136
Demişdi, özü bilər, mənə də dedi ki, özün bil. Həvəsin var, oxu. Həvəsim var idi, amma
imkanım hardaydı? Dörd uşaq böyütmək asandır? Oxumağa macal olacaqdı?
Səkinə: Fikir eləmə, Həmidə bacı, deməli, qismət deyilmiş. İndi, allah qoysa, Dilarə sənin
payına da böyük artist olar.
Həmidə: Təki olsun. Görürsən, hərdən Dilarənin notları keçir əlimə, bütün cavanlığım gəlir
bircə-bircə durur gözümün qabağında, çəkilirəm bir bucağa, doyunca ağlayıb ürəyimi
boşaldıram. Eh, nə isə... Təki bu uşaqlar bir yana çıxsınlar, qalan hamısı düzələr. Yəni
böyüklərdən arxayınam. Gülarayla Rüstəm daha öz başlarını özləri dolandırır, bir bu ba-
lacaları – Tofiqnən bunu da oxutdurub başa çatdırsaydım, rahat ölərdim.
Səkinə: Boşla görək, ay Həmidə bacı, ölmək-zad nədir? Hələ nəvənin toyunda sındırıb
oynayacaqsan, nəvən neçə yaşındadır?
Həmidə: Qadasın alım onun, beş yaşındadır, elə şirin baladır ki.
Səkinə: Allah saxlasın.
Həmidə: Allah səninkiləri saxlasın.
I pərdənin sonluğunun qısa məzmunu.
Həmidə xala Səkinəyə sevinclə övladlarının hamısının Yeni ili öz evlərində onunla birlikdə
keçirəcəklərini deyir. Tofiq, Şamil, Çingiz telefon budkasına keçib dostlarına zəng edəndə
eynəkli kişi onları danlayıb budkadan çıxarır. Özü telefonla zəng edir. Tofiq və dostları Rüs-
təmin nişanlısı ilə küsülü olduğunu, Yeni il axşamı evdə qalacağını bilib pərt olurlar. Onlar
öz dostlarına zəng edib Yeni ili ata-anası evdə olmayan Vaqifgildə qarşılamaq qərarına
gəlirlər.
Şamil, Tofiq və Çingiz görüşüb gedirlər, Həmidə xala onları ötürür. Qapı çırpılır. Pərdə
düşür. Həmidə xala pərdənin qabağındakı eyvana çıxır. Tofiq, Çingiz və Şamil binanın
qapısından çıxırlar, dönüb Həmidə xalaya əl eləyirlər, tamaşa salonuna düşüb gedirlər.
p ə r d ə
İkinci hissə
Yenə həmin otaq. Dilarə piano arxasında mahnı oxuyur. Həmidə mətbəxdən gəlib
heyran-heyran ona qulaq asır.
Qapının zəngi çalınır. Həmidə xala qapıya getmək istəyir. Dilarə onu qabaqlayır, qaçıb
qapını açır. Dəhlizdən səslər eşidilir.
Həmidə: Gəlin, gəlin, xoş gəlmisiniz. Ay Allah, mən bu Vaqif balama qurban olum.
Gülarə: Xoş gördük, ana.
Süleyman: Axşamınız xeyir, Həmidə xala.
Həmidə xala, Süleyman, Gülarə, Dilarə otağa keçirlər. Balaca Vaqif Süleymanın
qucağındadır. Gülarə onun paltosunu çıxarır. Həmidə xala əl-ayağa düşür, cəld döşlüyünü
açır, stulları düzəldir, süfrəni salır.
Həmidə: Gərək beşcə dəqiqə qabaq gələydiniz. Tofiq də evdə idi. Bütün külfətimiz bir
yerdə olardı. Heç elə düşmür ki, hamı bir yerə yığılsın, həmişə kimsə yoxdur, heyif.
Görürsən, sən Allah. Əşi, daha keçib. Sizdən nə əcəb belə?
137
• II mərhələ •
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
•
2
Gülarə: Gəldik, sənin Yeni ilini təbrik edək.
Həmidə: Çox sağ olun! Süleyman, sən necəsən?
Süleyman: Çox sağ ol, Həmidə xala. Dolanırıq.
Gülarə: Dilarə, sən nə əcəb evdəsən?
Dilarə çiyinlərini çəkir.
Həmidə: Hə, evdədir, Rüstəm də bu gün evdədir. Dövlətimizin gəlhagəlidir. Çırağıma nöyüt
töküblər. Tofiq də evdə olacaqdı. Yoldaşı çağırdı, getdi. Beşcə dəqiqə bundan qabaq, beşcə
dəqiqə tez gəlsəydiniz, hamımız bir yerdə olardıq. Bütün ailəmiz. Sonra Tofiq getsəydi də,
eybi yoxdu. O getməmişdən əvvəl hamımız bir yerdə olardıq. Siz balaca olan vaxtlar kimi...
Hamımız... Bircə Qəzənfər yazıqdan başqa (ətəyinin ucu ilə göz yaşını silir).
Gülarə: Ay ana, qurban olum, özünü niyə köyrəldirsən? Di boşla, sən Allah, bayram axşamı
olmaz belə...
Həmidə: Yox, yox, qızım, ağlamıram, elə belə... Birdən, nə bilim, vallah, nə oldu mənə
birdən... (Vaqifi qucağına götürür). Ay Allah, mən bu balama qurban olum.
Dağda darılar,
Sünbülü sarılar,
Qoca qarılar
Bu balama qurban.
Süleyman: Çox atıb-tutma, Həmidə xala, başı gicəllənər.
Həmidə: Maşallah, elə ağırdır, zindan kimi. Pu, pu, göz dəyər.
Dağdakı atlar,
Atlar göy otlar.
Ərsiz arvadlar
Bu balama qurban.
Qapının zəngi çalınır. Dilarə cəld qapıya tərəf cumur, qapını açır. Leyla ilə birlikdə
içəri girir.
Leyla (təngnəfəs): Bilirsən, Dilarə... Salam, Həmidə xala...
Həmidə: Ay qız, bir nəfəsini dər görək. Nə olub?
Leyla: Qaça-qaça gəlmişəm. Salam, Gülarə bacı. Direktor deyir ki, bu saat Dilarə hardadırsa,
tap gətir. Heç onsuz müsamirə olar?! Salam, Süleyman qardaş.
Dilarə (sevincini güclə boğaraq, soyuq): Xeyr, bağışlayacaqsınız. İndi Dilarə matah olub.
Lazım olsaydı, əvvəldən proqrama salardılar. İndi, görəsən, kim gəlməyib, onu əvəz etməyə
adam tapmırlar.
Leyla: Yox, vallah, direktor bilməyib ki, səni proqrama salmayıblar, biləndə, bilirsən, necə
acıqlandı? Qatdı aləmi bir-birinə. Azadın üstünə elə qışqırdı ki...
Həmidə: Qara qızın dərdi varmış. Mən də deyirəm bu niyə birdən-birə belə xanənişin olub.
(Dilarəyə). Yaxşı, tez elə, dur bu saat geyin, naz vaxtı deyil. Çağırırlar, get.
Gülarə: Nə özünü çəkirsən, çağırırlar, get də.
Dilarə: Mən evdə qalmaq istəyirəm.
Süleyman: İnanan daşa dönsün.
Dostları ilə paylaş: |