105
bağçalarının açılması qarşıya məqsəd kimi qoyuldu. Həmçinin kənd yerlərində uşaq
bağçaları açılması ideyası irəli sürüldü. Bundan əlavə uşaq bağçalarında təlim-tərbiyə
işinin yaxşılaşdırılması və təkmilləşdirilməsi sahəsində məsələlər müzakirə edildi.
Məktəbəqədər tərbiyə müəssisələrində o zamanlar işin səmərə və
keyfiyyətinin yaxşılaşmasında ilk təcrübə üçün nəşr edilmiş kitab və kitabçaların da
böyük rolu olmuşdur. O vaxtlar bu sahədə nəşr edilən kitab və kitabçalara nümunə
üçün “Məktəbəqədər yaşlı uşaqlar üçün nağıllar məcmuəsi”, “Tərbiyə prinsipləri”,
“Uşaq bağçalarını necə təşkil etməli və onun işini aparmaq qaydaları” adlı kitabçaları
göstərmək olar. Bu dövrdə Məktəbəqədər Ali Pedaqoji İnstitutu tələbələrinin
təşəbbüsü ilə buraxılan “Rəhbər” məcmuəsində “Məqsəd və yolumuz”, “Tərbiyə
haqqında atalar sözü”, “Şəkillər üzrə cavab nağılları” və s. adlı məqalələr dərc
olunmuşdu. Məhz bu illərdə və sonrakı dövrlərdə bağça yaşlı uşaqların mənəvi-
əxlaqi, estetik və fiziki tərbiyəsinin formalaşmasında uşaq ədəbiyyatının
yaradıcılarının, ilk növbədə M.Ə.Sabirin, Abbas Səhhətin, Rəşid bəy Əfəndiyevin,
Firudin bəy Köçərlinin, Yusif Vəzir Çəmənzəminlinin, Sultan Məcid Qənizadənin,
Fərhad Ağazadənin, Şaiqin və digər şair və yazıçıların uşaqlar üçün yazdıqları
əsərlərin böyük rolu olmuşdur. Elə bu gün də gənc nəslin tərbiyəsi işində bu
unudulmaz şəxsiyyətlərin əsərləri müəllim və tərbiyəçilərin stolüstü kitablarındandır.
Bütün bunların nəticəsidir ki, o zamanlar uşaq bağçalarının və burada tərbiyə alan
uşaqların sayı ildən-ilə artmaqda davam etmişdi.
Azərbaycanda məktəbəqədər tərbiyə müəssisələri tarixinin tanınmış
tədqiqatçısı Əfşan Qədimbəyovanın apardığı tədqiqatlar göstərir ki, əgər 1924-1925-
ci dərs ilində respublikada fəaliyyət göstərən 19 uşaq bağçasında 1096 nəfər uşaq
tərbiyə alırdısa, 1930-1931-ci dərs ilində uşaq bağçalarının ümumi sayı artaraq 463
olmuş, burada tərbiyə alanların sayı isə artaraq 135,043-ə çatmışdı (33, səh.12).
Bu illərdə uşaq bağçalarında aparılan tərbiyənin qarşısında; uşaq kollektivinin təşkili
və onun tərbiyədə rolu, uşaqların təşkilatçılıq qabiliyyətini inkişaf etdirilmək, təbiətlə
tanışlıq, yoldaşlıq, dostluq və s. keyfiyyətlərin aşılanması kimi vəzifələr qoyulmuşdu.
1926-cı ildə Dövlət Elmi Şurası “Uşaq bağçaları üçün Nizamnamə” təsdiq
etdi (22, səh.70). Nizamnamənin birinci bölməsində məqsəd və vəzifələrdən,
məktəbəqədər yaşlı uşaqlarla aparılan işin məzmunundan, ictimai tərbiyənin
106
məqsədindən, uşaq bağçalarında işlərin ana dilində aparılmasından və qəbul
qaydalarından bəhs edilirdi. Daha sonra bu bölmədə uşaq bağçalarına yetimlərin,
anası işdə olan uşaqların, qızıl əsgər və yoxsul kəndli uşaqlarının birinci növbədə
qəbul komissiyaları vasitəsi ilə qəbul edilməsi xüsusi qeyd edilirdi.
O vaxtlar məktəbəqədər tərbiyə müəssisələrinin idarə edilməsində bu
nizamnamənin böyük əhəmiyyəti olmuşdu. Belə ki, nizamnamədə uşaq fəaliyyətinin
bir çox cəhətləri öz əksini tapmışdı. Məsələn, nizamnamənin uşaq bağçalarının daxili
işlərinin təşkilinə həsr edilmiş bölməsində uşaq bağçasının iş müddəti, bağçada
uşaqların qidalanması, bir bağçada tərbiyə ala bilən uşaqların minimum və
maksimum miqdarı, bağçada məsul şəxs olan müdirin, tərbiyəçinin vəzifələri ətraflı
şərh olunurdu.
Nizamnamənin başqa bir bölməsində uşaq bağçası kollektivinin işindən bəhs
edilərkən göstərilirdi ki, uşaq bağçasının bütün pedaqoji işçiləri müdir və kollektivin
birgə fəaliyyəti ilə idarə olunur. Kollektiv müəssisənin ümumi planını və hesabatını
nəzərdən keçirir, həmçinin pedaqoji məsələləri müzakirə edir. bu bölmədə daha sonra
uşaq bağçasının həyat fəaliyyəti ilə əlaqədar və məktəbəqədər tərbiyə məsələləri üzrə
ayda bir dəfədən gec olmayaraq valideynlərlə birlikdə iclas çağırmaq lazım bilinirdi.
“Uşaq bağçasının şurası” adlanan bölmədə şura üzvlərinin miqdarı, tərkibi,
onun çağırılması vaxtı, həll edəcəyi məsələlər çox yığcam göstərilirdi.
Göstərilən nizamnamənin qəbulundan sonra, 1932-ci ildə uşaq bağçaları üçün
ilk proqram hazırlandı. Bu proqramda uşaq bağçası və körpələr evinin məktəblə
əlaqəsi, uşaqların beynəlmiləl tərbiyəsi, əməyə məhəbbət və s. məsələlər öz əksini
tapmışdı. Bununla belə təlim-tərbiyə işlərində uşaqların yaş xüsusiyyətləri, ətraf
aləmlə tanışlığın uşaqların əqli, əxlaqi və fiziki tərbiyəsində rolu nəzərə alınırdı.
1934-cü ildə RSFSR Maarif Komissarlığı uşaq bağçaları üçün yeni proqram
təsdiq etdi. O vaxtlar onun bəzi mühüm bölmələri Azərbaycan dilinə tərcümə edildi
və məktəbəqədər tərbiyə müəssisələrinə çatdırıldı. Lakin 1936-cı ildə ÜİKBP MK-
nın pedalogiya ilə bağlı məlum qərarından sonra proqramın tətbiqi dayandırıldı və
yeni proqramın hazırlanması məsələsi qarşıya qoyuldu. Yeni proqram məktəbəqədər
müəssisələrdə pedalogiyanın təsirini aradan qaldırmalı və uşaqların tərbiyəsində
mühüm sənəd olmalı idi. Bütün bunlar onunla nəticələndi ki, 1938-ci ildə “Uşaq
107
bağçasının tərbiyəçisi üçün rəhbərlik” adlanan yeni proqram nəşr olunaraq ölkənin
hər yerində olduğu kimi Azərbaycanda da istifadə edildi.
Məktəbəqədər təhsil vahid təhsil sisteminin pilləsi olmaqla uşaqların
intellektual, fiziki və psixoloji inkişafında, onların şəxsiyyətinin formalaşmasında və
məktəbə hazırlanmasında xüsusi əhəmiyyətə malikdir.
Təsadüfi deyil ki, “Təhsil Haqqında Qanun”da göstərilir: “Məktəbəqədər
təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq,
uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək
vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətlərinin üzə çıxarılmasını,
sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas
münasibətinin formalaşmasını təmin edir” (69, səh.26). (Maddə 18.1).
Azərbaycanda məktəbəqədər təhsilin inkişafı tarixini daha dərindən öyrənmək
məqsədi ilə bu problemin pedaqoji ədəbiyyatda – dərs vəsaitlərində və ya problemlə
bağlı müxtəlif səviyyələrdə yazılmış kitab və məqalələrdə irəli sürülmüş
müddəaların, fikirlərin sərf-nəzər edilməsi lazımdır.
Əvvəlcə qeyd edilməlidir ki, tarixən “Məktəbəqədər pedaqogika” ifadəsinə
mövcud “Pedaqogika” adlı dərslik və dərs vəsaitlərində müxtəlif mövqedən, müxtəlif
baxımdan yanaşılmışdır. Müəlliflərin bir qismi məktəbəqədər pedaqogika deyəndə
yalnız uşaq bağçalarında həyata keçirilən tərbiyə işlərini nəzərdə tutursa, bir qismi
həmin müəssisədə həyata keçirilən həm tərbiyə, həm də təlim işlərini nəzərdə tutur.
Müəlliflərin bir qismi isə məktəbəqədər pedaqogika deyəndə həm ailədə, həm də
uşaq bağçalarında həyata keçirilən pedaqoji işin məzmununu göz önünə gətirirlər.
Hazırda istifadədə olan və keçmişlərdə yazılmış “Məktəbəqədər pedaqogika” adlı
dərs vəsaitlərində isə haqqında danışılan məsələyə yanaşmalarda da müxtəliflik
vardır. Birincisi, ona görə ki, 1990-cı illərin sonuna qədər respublikamızda
“Məktəbəqədər pedaqogika” adı altında heç bir dərslik və dərs vəsaiti çap olunmadığı
üçün bu ifadəyə münasibət bildirən mütəxəssislərin demək olar ki, hamısı keçmiş
SSRİ məkanında çap olunmuş ədəbiyyata istinad etmişlər. Ikincisi, respublikamızda
hazırlanan “Uşaq bağçasında hazırlanan tərbiyə proqramı”, “Uşaq bağçasında tərbiyə
və təlim proqramı” adı altında çap edilmiş ədəbiyyatın heç birində məktəbəqədər
pedaqogika ifadəsi işlədilmir və məsələyə məktəbəqədər pedaqogika sferasından
Dostları ilə paylaş: |