24
Mərzban İbn Məhəmmədi (941-957) də qeyd edir (22). Onun verdiyi bu məlumat 344(955/56)-cü ilə, yəni
Mərzban İbn Məhəmmədin hakimiyyətinin
son dövrlərinə aid olsa da, digər tarixi mənbə (İbn əl-Əsir) bundan
bir neçə il əvvəl, yəni 337(948/49)-ci ildə bu Salari hakiminin Rey hakimi ilə apardığı müharibədə əsir düşməsi,
dörd il əsirlikdə qalması və həmin dövrdə Salarilərə tabe vilayətlərdə feodal hakimlərin müstəqillik əldə etmək
cəhdləri haqqında məlumat verir(23). Bu feodal hakimlərdən Şəddadilər nəslinin başçısı Məhəmməd İbn Şəddad
951-ci ildə Salarilər dövlətində yaranmış qarışıqlıqdan istifadə edərək, onların tabeliyində olan Dəbil (Dvin)
şəhərini ələ keçirir (24). Bu zaman əsirlikdə olan Mərzbanın oğlu İbrahimin Salarilərin vassalı [
63 - 64]
Vayzur
hakiminin köməyi ilə Dəbilə qaytarılması cəhdlərı boşa çıxır. Baqratilərdən olan Ermənistan hökmdarı III Aşot
ibn Abbas (953-977) da vəziyyətdən istifadə edərək, Dəbili Şəddadi əmirindən almaq istəsə də, buna nail ola
bilmir. Yalnız əsirlikdən qayıtdıqdan sonra Mərzban 343(954/55)-cü ildə ağır döyüşlə Dəbili yenidən Salarilər
dövləti tərkibinə qatır (25). Lakin, artıq Mərzbanın oğlu İbrahimin vaxtında (962-981), Salarilərin göstərdikləri
bütün cəhdlərə baxmayaraq, bir çox vilayət və şəhərlər yenidən onların tabeliyindən çıxır. 971-ci ildə,
müstəqilliyə can atan feodallardan Məhəmməd ibn Şəddadın oğlu Əbülhəsən Əli I Ləşkəri Salarilərin
Gəncədəki valisini öldürərək şəhəri tutur (26). Erməni tarixçisi Vardanın məlumatına görə, az sonra Şəddadilər
sülaləsinin bu nümayəndəsi Salarilərə məxsus Bərdə, Şəmkür və başqa yerləri, о cümlədən Ermənistanın bir
hissəsini ələ keçirir (27). Salari İbrahimin Gəncəni qaytarmaq cəhdi baş tutmur (28).
Əbülhəsən Əli I Ləşkəridən sonra 978-ci ildən Şəddadilər dövlətinə başçılıq edən qardaşı Mərzbanın
(978-985) dövründə (372/982-ci ildə) onunla kiçik qardaşı Fəzl arasında yaranmış hakimiyyət çəkişmələrindən
istifadə edən bəzi yerli feodallar Şəddadilərin ələ keçirdikləri ərazilərin bir hissəsini qaytarmağa çalışırlar.
Onlardan Şirvanşah Məhəmməd ibn Əhməd (981-991) yenidən Bərdəni ələ keçirir və V. Minorskinin fikrincə,
bəlkə də hakim sülaləyə mənsub Musa ibn Əlini özünün buradakı naibi təyin edir (29). Münəccimbaşının
məlumatına görə, Şirvanşah Məhəmmədin 378/988-ci ildə əl-Bab (Dərbənd) hadisələri ilə əlaqədar (30)
yaralanmasından istifadə edərək ona qarşı qiyam qaldıran və özünü müstəqil elan edən Musa, xütbəni
Məhəmmədin deyil, öz adından oxutdurmağa başlayır (31).
[64 - 65]
375(985/86)-ci ildə Şəddadilər dövlətində baş verən hakimiyyət dəyişikliyi nəticəsində taxta sahib olan
və Əbülhəsən Əli I Ləşkərinin müstəqil siyasətini davam etdirən I Fəzl ilk növbədə Şəddadilərə məxsus işğal
edilmiş torpaqları, о cümlədən, Bərdə və Beyləqanı geri qaytarır (32). Mənbədə bu şəhərlərin qaytarılma tarixi
qeyd olunmasa da Şirvanşahlar və Şəddadilər dövlətlərində baş verən və yuxarıda xatırladığımız hadisələrdən
görünür ki, bu -988-990-cı illər arasında olmuşdur.
I Fəzlin hakimiyyətə gəlməsi və tabeliyində olan əraziləri genişləndirmə fəaliyyəti Salarilərin Arazdan
cənuba torpaqlarını ələ keçirmiş Rəvvadi əmirlərinin eyni fəaliyyəti ilə bir dövrə düşür. Artıq qeyd etdiyimiz
kimi, hələ 343(954/55)-cü ildə Salari İbrahimin oğlu Əbülheycə Dəbil və onun ətraf torpaqlarının hakimi təyin
edilmişdi. Hadisələrin gedişindən görünür ki, 25 ildən artıq bir müddətdə Salari əmirlərinin əlində qalmış son
iqamətgahlardan olan bu yerlər yalnız Arranda möhkəmlənməyə çalışan Şəddadiləri deyil, ayrı-ayrı şəhər və
vilayətlərin sahiblərini də cəlb edirdi. Tarixçi Asogikin məlumatından görünür ki, 982-ci ildə, yəni Şəddadilərin
mövqeyinin hələ möhkəmlənmədiyi, Salarilərin isə demək olar bütün mülklərinin əllərindən çıxdığı bir dövrdə,
müəllifin Qoğtən əmiri adlandırdığı Əbu Duləf (erməni mətninin tərcüməsində Əbu Taleb və Əbu Təlub)
axırıncı Salari hökmdarı Əbülheycənin (rus dilinə tərcümədə Abel Xadc) son iqamətgahı olan Dəbil şəhərinə
hücum edərək onu və, о cümlədən, Naxçıvanı ələ keçirə bilmiş, Əbülheycənin ailəsi ilə ölkədən qaçmasına
səbəb olmuşdu (33).
Vətən tarixşünaslığında ilk dəfə bu məsələləri işıqlandıran Azərbaycan tarixçisi, tarix elmləri doktoru
[65 - 66]
M. X. Şərifli İran alimi Kəsrəvi Təbrizinin həmin mövzuda apardığı tədqiqatları (34) da təhlil edərək,
əmir Əbu Duləfı müstəqil feodal dövləti kimi təqdim etdiyi "Naxçıvanşahlıq"ın banisi adlandırmış,
"Naxçıvanşahlıq Salarilər dövlətinin son vaxtlarında əmələ gəlmiş və Rəvvadilər dövləti ilə yanaşı yaşamışdır"
(35) fıkrini irəli sürmüşdür. Mənbələrin və tarixi ədəbiyyatın araşdırılması, dövrün mövcud feodal dövlətlərinin
qarşılıqlı münasibətlərinin müqayisəli tədqiqi (36) sonralar başqa tədqiqatlarda da (37) təkrar edilən
"Naxçıvanşah" və "Naxçıvanşahlıq" məsələlərinə bir daha nəzər salmağı, "Naxçıvanşah" adlandırılan Naxçıvan
hakiminin müstəqil dövlət başçısı yaxud Rəvvadi və ya Şəddadi dövlətləri tərkibində olan feodal mülk sahibi
olduğunu aydınlaşdırmağı vacib edir.
Beləliklə, gördüyümüz kimi, X əsrin son rübündən başlayaraq tarixi Azərbaycan ərazisi, əsasən üç
sülalə-qədim Şirvan torpağında ərəblərdən əvvəlki şirvanşah titulunu və dövlətini bərpa etmiş Məzyədilər
(Yəzidilər), əvvəl Sacilərə, sonra isə Salarilərə məxsus Azərbaycan ərazisinin bir hissəsində - Arranda dövlət
yaradaraq, qədim (antik Albaniyaya məxsus) arranşah titulunu daşıyan Şəddadilər və Arazdan cənuba
torpaqlarımızda azərbaycanşah titulunu bərpa edən və onu daşıyan Rəvvadilər tərəfindən idarə olunurdu (38).
XII əsrin lap əvvəlində (500/1106-1107) Dərbənddə ərəb dilində tərtib edilmiş anonim əlyazmada Şəddadilərə
(müəllif ilk Şəddadiləri 340/951-ci ilə aid edir) məxsus Arran ərazisi haqqında məlumat verən yerli müəllif