkan ve-rən səviyyəyə uyğunlaşdırır. Çünki bu zaman qiymətlər son gəlirə və son xərcə bərabər olur.Bu şərtlərə əməl olunduqda resurslar sahələr arasında səmərəli bölüşdürülür, tələbə uy-ğun gələn qədər məhsul istehsal olunur və tələbat ödənilir.


2. Istehsal amilləri qiymətlərinin əmələ gəlməsinin nəzəri əsasları.
Istehsal amilləri qiymətlərinin əmələ gəlməsinə ayrı-ayrı iqtisa­di məktəblərin nümayəndələri müxtəlif cür yanaşmışlar. Bu sahədə klas­sik ingilis siyasi iqtisadının tanınmış nümayəndəsi Adam Smitin fi­kirləri xüsusi maraq doğurur. Onun istehsal amilləri qiymətlərinin əmə­lə gəl-məsinə dair ideyaları öz əksini «Xalqların sərvətinin təbiəti və sə­bəbləri haqqında tədqiqatlar» əsərində tapmışdır. O, bu əsərində iqti­sadi ehtiyatların əmək, torpaq və kapital-dan ibarət olduğunu göstərir. A. Smitin fikrincə hər hansı bir əmtəəni pula dəyişərkən onun qiyməti­nə xammalların dəyəri və işçilərin əmək haqqı ilə yanaşı, öz kapitalını risk edən sahibkarın əldə edəcəyi müəyyən məbləğdə mənfəət də daxil edilməlidir. Işçilərin yaratdıqları, yaxud da bəzi iqtisadi ədəbiyyat­da deyildiyi kimi xammalların dəyərinə əlavə etdikləri dəyər iki yerə bö­lünür: onun bir hissəsi əmək haqqının ödənilməsinə sərf edilir, digər his­səsi isə avans olunan kapitala görə sahibkarın mənfətini əmələ gətirir.

Lakin kapitala görə əldə edilən mənfəət əmək haq-qına bənzə­mir. O, avans olunan kapitalın kəmiyyətindən asılı olaraq az və ya çox ola bilər. Smit daha sonra qeyd edirdi ki, başqaları kimi torpaq sahib­ləri də indiyədək toxum səpilməmiş sahələrin də bəhrəsini götür­mə­yə çalışır və hətta, torpağın münbitliyinə görə renta tələb etməyə başla­mış­lar. Başqa sözlə, torpaqda nə varsa, onlar üçün, yəni onun «təbii məh­sul»u və faydalı qazıntıları üçün qiy-mət əlavələri müəyyənləş­dirilir. Torpaq mülkiyyətcisinə verilən haqqın bu hissəsi rentanı əmələ gətirir və torpaqdan istifadə olunarkən istehsal edilən məhsulların qiy­mət­lərinə daxil edilir.



Beləliklə, Smitə görə insanların son istehlakına gedən hər bir əmtəənin qiyməti əmək, kapital və torpaqla əlaqədar olan xərclərdən əmə­lə gəlir. Son istehlaka gedən hər hansı bir əmtəə yenidən «emal» tələb etdikdə, onun qiymətində əmək haqqı və sənaye mənfəətinin xü­su­si çəkisi artır və daha çox olur. Buna əsasən demək olar ki, məhsul nə qədər çox “emal mərhələsindən” keçirsə, onun qiyməti də bir o qədər yüksək, qiymətin tərkibində əmək haqqı və sənaye mənfəətinin xüsusi çəkisi isə bir o qədər çox olur.

Buradan da aşağıdakı nəticələri çıxarmaq olar: 1) Isteh­sal amil­­lərinin – əmək, kapital və torpaq-qiymətləri onların köməyilə isteh­sal olunan son istehlak məhsullarının qiymətləri ilə müəyyən edilir. Fir­maların istehsal amillərinə olan tələbinin törəmə xarakter daşıması və bütün növlərdən olan ehtiyatların istehlak əmtəələrinin qiymətlərindən asılı olması məhz bunlarla izah edilir. 2) Istehsal amilləri qiymətlərinin əmələ gəlməsini, onların mülkiyyətçilərinin gəlirləri ilə əlaqələndirmək lazımdır.

Hər bir adam ona məxsus olan və yuxarıda gös-tərilən istehsal amillərindən birinin müqabilində - ya əməyinə, ya kapitalına, ya da tor­pa­ğına görə gəlir əldə edir. Sərf olunan əməyin müqabilində əldə edilən gəlir əmək haqqı, tətbiq olunan kapitala görə əldə edilən gəlir mənfəət, kapitalı məhsuldar formada istifadə etmək üçün digər şəxsə borc ve­rənin (borc kapitalistinin) əldə etdiyi gəlir faiz məbləği, yaxud da «pul artımı» adlanır. Borc kapitalistinin verdiyi borcun müqabilində əldə etdiyi gəlirə törəmə gəlir, icarəyə verilən torpaqdan istifadə müqabilində tor­paq sahibinin mənimsədiyi gəlirə isə renta deyilir.

Dövlət tərəfindən toplanan vergilər vasitəsilə forma-la­şan gə­lir­lər nəticə etibarilə həmin üç istehsal amilinin hesa­bına əldə olunan gə­lirlərdir. Başqa sözlə, əmək haqqı-nın, mənfəətin və rentanın yenidən bö­lüşdürülməsi nəticə-sində qulluqçular vəzifə maaşı, ahıllar pensiya, əha­linin müxtəlif təbəqələri sosial ödənişlər və yardım alırlar.

Cəmiyyətin müxtəlif qruplarının gəlirləri arasında qarşılıqlı əla­qə və istehsal amilləri bazarında qiymətlərə dair məntiqi dəlillər də istehlak əmtəələri qiymətlərinin hərəkəti vasitəsilə nəzərdən keçirilir. A. Smit qeyd edirdi ki, bu əmtəələrdən hər hansı birinin qiyməti bu və ya digər, yaxud da ilkin istehsal amillərinin hamısına (əmək, torpaq, ka­pital) müncər edildiyinə görə, cəmiyyətin bütün illik məhsulunun qiy­­məti də həmin üç amilə müncər edilməli-dir. Və onun dəyəri də vergi sis­temi vasitəsilə əldə olunan gəlirlərin yenidən bölgüsü nəticəsində ilkin və törəmə gəlirlərin üç formasına uyğun olaraq bölüşdürülməlidir. Cəmiyyətin gəliri artdıqda, istehsal amillərinə olan tələb və bunun nəticəsində on­ların qiymətləri də yüksəlir. Əksinə, gəlirlərin azalması bazarda, is­teh­sal amilləri qiymətlərinin aşağı düşməsinə səbəb olur.

Istehlak əmtəələrinin qiymətləri, həmçinin cəmiyyə-tin gəlirləri və istehsal amilləri bazarlarında qiymətlərin qalxıb-enməsi arasındakı qarşılıqlı əlaqə çox da sadə və birmənalı məsələ deyildir. A. Smit özü­nün əmtəələrin yeganə və bazar qiymətləri haqqında müddəasını əsas­landırarkən qeyd edirdi ki, hər bir ölkədə və ya yerdə əmək haqqının və sərf olunan kapitala görə əldə edilən mənfəətin adi, yaxud da orta nor­ması mövcuddur. Bu normalar cə-miyyətdəki ümumi şərait, onun varlı və yoxsulluq, durğun-luq və azalma səviyyəsi, həmçinin əmək və kapital tətbiqi-nin xüsusi təbiəti ilə tənzimlənir. Bunlar rentanın orta normasına da aiddir. A. Smit bu adi və ya orta normaları hər bir konk­ret məkan və zaman üzrə əmək haqqının, mən-fəətin və rentanın təbii normaları adlandırmışdır.

Beləliklə, əmtəələrin təbii qiymətləri-torpaq rentası­nın, əmək haqqının və kapitala görə mənfəətin təbii norma-larına uyğun olaraq, onların, yəni əmtəələrin istehsalı (çıxarılması), emal olunması və bazara daşınması ilə əlaqədar olaraq sərf edilən xərclərin ödənilməsi üçün zəru­ri olan qiymətdən nə yuxarı, nə də aşağı olmayan qiymətlər-dir. Bazar­da satılan zaman əmtəələrin faktiki qiymətləri təbii qiymətlərin­dən kə­narlaşa, yaxud da ona uyğun gələ bilər. A. Smitə görə bazar qiymətləri bazara gətirilən əmtə-ələrin miqdarı ilə onların bazara daşın­ması (gəti­ril­məsi) üçün ödənilməli olan təbii qiymətlərin (və ya renta­nın, əmək haqqının və mənfəətin) tam dəyərini ödəməyə hazır olanlar­la, bu əm­təələrə olan tələbat arasındakı nisbət əsa-sında müəyyən edilir.

Bütün bunlara əsasən demək olar ki, gətirilən bu dəlillərdə tək­cə əmtəə və xidmətlər bazarını deyil, həm də iqtisadi ehtiyatlar və isteh­sal amilləri bazarını «idarə edən» tələb və təklif qanununun fəaliyyətini A. Smitin necə dərk etməsi öz əksini tapmışdır.

Xalis texniki qanun olan «xərc-məhsul buraxılışı» qa­nunu nə­zər­dən keçirilmədiyi üçün rəqabət bazarında isteh­sal amilləri üzərində mülkiyyətə və onların qiymətlə-rinə əsasən gəlirlərin bölüşdürülməsi nə­zə­riy­yəsini mücərrəd nəzə­riy­yə hesab etmək olar. Çünki bu qanun is­tehsal və ya bəzi hallarda iqtisadi ədəbiyyatda deyildiyi kimi «istehsal funksiyaları» nəzəriyyəsinin əsasını təşkil edir.

Digər tərəfdən, rəqabət bazarında gəlirlərin məhz is­tehsal amil­ləri üzərində mülkiyyətə və onların qiymətlərinə görə bölüşdürül­məsi nəzəriyyəsi torpaq rentasının, əmək haqqı­nın, kapital aktivləri üçün faizin səviyyəsinin xüsu-siyyətləri və necə müəyyən olunması sualına cavab verir.



Istehsal amillərinə görə əldə edilən gəlirlər və hər bir amilin bazar qiyməti onların son məhsuldarlığı ilə müəyyən olunur. Hər bir istehsal amilinin son məhsulu nəzəriyyəsi-nin başlanğıcı diferensial renta məsələsi nəzərdən keçirilər-kən D. Rikardo tərəfindən qoyulmuşdur. XIX əsrin 80-ci illərində isə Klark, Uikstid və Viksel Rikardonun ren­ta­ya dair çıxardığı nəticələri istehsalın başqa amillərinə də şamil etmiş­lər. Onların fikrincə, hər hansı bir dəyişən amilin qiyməti və ondan əldə edilən gəlir, bu amilin son məhsulu ilə müəyəyn olunur. Son məhsul nəzəriyyəsi, bu mənada, istehsal amilləri qiymətlərinin əmələ gəlməsinin əsası olmuşdur.

C. B. Klarkın çıxardığı nəticələrə görə istehsal amil-ləri qiymət­lərinin əmələ gəlməsinin bazar mexanizmi, gəlirlərin «ədalətli» bölgüsü­nü təmin edir. Klark bunu hər bir amilin özünün məhsuldarlığına görə haqq alması ilə əsaslandırır. Lakin qeyd etmək lazımdır ki, bazarda amil-lərin bir çoxu çatışmadıqda və onların təklifinin qeyri- elas-tikliyi şə­raitində, onlara olan tələb və bunun nəticəsində onların qiymətləri art­dığına görə «ədalətli» bölgü prinsipi pozulur. Bundan başqa real iqtisa­diyyatda digər səbəblərə də rast gəlinir. Doğrudan da texniki tərəq­qi şə­raitində daha mükəmməl maşınlardan, avadanlıqlardan isti­fadə olun­du­ğuna görə əməyin son məhsuldarlığı artır. Deməli, Klarkın tətbiq olunan amillərin səmərəliliyi ideyası təkcə əməyə görə deyil, həm də istifadə olunan texnologiyaya görə haqq verilməsinin nəzərə alın­ması de­məkdir.

C. Klark özünün «Sərvətin bölüşdürülməsi» (1899) əsərində is­bat etmişdir ki, onun dəlilləri istehsalda tətbiq edilən amillərdən hər birinin eyni dərəcədə səmərəliliyi haq-qında fərziyyəyə əsaslanır. Onun fikrincə, əməyin texniki təchizatının artdığı bir şəraitdə tətbiq olunan əmək və kapital arasındakı miqdar nisbətləri dəyişdiyi hallarda da əmək haqqının səviyyəsi əmək məhsuldarlığının yüksəlmə-sinə uyğun gəldiyi üçün «ədalətli» əmək haqqı prinsipi gözlənilmiş olur.

Kapitalın artan məhsuldarlığı da «ədalətli» bölgü tələb edir tezisinin ziddiyyəti iqtisad elmi tərəfindən istehsal amillərinin komplek­s­liliyi, yəni bir-biri ilə qarşılıqlı əlaqə və asılılıq şəraitində fəaliyyət göstərməsi ideyasının irəli sürülməsi ilə həll edilmiş oldu. Ideyanın mahiyyəti ondan ibarətdir ki, məhsuldarlığı və son məhsulu hər bir istehsal amili üzrə ayrılıqda deyil, bütün amillərin qarşılıqlı fəaliy-yət­lərinin nəticəsi kimi hesablamaq lazımdır.



Istehsal amillərinin kompleksliliyi ideyası Avstriya iqtisadi mək­tə­bi nümayəndələrinə məxsusdur. Onlar isteh-sal amillərindən hər hansı birinin çoxaldılması yolu ilə istehsal olunan son məhsulun artırıl­masını istehlakçıları təmin edən artım hesab edirdilər. Bu hər hansı bir istehsal amilinin təsiri ilə istehlakçıya çatdırılan əlavə məhsulların miq­da­rının, onların son faydalılığına vurulması yolu ilə alınan son məhsul demək deyildir. Həm də bu və ya digər amilin artırılması nemə­tin son vahidləri ilə ifadə olunmalı, habelə «ictimai son faydalılığ»ın mövcud­luğu və sahibkar-ların istehlakçıları investisiya əmtəələri ilə nə dərəcədə təmin etmələri nəzərdə tutulmalıdır. Bu, gecikmiş müddə-aları şərh edənlər (məsələn, Blauq M.) 1 qeyd edirdilər ki, son məhsulların qiy­mətlərinin istehsal amillərinin qiymətlə-rindən asılı olması haqqında tə­səvvürlərdən, onların qarşılıqlı asılılıqlarına dair bir sıra fərziyyələrin (ehtimal-ların) köməyilə asanlıqla yaxa qurtarmaq olar.

Hazırda son faydalılıq nəzəriyyəsinə iki cəhətdən yanaşmaq lazımdır: 1) Son faydalılıq nəzəriyyəsi istehsal amillərinin «ictimai son fay­­dalılığı»na qiymət verərkən istifadə olunan sosial baxışlara, meyar­lara yaxınlaşmışdır. Lakin bu gəlirlər, bölgünün klassik sxeminin (üç amilin – əmək, torpaq və kapital – «payı» nəzəriyyəsi) müasir döv-rün tələb­lərinə uyğun olması müddəasından hələ çox uzaqdır; 2) Bu nə­zəriyyə istehsal amilləri qiymətlərinin əmələ gəlməsi probleminin mik­roiqtisadi səviyyədə təhlil olunmasına toxunduğuna görə, rəqabət apa­ran firmaların istehsal amil­lərinə olan tələbinin optimallaşdırılması me­yarları müəyyən olunmuşdur. Bunların əsasını firmanın son xərc­ləri ilə hazır məhsullarının qiymətlərinin bir-birinə bərabər olması və mənfəətin ən yüksək həddə çatdırılması şərti təşkil edir.
3. Istehsal amillərinə olan tələb və təklifin xüsusiyyətləri.
Fərdi istifadə üçün nəzərdə tutulan son istehlak məhsullarına olan tələbə nisbətən istehsal amillərinə olan tələbin özünə məxsus bir sıra xüsusiyyətləri vardır. Bun-lardan biri ondan ibarətdir ki, istehsal amil­lərinə olan tələb törəmədir, ikinci, üçüncü dərəcəli xarakter daşıyır. Çün­ki istehsal amillərinə olan tələb, son istehlak məhsullarını istehsal etməyə, tələb olduqda meydana çıxır.

Hər bir istehsal amilinə olan tələb isə ondan istifadə edilməklə hazırlanan istehlak məhsullarına olan tələbdən asılı olaraq artıb-azala bilər. Istehsal amillərinə olan tələ-bin dəyişməsi cəmiyyətə lazım olan son istehlak məhsul-larının istehsalını təşkil edən, onu həyata keçirən sahibkar-lar üçün maraqlıdır. Çünki sahibkarlar gəlirlərini rəqiblə-rinə bəl­li olmayan vasitə və üsullarla artırmağa çalışırlar. Istehsal amilləri bazarı isə sahibkarlara əmtəələrin qiymət-ləri, onların texniki-iqtisadi xarakteristikaları, istehsal xərclərinin səviyyəsi, təklifin həcmi və s. haqqında ətraflı informasiya verir.

Istehsal prosesini təşkil etmək üçün bir çox amillər-əmək, tor­paq, texnika, xammal, enerji və i.a.-tələb olunur. Bütün bunlar bu və ya digər dərəcədə bir-birini tamam-layan, yaxud da bir-birini əvəz edən amillərdir. Məsələn, canlı əmək qismən texnika ilə, yaxud da əksinə, təbii xam materiallar süni materiallarla əvəz oluna bilər. Lakin həm əmək, həm texnika, həm də xammallar yalnız vahid istehsal prosesində bir-birini tamamlayandır, ayrı-ayrılıqda isə onların hər biri faydasızdır. Bundan başqa digər amillər sabit qalmaqla onlardan hər hansı birinin qiymətinin dəyişməsi, həm də onunla bağlı amillərin qiymətlərinin də­yiş­məsinə səbəb olur. Məsələn, əmək haqqının yüksək, texnikanın qiy­mə­tinin isə nisbətən aşığı olması əməyə olan tələbin azalmasına, maşın­lara olan tələbin isə artmasına gətirib çıxara bilər və çıxarır.

Beləliklə, istehsal amillərinə olan tələb bir-birindən asılı olan prosesdir. Çünki istehsala cəlb olunan ehtiyatlar-dan hər birinin həcmi, təkcə onların qiymətindən deyil, bir-biri ilə qarşılıqrı əlaqədə olan ehti­yat və amillərin hamısı-nın qiymətlərindən asılıdır. Bazar bunların qiy­mətlərinin qarxıb-enməsi haqqında informasiya verir. Məlum oldu­ğu kimi, qiymət hər bir istehsal amilinə olan tələbin elastik-liyinin dəyiş­mə­sinə təsir edən başlıca şərtlərdən biridir. Həm də digər şərtlər dəyiş­məz qalmaqla qiyməti ucuz istehsal amilinə olan tələb daha elas­tik­dir. Bu, qarşılıqlı əvəzetməni həyata keçirməyə, istehsalın daha baha olan amil­lərini sıxışdırmağa, istehsal xərclərinin azaldılmasına imkan ve­rir. De­məli, bazar qiymətlərinin yüksək olması tələbin azalmasına, is­teh­salın qiyməti aşağı olan alternativ amillərin axtarılmasına səbəb olur.

Hər bir istehsal amili üzrə tələbin elastikliyinin də-yişməsinə aşa­ğı­dakılar təsir edə bilər: 1) Firmaların gəlirləri və onların burax­dıq­ları məhsullara olan tələb; 2) Istehsalda tətbiq olunan ehtiyatların və amillərin bir-birini qalşılıqlı surətdə əvəz etməsinin mümkünlüyü; 3) Əl­ve­rişli qiymət-lərlə bir-birini tamamlayan və bir-birini əvəz edən istehsal amilləri bazarlarının mövcudluğu; 4)Yeniliklərə canatma və i.a.

Rəqabət bazarında istehsal amillərinin qiymətləri həm də tək­lifin təsiri ilə formalaşır. Təklif istehsalçıların bazarda müəyyən qiymət­lərlə satmaq üçün hazırladıqları məhsulların miqdarına deyilir.

Adi istehlak nemətləri bazarlarında olduğu kimi, istehsal amil­ləri bazarında da təklifi tələb doğurur. Lakin istehsal amilləri bazarla­rının özlərinə məxsus xüsusiyyətləri vardır. Burada təklif xeyli dərəcədə gəlir əldə etmək məq-sədilə istifadə olunan konkret istehsal amilinin xü­su­siyə-tindən asılıdır. Ümumiyyətlə götürdükdə isə təklifin xüsu-siyyətləri iqtisadi ehtiyatların, birinci növbədə torpaq, əmək, təbii faydalı xam­mal ehtiyatları və onların emalın-dan alınan məhsulların məhdud miq­dar­da, aztapılan olma-ları ilə müəyyən edilir.

Ilkin iqtisadi ehtiyatların və onlardan alınan törəmə istehsal amillərinin məhdudluğu və aztapılan olması nisbidir. Belə ki, onlar hər bir konkret şəraitdə son nemətlərin buraxılması üçün istehsalın tələ­ba­tının ödənilməsi ilə müqayisədə məhdud və aztapılandır. Ehtiyatlar məh­dud miqdarda olmasaydı, onlar hava kimi pulsuz olsaydılar, insan­ların çox müxtəlif tələbatlarının həmişəlik və tam ödə-nilməsi mümkün olar­dı. Bununla da bazarda hər hansı bir əmtəəyə tələbat olmazdı, iqtisadiyyata, onu inkişaf etdir-məyə ehtiyac qalmazdı və heç kim onun sahmana salınması haqqında fikirləşməzdi. Lakin insanlar istifadəyə ya­rarlı torpaq sahələrinə yorulmadan qulluq edir, əmək ehtiyat­ların­dan, xammallardan, təbii ehtiyatlardan səmərəli istifadə olunmasına, onlardan dah çox faydalanmağa çalışırlar. Bununla da onlarla eyni vaxt­da tətbiq olunan amillərdən istifadə göstəricilərinin dinamikası aş­kara çıxarılır, proqnozlar verilir, istehsalın, bəzi hallarda hətta bütün iq­ti­sadiyyatın quruluşu dəyişdirilir. Bu o deməkdir ki, istehsal amilləri üzrə təklif ehtiyatların məhdudluğu, aztapılan olması qanununa ta­bedir. Bütün bazarların başlı-ca xüsusiyyətləri də bunlarla müəyyən olu­nur.

Ayrı-ayrı bazarlarda istehsalın hər bir konkret amilinin müxtə­lif elastikliyə malik olduğu aşkara çıxır. Burada elastikliyə digər səbəb­lər təsir etsə də, onun başlıca səbəbi yenə də ehtiyatların məhdud miq­dar­da və aztapılan olması qanununun fəaliyyət göstərməsidir. Məsələn, torpaq üzrə təklif bir qayda odlaraq elastik deyildir. Ona görə ki, tor­pağa alternativ olan, yəni onu əvəz edə bilən başqa bir istehsal amili yoxdur, o köhnəlməyə məruz qalmır. Faydalı xammal ehtiyatları da bərpa olunan deyildir. Lakin onları qarşılıqlı surətdə əvəz edən alter­nativ, o cümlədən süni xammal və materiallar tapmaq mümkün olduğu­na görə onlar üzrə tək­lif daha elas­tikdir. Hər bir konkret şəraitdə əmək ehtiyatlarının kəmiy­yəti də dəyi­şir, lakin bu proses olduqca ləng gedir. Çünki işçi qüvvəsi üzrə təklifin elas­tikliyi konkret iqtisadi şəraitdən, tam məşğul­luq imkanla-rının həya­ta keçirilməsindən və s-dən asılı ola bilər.

Istehsal amilləri qiymətlərinin əmələ gəldiyi bazar şəraitində firmaların fəaliyyəti xərclərin və məhsul buraxı-lışının son iqtisadi fay­da­lılığının hesablanması üzərində qurulur. Burada ən mühüm meyar ehti­yat­lara görə əldə edilən son gəlirdir. Bu, firmanın hər əlavə ehtiyat vahidin-dən istifadə etməklə hazırladığı məhsulların satışından daxil olan gəlirləri ifadə edən göstəricilərlə ölçülür. Iqtisadi nəzəriyyədə bu, «xərclər-məhsul buraxlışı» qanunu və firmaların istehsalla əlaqədar olan vəzifələrinin «mühəndis hesablamaları sistemi» adını almışdır.

Hər bir firma buraxılan məhsulun həcmi və onun istehsalına sərf olunan xərcləri hesablayır və bu, ən ümumi şəkildə onun istehsal funksiyası adlanır. Hər bir firmanın istehsal funksiyasını aşağıdakı kimi ifadə etmək olar:


Q = ψ ( L, C )
Burada: Q – buraxılan məhsulların miqdarı, L – isti-fadə olun­muş əməyin miqdarı, C – firmanın kapitalının (texniki vasitələrinin) məb­ləğidir.

Firmanın yalnız iki amilin – kapital və əməyin əlaqələndirildiyi istehsal funksiyasını ifadə edən ixtiyari istehsal prosesi 17.1 cədvəlində verilmişdir.


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə