Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə70/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   66   67   68   69   70   71   72   73   ...   112

Ravik susdu. «Nə yaman bicdir! – Ürəyindən keçirdi. – Adicə suallarla məni 
danışdırdı, izah elətdirdi. İzaha başlayırsansa, deməli, özünü müdafiə edirsən!» 
– Özün bilirsən, – dedi, – belə axmaq suallar vermə. 
– Ürəyin daha istəmir məni? 
– Yox! – dedi və qeyri-ixtiyari əlavə elədi: – Elə deyil... 
Qoldberqin otağındakı yeknəsəq ağlaşma səsi pəncərədən içəri dolurdu. Ağı 
deyirdilər. İşə bax, Livan dağlarındakı çobanların yas mərasimi Parisin ucqar bir 
küçəsinə gəlib çıxmışdı... 
– Sən mənə kömək durmalısan, Ravik! 
– Səni özbaşına buraxmağım ən böyük köməkdir. Sən də məni burax. 
Joan ona fikir vermədi: 
– Mənə kömək etməlisən, – dedi. – İstəsəm, yalan danışardım. Ancaq istəmirəm. 
Elədir, mənim ayrı adamım var! Ancaq onunla olan münasibətim səninlə olan 
münasibətim kimi deyil. Eyni şey olsaydı, durub bura gəlməzdim... 
Ravik siqaret çıxardı, hiss elədi ki, çox qurudur. Belə de! İndi başa düşdü! Bıçaq, 
ülgüc kimi iti olanda ağrıtmaz! Bir şey ki yəqinləşdi, ağrı o dəqiqə kəsilir. Ağrı 
həmişə o dərd yəqinləşənə kimi, bir də yəqinləşib qurtarandan sonra başlayır... 
193 
– Eyni şey heç vaxt ola bilməz, – dedi. – Ancaq, əslində, eyni şeydir. 
«Niyə belə ucuz-ucuz danışıram?–deyə ürəyindən keçirdi. – Qəzetlərin verdiyi 
paradoksdur. Həqiqəti ucadan deyəndə nə yaman miskin olurmuş!» 
Joan dikəldi: 
– Ravik! – dedi. 
– Özün də bilirsən «adam yalnız bircəciyini sevə bilər» fikri düzgün deyil. Düzdür, 
elə adamlar var ki, yalnız birini sevir. Belələri xoşbəxtdir! Ancaq elələri də var ki, 
onlarda tərsinədir. Bunu da bilirsən... 
Siqaretini yandırdı. Üzünə baxmasa da, Joanın indi necə göründüyünü bilirdi. 
Rəngi saralmışdı, gözləri kölgələnmişdi, sakit idi, fikrini cəmləmişdi və elə 
kövrəlmişdi ki, deyərdin, indicə yalvarmağa başlayacaq... Ancaq qürurunu 
sındırmırdı... Günorta öz mənzilində də belə idi, müjdə gətirən məlakəyə oxşayırdı, 
inamla göylərdə pərvazlanırdı, özünü elə göstərirdi ki, guya, kimisə xilas etmək 
istəyir, ancaq əlindən çıxmasın deyə, onu yavaş-yavaş çarmıxa çəkirdi... 
– Bilirəm, – dedi, – o da bir bəhanədir. 
– Bəhanə-zad deyil! Onda adam bədbəxt olur. Həmin burulğana düşən xilas ola 
bilmir. Dəhşətli şeydir, baş açmaq olmur, adamla əlbəyaxa döyüşür... Elə şeydir ki, 
qaça bilmirsən, hara getsən, dalınca düşüb səni tapır. Sən istəmirsən, ancaq o 
gəlir... Özü də çox güclüdür... 
– Niyə bunu özünə dərd eləyirsən? Əgər belə güclüdürsə, tabe ol! 
–Tabe oluram. Bilirəm ki, başqa yolum yoxdur. Ancaq...– onun səsi birdən 
dəyişdi.–Səni də itirmək istəmirəm, Ravik! 
Ravik susurdu. Siqareti sümürsə də, tüstüsünü hiss eləmirdi. «Məni itirmək 
istəmirsən, – deyə ürəyindən keçirdi, – ancaq o birini də əldən qoymursan. Məsələ 
bundadır! Bunu da özünə sığışdırırsan! Ona görə də səndən uzaq qaçmalıyam. Özü 
də bir nəfər deyil! Elə olsa, dərd yarı idi! Hamısına da bəhanə tapırsan... Dərd 
ondadır ki, indi bərk ilişmisən, aradan çıxa bilmirsən... Ancaq yenə çıxacaqsan, 


hamısı təzədən başlayacaq... biri ilə qurtaran kimi, o biri gələcək... beləcə davam 
eləyəcək... Çünki bu, sənin qanındadır! Mən də bir vaxt elə olmuşam... Ancaq 
səninlə bacarmaram... Ona görə də səndən uzaq gəzməliyəm! İndi buna gücüm 
çatar. Gələn dəfə isə...» 
– Sən elə bilirsən ki, təkcə bizim başımıza gəlib, – dedi.–Ancaq, əslində, hamının 
başına gələn işdir: ər, yoxsa oynaş?! 
–Elə deyil! 
– Elədir! Ancaq onun növləri çoxdur, biri də gəlib səni tapıb... 
– Belə danışmağa necə dilin gəlir?! – Joan ayağa durdu. – Sən bunların heç 
birindən deyilsən. Heç vaxt olmamısan və olmayacaqsan da! O... – Joan duruxdu. – 
Yox, o da belə deyil... Söz tapıb deyə bilmirəm! 
– Onda gəl belə deyək: həm dinc həyat, həm də macəra! Yaxşı səslənir! Məna da 
dəyişmir... Birindən xoşun gəlir, o birini də əldən vermək istəmirsən. 
Joan başını buladı: 
– Ravik! – Qaranlıqlardan gələn bu səs Ravikin ürəyini yerindən oynatdı. –Bunu 
izah eləmək üçün yaxşı sözlər də tapmaq olar, pisini də... İş onda deyil! Mən səni 
sevirəm və nə qədər ömrüm var, sevəcəyəm! Bu, özümə gün kimi aydındır! Sən elə 
bir üfüqsən ki, mənim bütün fikir və duyğularım orada birləşir! Qoy nə istəyir 
194 
olsun, bu heç vaxt dəyişməyəcək! Doğru sözümdür... Sən burada heç nə itirmirsən. 
Elə buna görə gəlmişəm... Elə buna görə də təəssüflənmirəm, özümü günahkar 
saymıram... 
– Sevən adamın günahı olmaz, Joan! Bu haradan ağlına gəlib? 
– Səndən sonra fikirləşdim. Çox fikirləşdim, Ravik. Sənin haqqında da, öz 
haqqımda da... Sən mənə tam sahib olmaq istəmədin. Bəlkə, heç özün də 
bilmirsən... Həmişə nəsə qabağımı kəsirdi, istədiyim kimi sənin qəlbinə girməyə 
qoymurdu. Mən isə bunu çox istəyirdim. Lap çox! Həmişə mənə elə gəlib ki, 
indicə çıxıb gedəcəksən. İnamım yox idi... Bu dəfə polis qovmuşdu, getməli idin, 
ancaq başqa cür də ola bilərdi, günlərin bir günü kefin istəsəydi, gedərdin, mən də 
tək qalardım, hara getdiyini də bilməzdim... 
Ravik diqqətlə qarşısındakı kölgəyə baxırdı. Onun dediklərində nəsə bir həqiqət 
vardı... 
– Həmişə də elə olub! – Joan sözünə davam etdi. – Həmişə! Onda da ortaya ayrısı 
çıxdı. O, məndən başqa heç kəsi istəmirdi, deyirdi ki, ömrüm boyu onun olum. 
Çox dərinə də getmirdi. Mən isə istəmirdim, ona görə də güldüm, taleyimlə 
oynamağa başladım, elə bildim ki, qorxusu yoxdur, istədiyim anda yığışdıraram... 
Lakin birdən hər şey dəyişdi, qəlbimdə nəsə baş qaldırdı, məni ona tərəf çəkməyə 
başladı... Çox müqavimət göstərdim, ancaq xeyri olmadı. Bilirdim ki, onu bütün 
varlığımla sevmirəm, istəyən qəlbimin balaca bir guşəsidir, ancaq bacarmırdım... 
Elə bil, yer yavaş-yavaş yırğalanmağa başlayır, sən də vecinə almayıb gülürsən və 
bir də görürsən ki, yarıldı, tutub dayanmağa heç nə qalmadı. Onda da gedirsən 
quyunun dibinə... Ancaq mən onun yox, səninəm, Ravik! 
Ravik siqareti pəncərədən atdı. O, işıldaquş kimi uca-uca həyətə düşdü. 
– Olan olub, keçən də keçib, Joan, – dedi, – daha heç nəyi geri qaytarmaq olmaz! 
– Mən heç nəyi qaytarmaq istəmirəm. Hər şey keçib gedəcək... Əsas məsələ budur 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə