Ödəniş xidmətləri haqqında


Maddə 11. Vəsaitlərin təhlükəsizliyinin təmin olunması



Yüklə 102,59 Kb.
səhifə2/3
tarix17.09.2018
ölçüsü102,59 Kb.
#69151
1   2   3

Maddə 11. Vəsaitlərin təhlükəsizliyinin təmin olunması

    1. Ödəniş təşkilatı və elektron pul təşkilatı ödəniş xidməti istifadəçilərindən və ya digər ödəniş xidməti təchizatçılarından ödəniş əməliyyatlarının aparılması üçün qəbul edilmiş pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması üzrə aşağıdakı tədbirlərdən birini həyata keçirməlidir:

      1. bu vəsaitlərin uçotu hər hansı fiziki və ya hüquqi şəxsin ödəniş xidmətləri ilə əlaqəli olmayan vəsaitlərindən ayrı aparılaraq ən geci alındığı günün növbəti iş günündən gec olmayaraq vəsait alana və ya hər hansı ödəniş xidmətləri təchizatçısına köçürülmədiyi təqdirdə, Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və ya xarici bankların yerli filiallarında ayrıca ödəniş hesabında saxlanılır və ya Mərkəzi Bank tərəfindən müəyyən edilmiş likvid, aşağı-riskli aktivlərə investisiya olunur;

      2. bu vəsaitlər üzrə maliyyə öhdəliklərini icra edə bilmədiyi hallarda ödəniş təşkilatının və ya elektron pul təşkilatının daxil olmadığı qrupa məxsus olan, ödəniş təşkilatının və ya elektron pul təşkilatının törəmə və ya asılı cəmiyyəti olmayan və ya ödəniş təşkilatının və ya elektron pul təşkilatının özünün belə sığorta şirkətinin törəmə və ya asılı cəmiyyəti olmadığı, habelə ödəniş təşkilatının və ya elektron pul təşkilatının kapıtalının iyirmi faizinə və ondan artıq hissəsinə sahib olan eyni təsisçiyə (iştirakçıya) malik olmayan sığorta şirkətində mülki məsuliyyətinin sığortalanmasını təmin etməli və ya eyni şərtlərə cavab verən kredit təşkilatının qarantiyasına malik olmalıdır.

    2. Ödəniş xidməti istifadəçilərinin pul vəsaitlərinə müvafiq olaraq ödəniş təşkilatının və ya elektron pul təşkilatının kreditorlarının tələbləri (iflas prosesində irəli sürülən tələblər də daxil olmaqla) yönəldilə bilməz.

    3. Ödəniş təşkilatı ödəniş xidməti istifadəçilərindən pul vəsaitlərini yalnız ödəniş xidmətlərinin həyata keçirilməsi və bu Qanunun 13.2-ci maddəsində müəyyən edilmiş şərtlərə uyğun olaraq ayrılmış kreditlərin ödənilməsi üçün qəbul edə bilər.

    4. Ödəniş təşkilatı tərəfindən ödəniş xidmətlərinin göstərilməsi ilə əlaqədar ödəniş xidməti istifadəçilərindən qəbul edilən hər hansı vəsait depozit hesab olunmur və bu vəsaitlərin saxlanma müddəti ilə bağlı ödəniş xidməti istifadəçisinə faiz və ya gəlir formasında hər hansı əlavə vəsait ödənilə bilməz.



3-cü Fəsil

Ödəniş təşkilatı və elektron pul təşkilatının

fəaliyyətinə dair ümumi tələblər

Maddə 12. Ödəniş təşkilatının və elektron pul təşkilatının nizamnamə kapitalı və öz vəsaitləri

    1. Ödəniş təşkilatıvə elektron pul təşkilatı minimum nizamnamə kapitalına və öz vəsaitlərinə malik olmalıdır.

    2. Ödəniş təşkilatının və elektron pul təşkilatının minimum nizamnamə kapitalına dair tələblər, öz vəsaitlərinin həcmi, hesablanması qaydası, habelə strukturu və tərkibinə daxil olan elementlər Mərkəzi Bankın normativ xarakterli aktı ilə müəyyən edilir.

    3. Fəaliyyətdə olan ödəniş təşkilatının və elektron pul təşkilatının nizamnamə kapitalının və öz vəsaitlərinin minimum miqdarının artırılmasına dair Mərkəzi Bankın qərarı bu təşkilatlara rəsmi bildirildikdən sonra altı aydan tez olmayaraq qüvvəyə minir.

Maddə 13. Ödəniş təşkilatının fəaliyyət növləri



    1. Ödəniş təşkilatı ödəniş xidmətlərinin göstərilməsi üçün tələb oluna bilən aşağıdakı fəaliyyəti həyata keçirə bilər:

      1. xarici valyutanın mübadiləsi;

      2. pul vəsaitlərinin saxlanması və daşınması;

      3. məlumatların saxlanması və emalının təmin edilməsi.

    2. Ödəniş təşkilatı bu Qanunun 3.1.3-cü maddəsində əks olunmuş ödəniş xidmətinin göstərilməsi məqsədi ilə ödəniş xidməti istifadəçilərinə aşağıdakı şərtlər daxilində kredit verə bilər:

      1. kredit yardımçı xarakter daşıyaraq, müstəsna olaraq nağdsız ödəniş əməliyyatının icrası üçün verilir;

      2. kredit ödəniş əməliyyatının icrası üçün qəbul olunan və ya saxlanılan vəsaitlər hesabına verilməməlidir;

      3. kreditin müddəti altı aydan çox olmamalıdır və bu müddət uzadıla bilməz.

    3. Ödəniş təşkilatı bu Qanunun 13.2-ci maddəsinə uyğun olaraq verdiyi kredit üzrə tələblərini ödəniş xidməti istifadəçisinin ödəniş hesabında olan pul vəsaiti ilə əvəzləşdirə bilər, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın. Ödəniş xidməti təchizatçısı aparılmış əvəzləşdirmə haqqında ödəniş xidməti istifadəçisinə bu Qanunun 22.2-ci maddəsində nəzərdə tutulmuş qaydada növbəti iş günündən gec olmayaraq məlumat verməlidir.

    4. Ödəniş təşkilatı qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növlərini də həyata keçirə bilər.



Maddə 14. Ödəniş hesabı

    1. Ödəniş hesabları ödəniş təşkilatları tərəfindən ödəniş xidməti istifadəçisi olan fiziki şəxslərə açılır. Elekton pul təşkilatları ödəniş hesablarını yalnız elektron pulun emissiyası və istifadəsi üçün fiziki və hüquqi şəxslərə aça bilər.

    2. Ödəniş təşkilatı və elektron pul təşkilatı tərəfindən ödəniş hesablarının açılması zamanı bank hesablarının açılması qaydalarına və hesabların vergi orqanlarında uçota alınmasına dair qanunvericiliyin tələblərinə əməl edilməlidir.

    3. Ödəniş xidməti istifadəçisinin sərəncamı olmadan ödəniş hesabındakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya ödəniş xidməti təchizatçısı ilə ödəniş xidməti istifadəçisi arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.


Maddə 15. Maliyyə hesabatlığı və audit

    1. Ödəniş təşkilatı və elektron pul təşkilatı maliyyə hesabatını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq aparırlar.

    2. Ödəniş təşkilatı, elektron pul təşkilatı, onların filialları, ödəniş agenti həyata keçirdiyi əməliyyatlarla bağlı məlumatların ən azı beş il ərzində saxlanmasını təmin etməlidir.

    3. Ödəniş təşkilatının ödəniş agenti ilə müqaviləsi ləğv edildikdə ödəniş xidmətləri üzrə sənədlər ödəniş təşkilatına təhvil verilməlidir.

    4. Ödəniş təşkilatı ilə filialı və ödəniş agenti arasında hesablaşmaların aparılması, habelə ödəniş təşkilatı ilə ona xidmət göstərən bank arasında hesablaşmaların aparılması qaydaları Mərkəzi Bankın normativ xarakterli aktları ilə tənzimlənir.

    5. Ödəniş təşkilatı və elektron pul təşkilatının maliyyə təsərrüfat fəaliyyəti hər il auditor fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan kənar auditor tərəfindən yoxlanılır.

    6. Yoxlamanı aparan kənar auditor qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələrlə yanaşı, ödəniş xidmətlərinin göstərilməsi sahəsindəçatışmazlıqlar haqqında Mərkəzi Banka məlumat verir.

    7. Ödəniş təşkilatı və elektron pul təşkilatı maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində auditor tərəfindən təsdiqlənmiş konsolidasiya əsasında hazırlanmış maliyyə hesabatını auditor rəyi ilə birlikdə təsisçilərə (iştirakçılara), Mərkəzi Banka, habelə ödəniş xidməti istifadəçilərinin (elektron pul sahiblərinin) tələbi ilə onlara təqdim etməli və kütləvi informasiya vasitələrində dərc etdirməlidir.

    8. Maliyyə vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə ödəniş təşkilatı və elektron pul təşkilatı özünün və konsolidasiya əsasında prudensial və statistik hesabatlarını Mərkəzi Banka təqdim etməlidir. Bu hesabatların forması, məzmunu və təqdim edilməsi qaydaları Mərkəzi Bankın normativ xarakterli aktı ilə müəyyən edilir.

Maddə 16. Ödəniş agenti

    1. Ödəniş təşkilatı Azərbaycan Respublikası ərazisində ödəniş xidmətlərinin göstərilməsi üçün ödəniş agentini cəlb edə bilər.

    2. Ödəniş təşkilatı ödəniş agenti tərəfindən ödəniş xidmətlərinin göstərilməsinə başlanmasından üç iş günü əvvəl bu barədə Mərkəzi Banka yazılı məlumat təqdim edir. Məlumatda aşağıdakılar əks olunur:

      1. ödəniş agentinin adı;

      2. ödəniş agentinin ünvanı;

      3. ödəniş agentinin həyata keçirəcəyi ödəniş xidmətləri.

    3. Ödəniş agenti ödəniş təşkilatının həyata keçirdiyi ödəniş xidmətlərini göstərə bilər.

    4. Ödəniş təşkilatı ilə ödəniş agenti arasında münasibətlər tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir.

    5. Ödəniş təşkilatı ödəniş agenti ilə ödəniş xidmətlərinin göstərilməsi üzrə müqaviləni ləğv etdikdən sonra üç iş günü ərzində bu barədə Mərkəzi Banka yazılı məlumat təqdim etməlidir.

Maddə 17. Filiallar və ödəniş agentləri ilə münasibətlər

    1. Ödəniş təşkilatı və elektron pul təşkilatı öz filiallarının bu Qanunun tələblərinə riayət etməsini təmin edir və onların fəaliyyətinə görə tam məsuliyyət daşıyır.

    2. Ödəniş təşkilatı ödəniş agentinin bu Qanunun tələblərinə riayət edilməsini təmin edir və onun ödəniş xidmətləri göstərməsi üzrə fəaliyyətinə görə tam məsuliyyət daşıyır.

    3. Filial və ödəniş agenti ödəniş xidməti istifadəçilərini müvafiq olaraq ödəniş təşkilatı və ya elektron pul təşkilatı adından çıxış etmələri haqqında məlumatlandırmalıdır.

4-cü Fəsil

Elektron pul

Maddə 18. Elektron pulun emissiyası

    1. Elektron pulun emitenti (bundan sonra emitent) olan aşağıdakı təşkilatlar Azərbaycan Respublikası ərazisində elektron pulun emissiyasını həyata keçirə bilərlər:

      1. bank lisenziyasına malik banklar və xarici bankların yerli filialları;

      2. poçt-maliyyə xidmətlərinin həyata keçirilməsi üzrə lisenziyaya malik hüquqi şəxslər;

      3. elektron pul təşkilatları;

      4. xarici elektron pul təşkilatının yerli filialı.

    2. Emitent qəbul etdiyi pul vəsaiti məbləğində dərhal elektron pul emissiya etməlidir.

    3. Elektron pulun emissiyası məqsədi ilə qəbul edilən pul vəsaiti depozit hesab olunmur və bu vəsaitin saxlanma müddəti ilə bağlı elektron pul sahibinə faiz və ya gəlir formasında hər hansı əlavə vəsait ödənilə bilməz.

    4. Bu Qanunun 18.1.1-ci və 18.1.2-ci maddələrində qeyd olunan təşkilatlar emitent kimi fəaliyyətə başlamazdan ən azı bir ay əvvəl Mərkəzi Bankı bu haqda yazılı formada məlumatlandırmalıdır.

    5. Elektron pul təşkilatı bu Qanunun 3.1.13.1.6-cı maddələrində göstərilən ödəniş xidmətlərini ayrıca lisenziya almadan həyata keçirə bilər. Bu halda ödəniş xidmətlərinin göstərilməsi üzrə ödəniş təşkilatlarına qarşı bu Qanunla müəyyən edilmiş tələblər elektron pul təşkilatına da şamil edilir.

    6. Elektron pul təşkilatı qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növlərini, ödəniş xidmətlərini göstərdiyi halda həmçinin ödəniş təşkilatının bu Qanunun 13.1-ci və 13.2-ci maddələrində nəzərdə tutulmuş fəaliyyət növlərini həyata keçirə bilər.

    7. Elektron pul təşkilatı elektron pulun satışı və elektron pulun qalıq dəyərinin geri ödənilməsi üzrə üçüncü tərəf cəlb edə bilər. Elektron pul təşkilatı ilə üçüncü tərəf arasında münasibətlər tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir. Bu halda elektron pul təşkilatının üçüncü tərəf ilə münasibətlərinə bu Qanunun 17-ci maddəsi şamil olunur.

    8. Emissiya olunan elektron pulun növü, maksimum həcmi və istifadəsi qaydaları Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.

Maddə 19. Emitentlə elektron pul sahibi arasında qarşılıqlı münasibətlər

    1. Emitentlə elektron pul sahibi arasındakı münasibətlər müqavilə ilə tənzimlənir.

    2. Emitent elektron pul sahibi ilə müqavilə bağlamamışdan əvvəl ən azı aşağıdakı məlumatları kağız və ya digər dözümlü daşıyıcıda ona təqdim etməlidir:

      1. emitent haqqında məlumat (adı, hüquqi ünvanı, qeydiyyat nömrəsi);

      2. elektron pulun emissiyası və istifadə qaydaları;

      3. tətbiq olunduqda elektron pulun istifadəsi və qalıq dəyərinin geri ödənilməsi üzrə tutulan haqlar;

      4. elektron pulun qalıq dəyərinin geri qaytarılması qaydaları;

      5. elektron pul sahibinin müraciətlərinin qəbul olunması və onlara baxılması qaydası;

      6. elektron pulun istifadəsinin məhdudlaşdırılması, dayandırılması, habelə ləğv edilməsi halları və qaydası;

      7. elektron pulun istifadəsi üzrə təhlükəsizlik tələbləri;

      8. elektron pulun istifadəsi ilə həyata keçirilən əməliyyatlar və elektron pulun qalıq dəyəri barədə məlumatların elektron pul sahibinə təqdim edilməsi.

    3. Emitent elektron pul üzrə ödəniş əməliyyatının düzgün icra olunmaması və ya elektron pulun itirilməsi, oğurlanması və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadəsi zamanı yaranan itkilərin məbləği həcmində elektron pul sahibi qarşısında öhdəlik daşıyır, bu şərtlə ki, emitent bu itkilərin elektron pul sahibinin qəsdi və ya etinasızlığı nəticəsində yaranmasını sübut edə bilməsin.

    4. Emitent elektron pul sahibinin tələbi ilə elektron pulun qalıq dəyərini dərhal nağd və ya nağdsız formada ödəməlidir.

    5. Emitent elektron pul sahibini məsafədən eyniləşdirmək üçün onu şəxsi eyniləşdirmə kodu (PİN-kod) və ya digər vasitələrlə təmin edir.

    6. Elektron pul sahibi elektron pulla aparılan əməliyyatlar üzrə elektron pulu istifadə etdiyini inkar etdikdə, aşağıdakı hallarda emitentdən həmin pul vəsaitini geri tələb etmək hüququ vardır:

      1. elektron pul fiziki təqdim olunmadıqda;

      2. elektron pulun xüsusiyyətləri fiziki təqdim olunmanın qarşısını aldığı halda şəxsi eyniləşdirmə kodu və ya oxşar digər üsullarla elektron pul sahibinin tanınması mümkün olmadıqda.

Maddə 20. Emitentin hüquq və vəzifələri

    1. Emitent elektron pul sahibinin müraciəti əsasında və ya müqavilə üzrə elektron puldan istifadə qaydaları pozulduqda elektron pulun istifadəsini məhdudlaşdırır və ya dayandırır. Bu halda emitent müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə elektron pul sahibini məlumatlandırmalıdır.

    2. Elektron pulun istifadəsinin məhdudlaşdırılması və ya dayandırılması elektron pul təşkilatının və elektron pul sahibinin həmin ana qədər yaranmış qarşılıqlı öhdəliklərinin icrasını dayandırmır.

    3. Emitent elektron pulun emissiyası və istifadəsi, həyata keçirilən əməliyyatlar, məlumat mübadiləsinin aparılması, müraciətlərin qəbul olunması və onlara baxılması üzrə müvafiq daxili qaydalara malik olmalıdır.



5-ci Fəsil

Ödəniş xidmətlərinin göstərilməsi üzrə

məlumatlandırma
Maddə 21. Ödəniş xidməti istifadəçisinə təqdim olunan məlumatlar

    1. Ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisini aşağıdakı məlumatlarla təmin etməlidir:

      1. ödəniş xidməti təchizatçısının adı və hüquqi ünvanı;

      2. göstərilən ödəniş xidməti;

      3. ödəniş sərəncamının icra edilməsi üçün tələb olunan məlumatlar və ya unikal eyniləşdirici;

      4. bu Qanunun 32-ci və 28-ci maddələrinə müvafiq olaraq ödəniş sərəncamının gerigötürülməzliyi və ödəniş əməliyyatının icrası üzrə avtorizasiyanın verilməsi və geri çağırılması qaydası;

      5. bu Qanunun 30-cu maddəsinə uyğun olaraq ödəniş sərəncamının icraya qəbulu vaxtı, əməliyyat günü və icra müddəti;

      6. tətbiq olunduqda, ödəniş xidmətlərinin göstərilməsi üçün tutulan haqlar;

      7. tətbiq olunduqda, faiz dərəcələri və valyuta mübadiləsi məzənnəsi;

      8. əvvəlcədən müqavilədə razılaşdırılmış istinad olunan faiz dərəcələri və ya valyuta mübadiləsi məzənnəsi üzrə dəyişikliklərin tətbiq edilməsi və bu barədə məlumatlandırma qaydası;

      9. tətbiq olunduqda, tərəflər arasında razılaşdırılmış qaydada məlumatların və müraciətlərin ötürülməsi üzrə ödəniş xidməti istifadəçisinin avadanlıqlarına qarşı texniki tələblər də daxil olmaqla əlaqə vasitələri (əlaqə telefonu, elektron poçt ünvanı və s.);

      10. bu Qanunla müəyyən edilmiş məlumatların təqdim edilməsi qaydası və tezliyi;

      11. ödəniş xidməti istifadəçisinin ödəniş alətinin təhlükəsizliyinin təmin edilməsi üzrə həyata keçirməli olduğu tədbirlər və bu Qanunun 41.0.3-cü maddəsinə uyğun olaraq ödəniş xidməti təchizatçısını hər hansı formada məlumatlandırması qaydası;

      12. ödəniş xidməti təchizatçısının ödəniş xidməti istifadəçisi ilə raşılaşdırdığı halda, bu Qanunun 40-cı maddəsinə əsasən ödəniş alətini bloklaşdırmaq hüququ üzrə şərtlər;

      13. bu Qanunun 29-cu maddəsinə uyğun olaraq ödəniş xidməti istifadəçisinin avtorizə edilməmiş və ya səhv icra edilmiş ödəniş əməliyyatı üzrə ödəniş xidməti təchizatçısını məlumatlandırması qaydası, habelə ödəniş xidməti təchizatçısının avtorizə edilməmiş ödəniş əməliyyatı üzrə öhdəlikləri;

      14. ödəniş xidməti təchizatçısının icra edilməmiş və ya səhv icra edilmiş ödəniş sərəncamı ilə bağlı bu Qanunun 35-ci və 36-cı maddələrində nəzərdə tutulmuş öhdəliyi;

      15. bu Qanunun 37-ci maddəsinə uyğun olaraq ödəniş əməliyyatının məbləğinin geri ödənilməsi;

      16. bu Qanunun 24.1-ci və 25-ci maddələrinə uyğun olaraq müqaviləyə dəyişikliklər edilməsi və ya xitam verilməsi şərtləri;

      17. mübahisələrin həlli qaydası;

      18. bu Qanunun 47-ci maddəsinə uyğun olaraq ödəniş xidməti istifadəçisinin məhkəmədən kənar şikayət vermək hüququ;

      19. ödəniş xidməti təchizatçısının fəaliyyətinə nəzarət edən orqan.


Maddə 22. Ödəniş əməliyyatının icrası üzrə məlumatın verilməsi

    1. Ödəniş xidməti təchizatçısı ödəniş əməliyyatını icra etməzdən əvvəl də aşağıdakı məlumatları ödəniş xidməti istifadəçisinə təqdim etməlidir:

      1. ödəniş sərəncamının icra edilməsi üçün tələb olunan məlumatlar və ya unikal eyniləşdirici;

      2. ödəniş sərəncamının maksimum icra müddəti;

      3. ödəniş xidmətinin göstərilməsi üçün tutulan haqlar;

      4. tətbiq olunduqda, faiz və valyuta mübadiləsi məzənnəsi;

      5. ödəniş xidməti təchizatçısının fəaliyyətinə nəzarət edən orqan.

    2. Ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisinin müraciəti əsasında ödəniş əməliyyatının icrası ilə bağlı məlumatları kağız və ya digər dözümlü daşıyıcıda təqdim etməlidir. Təqdim olunan məlumatlar ödəniş xidməti istifadəçisi üçün asan əldə edilə bilən olmalı, aydın və başa düşülən formada, Azərbaycan Respublikasının dövlət dilində və ya tərəflər arasında razılaşdırıldıqda, hər hansı digər dildə təqdim edilməlidir.


Maddə 23. Ödəniş sərəncamının icrasından sonra məlumatlandırma

Ödəniş xidməti təchizatçısı ödəniş sərəncamını icra etdikdən sonra ödəniş xidməti istifadəçisini bu haqda müqavilədə nəzərdə tutulmuş qaydada və vaxtda məlumatlandırmalıdır. Ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisinin tələbi ilə ona ödəniş sərəncamının icrası haqqında məlumatı dərhal verməlidir.


Maddə 24. Müqavilə şərtlərinə dəyişiklik edilməsi üzrə məlumatlandırma

    1. Müqavilədə nəzərdə tutulan məlumatlara hər hansı dəyişikliklər haqqında ödəniş xidməti təchizatçısı bu dəyişikliklərin tətbiq ediləcəyi tarixdən ən azı bir ay əvvəl bu Qanunun 22.2-ci maddəsində nəzərdə tutulmuş tələblərə əməl etməklə ödəniş xidməti istifadəçisinə bildirməlidir. Bu müddət ərzində ödəniş xidməti istifadəçisi bu dəyişikliklərə qarşı öz etirazını bildirməzsə, bu dəyişikliklər qəbul edilmiş hesab edilir.

    2. Ödəniş xidməti istifadəçisi bu Qanunun 24.1-ci maddəsinə əsasən müqaviləyə təklif edilən dəyişikliklərin qüvvəyə minəcəyi tarixə qədər hər hansı bir haqq ödəmədən müqaviləni dərhal ləğv etmək hüququna malikdir.

    3. Ödəniş xidməti təchizatçısının ödəniş xidməti istifadəçisi ilə bağladığı müqavilədə nəzərdə tutulduğu halda, qarşılıqlı razılaşdırılaraq istinad olunmuş faiz dərəcələrinə və valyuta mübadiləsi məzənnəsinə edilən dəyişikliklər ödəniş xidməti istifadəçisinə bildirilmədən dərhal qüvvəyə minir. Dəyişikliklər müqavilədə istinad edilmiş faiz dərəcələrinə və valyuta mübadiləsi məzənnəsinə əsaslanmalıdır.


Maddə 25. Müqaviləyə xitam verilməsi

    1. Ödəniş xidməti istifadəçisi ilə ödəniş xidməti təchizatçısı arasında müqaviləyə xitam verilməsi üzrə bildirişin verilməsi müddəti tərəflər arasında razılaşdırılmadıqda, ödəniş xidməti istifadəçisi müqaviləyə istənilən vaxt xitam verə bilər. Müqavilədə bildirişin verilməsi müddəti müəyyən edildikdə, bu müddət bir aydan artıq olmamalıdır.

    2. Müqaviləyə xitam verilənədək ödəniş xidməti istifadəçisi istifadə etdiyi ödəniş xidmətlərinə görə xidmət haqlarını ödəməlidir. Əgər bu xidmət haqları avans şəklində ödənilmişdirsə, müqaviləyə xitam verildikdə onlar mütənasib şəkildə ödəniş xidməti istifadəçisinə bir iş günü ərzində geri qaytarılır.

    3. Ödəniş xidməti istifadəçisi ödəniş xidməti təchizatçısı ilə müqaviləni on iki aydan çox olan və ya qeyri-müəyyən müddətə bağladıqda, ödəniş xidməti istifadəçisi on iki aydan sonra heç bir haqq ödəmədən, habelə səbəbi göstərilmədən müqaviləyə xitam verə bilər. Bütün digər hallarda ödəniş xidməti istifadəçisindən tələb olunan məbləğ müqaviləyə xitam verilməsi ilə bağlı ödəniş xidməti təchizatçısının xərclərindən çox olmamalıdır.

    4. Ödəniş xidməti təchizatçısı müqavilədə nəzərdə tutulduğu halda, qeyri-müəyyən müddətə bağlanan müqaviləni ödəniş xidməti istifadəçisini bu Qanunun 22.2-ci maddəsində nəzərdə tutulmuş qaydada bir ay əvvəlcədən məlumatlandıraraq ləğv edə bilər. Bu qayda ödəniş xidməti təchizatçısının ödəniş xidmətlərinin göstərilməsinə xitam verdiyi hallara şamil edilmir.



Maddə 26. Ödəniş alətləri və elektron pul üzrə məlumatın təmin olunmasında istisnalar

  1. Həcmi otuz manatdan çox olmayan bir ödəniş əməliyyatı və özündə yüz əlli manatdan çox olmayan məbləğdə vəsait saxlayan ödəniş aləti olduqda:

      1. bu Qanunun 21-ci və 22-ci maddələri tətbiq olunmadan, ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisinə yalnız ödəniş alətinin əsas xüsusiyyətləri, o cümlədən ödəniş alətinin istifadə edilməsi, məsuliyyətlər, tətbiq olunduqda xidmət haqları barədə məlumatları təqdim etməlidir, həmçinin bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş məlumatlar asan əldə edilə bilən olmalıdır;

      2. tərəflər razılaşa bilərlər ki, ödəniş xidməti təchizatçısından ödəniş xidməti istifadəçisi ilə bağladığı müqaviləyə dəyişiklik edilməsi barədə əvvəlcədən xəbərdarlıq etməsitələb olunmayacaqdır;

      3. tərəflər razılaşa bilərlər ki, bu Qanunun 23-cü maddəsi tətbiq olunmadan ödəniş əməliyyatının icrasından sonra:

        1. ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisini eyni vəsait alanın xeyrinə eyni növdə bir neçə ödəniş əməliyyatı həyata keçirildikdə bu ödəniş əməliyyatlarının ümumi məbləği və xərcləri haqqında məlumatlandırmalıdır;

        2. eyniləşdirilməsi aparılmayan ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş aləti istifadə edildikdə və ya məlumatların təqdim edilməsi texniki cəhətdən mümkün olmadıqda ödəniş xidməti təchizatçısından bu Qanunun 26.0.3.1-ci maddəsində nəzərdə tutulmuş məlumatların təqdim edilməsi tələb olunmayacaqdır.



Maddə 27. Məlumatlandırma üzrə xidmət haqqı

    1. Bu Qanunun 27.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisinin məlumatlandırılmasını ödənişsiz həyata keçirir.

    2. Ödəniş xidməti təchizatçısı və ödəniş xidməti istifadəçisi bağladıqları müqavilədə məlumatların ödəniş xidməti istifadəçisinin müraciəti ilə təqdim olunmasına görə aşağıdakı hallarda xidmət haqqı müəyyən edə bilərlər:

      1. bu Qanunun 21-ci maddəsində nəzərdə tutulanlardan əlavə məlumatların təqdim olunması;

      2. məlumatların müqavilədə müəyyən edilmiş dövrilikdən daha tez-tez təqdim olunması;

      3. ödəniş sərəncamının icrasından imtina haqqında məlumatın təqdim olunması;

      4. məlumatların müqavilədə nəzərdə tutulmayan əlaqə vasitəsilə ötürülməsi.



Yüklə 102,59 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə