15
qiyamçı Əbu Müslimün rəhbərliyi ilə Beyləqanda başlanan və sonra
[40 - 41]
bölgənin bir çox yerlərini, о
cümlədən, Naxçıvanı da əhatə edən hərəkata səbəb bərdəlilərin xəlifə tərəfindən xərac toplamaq üçün ora
göndərilən Əbu-s-Sabahı öldürmələri olmuşdu. Geniş intişar tapmış bu üsyanın yatırılması üçün xəlifənin
göndərdiyi bir neçə ordu üsyançılar tərəfındən məhv edilmiş, xəlifə qoşunlarının nəzarət etdiyi bəzi şəhərlər, о
cümlədən Naxçıvan, üsyançıların əlinə keçmişdi (125). Əl-Kufinin yazdığına görə, artıq üç xəlifə ordusunu
məğlub etmiş Əbu Muslim "Naxçıvan şəhərinə (əlyazmasında Nəşavə əvəzinə səhvən Kəsavə yazılmışdır, -
N. V. ) gəlib onu tutur, xərac toplayıb, onu öz silahdaşları (əshabları) arasında bölüşdürür. Buradan o, Dəbil
şəhərinə tərəf gedir..." (126).
Dövrün mənbələrində VIII əsrin sonu IX əsrin əvvəllərində Xilafətin bir çox vilayətlərini, о cümlədən,
Arran və Azərbaycanı bürüyən üsyan və çıxışların nəhayət böyük bir hərəkata - Xürrəmilər hərəkatına
çevrilməsi, Babəkin başçılıq etdiyi xürrəmi qoşunlarının digər yerli qüvvələrlə birləşərək Xilafətə qarşı, ərəb
üsul-idarəsinə qarşı mübarizə aparması haqqında geniş məlumat vardır. Qeyd etməliyik ki, bu dövr Naxçıvanı
istər yerli, istərsə də ərəb mənbələrinin xüsusi tədqiqat obyekti olmasa da, baş verən hadisələrin axarında onun
bu və ya digər münasibətlə bağlı adının çəkilməsi, öyrənilən dövrdə bu şəhər və onun ətrafında cərəyan edən
hadisələri izləmək imkanı verir.
Abbasilərin hakimiyyətə gəlməsi ilə regionda qızışan və qanlı vuruşmalaradək dərinləşən ciddi
çıxışlarda yerli əhali ilə birlikdə burada yaşadıqları uzun illər ərzində artıq yerliləşmiş və mal-mülk sahibi olmuş
həmin "köhnə" ərəblər də iştirak edirdi. "Mutəğəllib" ("qalib gəlmiş" mənasını daşıyan ərəb sözüdür)
adlandırılan bu ərəblər də separatçılıq
[41 - 42]
nümayiş etdirərək, mərkəzi hakimıyyətə qarşı çıxışlar törədirdilər
(127). Xəlifə əl-Məmımun (813-833) dövründə, xüsusilə Babəkin başçılığı ilə xürrəmilərin uğur qazandıqları IX
yüzilin 20-ci illərinin əvvəllərində, həmin mutəğəlliblərdən biri, "avaranşan" ləqəbli Savada ibn Əbdülhəmid əl-
Cəhhafinin mərkəzi hakimiyyətə, eləcə də ətraf yerlərin feodal mülk sahiblərinə qarşı çıxışları nəzəri xüsusilə
cəlb edir (128). Erməni Baqratilərlə qohumluq əlaqəsi yaratmış Savada yerli alban feodallarından Sünik knyazı
Səhəki də Xilafətə qarşı mübarizəyə cəlb edə bilmişdi. Uğursuz döyüşdən az sonra (Sünik knyazı Səhək bu
döyüşdə öldürülmüşdü) ətraf yerləri, о cümlədən, sözsüz ki, Naxçıvanın kənd və başqa yaşayış yerlərini də qarət
etməklə məşğul olan, sonra isə öz dəstəsi ilə Sünik qalasında möhkəmlənən Savadanın çıxışları yalnız Sünikin
yeni knyazı Vasaqın dəvət etdiyi Babək tərəfındən yatırıla bilir. Knyazın qızı ilə evlənən Babək həmin tərəflərdə
bir çox yerləri ələ keçirir. Bu gün də Naxçıvan ərazisində Babək və xürrəmilərin adı ilə bağlı sayılan abidələr
vardır (Babək qalası, babəkilərin qəbirləri və s.).
20-ci illərin sonlarında (828/29) xəlifə əl-Məmun tərəfindən Azərbaycan, Arran və Ərminiyəyə vali
təyin edilən Yəzid ibn Məzyəd əş-Şeybaninin oğlu Xalidin ölkədə atdığı ilk addımlardan biri Xilatda
üzrxahlıqla onun qarşısına çıxmış Savadaya aman vermək olmuşdu (129).
Xilafətin hakimiyyətinin ilk dövründən başlayaraq strateji mövqeyinə görə ərəb qoşunu qarnizonu
yerləşdirilmiş Naxçıvan, artıq gördüyümüz kimi, dəfələrlə müxtəlif hücumlara məruz qalsa da, IX yüzilin
əvvəllərində də, çoxdan bəri burada qərarlaşmış ərəb əmirlərinin və ya onların mavlələrinin əlində qalmışdı.
Hələ islamaqədərki
[42 - 43]
Ərəbistanda geniş yayılmış mavlə istilahı "kimdənsə əsil adam" mənasını daşıyır,
qan qohumluğu ilə bağlı olanlar və ya qəbilənin hamiliyə götürdüyü adamları nəzərdə tuturdu; işğal dövründə
isə mavlə hər hansı ərəb qəbiləsinin himayə etdiyi qeyri-ərəb adamlara aid edilirdi. Naxçıvanda IX yüzilin 20-ci
illərində xüsusi mövqe tutan, bəlkə də hakimlik edən Yəzid ibn Hisn (Husn) də, əl-Yəqubinin məlumatına görə,
muharib tayfasının (şimal ərəb ğatafan qəbiləsindən) mavləsi idi (130), yəni o, mənşəcə ərəb deyil, islamı qəbul
etmiş yerlilərdən idi.
Xəlifə əl-Məmunun ərəb idarə sistemini yerlərdə möhkəmlətmək siyasətini həyata keçirən yeni vali
Xalid ibn Məzyəd mərkəzi hakimiyyətə qarşı çıxan digər yerli və separatçılığa cəhd göstərən ərəb feodallarının
çıxışlarını amansızlıqla yatırmağa çalışırdı. Onun ordusu İraq həbsxanalarından buraxdırdığı həmqəbilə
üzvlərindən və əl-Cəzirədə onlara qoşulan rəbiə qəbiləsi döyüşçülərindən təşkil olunmuşdu (131). Elə bu ordu
ilə Naxçıvana gələn Xalid burada hakimiyyətini möhkəmlətməyə çalışan Yəzid ibn Hisnə qarşı çıxır. Əl-
Yəqubinin məlumatından aydın olur ki, məğlubiyyətə uğrayan naxçıvanlı əmir qaçmalı olur (132). Mənbədəki
məlumata görə əslində mavlə olan Yəzid ibn Hisn (133) ərəb qoşun dəstələrindən birinin başçısı adlandırılır.
Erməni tədqiqatçısı A. Ter-Gevondyan isə əl-Yəqubiyə istinadən Yəzidin Kisala (Qazax ərazisində) qaçdığını
qeyd edir (134). Doğrudur, əl-Yəqubi öz mətnində Yəzidin Naxçıvandan qaçdığını xəbər verir. Lakin onun
qaçdığı yeri bildirmir (135). Kisala, oradan Curzana (Gürcüstana) yürüşünü davam etdirən isə Xalidin özü
olmuşdur.
[43 - 44]
Özünün Şirvan və Dərbəndin tarixinə dair əsərindəXalidin bu dövr fəaliyyətindən yazan Münəccimbaşı
bilavasitə Naxçıvanın adını çəkməsə də, Xalidin ölkədə baş verən iğtişaş və çıxışların yatırılması üçün xəlifə
tərəfindən Cənubi Qafqaza göndərilməsi, bölgənin müxtəlif yerlərində (Şəkidə, gürcü və sanarların yaşadıqları