NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə28/85
tarix19.11.2017
ölçüsü15,72 Mb.
#11268
1   ...   24   25   26   27   28   29   30   31   ...   85

43-cü məktub
İmam Əli əleyhis-salamın, özünün Ərdəşir Xurrədəki (Farsda şəhər adıdır) valisi Musqələ ibn Hubəyrə Şeybaniyə olan məktublarındandır.1

Mənə bir xəbər çatıb ki, əgər sən onu etmisənsə öz Allahını qəzəbləndirmisən (Onun rəhməti sənə şamil olmayacaq) və imam və rəhbərini hirsləndirmisən ( gərək o səndən intiqam alsın. Çünki xəbər çatıb ki): sən müsəlmanların nizə və atlarının topladığı və yolunda qanları axıdılmış mallarını səni seçmiş ərəb qohumların arasında bölüşdürmüsən. (Torpaq altında) toxumu yaran və insanı yaradan Allaha and olsun ki, əgər (xəbər verilmiş) bu iş doğru olsa, məndən özünə qarşı xarlıq görəcəksən və mənim yanımda olan məqam və mövqeyini yüngülləşdirəcəksən. Buna görə də Rəbbinin haqqını yüngül sayma və dünyanı, dinini xarab etməklə abadlaşdırma ki, (qiyamət günü) əməlləri baxımından ziyana uğrayanların sırasında olarsan.

Bil ki, sənin və mənim yanımda olan müsəlmanlar, bu malların bölüşdürülməsində bərabər hüquqa malikdirlər. (Hər bir kəs bulağın başına gedib qayıtdığı bulaq fərq qoymadan hamıya su verdiyi kimi müsəlmanlar da) mənim yanıma o mallar üçün gəlib qayıdırlar. (Buna görə sənin həmin malları ancaq öz qohum-əqrabana ayırmaq bölmək haqqın yoxdur.)
44-cü məktub
İmam Əli əleyhis-salamın, Müaviyənin Ziyad ibn Əbihə məktub yazaraq onu (qardaş olmaları hiyləsi ilə) özünə birləşdirməklə aldatmaq istəməsini eşidərkən, Ziyada yazdığı məktublardandır.1

Xəbərdar oldum ki, Müaviyə sənə məktub yazaraq qəlbini (xoşbəxtlik yolundan) sapdırmaq və sənin itilik və çevikliyinə (zirəkliyinə) nüfuz etmək istəyir. Buna görə də ondan çəkinərək qorx. Çünki o, insanın qabaq və arxasından, sağ və solundan gələn və sonda birdən onun qəflət və nadanlıq anında nüfuz edərək ağlını oğurlayan ( dünyada məəttəlçilik sərgərdanlığa, axirətdə isə əbədi əzaba düçar edən) bir şeytandır.

Ömər ibn Xəttabın xilafəti zamanında Əbu Süfyandan nəfsi istəklər və şeytanın vəsvəsələri nəticəsində ölçülməmiş bir söz çıxdı. (Əmr ibn Asa belə dedi: Bu mənim onun anası ilə olan zinamın nəticəsidir.) Bu sözü deməklə nəsəb sübut olmur və onunla heç kəs irs aparmağa layiq olmur.1 (O Həzrət buyurur ki:) Belə səhv sözə ürək bağlayan şəxs dəvət edilmədən özünü şərab içənlərin içinə soxan və onların, hey rədd edərək uzaqlaşdırdıqları adama və (yük daşıyanın üstündən asılan ) qərar tutmayıb yellənən taxta kasaya bənzəyir.2 (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Ziyad o Həzrətin məktubunu oxuyandan sonra belə dedi: «Kə’bənin Rəbbinə and olsun ki, Əbu Süfyan deyilənlərə şəhadət verib». (Bu məsələ) həmişə onun nəzərində idi və nəhayət, Müaviyə onu çağırdı ( Ziyad da ona qoşuldu).



İmam əleyhis-salamın kəlamında işlədilmiş «الواغِل» «əl-vağil» kəlməsi o adama deyilir ki, o həmişə özünü şərab içənlərin arasına soxub onlarla içib onlardan sayılmamaq istəyir və buna görə də onu qovaraq öz aralarına girməsinə mane olurlar. «النَّوْطُ الْمُذَبْذَبُ» «ən-nautul-muzəbzəb» birləşməsi isə taxta kasa, qədəh və buna bənzər şeyə deyilir ki, miniyin üstündəki yükdən asılır və yükün üstündə adam olanda və miniyi möhkəm sürəndə dayanmadan yellənir.
45-ci məktub
İmam Əli əleyhis-salamın, onun tərəfindən Bəsrənin valisi olan Osman ibn Hüneyfə olan məktublarındandır. Həzrət bu məktubu Bəsrə əhlinin Osmanı qonaqlığa dəvət etməsini və onun qonaqlığa getməsini eşidəndə yazıb. (İmam əleyhis-salam onu həmin qonaqlığa getdiyi üçün məzəmmət edib. Osman onun İmam əleyhis-salam tərəfindən Mədinənin valisi olmuş qardaşı Səhl ibn Hüneyf Həzrət Peyğəmbərinsəlləllahu əleyhi alihsəhabələrindən olublar. Onların hər ikisi ömürlərinin sonuna kimi Əmirəl-möminin əleyhis-salamın şiə dostlarından olublar. Buna görə «Rical» alimləri bu iki qardaşın yaxşılığında ixtilaf tərəddüdə düçar olmayıb onların nəql etdikləri hədisləri mötəbər inanılmış hesab etmişlər. Cəməl əhli Bəsrəni alarkən Osman ibn Hüneyfin başına gələnlərin bir hissəsi yüz yetmiş birinci xütbənin şərhində deyilib.)

Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: ey Hüneyfin oğlu, mənə xəbər çatıb ki, Bəsrə gənclərindən biri səni toy süfrəsinə dəvət edib və sən tələsik həmin süfrəyə doğru getmisən. Sənin üçün növbənöv ləzzətli yeməklər istənilib və qarşına böyük kasalar gətirilib. Sənin, kasıb və yoxsullarını qovan, varlıları isə dəvət edən bir camaatın qonaqlığına getməyini güman etməzdim. Buna görə də bu yeməkdən dişlədiyinə diqqət et. (Halal ya haram olması) sənə məlum olmayan şeyi at (yemə). Qazanılma yollarının pak olmasını (halal düz yolla əldə edildiyini) bildiyin şeyi ye.

Bil ki, tabe və ardıcıl olan hər bir şəxsin bir imam və başçısı var ki, ona tabe olur və onun elminin nuru ilə aydınlıq axtarır. (Hər bir tabe ardıcıl danışıq davranışının düzlüyünü öz imamından öyrənir. Sən gərək öz imamına tabe olub onun ardınca gedəsən.) Bunu da bil ki, sizin imamınız öz dünyasından iki köhnə paltarla (yəni, bədəni başdan ayağa kimi örtən qumaş köynək şalvarla), yeməklərdən isə (iftar obaşdanlıq ya nahar şam üçün) iki tikə çörəklə kifayətlənib. Sizin bu cür etmək qüdrətiniz yoxdur. Amma (heç olmasa) mənə pərhizkarlıq, çalışqanlıq, iffətlilik və düzlüklə kömək edin.1 Allaha and olsun ki, sizin dünyanızdan qızıl toplamamışam, onun qənimətlərindən çoxlu mal yığmamışam və əynimdəki köhnə paltardan başqa digər bir köhnə paltar hazırlamamışam.

Bəli, göyün kölkə saldığı bütün şeylərdən (dünya malından) yalnız Fədək bizim əlimizdə idi ki, bir dəstə adam (üç xəlifə) ona paxıllıq etdi (onu qəsb edərək əlimizdən aldı). Başqaları (İmam əleyhis-salam əhli-beyti) da bəxşiş edərək ondan keçdilər. Allah gözəl hakimdir ( haqq ilə batil arasında hökm çıxaracaq).2 Mən Fədəyi və Fədəkdən qeyrisini nə edəcəyəm? Halbuki insanın yeri sabah (öləndən sonra) qəbir və gordur ki, onun qaranlıqlarında nişanələri məhv olacaq və xəbərləri itib gedəcək. Həmçinin elə bir çuxurdur ki, əgər onun genişliyi çoxalsa və gorqazanın əlləri onun genişliyində çalışsa daş-kəsək onu sıxar və torpaq bir-birinin üstünə yığılaraq deşiklərini örtər. Mənim fikir və düşüncəm bundadır ki, öz nəfsimi pərhizkarlıqla tərbiyə edərək xar edim ki, qorxu və vahiməsi çox olan gündə (qiyamətdə) asudə və rahat olsun və sürüşkənliyin kənarında möhkəm dayansın.

Əgər istəsəm yolumu bu balın saf və təmizinə, buğda çörəyinin xalisinə və bu ipək paltarın toxunulmuşu istiqamətinə sala bilərəm. Amma Hicazda (Məkkə, Mədinə onun digər şəhərlərində), yaxud (Yəmən şəhərlərindən olan) Yəmamədə kiminsə (imkansızlıqdan) bir tikə çörəyə ümidsiz olması və tox yatdığı vaxtı yadından çıxarması ehtimalı ola-ola nəfsi istəklərin mənə qalib gəlməsi və hərisliyin çoxluğunun məni yemək seçməyə vadar etməsi məndən necə də uzaqdır!! Həmçinin ətrafımda ac qarın və isti (susuz) ciyərlər ola-ola tox qarınla yatmaq, yaxud söz sahibinin (Hatəm ibn Abdullah Tainin) dediyi kimi olmaq, məndən çox uzaqdır. O deyib:
وَ حَسْبُكَ داءً أَنْ تَبِيتَ بِبِطْنَةٍ وَ حَوْلَكَ أَكْبادٌ تَحِنُّ إِلَي الْقِدِّ

«Sənə bu dərd bəsdir ki, gecə tox qarınla yatasan və ətrafında keçi balasının dərisinin həsrətini çəkənlər olsun (nəinki yemək, heç bunu da tapa bilmirlər)».



Dövranın çətinliklərində onlarla həmdərd olmadan, acı günlərində gözləri önündə durmadan mənə möminlərin əmir və başçısı deyilməsi ilə kifayətlənim?! Məni fikri ancaq ot olan bağlı heyvan, yaxud bir şey tapıb yemək üçün zir-zibili alt-üst edən və mədəsini əlinə düşənlə dolduraraq onun üçün nəzərdə tutulan şeydən qafil olan açıb buraxılmış dördayaqlı kimi yaratmayıblar ki, gözəl təamlar yemək məni (əbədi xoşbəxtlikdən) saxlasın.1 Həmçinin məni bekar qalaraq əbəs yerə özbaşınalıq etmək və ya azğınlıq ipini çəkərək düşünmədən sərgərdanlıq yoluna yollanmağım üçün yaratmayıblar. Sanki sizlərdən birinin belə dediyini görürəm: «Əgər Əbu Talib oğlunun yeməyi budursa, onda zəiflik və süstlük onu tay-tuşları ilə döyüşdən və şücaətlilərlə rəqabət apararaq bərabərlik etməkdən saxlamayacaq!» Bilin ki, (suyun az çatdığı) çöl ağacının taxtası bərkdir (möhkəmdir). Amma (suyu çox olan bağlarda əkilmiş) yaşıl ağacların qabıqları daha nazikdir. (Yağış suyundan başqa digər bir su tapmayan) səhra bitkilərinin alovlarının şöləsi daha çox saçır və onlar daha gec sönürlər.2 Mənimlə Rəsulullah (bağlılıq birlik baxımından hər ikisi bir kökdən bitmiş) xurma ilə xurma və (bir-birinə birləşmiş) əl ilə bazu kimiyik. (Buna görə ) Allaha and olsun ki, əgər bütün ərəblər mənə qarşı müharibə etməyə birləşsələr onların qabağından qaçmaram və əgər ələ fürsət düşsə onlara tərəf tələsərəm (Allahın dinin yardımı yolunda hamısının boynunu vuraram). Tezliklə yer üzünü bu baş-ayaq şəxsdən və başıaşağı gövdədən (Müaviyədən) təmizləməyə çalışacağam ki, daş-kəsək biçilmiş buğdadan ayrılsın. (Münafiq ikiüzlünü möminlərin içindən qovub çıxaracaq din yolunu azğınlıq yolkəsənlərindən təmizləyəcəyəm.)
Bu da həmin məktubun
(dünyanın məzəmməti, pərhizkarlar
ona ürək bağlamayıb Allahın işindən qafil
olmayanların mədhi barəsindəki)
bir hissəsi və sonudur

Ey dünya, məndən uzaq ol ki, cilovun belindədir (cilovunu boynuna atıb buraxmışam səni). Mən sənin caynaqlarından sıçrayıb çıxmışam, tələlərindən qurtulmuşam, sürüşkənliklərinə (azğınlıqlarına) getməkdən çəkinmişəm. Oyun və şənliklərinlə tutub aldatdığın kəslər haradadırlar? Zinət və bəzəklərinlə fitnə və azğınlıqlara saldığın ümmətlər haradadırlar? İndi onlar gorlara girovdurlar və ləhədlərdə (qəbirdə olan çuxurlarda) itib-batıblar! Allaha and olsun ki, əgər sən görünən bir şəxs və hiss olunan bir cisim olsaydın, bəndələri arzular vasitəsi ilə aldatmağının, ümmətləri uçurumlara (bədbəxtliklərə) atmağının və padşahları məhvə təslim edərək onları nə düşülməsi və nə də qayıdılması (münasib) olmayan bəla və çətinlik nohurlarına salmağının əvəzində sənə ilahi hədd icra edərdim (Allahın günahlar üçün müəyyənləşdirdiyi cəzaları icra edərdim sənin barəndə). Mənim sənə aldanmağım baş tutan şey deyil. Sürüşkənliklərinə ayaq basan sürüşər, bol sularının üstünə çıxan batar və torunun iplərindən uzaq gəzən müvəffəqiyyət qazanıb (nicat tapar). Sənin əlindən salamat qalanın yataq yeri darısqal olsa (çətinlik narahatçılıqla yaşasa) da, nigarançılıq keçirməz. (Çünki bu çətinliyin tezliklə keçib gedəcəyini bilir. Buna görə buyurur:) Dünya onun gözündə ötüb keçməsi gəlib çatmış bir gün kimidir.

Uzaq ol məndən! Allaha and olsun, sənə ram olmayacağam ki, məni xar edəsən; tabe olmayacağam (əmrlərini yerinə yetiməyəcəyəm) ki, məni (istədiyin yerə) çəkib aparasan. Allaha and olsun – Allahın iradə və istəyini istisna edib and içirəm1 – nəfsimi elə tərbiyə edəcəyəm ki, yavanlığına bir tikə çörək tapanda sevinərək təəccüblənsin, duzla yavanlıq etməyə qane olub uyğunlaşsın və gözlərimin kasasını (ağlamağın çoxluğundan) öz halında qoyaram ki, suyu çəkilmiş bulaq kimi onun göz yaşı boşalsın. (O qədər ağlayaram ki, göz yaşım qurtarsın, qalmasın.) Otlayan heyvanın qarnı otladığı şeylərlə dolur və o, yanı üstə düşür (yatır) və qoyun sürüsü otdan doyandan sonra yatağına gedir. Əli (salavatullahi əleyh) də dördayaqlılar kimi öz azuqəsini yeyib yatsın?! Belə olsa gözləri aydın olsun ki, uzun illərdən sonra özbaşına buraxılmış və sürüdə otlayan dördayaqlının yolunu gedir (halbuki insanın əzm düşüncəsinin yeyib-içmək olması ardır)!

Xoş o adamın halına ki, qayıdış (qiyamət günü) qorxusu gözlərini oyaq saxlayan, yanlarını yataqlardan uzaqlaşdıran, dodaqları yavaş-yavaş Rəbblərini zikr edən və istiğfarın (bağışlanmaq istəyinin) çoxluğundan günahları (dağınıq buludlar kimi) dağılmış dəstənin içərisində Rəbbinin vacib etdiklərini əda edir, çətinliklərdə dözümlüdür, gecələr yuxu və mürgü qalib gələnə kimi yuxudan uzaqdır ( yuxu mürgü qalib gələndə isə) yeri öz döşəyi və əlini yastığı edir! (Qur'ani-Kərimdə Mucadilə surəsinin 22-ci ayəsində buyurulur:) «Onlar Allahın firqəsidirlər. Bilin ki, Allahın firqəsi – məhz onlar, nicat tapıb əbədi səadətə qovuşanlardır.»1

Buna görə də ey Hüneyfin oğlu, Allahdan qorx (qarın otarmaqla məşğul olma). Gərək bir neçə tikə çörəklə kifayətlənəsən ki, o sənin oddan qurtulmağına səbəb olsun.


Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə