N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə178/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   174   175   176   177   178   179   180   181   ...   194

 

632


dəyişməsi onun ictimailəşməsi ilə bilavasitə bağlıdır, çünki 

kütləvi olmayan bir dil inqilabi mübarizə vasitəsi ola 

bilməz, ədəbi dilin ideoloji funksiyası (ideoloji məzmunun 

reallaşma şərtləri) ədəbi dil sosiumunun (ədəbi dil 

daşıyıcılarının) istifadə etdikləri normativ nitq təzahürünə 

ictimai-siyasi münasibətdən kənarda deyil; sovet dövründə 

isə bu münasibət bir neçə əsr əvvəlki ilə müqayisədə daha 

aydındır, hətta nəinki aydındır, formalaşdırılmış şəkildədir. 

Tədqiq olunan dövrdə Azərbaycan ədəbi dili dövlət dili 

kimi fəaliyyət göstərir – respublikanın milli dili olur, başqa 

sözlə siyasi-ideoloji mübarizə meydanına çıxır. Əslində, elə 

bu cəhət imkan verir ki, sovet dövrü xüsusi mərhələ kimi 

fərqləndirilsin, çünki ədəbi dilin rəsmi dövlət dili hüququ 

olması onun funksiyalarının əsaslı surətdə genişlənməsi 

deməkdir; dövlət ədəbi dildən istifadə edirsə, onu birinci 

növbədə bu cür istifadə üçün yararlı hala gətirilməlidir, 

yəni dövlət fəaliyyətinin mümkün ola biləcək bütün 

sahələri ədəbi dilin fəaliyyət hüduduna daxil olmalıdır. 

Azərbaycan ədəbi dilinin sürətlə inkişaf edib dövlət dili 

səviyyəsinə qalxması ancaq ona verilən hüquqlarla bağlı 

deyil, burada mövcud ədəbi dilin potensial imkanlarının 

genişliyi də şərtdir. Azərbaycan ədəbi dili müəyyən 

vaxtlarda dövlət dili olmuşdu, deməli, bu dilin 

“yaddaşında” dövlətə xidmət stixiyası da vardı.

1

 XX əsrin 



əvvəllərindən etibarən ədəbi dilimiz demokratik əhvali-

ruhiyyəli milli burjuaziyanın fəaliyyətində tədricən 

funksional imkanlarını genişləndirirdi. 20-ci illərdən 

başlayaraq ədəbi dilə münasibətdə burjua demokratizmi 

sosialist demokratiyası ilə əvəz olunur. 

Bu dövrdə Azərbaycan ədəbi dili aşağıdakı inkişaf 

                                                           

1

 Səfəvilər hakimiyyəti – Şah İsmayıl Xətai dövrü və Azərbaycan 



Demokratik Cümhuriyyəti dövrü nəzərdə tutulur. 


 

633


mərhələlərindən keçir: 

1. 20-40-cı illər; 2. 40-80-ci illər. 

20-ci, eləcə də 30-cu illər ədəbi dilimizin sürətlə inkişaf 

edib (və müxtəlif eksperimentlərin obyekti olub) yeni 

formada milli dilə çevrilməsi dövrüdür. 20-40-cı illərdə 

ədəbi dilin fonetik-orfoqrafik, eləcə də morfoloji-sintaktik, 

leksik-terminoloji norması müəyyənləşir (norma planı), 

milli ədəbi dil üçün vacib olan funksional-üslubi 

diferensiasiya faktlaşır (üslub planı); ədəbi-bədii dilin əsrlər 

boyu davam edən hegemonluğu azalır; leksik-terminoloji, 

eləcə də sintaktik normada gedən dəyişikliklər hesabına 

funksional üslubların imkanları artır, hətta publisistik dil 

ədəbi-bədii dilə təsir edir. 

40-cı, 50-ci illərin ikinci mərhələnin tərkib hissəsi kimi 

götürülməsi şərtidir; bu şərtilik isə ona əsaslanır ki, 40-cı, 

müəyyən qədər isə 50-ci illərdə 20-ci, 30-cu illərə məxsus 

əlamətlər mövcuddur, lakin eyni zamanda, xüsusən 50-ci 

illərin ortalarından etibarən, ədəbi dildə xalq dilinə qayıdış 

müşahidə edilir. Beləliklə, 40-cı, 50-ci illər, əslində birinci 

mərhələdən ikinci mərhələyə keçid dövrü kimi 

anlaşılmalıdır – bu illərin ikinci mərhələyə aid edilməsi isə 

həmin illərdə ikinci mərhələyə məxsus əlamətlərin 

müəyyən qədər təzahürü ilə bağlıdır. 

60-cı illərdə ədəbi-bədii dildə, 70-ci illərdə isə ədəbi-

bədii dillə yanaşı, əvvəl publisistik, bir qədər sonra elmi 

üslubda xalq dilinə qayıdış özünü göstərir, həm fonetik, 

həm leksik, həm də qrammatik (sintaktik) norma qeyd 

edilən prosesi əks etdirir. 

İkinci mərhələdə funksional üslublar bir-birindən daha 

çox təcrid olunur – üslub keyfiyyətləri daha diferensial 

görünür. 

 



 

634


Fonetik-orfoqrafik normanın inkişafı 

 

20-ci illərin əvvəllərində əlifba məsələsi dönə-dönə 



müzakirə edilir; əgər XIX əsrdə ərəb əlifbasını dəyişmək 

mümkün deyilsə (M.F.Axundovun fəaliyyəti də bunu 

göstərdi), XX əsrin əvvəllərində, əksinə, onu saxlamaq 

çətin oldu… 

1921-ci il, dekabrın 30-da Azərbaycan Xalq 

Komissarları Sovetində müşavirə keçirilir. Müşavirədə 

Yeni Əlifba Komitəsi təşkil edilir. 30 dekabr 1922-ci ildə 

latın əlifbası əsasında tərtib olunmuş əlifba layihəsi elan 

olunur. Bu əlifba ciddi şəkildə fonetik prinsipə əsaslanırdı. 

Ərəb dilinə xas olan səsləri ifadə edən hərflər əlifbadan 

çıxarılır. 

1922-ci il dekabrın 30-dan etibarən mətbuat yeni 

əlifbanı təbliğ edir. 1924-cü ildən isə ərəb əlifbası ilə 

yanaşı, yeni əlifbanın işlədilməsi də rəsmiləşdirilir. 

I Türkoloji qurultay (1926) yeni əlifbanın qəbulunu 

məqbul hadisə hesab edir. 1929-cu ilin yanvarın 1-dən isə 

ərəb əlifbasından bütünlüklə imtina olunur, yeni – latın 

qrafikalı əlifba yeganə əlifba olaraq işlənir. 

Ərəb əlifbasının ləğv edilməsi ədəbi dilin fonetik 

normasındakı demokratikləşmənin təsbit olunmasına imkan 

verir; alınma sözlər də daxil edilməklə, tələffüz-orfoepiya 

norması yazı-orfoqrafiya norması ilə xeyli dərəcədə 

yaxınlaşdırılır. 

Latın əlifbasına keçid prosesində orfoqrafiya məsələləri 

də müzakirə edilir. Müzakirələrin gedişində vahid 

orfoqrafiya yaradılmasına daha çox diqqət verilirdi, çünki 

XX əsrin əvvəllərində mətbuatın təcrübəsi göstərmişdi ki, 

hər kəs öz bildiyi kimi yazır, vahid orfoqrafiya normasına 

əməl edilmirdi. 



Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə