NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə8/85
tarix19.11.2017
ölçüsü15,72 Mb.
#11268
1   ...   4   5   6   7   8   9   10   11   ...   85

213- cü xütbə
İmam Əli əleyhis-salamın (Allahı zikr etməyin fəziləti Allahın zikrinə məşğul kimsələrin vəsfi barəsində olan) kəlamlarındandır ki, onu (Nur surəsinin 37-ci ayəsi) «رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللَّهِ» «o kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən yayındırmaz» ayəsini oxuyarkən buyurmuşdur:

Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah Öz zikrini və Onu yada salmağı qəlblərin cilası və nuru edib ki, onun vasitəsi ilə (Onun əmr qadağalarını) karlıqdan sonra eşidər, qaranlıqdan (nadanlıqdan) sonra görər, düşmənçilik və ədavətdən sonra itaətkar və ram olarlar (Onun razılığını qazanarlar). Nemət və bəxşişləri əziz olan Allahın həmişə bəzi zaman mərhələlərində və şəriətlərin nişanələrinin itdiyi zamanlarda, düşüncələrində onlarla gizli danışdığı və ağıllarının dərinliklərində söhbət etdiyi bəndələri vardır. (Onlar həmişə Allahı zikr edərək ağıl düşüncələri ilə Onunla danışarlar.) Onlar çırağı (hidayət nicat çırağını) göz, qulaq və qəlblərindəki oyaqlıq və sayıqlıq nuru ilə işıqlandırıblar.1 (Xalqa) Allahın günlərini (müsibət itaətsizlik nəticəsində məhv olmuş keçmişlərin əhvalatlarını) xatırladırlar (bəyan edirlər ki, ibrət götürsünlər)(onları) Onun əzəmət və böyüklüyü ilə qorxudurlar (deyirlər ki: Allahdan qorxun günah etməyin. Çünki O, hər yerdə var hər şeyi görür sizi məhv etməyə qadirdir). Onlar çöldəki bələdçi kimidirlər ki, orta yol ilə gedən (ədalət sədaqətlə davranan) kəsin yolunu mədh edirlər və (onu azğınlıqdan) nicat tapdığı üçün müjdələyirlər. Sağ və sol tərəfə gedən (hər bir işdə ifrata varan ya səhlənkarlıq edən) kəs üçün isə yolunu pisləyərək onu məhv olmaqdan çəkindirirlər. Onlar bu sifətlərlə həmin qaranlıqların (nadanlıq zülmətlərinin) çıraqları və şübhələrin (azğınlıq şübhələrinin) bələdçiləridirlər. Həqiqətən Allahı zikr etməyin öz adamları var ki, onlar onu dünyanın əvəzində götürüblər. Ticarət və alış-veriş onları Ondan yayındırmır. Onlar ömür günlərini Allahı zikr etməklə keçirirlər. Allahın haram və qadağan etdiklərindən çəkindirən sözlərlə xəbərsizlərin qulaqlarında fəryad qoparırlar. Başqalarını ədalət və düzlüyə buyurur və özləri onu yerinə yetirirlər. Bəyənilməyənlərdən (çirkin söz əməllərdən) çəkindirir, özləri də çəkinirlər. (Axirətə elə iman yəqinləri var) sanki dünyanı sona çatdırıb axirətə daxil olublar, oradadırlar və (bu) dünyadan sonra olanları (başqalarının xəbərdar olmadıqları axirət işlərini) gözləri ilə görüblər. Elə bil ki, Bərzəx əhlinin orada olduqları müddətdəki gizli hallarından xəbərdardırlar və qiyamət, vədlərini onlara sübut edib (onun barəsində heç bir şəkk-şübhələri yoxdur). Beləliklə, dünya əhlinin gözləri qarşısından həmin səhnələr üzərindəki pərdələri elə götürüblər (iman yəqin nuru ilə gördüklərini elə faş ediblər) ki, sanki onlar (digər) insanların görmədiklərini görür və başqalarının eşitmədiklərini eşidirlər. Əgər onları ağlın ilə, bəyənilən məqamları və layiqli məclislərində təsəvvür etsən (onların ibadət bəndəlik hallarını nəzərində canlandırsan) - ki, əməllərinin hesab dəftərini açıblar və əmr edilib yerinə yetirmədikləri və ya çəkindirilib səhlənkarlıq etdikləri hər bir kiçik və böyük iş üçün nəfslərinin hesabını aparmağa hazırdırlar, öz ağır günahlarını arxalarına yükləyiblər və onu götürməkdə aciz qalıblar, ağlamaqlarını boğazda boğublar, (hesab aparan zaman) ağlayaraq nalə edə-edə özlərindən sorğu-sual edirlər və təqsirlərindən peşman olub onları etiraf edərək özlərinin Rəbbinə ah-nalə edib fəryad qoparırlar (bağışlanmalarını istəyirlər, xülasə, onları bu halda gözünün önünə gətirsən) - hidayət və nicat nişanələri və gecə çıraqlarını görərsən ki, mələklər onların ətrafına toplaşıblar, onlara rahatlıq və (əzabdan) xatircəmlik nazil olub və göyün (bərəkət) qapıları onların üzünə açılıb. Və onlar üçün Allahın xəbərdar olduğu yerdə şərəfli məkanlar hazırlanıb. Beləliklə, Allah onların (özləri ilə Allah arasındakı hesablarını araşdırılmasındakı) səylərindən razı və məmnundur və onların (günahlardan peşman olma) üsullarını bəyənib. Allah ilə münacat etməklə (günahlardan) bağışlanma mehini hiss edirlər. Onlar Allahın fəzl və kərəminə möhtaclıq girovu və Onun əzəmət və böyüklüyü müqabilində təvazökarlıq əsirləridirlər. Qəm-qüssənin çoxluğu qəlbləri və ağlamağın çoxluğu gözləri yaralayıb. Onların Allaha meyl və rəğbət yolu olan hər bir qapını döyən əlləri var. (Ona yolu olan hər bir qapını döyərək daxil olarlar.) İstəklərini o kəsdən diləyirlər ki, genişliklər Onun yanında daralmır (hər qədər bağışlasa əta etsə səxavət kərəm dəryasından bir şey əskilmir) və istəyənlər ondan naümid olmurlar. Belə isə sən özün öz hesabını apar. Çünki başqalarının hesabını səndən başqa bir mühasib aparacaq. (Başqalarının hesabını araşdırmağın sənə heç bir xeyri yoxdur. Gərək həmişə öz fikrində olasan öz hesabını diqqətlə araşdırasan.)

214- cü xütbə
İmam Əli əleyhis-salamın (xalqa öyüd verdiyi) kəlamlarındandır ki, onu (İnfitar surəsinin 6- ayəsi) «يَا أَيُّهَا الْإِنسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيمِ» «Ey insan! Səni Kərim olan Rəbbinə qarşı aldadan nədir (ki, göstərişinə əməl etmir, itaətsizlik göstərirsən?)» ayəsini oxuyarkən buyurmuşdur:

«Ey insan! Səni Kərim olan Rəbbinə qarşı aldadan nədir?» ayəsinin xitab etdiyi günahkarın dəlil və sübutu ən səhv dəlillərdəndir.1 Və o, bəhanəsi heç qəbul edilməyən aldanmış kimsədir. Həqiqətən o özünün nadan qalmasına israr edib.2



Ey insan! Səni günah etməyə nə cürətləndirdi? Rəbbin müqabilində səni məğrur edən nə oldu? Səni, özünü məhv etməyə nə alışdırdı? Məgər dərdinin dərmanı yoxdur, yaxud yuxudan ayılmayacaqsan? Başqasına rəhm etdiyin şeydə öz canına yazığın gəlmir? Çox vaxt birini günün altında görür və onun üstünə kölgə salırsan və ya birini bir dərdə düçar olmuş görürsən ki, dərd onun bədənini yandırır və sən mehribançılıq səbəbindən ona ağlayırsan. Belə isə səni öz dərdinə (günahlarına) səbrli edən, müsibətlərinə dözümlü edən və səni, sənin üçün canların ən əziz və istəklisi olan öz canına ağlamaqdan saxlayan, təmkinli edən nədir? Allahın qəzəbinin gecə ikən haqlaması qorxusu səni necə qorxutmur, halbuki Ona qarşı itaətsizliklərlə Onun qəzəb yollarına düşmüsən? Buna görə də öz qəlbinin süstlük dərdini əzm və (itaətdə) çalışqanlıqla, gözünün qəflət yuxusunu oyaqlıqla dərman et. Allaha itaətkar ol və Onun zikri ilə ünsiyyətdə ol. Sən Ondan üz döndərərkən Onun sənə üz tutmasını təsəvvüründə canlandır ( fikir yolu ilə bax) ki, səni Öz əfv və bəxşişinə çağıraraq fəzl və kərəminə bürüyüb, amma sən Ondan üz döndərərək başqasına üz tutmusan. Bütün bunlarla yanaşı Allah uca, üstün və qüdrətli olmasına baxmayaraq, nə qədər də çox kərimdir və sən, alçaq və aciz olmağına baxmayaraq, çox itaətsizlik etməkdə nə qədər də cürətlisən, halbuki Onun (əfv bağışlama) pərdəsinin pənahında yaşayır və lütf və ehsanının genişliyində gəzirsən! Amma O, nəinki bəxşiş və mərhəmətini səndən əsirgəməyib və Özünün (bağışlama) pərdəsini sənin (günahların) üzərindən götürməyib, bəlkə sənin üçün yaratdığı nemət və bəxşişdə və ya örtdüyü günahlarında, yaxud uzaqlaşdırdığı bəlalarında bir göz qırpımı Onun lütfündən uzaq olmamısan (halbuki sən yenə Ona itaətsizlik istiqamətində çalışırsan). İndi Ona (Onun göstərişlərinə) tabe olmaq barəsində nə düşünürsən? Allaha and olsun ki, əgər bu sifət (Allahın sənə üz tutması sənin Ondan üz çevirməyin) qüvvələri bir və qüdrətləri bərabər olan iki şəxsdə olsaydı ( onlardan üz tutandan uzaqlaşan sən olsaydın) elə özün xoşagəlməz xislətlər və rəftarlarının pisliyinə görə öz ziyan və pisliyinə (öz əleyhinə) hökm verən ilk kəs olardın. (Bəs sənin özün öz pisliyinə hökm verdiyin bir halda, eyb nöqsan sifətlərdən pak uzaq olan Allah müqabilində özünü necə hiss edirsən?) Haqq və düz deyirəm (ki, həqiqətən) dünya səni aldatmayıb, bəlkə sən ona aldanmısan. Dünya sənə öyüd-nəsihətləri aşkar edib və səni ədalət və bərabərliklə xəbərdar edib. Sənə cisminin dərdə düçar olacağı və gücünün azalacağı kimi verdiyi vədlərdə daha doğruçu və vəfalıdır və sənə yalan demir və aldatmır səni. Nə çox nəsihət verən ki, sən onu təqsirləndirirsən (onun ibrətlərindən nəticə çıxarmırsan sənin nəfsi istəklərinə zidd olduğu üçün ona əhəmiyyət vermirsən). Və nə çox doğru xəbər ki, sən onu yalan sanırsan. Əgər dünyanı xaraba şəhərlər və boş evlərlə tanımaq istəsən, onun gözəl nəsihətçi və öyüd verən olduğunu görərsən ki, mehriban yoldaş kimi səni məhvə çəkməyə qıymır.1 (Buna görə buyurur:) Dünya ona ürək bağlamayan üçün gözəl ev və onu vətən (öz həmişəlik yaşayış yeri) etməyən üçün gözəl yerdir. Dünya əhlinin sabahkı (qiyamətdəki) xoşbəxtləri bu gün dünyadan qaçan ( onun malına ürək bağlamayan, vurulmayan) kimsələrdir.

Yer möhkəm titrəyəndə və onun qorxu və çətinlikləri ilə qiyamət gerçəkləşəndə, hər bir din əhli öz dininə, bütün sitayiş edənlər öz mə’budlarına və bütün tabe və davamçılar öz rəhbərlərinə qovuşanda (söz əməllərinin araşdırılması üçün bir yerə toplaşanda) Allahın ədaləti müqabilində havaya salınan hər bir nəzər və yerdə atılan hər bir yavaş addıma düzlük və doğruluqla əvəz veriləcək. (Həmin gün hər bir pis yaxşı , hətta kiçik olsa belə, aşkar olacaq onun barəsində sorğu-sual ediləcək.) Beləliklə, həmin gün çox dəlil və sübutlar batil olacaq və insanın sığındığı çox üzr və bəhanələr qəbul edilməyəcək. Buna görə də öz əməlindən, vasitəsi ilə bəhanələrin qəbul ediləcək və dəlilin möhkəmlənəcək şeyi istə. Sənin onun üçün qalmayacağın şeydən (dünyadan) sənin üçün qalacaq şeyi (Allaha itaət xalqa xidməti) götür. Öz səfərin üçün hazır ol. (Çətinliklərindən) nicat və qurtuluş işığına nəzər sal (gör hardan saçır hara gedir) və yəhəri cəld və çevik dəvələrin belinə bağla (axirət səfəri üçün azuqə minik tədarükü gör ki, yolda qalmayasan çətinliklərlə qarşılaşmayasan).
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə