45
Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr,
Qəmli ruhun haralar gəzdi, biləydim gecələr.
Hər səhər sübh nəsimiylə doğulmaqçün kaş,
Baş qoyub sinənə sakitcə öləydim gecələr.
Bölünüb min yerə, hər zərrəmi bir ulduz edib,
Başın üstündə səmaya düzüləydim gecələr.
Ağlayıb gündüzü biçarə buludtək sənsiz,
Baxaraq göz yaşıma sənlə, güləydim gecələr.
Sən qaranlıqda ayı seyr elədikcə, mən də,
Ruhuna ay işığıyla süzüləydim gecələr.
Baş daşım üstə dodaq izlərini öpmək üçün,
Allahımdan da xəbərsiz diriləydim gecələr.
Fəhminin qəlbidə son arzu qalmış yalnız,
Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr.
Bu minvalla Bakının nöyüt iyini, his-pası, tüstü-dumanı heç olmasa beş-altı saatlıq həm
şüurumuzdan, həm də bədənimizdən çıxmasına nail olurduq.. Şəxsən mən belə uçan dəmlərimdə
babalarımın damarında azacıq da olsa yoqa qanı axdığını çox açıq şəkildə hiss edirdim. Bu qan
həmin saatlarda özünü daha bariz şəkildə büruzə verirdi, məni bir az da göylərə qaldırırdı,
səmalarda uçurdum, qanad çalırdım, Hindistandan vurub Çindən çıxırdım, Çindən vurub
Ərəbistandan çıxırdım, amma İstanbuldan o tərəfə uçmazdım, qorxardım ki, qərblilər öz müasir
raketləriylə məni vurub salarlar yerə, xəlqimiz mənim kimi dahi «uçan»dan məhrum olar.
Ən çox da Xəzər dənizinin üstündə uçmağı sevirdim, dəniz quşlarına xüsusi meylim vardı,
möhkəm dostlaşmışdım bu balıq iyi verən qanadlı məxluqlarla, xüsusən, qağayılarla söhbətim
tuturdu. Hətta «Qağayı» rədifli qəzəl də yazmışdım uçan vaxtlarımda. Əfsus ki, bu uzun dimdikli
dostlarımla heç vaxt doyunca söhbətləşə bilmirdim. Elə söhbətin təzəcə qızışdığı vaxtda bir də
görürdüm ki, dənizin o biri başından - uzaq üfüqlərin üstündə parıldayan ulduzlardan iki dənəsi
yavaş-yavaş böyüməyə başlayır, parıltısı artır, mənə yaxınlaşır və bu iki parlaq ulduzun mənə nə
səbəbdən yaxınlaşmasının səbəbini dərk edənə qədər uşaqlar qışqırırdı ki, «uçaskovı gəlir,
dağılışın».
Mən də naməlum tərəfdən gələn təhlükədən elə naməlum istiqamətə də qaça-qaça
anlamağa başlıyırdım ki, bayaqkı ulduzlar bizim sahə müvəkkili, milis mayoru Miriyevin öz
çiyinlərində fəxrlə daşıdığı poqonlarda məskunlaşmış beşguşəli sovet ulduzları imiş. Burdan
belə məlum olur ki, qonşularımızın arasında da sahə müvəkkilinin «suka»ları var imiş, yoxsa
məhz sakit bir yer tapıb yığışdığımız dəmdə, mayor nöyüt iyi almış ingilis kimi gəlib başımızın
üstünü kəsdirməzdi. Bu hadisə eyni ssenari üzrə fasilə vermədən təkrar olunduqca məndə bütün
46
beşgüşəli ulduzlara qarşı dərin bir nifrət, kin yaranmağa başladı. Harada məskunlaşmasından
asılı olmayaraq: istər ölkəmizin bayrağı olsun, istər gerbimiz olsun, istərsə də cibimizdə
gəzdirdiyimiz pul – harda bu ulduzlardan görürdümsə elə bil atamı söyürdülər, əbədi dostlarım
olan qağayılarla ünsiyyətimə imkan tapmamağımın günahını onlarda görürdüm və bu nifrətin,
kinin nəticəsi o oldu ki, meydanlara çıxıb dostlarım olan qağayılarla birgə xeyli qışqır-bağır
salandan sonra, axırı, sovet hökumətini yıxıb öz hökumətimizi qurmağa nail olduq. Beləliklə,
bəşguşəli ulduzlardan canımız qurtardı, lakin təəssüf ki, elə qağayılar da o beşguşəli ulduzlarla
birgə getdilər öz işinin dalıyca, yəni mən müəyyən səbəblər ucbatından uyumağı və uçmağı
tərgitməli oldum.
Qayıdaq bakımızın adına və bakılıların mənşəyinə. Deməli, məlum oldu ki, bakının lap
birinci adı Baqavan olub. O ki qaldı ilk bakılılara, onları da aşağıdakı formada qruplaşdırmaq
olar: otuz faiz Şirvanın yerli camaatı, otuz faiz cənubdan gəmilərlə üzüb gələn atəşpərəstlər, otuz
faiz də şimaldan, Dəmirqapı Dərbənddən keçib buralara üz tutan və oturaq həyata keçən
köçərilər. Yerdə qalır on faiz. Bu on faizi də mənim sevimli qağayılarım təşkil edirdi. Bəlkə də
qağayıları ən birinci bakılılar hesab etmək daha düzgün olardı, çünki onlar bu ərazilərdə
adamlardan da qabaq peyda olublar və əslində buralar, elə qağayıların məmləkəti olub.
Dənizdən burunlarını çıxaran balıqlardan yeyiblər, sahildə özlərini günə veriblər, nöyütün içində
ayaqlarını şappıldadaraq oynaşıblar, bir sözlə, şelləniblər özləriyçün, keyfə baxıblar.
Sonra adamlar gəlib buralara doluşub, bakılı adını qağayılardan alıb özlərinə götürüblər.
Ən nəhayətdə isə, Amerikada ağlar hinduları qırıb çatdığı kimi, bakılılar da qağayıların atasını
yandırıblar ki, heç kim onların bakılılığına şübhə eləməsin. Bakının insanlardan əvvəlki «qağayı
sivilizasiyası» məhv edilib, iflasa uğrayıb. İndi beş-on dənə əyri-üyrü qağayı qalıb ki, onlar da
bulvarda xırda uşaqları əyləndirməkçün sahilin kanalizasiya iyi verən suyunda mazaqlaşmaqdan
başqa bir şey bacarmırlar.
Ərəb xilafəti güclənəndən və Yaxın Şərqi müsəlmanlaşdırmağa başlayandan sonra
bakılıların etnik tərkibi və Bakının adı da xeyli dərəcədə dəyişikliklərə uğradı. Ən əvvəl şəhərə
müəyyən miqdarda ərəb dilli əhali köçürülüb və ərəb canişinliyinin dəftərxanasındakı mirzələr
Bakının o vaxtkı adını, yəni Baqavan sözünü öz dillərinə uyğun bir hala saldılar.
İlk ərəb tarixçilərindən olan əl-Məsudi, əl-İstəxri, ət-Təbəri və sairlərinin kitablarında
Bakının adı bir neçə şəkildə qeyd edilir - Bakuh, Bakuy, Bakuyə, Badkuh, Badkubə və s.
İlk variantlar ərəb mənşəli olsalar da, son variant daha çox fars dilli mənbələrdə işlənir. Ən
maraqlısı isə odur ki, şəhərimizin adının erkən forması olan Baqavan ifadəsi ərəb-fars dillərində
səsləndiriləndə də şəhərin mahiyyətini açan məna verməyə başladı. Yəni, əgər Baqavan odun-
alovun yerləşdiyi müqəddəs məkan anlamı verirdisə, Badkubə də küləklərin döydüyü, vurduğu
yer mənasında işlənib. «Bad» sözü fars dilində külək mənasındadı, «kub» isə «Kubidən»
(döymək, vurmaq, əzmək) felinin köküdür.
Adın hər iki variantı Bakının spesifik xüsusiyyətlərini açmağa kömək edir.
Bəli, Bakını əzəmətli, köklü-köməcli, qol-budaqlı ağaca bənzətsək, onun çoxsaylı adlarını
da, yəqin ki, ağacın yarpaqlarıyla müqayisə etmək olar. Bəli, fəsillər dəyişdikcə bu adlar da
yarpaq kimi saralır, zamanın küləyi onları yerə səpələyir, sonra yeniləri çıxır, onlar da saralır və
bu proses qiyamətə qədər davam edir; adlar dəyişir, təzələnir, Bakı isə qalır.
Təki saralıb solan elə yarpaqlar olsun, ağaca bir şey olmasın.