Mühazirə 1 Azərbaycan dili və onun ünsiyyət imkanları


Mühazirə 4 Verbal (sözlü) və qeyri-verbal (sözsüz)kommunikasiya



Yüklə 262,04 Kb.
səhifə26/78
tarix10.05.2022
ölçüsü262,04 Kb.
#86432
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   78
Mühazirələr 2021

Mühazirə 4

Verbal (sözlü) və qeyri-verbal (sözsüz)kommunikasiya

İnsanların birgəyaşayış zərurətinin meydana gəlməsi onların ünsiyyət tələbatının da yaranmasına səbəb olmuşdur. Tariхən insanların dil vasitəsilə ünsiyyət forması meydana gəlmişdir. Nəticədə dildən istifadə edərək öz fikirlərini, istək və arzularını bir-birinə çatdırmaq imkanına malik olmuşlar. Bu proses nitq prosesi adlandırılmışdır. Buradan da verbal ünsiyyət prosesi olan nitqə belə tərif vermək mümkün olmuşdur: insanlar arasında dil vasitəsilə həyata keçirilən ünsiyyət prosesinə nitq deyilir. Tərifdən göründüyü kimi dil verbal ünsiyyət üçün vasitə, nitq isə həmin prosesin özüdür. İnsanlar dilə yiyələnməklə onun vasitəsilə ünsiyyət saхlaya bilirlər. Başqa sözlə onlar nitqə yiyələnmiş olurlar. Hər hansı bir хarici dildə danışa bilmək həmin dili başa düşmək, başqa sözlə verbal ünsiyyətə girə bilmək üçün o dili bilmək və ondan istifadə etməyi bacarmaq lazımdır.

Dil həcm etibarilə nitqdən çoх genişdir. Çünki dil хalqa məхsusdur, nitq isə ayrıca bir fərdə aiddir. Dildə işlədilən sözlərin yalnız müəyyən bir qismi fərdin ünsiyyət prosesində istifadə edilir.

Dildən fərqli olaraq nitqi ünsiyyət prosesinin özü hesab edirlər. Bu proses məlumat, göstəriş, sual, əmr və s. şəklində həyata keçir. Hər bir söz ümumiləşdirmə mahiyyətinə malikdir. Ona görə də nitq prosesində hər bir söz özünün müvafiq mənasında çatdırılmalıdır. Buna isə sözü müvafiq kontekstdə işlətməklə nail olmaq mümkündür.

İsveçrə dilçisi məşhur F.de Sössürün “Ümumi dilçilik kursu” adlı əsərində dil və nitqin oxşar və fərqli cəhətləri ilk dəfə ətraflı şəkildə şərh olunmuşdur. O, dil və nitqi iki müxtəlif hadisə hesab etmiş, göstərmişdir ki, dil qrammatik sistem və lüğət tərkibindən, yəni dil vahidlərindən ibarətdirsə, nitq həmin vahidlərdən ünsiyyət məqsədilə istifadədir. Nitq fərdi danışıq və eşitmə faktorlarından ibarətdir. Sonralar bu tezislə bağlı müxtəlif nəzəriyyələr meydana gəlmiş, fikirlər söylənilmişdir. Bu fikirlər nəticə etibarilə belə ümumiləşdirilmişdir ki, dil və nitq fərqli kateqoriyalar olsa da, bu iki anlayış bir-birinə bağlıdır, bir-biri ilə dialektik vəhdətdədir. Dilin funksiyaları (məlumatvermə, ünsiyyət, təsirgöstərmə) nitqin də funksiyalarıdır. Dil nitqin hesabına, nitq də dilin hesabına zənginləşər. Dil nitqdə fəaliyyət göstərir. Nitqdən təcrid olunanda o mücərrəd bir mahiyyət daşıyır, ünsiyyət, anlama üçün yararsız olur. Nitq ünsiyyət prosesi olduğundan nitq və dil arasındakı qarşılıqlı əlaqələr bu prosesdə baş verir.

Dil və nitqi birləşdirən əsas ümumi cəhətlər aşağıdakılardır:

1. Həm dil, həm nitq-hər ikisi ictimai-sosial xarakter daşıyır;

2. Hər ikisi kommunikativ vəzifəyə malikdir. Yəni dil də, nitq də insanlar arasında ünsiyyətə xidmət edir.

3. Ədəbi dilin normaları hər ikisi üçün ən vacib şərtlər-dəndir.

4. Hər ikisi təfəkkürlə əlaqədardır.

Beləliklə, deyə bilərik ki, dil və nitq ayrı-ayrı ictimai hadisələr deyil, bir ictimai hadisənin müxtəlif tərəfləridir. Bu tərəflərin hər ikisi üçün əsas vahid linqvistik ünsürlərdir.

Dil və nitqin fərqli əlamətləri. Nitq- kollektivin digər üzvləri ilə qarşılıqlı əlaqə saxlamaq məqsədilə dildən istifadə edən şəxsin danışığının məcmusu, fəaliyyəti adlanır.

Dil təfəkkürün inkişaf vasitəsidir, mədəni-tarixi ənənələri nəsillərdən-nəsillərə çatdıran vasitədir. Bunların hər biri müstəqil termin olub, xüsusi və fərqli anlayışların ifadəsinə xidmət edir. Buna görə də “dil” termini ilə “nitq” termini arasında möhkəm bir sərhəd vardır. Həmin sərhədi səciyyələndirən əlamətlər bunlardır:

1.Dil həcmcə və kəmiyyətcə nitqdən çox genişdir.

2. Dil mahiyyətcə nitqdə öz əksini tapır. Dil təhlil, nitq qavrama və anlama yolu ilə dərk olunur.

3.Nitqi dildən fərqləndirən başlıca əlamətlərdən biri odur ki, nitq şəxslər arasında baş verir. Şəxssiz nitq mümkün deyildir.

4. Dil öz varlığını nitqdə, nitq aktında tapsa da, lakin müəyyən nitq və nitq aktı dili bütövlükdə əks etdirə bilmir.

5.Nitq fərdi xarakter daşıyır, dil isə ictimai hadisə olduğu üçün ümumi səciyyəyə malikdir.

6. Dil ünsiyyət vasitəsi, nitq ünsiyyət prosesidir.

7. Dil əsas, nitq ondan törəmədir.

8.Dil tarixən çox az dəyişikliyə uğrayır, nitq isə ona nisbətən dəyişkəndir.

9.Nitq prosesində əşyalar, hal-hərəkət, vəziyyət, şərait, zaman və s. konkret şəkildə adlandırılır.

Belə fərqli xüsusiyyətlərinə baxmayaraq dil və nitq eyni ictimai hadisənin müxtəlif tərəfləridir. Nitq prosesi olmasa dil, dil olmasa nitq prosesi təzahür edə bilməz. Bu, təbii bir hadisədir. Çünki dil öz təzahürünü nitqdə tapır, nitq isə dili inkişaf etdirib formalaşdırır.


Yüklə 262,04 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə