Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri



Yüklə 0,96 Mb.
səhifə27/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   23   24   25   26   27   28   29   30   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

əməyin miqdarına əsasən müəyyən edilir». Nemətin əmtəə olması üçün o həm istehlak, həm də mübadilə dəyərinə malik olmalıdır. Əmtəənin vəhdəti və ziddiyyətliliyi bundadır (K. Marksa görə). İctimai zəruri əmək məsrəfləri (İZƏM) istehsalın normal şəraitində, qabiliyyətin və əməyin intensivliyinin orta səviyyəsində, məhsulun orta keyfiyyətində və ictimai tələbatın müvafiqliyində verilmiş əmtəə növünün əsas kütləsinin istehsalına sərf olunan məsrəflərdir.
Dəyər və mübadilə dəyəri öz aralarında biri-biri ilə sıx bağlı olan, lakin eyniyyət təşkil etməyən iki kateqoriyadır. Dəyər əmtəənin immanent (daxilən xas olan) xassəsidir, mübadilə dəyəri isə mahiyyətin mübadilə prosesində zahiri təzahürüdür. D.Rikardo qeyd edirdi ki, iqtisadi nəzəriyyədə məhz «dəyər» sözünün mənasındakı qeyri-dəqiqlik və qeyri-müəyyənlik kimi heç nə bu qədər çox yanlışlıq və fikir ayrılığı yaratmamışdır. Dünya iqtisadi ədəbiyyatı indiyə qədər də dəyər, faydalılıq, dəyərlilik kimi məfhumları müxtəlif şəkildə izah etməkdədir. XVIII və XIX əsrlər ərzində iqtisadçıların əmtəənin dəyəri məsələsi haqqında əsas konsepsiyaları formalaşdı. A.Smit dəyəri əmtəənin istehsalına sərf olunmuş əməyə, alınan əməyə (əmək haqqına), mənfəət və torpaq rentasının cəminə bərabər tuturdu. D.Rikardo və D.R.MakKullox onu istehsal xərcləri, J.B.Sey istehsalın üç amili, D.Loderdel təklif və tələblə müəyyən edirdilər. K.Marks və F.Engels onların mübahisələrini nəzərdən keçirərək belə bir nəticə çıxartdılar ki, dəyər ictimai mücərrəd əmək məsrəflərinin maddi formasıdır və istehsal xərclərinin faydalılığa nisbətini ifadə edir. İqtisadiyyat elmində həm əmtəənin dəyər
kəmiyyəti, həm də müvafiq olaraq qiyməti ilə bağlı mübahisələr davam etməkdədir.
Bəşəriyyət iqtisadi fəaliyyət, iqtisadi fəaliyyət isə məqsəd və vasitənin vəhdəti kimi iqtisadi sərvət olmadan mövcud ola bilməz. Əmtəə istehsalı şəraitində iqtisadi sərvətlər dəyər formasını alırlar. İqtisadi sərvət dəyərə nəzərən başlanğıc kateqoriya olmaqla dəyərin əsası kimi qəbul edilir. Sərvətin mahiyyəti, onun substansiyası, məqsədi (nəticəsi) və vəsaiti (məsrəfi) özündə ehtiva edən müəyyən iqtisadi fəaliyyətdir. İqtisadi sərvət öz növbəsində nəticənin (faydalılığın) və məsrəflərin vəhdətidir. İqtisadi dəyərlilik nemətin iqtisadi faydalılığı və onun istehsalına sərf olan iqtisadi məsrəflərin vəhdətidir. Yalnız məhdud nemətlər dəyərliliyə malikdir. Ona görə də nemətin nadirliyi (məhdudluğu) dəyərliliyin ünsürüdür.
Məlum olduğu kimi, nadirlik iki əlamətlə şərtlənir: nemətin təbiətdə az miqdarda ehtiyatı və bununla əlaqədar olaraq onların əldə edilməsi üçün əmək məsrəfinin zəruriliyi ilə. Artıq XIV əsrdə nemətlərin dəyərliliyinin onların nadirliyindən asılı olması göstərilirdi, ona görə də su və hava (daha faydalı olmalarına baxmayara) qızıldan az qiymətləndirilir. Nemətlərin iqtisadi faydalılığı onların məhdudluğu, tələbatların təmin edilmə dərəcəsindən asılı olduğu üçün nemətlərin istehsalının artması onların iqtisadi faydalılığının artmasına düz mütənasib deyil, belə ki, bu nemətlərin mövcud miqdarının artması ilə onlar qiymətdən düşür, məhdudluğunu itirir, nisbətən az faydalı olurlar.
Adları çəkilmiş hər iki prosesin qarşılıqlı məhdudlaşdırma mexanizmi faydalılıq və məsrəflər arasındakı funksional əlaqəyə əsaslanır: nemətin istehsalının eyni qaydada artması (onlarla bərabər resursların məsrəfinin də) eyni zamanda həm nemətin iqtisadi faydalılığının artmasını ləngidir, həm də iqtisadi məsrəflərin artmasını sürətləndirir. İqtisadi məsrəflər və iqtisadi faydalılıq birlikdə dəyərlilik yaradaraq, məqsədəuyğun fəaliyyətə, xüsusilə də iqtisadi fəaliyyətə xas olan özünütənzimetmə prinsipini həyata keçirir.
Əgər «dəyər», «dəyərlilik» və «faydalılıq» kateqoriyaları əmtəə istehsalının daxili mahiyyətini xarakterizə edirsə, «tələb», «təklif» «qiymət» bu mahiyyəti zahirən əks etdirir, bazarda meydana çıxır, həmin mahiyyətdən kəmiyyətcə kənarlaşa bilir, ona görə də onları dəyişmiş formalar kimi xarakterizə etmək olar. Məsələn, qiymət dəyərin dəyişmiş formasıdır, çünki dəyərdən yuxarı və ya aşağı ola bilir. İqtisadi subyekt (ayrılıqda götürülmüş istehsalçı), əgər xərclər nəticə ilə, yəni yaradılan nemətlərin faydalılığı ilə özlərini doğrultmasalar, onları həyata keçirməyəcək.
İqtisadi dəyərlilik və dəyərin ikili tamlıq xüsusiyyəti nəzəri olaraq əmək - dəyər nəzəriyyəsi ilə son hədd faydalılığı nəzəriyyəsinin qarşıdurmasında ifadə olunmuşdur. Son hədd faydalılığı nəzəriyyəsi faydalılığın qədim tarixə malik olan və kökləri hələ Aristotelə, Ksenofonta, Sokrata gedib çıxan subyektivçilik nəzəriyyəsinin inkişafının ən yüksək həddidir. Sokrat deyirdi ki, «nemət faydalı olan şeydir». Aristotel isə subyektiv və mübadilə dəyərliliyini (özü üçün və mübadilə üçün səndəllərdən danışanda) fərqləndirəndə mübadilə dəyərliliyində ümumi məqamı faydalılıqda, tələbatda, ehtiyacda görürdü.
Lakin artıq XIV əsrdə dəyərliliyin əsası fərdi tələbat deyil, aralarında mübadilə baş verə bilən şəxslərin məcmusunun tələbatı hesab edilirdi (Buridan, N.Orezm). Faydalılıq nəzəriyyəsi daha aydın izahını XVIII əsr iqtisadçıları E.B.de Kondilyak (1715- 1780) və F.Qalianın (1728- 1789) əsərlərində tapmışdır. Q.Qossen son hədd faydalılığı nəzəriyyəsinin banisi oldu. K.Menger, F.Vizer, E.Bern - Baverk «Avstriya məktəbi» adını almış təlimin əsasını qoydular, İqtisadi-riyazi cərəyanı bu təlimdə ingilis iqtisadçısı U.Cevons və İsveçrə iqtisadçısı L.Valras təmsil edirdilər.
Məlumdur ki, son hədd faydalılığı (yəni tələbatın son həddini əmtəələrin verilmiş ehtiyatı ilə təmin edən nemətin faydalılığının son həddi) iki şərtdən asılıdır: ■ onların insanların rifahı üçün əhəmiyyəti; ■ onların miqdarı.
Lakin nemətin miqdarı yalnız təbiətlə deyil, həmçinin əməklə də müəyyən edilir. Bu səbəbdən də dəyərliliyi müəyyən edərkən əməyin miqdarını nəzərə almaq lazımdır. Buna görə də faydalılıq konsepsiyası ilə yanaşı A.Smit, D.Rikardo, D.R.Mak-Kullox və başqaları ilə təmsil olunan əmək-dəyər nəzəriyyəsi adlanan digər bir nəzəriyyə də inkişaf edirdi. Göstərirlər ki, əmək-dəyər nəzəriyyəsinin baniləri yalnız xərcləri, əmək məsrəflərini dəyər (dəyərlilik) hesab etmişlər, nemətin faydalılığını isə nəzərə almamışlar. Lakin bu belə deyil. A.Smit yazırdı ki, dəyər (value) sözünün iki müxtəlif mənası var. O bəzən hər hansı müəyyən bir cismin faydalılığını, bəzən isə göstərilən cismin əldə edilməsi ilə yaradılan digər nemətləri almaq qabiliyyətini əks etdirir. K.Marksın sonradan dəqiqləşdirdiyi kimi, alıcılıq qabiliyyətinin əsasında mücərrəd əmək durur. D.Rikardo etiraf edirdi ki, faydalılıq və nadirlik dəyərliliyin mənbəyi ola bilir və nemətləri bərpa olunan və bərpa olunmayanlara bölürdü.
Maraqlıdır ki, əmək-dəyər (dəyərlilik) nəzəriyyəsi və faydalılıq nəzəriyyəsinin qarşı- qarşıya qoyulması yalnız onların qarşılıqlı inkarını deyil, həm də dəyəri xərclərə, əmək məsrəfinə bərabər tutulmasının qarşılıqlı şərtlənməsini göstərirlər. Lakin bu nəzəriyyələrin qarşı-qarşıya qoyulması nəinki onların qarşılıqlı inkarını, həm də qarşılıqlı şərtlənməsini ifadə edir. İqtisadçıların çoxunun xərclər nəzəriyyəsi və ya faydalılıq nəzəriyyəsi tərəfdarı olmalarına baxmayaraq bu qarşılıqlı şərtlənməni dərk etmirdilər. Bununla belə, dəyərin təhlilinə xərclər anlayışından başlamaqla onlar əvvəl-axır faydalılıq anlayışına müraciət etməyə məcbur oldular və əksinə, faydalılıqdan başlayaraq xərclərə gəlib çıxırdılar.
Dəyərlilik və qiymətlər nəzəriyyəsinin müasir istiqamətini dəyərin yeganə mənbəyinin axtarışlarından uzaqlaşmağa cəhd göstərmiş və son hədd faydalılığı nəzəriyyəsini tələb və təklif, eləcə də istehsal xərcləri (məsrəflər) nəzəriyyəsi ilə birləşdirmiş məşhur ingilis iqtisadçısı A.Marşall vermişdir. Bununla da o, dəyərin iqtisadi nəzəriyyəsində substansiya təhlilindən funksional təhlilə dönüşü, yəni faydalılığm, tələb-təklifin, xərclərin və qiymətin qarşılıqlı təsirini eyni zamanda müəyyənləşdirməyi həyata keçirdi. A.Marşall dəfələrlə
«dəyər» və «bazar dəyəri» məfhumlarını işlətsə də, dəyərin mövcudluğunu inkar edirdi. O,
«Ekonomiksin prinsipləri» kitabında yazır ki, ən yaxşı iqtisadçı dəyər nəzəriyyəsini araşdırmaq iddiasında olan, hələ üstəlik bu araşdırmanın asan olduğunu hesab etməyə cürət edən deyil, sağlam düşüncəyə və praktik zehnə malik olan insan ola bilər.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə