25
ölkənin əsas iqamətgah şəhərlərindən ("min qəvaidihə") Nəşavə-Nakcuvanın (Naxçıvanın), Bab əl-Əbvabın
(Dərbəndin) və Gəncənin adlarını çəkir (39).
[66 - 67]
Xilafətin zəifləyərək parçalandığı, yaranmaqda olan feodal dövlətlərinin isə ərazi üstə biri digəri ilə
çəkişdiyi bu gərgin dövrdə regionda yerləşən onlarla feodal mülkün sahibi tabeliyində olan torpaqları demək
olar müstəqil idarə edir və ya hər hansı bir münasibətdən asılı olaraq müstəqil olmağa cəhd göstərirdi. Belə
mülk sahiblərindən biri də əmir Əbu Duləf olub.
Mənbələrdə Əbu Duləf və Əbu Duləfılər (Duləfılər) adına ilk dəfə IX-X əsrlər ərəb müəlliflərinin
əsərlərində (əl-Bəlazuri, ət-Təbəri, İbn ən-Nədim və b.) rast gəlirik (40). Bu məlumatlara görə, Abbasi
qoşunlarına başçılıq edən sərkərdələrdən birinin adı əl-Qasim ibn İsa əl-Kərəci əl-İcli Əbu Duləf olmuşdur.
Həmçinin şair olan bu şəxs, görünür, Abbasilərin hakimiyyəti dövründə (IX əsrin I rübünədək) Xilafətin şimal
vilayətlərinə köçən və bu yerlərdə məskunlaşan ərəb nəsillərindən idi (41). Mənbələr "Əbu Duləfin başçılığı
altında olan könüllülər"in ərəblərə qoşulub Babəkə qarşı Bəzzin alınmasında iştirak etmələri haqqında da
məlumat verir (42). Bu mənbələrin yazdığına görə, yalan şəhadətlərə əsasən ərəb sərkərdəsi əl-Afşinin ölümə
məhkum etdiyi şiə təriqətinə mənsub Əbu Duləf xəlifə əl-Mütəsim tərəfindən əfv olunmuş, Bağdadda 840-41-ci
ildə vəfat etmişdir (43). Əbul Fəzl Beyhəqi özünün "Məsudun tarixi" əsərində xəlifə əl-Mütəsimin tapşırığı ilə
onun vəzirinin "Bu Duləf əl-Qasim bin İsa əl-Kərəci əl-İclini" Afşinin həbsindən xilas etməsinə xüsusi hekayət
həsr etmişdir. Burada vəzirin dili ilə Əbu Duləf "ləyaqətli", "xəlifəyə sədaqətli", "həyatını dəfələrlə təhlükəyə
atan... cəsur... ərəb süvarisi" adlandırılır (44). Həmin dövrdə Duləfilər xanədanı Həmədanla Isfahan arasında
olan yerlərə sahib idi. Tədqiqatlara əsasən əl-Qasim
[67 - 68]
Əbu Duləfdən sonra 873-cü ilədək oğlu Əbdül
Əziz, 879-cu ilədək nəvəsi Duləf, 893-cü ilədək nəticəsi Əbul Abbas Əhməd, daha sonra isə Duləfin oğlanları
Ömərül Haris və Bəkr Duləfilər sülaləsinə başçılıq etmişlər (45). Nizamulmülkün "Siyasətnamə"sində Kərəci
iqamətgah etmiş Duləfilərin hətta bu şəhərin əsasını qoymaları haqqında rəvayət də vardır (46). Beləliklə, bu
yerlərdə 825-898-ci illərdə sahiblik edən Duləfilər Sacilərin hakimiyyətə gəlmələri ilə onlara tabe olmuş və
sonrakı illərdə Sacilərlə olan (yuxarıda qeyd etdiyimiz) münaqişədən sonra о vaxtlar, hələ ki, siyasi qüdrətlərini
saxlaya bilmiş, xəlifənin icazəsi ilə öz mülklərində yaşamaqda davam etmiş, bununla yanaşı Sacilərin
süzerenliyini qəbul edib, onların xidmətində olmuşlar.
Artıq məlumat verdiyimiz kimi, həmin sülalədən olan Əbu Duləf, şəksiz ki, xüsusi xidmətlərinə görə
Yusif ibn Əbu-s-Sacın əli ilə Naxçıvan və Qoğtənə də sahib olmuşdur. Təqribən 100 il sonra, X əsrin son
rübündə, erməni mənbəyində Qoğtən əmiri adlandırılan Əbu Duləfin də həmin məşhur ərəb mənşəli nəsildən
olması şübhəsizdir. Lakin ədəbiyyatda Əbu Duləfin mənşəcə ərəb olan və Cənubi Qafqazın о dövr siyasi
həyatında xüsusi mövqe tutan Şeybanilərlə bağlı əş-Şeybani və ərəb mənbələrində çox vaxt erməni Arsrunilərlə
bağlı əd-Dayrani (əd-Dirani) ləqəbləri ilə təqdim edildiyini də görürük. İstər V. F. Minorskinin (eləcə də
İ. Markvartın) işlətdiyi Əbu Duləf əş-Şeybani (47), istərsə də Y. E. Bertelsin, Əhməd Kəsrəvinin,
M. X. Şəriflinin və başqalarının verdikləri Əbu Duləf əd-Dayrani (48) adları Əbu Nəsir Əli ibn Əhməd Əsədi
Tusinin Əbu Duləfə həsr etdiyi poemasına əsaslanmışdır. Əbu Duləfin Şeybanilərlə qohumluğunu
[68 - 69]
İ. Markvarta əsaslanaraq irəli sürən V. Minorski onların Şirvan Şeybaniləri ilə (Məzyədilərlə) əlaqədar olub
olmadıqlarını deyə bilmir (49). Maraqlıdır ki, öz poemasında Əbu Duləfı dövrün məddahlarına xas olan
şişirtmələrlə az qala bütün ətraf dövlətlərin və xalqların başçısı kimi təsvir edən Əsədi Tusi Əbu Duləfi
doğrudan da "Şeybanilərin tacı" ("taci Şeybaniyan") adlandırır. Lakin elə buradaca biz Naxçıvan əmirinin "Şahi
Ərmən" ("Ermənistanın şahı"), "Mahi taziyan" ("Ərəblərin-taçiklərin ayı"), "Şəhriyari zəmin" ("Yerin, dünyanın
hökmdarı"), "Toxmi İbrahim peyğəmbər" ("İbrahim peyğəmbərin nəsli, toxumu", yəni ərəb mənşəli) və başqa
bu kimi epitetlərinin şahidi oluruq(50). Sözsüz ki, belə qeyri-elmi məlumatlara əsasən hər hansı bir fikir
yürütmək düzgün olmaz, yalnız nöqsanlı mülahizələrə gətirib çıxarardı. Əbu Duləfin ərəb mənbələrində
Arsrunilər sülaləsinə aid edilən əd-Dirani ləqəbi haqqında da eyni sözləri demək olar. Onu da qeyd etməliyik ki,
M. X. Şəriflinin "Əbu Duləfin həqiqətən Dirani ləqəbini daşıması" fıkrini təsdiq etmək üçün təqdim etdiyi
yeganə şer parçasını - "Əbu Duləf padşahın ölkələr hakimi, cahandar Diraninin рак din" olduğu (51) beytini
Y. Bertels öz tədqiqatında "Cahandar Arrani" kimi oxumuşdur ("Cahandar Arrani рак din"; onun tərcüməsi
belədir: Царь Абу Дулаф, государь земли, Чистый верой арранский повелитель мира...") (52). Əbu Duləfin
"Arran şahı" adlandırılmasina Əsədinin poemasının girişində də (IX fəsildə) rast gəlirik ["Sən bu xəzinəndə
(yəni əsərində, N. V. ) Şəhriyar şahı-Arranidən başqa heç kəsi yad etmə, о vaxtdan ki, məskənin Naxıvan oldu,
şaha görə sənin qoca bəxtin cavanlaşdı"; Y. Bertelsin tərcüməsində belədir: "В этом сокровище не упоминай
ни о ком, Кроме государя, арранского шаха.
[69 - 70]
Ведь с тех пор, как ты обосновался в Нахчеване,
благодаря этому шаху твоя старая судьба помолодела"] (53). Bizə elə gəlir ki, Əbu Duləfin, irəlidə
görəcəyimiz kimi, qonşu sülalələrlə (eləcə də Arsrunilərlə) mümkün qohumluq əlaqələri onun mənşəcə ərəb
mənşəli Duləfilərdən olması fikrimizə heç bir xələl gətirmir.