114
yollarının müəyyənləşdirilməsinə hansı mövqelərdən yanağırıqsa-yanaşaq, insanın
özü, onun siyasi və intellektli siması, ustalığı, vətənpərvərliyi və beynəlmiləlçiliyi,
yaradıcılıq qabiliyyəti, vətəndaşlıq mövqeyi və fəallığı həmişə həlledici amil
olacaqdır.
Məhz buna görə cəmiyyətimiz əsaslı iqtisadi islahat, bütövlükdə ictimai
həyatın demokratikləşdirlməsi ilə yanaşı böyüməkdə olan nəslin təlim-tərbiyəsinin
kökündən yaxşılaşdırılmasını mühüm vəzifə kimi qarşıya qoymuşdur.
Xalq maarifi sisteminin ilkin həlqəsi olan məktəbəqədər müəssisə uşağın
tərbiyə edilməsində ailəyə yaxından köməklik göstərir, şəxsiyyətin formalaşmasının
əsasını qoyur, onların məktəbə hazırlaşmasını həyata keçirir. Tibb işçilərinin,
psixoloq və pedaqoqların tədqiqatları göstərir ki, məktəbəqədər yaş dövrü intensiv
psixi və fiziki inkişaf dövrüdür. Məhz bu yaş dövründə tərbiyə və əlverişli şərait
yaradıldıqda uşaqda əqli qabiliyyət inkişaf edir, xarakterin ilkin əlamətləri təşəkkül
tapır, əxlaqi keyfiyyətlər formalaşır. Lakin bəzi xalq maarifi orqanları, müəllim və
valideynlər hələ də məktəbəqədər yaş dövrünü düzgün qiymətləndirə bilmirlər.
Onlara gələcəyin vətəndaşı kimi deyil, qayğısız uşaqlar kimi münasibət bəsləyirlər.
Uşaq bağçalarında orqanizmin möhkəmləndirilməsi, sağlamlıq məsələləri ilə yanaşı
uşaqlarda ictimai-faydalı əmək vərdişləri yaradılmalı, doğma torpağa məhəbbət,
vətəndaşlıq hissi, əxlaqi davranışın əsasları qoyulmalı, eyni zamanda, onların ümumi
inkişafına fikir verilməli, məktəbə hazırlanmalarına diqqət yetirilməlidir. Bütün
bunlar isə təlim və tərbiyənin müxtəlif sahələrini əhatə edən elmi tövsiyələr, əlavə
metodik və bədii ədəbiyyat yaradılmasını tələb edir.
Eyni zamanda, ictimaiyyətin, valideynlərin fiziki, əxlaqi və əmək tərbiyəsi ilə
bağlı təklifləri nəzərdən qaçırılmamalı, əksinə onlar praktikada tətbiq olunmalıdır.
Məktəbəqədər tərbiyə işində yeni tipli tərbiyəçilər əsas simadırlar.
Məktəbəqədər müəssisələrə hər il gənc mütəxəssislər gəlirlər. Bəs məktəb islahatının
həyata keçirildiyi müasir dövrdə onların hazırlığı nə səviyyədədir? Onların pedaqoji-
psixoloji hazırlığı, yaradıcı təfəkkürü necədir? Təlim-tərbiyə işini demokratik
əsaslarda qura bilirlərmi? Valideynlərlə münasibət yarada bilirlərmi, uşaqları
sevirlərmi, əməksevərliyi və nümunəvi davranışı ilə nümunə olmağa hazırdırlarmı?
Bu və bu kimi suallar pedaqoji institut və texnikumlarda işləyən hər bir kəsi
115
dərindən düşündürməlidir. Cəmiyyət tərbiyəçilərə ən qiymətli şeyi – ölkənin gələcəyi
olan uşaqları etibar etmişdir. Bu isə pedaqoji institut və məktəblərin məktəbəqədər
şöbələrində təlim-tərbiyə prosesinin yenidən qurulmasını tələb edir. Sirr deyil ki, bu
məzunların çoxu hələ də pedaqoji-psixoloji bilikləri təcrübədə tətbiq edə bilmir.
Vahid fasiləsiz pedaqoji təhsil sisteminə tərbiyəçilər hazırlanması da daxildir.
Tədris müəssisələri, metodik kabinetlər gələcək müəllim və tərbiyəçilərin inkişafına,
yenilik axtarmaq hissinə, işdə proqressiv metodlara yiyələnmələrinə, hər bir uşağa
hörmət və qayğı göstərə, onlara şəxsiyyət kimi yanaşa bilmələrinə, bu zəmində təlim-
tərbiyə prosesini təkmilləşdirə bilmək bacarıqlarına diqqət yetirməlidirlər. Bir çox
məktəbəqədər müəssisə işçilərində məhz bu keyfiyyətlər çatışmadığından onlar öz
işlərini yenidən qura, hər bir uşağın hərtərəfli inkişafı vəzifəsinin öhdəsindən gələ
bilmirlər.
Bu gün biz məktəbəqədər yaşlı uşaqların mənəvi tərbiyəsinin
təkmilləşdirilməsi barədə danışmaya bilmərik. Hər bir uşağın mənəvi inkişafına
qayğı, vətənpərvərlik, beynəlmiləlçilik tərbiyəsi valideyn və müəllimlərin diqqət
mərkəzində olmalıdır. Vətənpərvərlik tərbiyəsi isə yeni metod, yeni yanaşma tələb
edir. Bu gün hələ heç də hamı uşaqların mənəvi tərbiyəsinə kifayət qədər fikir vermir,
hələ də burada formalizm, sözçülük hökm sürür.
Bizlərdən hər birimiz yaxşı bilirik ki, əmək olmadan, əməkdənkənar tərbiyə
də ola bilməz. Məktəbəqədər müəssisələrdə əmək fəaliyyəti ilk növbədə uşaqların
ümumi inkişafının yaxşılaşdırılmasına, maraqlarının genişlənməsinə, əməksevərlik,
məsuliyyət, borc, yaşlıların əməyinə hörmət hissinin formalaşmasına xidmət edir.
Uşaq müxtəlif növ tapşırıqları yerinə yetirməklə yalnız sadə hərəkətləri öyrənmir,
eyni zamanda öyrənir ki, yaxşı nədir, pis nədir, öz istəyini ümuminin, kollektivin
mənafeyinə uyğunlaşdıra bilir, davranış qaydalarını mənimsəyir. Bu isə mənəvi
tərbiyənin əsasının təşkilində, müxtəlif uşaq fəaliyyətində: məişət, əmək, oyun, təlim
prosesində öz əksini tapır.
Uşağın ümumi inkişafında gözəlliyə məhəbbət, daxili aləminin zənginləşməsi,
təxəyyülün inkişafı xüsusi əhəmiyyət kəsb edir. Burada müəllimin başlıca vəzifəsi
uşaqlarda vaxtında estetik hissi, bədii qavrayışı, incəsənət və musiqi əsərlərini, ətraf
aləmin gözəlliyini dərk etməyi inkişaf etdirməkdən ibarətdir. Bu zaman yaxşı olar ki,
116
tərbiyəçi uşaqların müstəqil, yaradıcı bədii fəaliyyətinə köməklik göstərsin. Bu isə
uşaq qəlbinin dərk edilməsinin ən qısa yoludur.
Məktəbəqədər müəssisələrin müəllimləri təlimə xüsusi fikir verirlər, lakin
burada da görüləsi işlər çoxdur. Təlim fəaliyyətinin təşkili forması, istifadə edilən
metod və üsullar çox zaman məktəb təliminin praktikaya mexaniki şəkildə
köçürülməsi xarakteri daşıyır. Şagirdin yaşından asılı olaraq differensial metod və
üsullardan az istifadə edilir.
Bir qayda olaraq tərbiyəçilər elə hesab edirlər ki, əsas məqsəd uşaqlara bilik
verməkdir. Bilikləri mənimsətmək, uşaqların qabiliyyətlərini inkişaf etdirmək isə
sanki onların işi deyildir. Nəticədə uşaqlar evdə qalmaq istəyirlər.
Əgər biz bütün məktəbəqədər müəssisələrin təlim-tərbiyə işinin səviyyəsini
lazımi səviyyəyə çatdıra bilsək, onda uşaqların məktəbdə müvəffəqiyyətlə oxumaları
üçün yaxşı baza yaratmış olarıq.
Xoşbəxt uşaqlığın əsası olan fiziki inkişaf əqli, mənəvi və estetik tərbiyə üçün
əsas zəmindir. Buna isə yalnız bir sıra kompleks tədbirlərin: sanitar-gigiyenik
şəraitin, yeməyin yaxşılaşdırılması, orqanizmin möhkəmlənməsi, bədən tərbiyəsi
məşğələləri, səhər gimnastikası, gün ərzində uşaqların hərəkət aktivliyini artıran
tədbirlərin həyata keçirilməsi nəticəsində nail olmaq mümkündür.
Məktəbəqədər müəssisələrdə indi də rast gəldiyimiz tələblərin pozulması
nəticəsində bir çox uşaq fiziki cəhətdən qüsurlu inkişaf edir, xəstəliklərin qarşısı zəif
alınır. Hələ də uşaqların fiziki tərbiyəsi və sağlamlığının möhkəmlənməsi sahəsində
əldə olunmuş təcrübədən pis istifadə olunur.
Kiçik vətəndaşların inkişafı və tərbiyəsi işində ailə müəllimlərin yaxın
köməkçisi olmalıdır. Bununla yanaşı, hələ də bir sıra məktəbəqədər müəssisələrin
tərbiyəçiləri valideynlərlə iş apararkən optimal təsir metodlarından istifadə edə
bilmir. Nəsihət verməyə, öyrətməyə səy göstərirlər. Hər bir məktəbəqədər müəssisədə
müəllim və valideynlərin əməkdaşlığını təmin etmək, qabaqcıl ailə tərbiyəsinin
roluna diqqət yetirmək lazımdır.
Gələcəyə nəzər salarkən bu günü də yaddan çıxarmaq olmaz. Tərbiyəçinin
gündəlik qəyyumluqdan azad edilməsi, ona müstəqillik verilməsi heç də onun öz
tərəddüd və həyəcanları, axtarışları ilə tək qalması demək deyildir. Təhsil işçiləri
Dostları ilə paylaş: |