bilməzdi. Lakin o, belə hərəkət etmədi. O, Filadelfiyanın istehsalına görə dünyada
birinci yeri tutduğu malları sadalamaq üçün dayandı. Bu, yun, dəri məmulatları,
trikotaj, tekstil malları, fetr şlyapalar, dəmir məmulatları, dəzgahlar,
akkumulyatorlar, polad gəmilərdir.
Bu, təbliğata o qədər də oxşamır, doğru deyilmi?
Filadelfiya “hər iki saatda – gündüz və gecə – bir parovoz buraxır və bizim
qüdrətli ölkəmizin əhalisinin yarısı Filadelfiya şəhərində istehsal edilmiş
tramvaylarda gəzir”.
“Mən isə bunu heç bilmirdim, – deyə dinləyici fikirləşəcək. – Bəlkə elə mən
özüm də bu gün bu tramvaylardan birində getmişəm. Sabah gərək baxım və
öyrənim ki, mənim şəhərim tramvayları haradan alır”.
“Dəqiqədə min ədəd siqar, – deyə natiq davam edir, – ... ölkəmizin hər bir
kişisi, qadını və uşağı üçün iki cüt corab məmulatı...”.
Bu daha böyük təəssürat yaradır. “Bəlkə mənim sevdiyim siqaretlər də
Filadelfiyada hazırlanır... geyindiyim corablar da?..”
Bəs natiq indi nə edir? Bir qədər əvvəl toxunduğu məsələyə, Filadelfiyanın
ölçüləri ilə bağlı suala qayıdır və yaddan çıxardığı faktları göstərir?
Heç də yox. O, bir mövzu haqqında onu tam yekunlaşdırana qədər danışır və
natiqə həmin məsələyə bir daha qayıtmaq gərək deyildir. Buna görə biz sizə
minnətdarıq, cənab natiq. Əks-təqdirdə, əgər məruzəçi bir sualdan başqasına
sıçrayır və sonra yenə geri qayıdırsa, əgər natiq yarasa kimi ala-toranlıqda ora-
bura vurnuxursa, onda dinləyici başını itirir, onun beynində tam qarmaqarışıqlıq
yaranır. Lakin natiqlərin bir çoxu məhz elə bu qaydada da danışır. Məsələləri 1, 2,
3, 4, 5 nizamında işıqlandırmaq əvəzinə, onlar futbol komandasının 27, 34, 19, 2
nömrələrini qışqıran kapitanı kimi hərəkət edirlər. Yox, bundan da pis. Onlarda
düzülüş bax belə olur: 27, 34, 27, 19, 2, 34, 19.
Bizim natiq ona ayrılmış vaxta sığışaraq düz yolla gedir, haqqında danışdığı
parovozlardan biri kimi ləngimir, geri qayıtmır, nə sağa, nə də sola sapır.
Lakin budur, o, öz nitqinin ən zəif yerinə yetişir: “Filadelfiya, – deyə o bildirir,
– bizim ölkəmizdə ən iri tibb, incəsənət və təhsil mərkəzlərindən biridir”. O, bunu
yalnız deklarasiya edir və dərhal da tələsik qaydada nə isə başqa məsələyə keçir.
Bu faktı canlandırmağa, onu rəngarəng etməyə, yaddaşda möhkəmləndirməyə
vur-tut on iki söz ayrılıb. Cəmi on iki sözün hamısı altmış beş hərfdən ibarət olan
bircə cümlədə it-bat olub. Bu yaramır, sözsüz ki, yaramır.
İnsan beyni polad tələ kimi işləmir. Natiq bu məsələyə o qədər az vaxt həsr
edib, o qədər ümumi, qeyri-müəyyən danışıb ki, bununla özünün də bunda az
maraqlı olduğunu büruzə verib və dinləyicidə yaradılan təəssürat, demək olar,
sıfıra bərabərdir. Bəs gərək o nə edəydi? O lap indicə Filadelfiyanın dünyanın
emalatxanası olduğunu göstərərək istifadə etdiyi elə həmin metodu tətbiq
etməklə bu mövzunu inkişaf etdirməli olduğunu başa düşürdü. O, bunu bilirdi.
Lakin o, bunu da bilirdi ki, xronometr işə salınıb, onun sərəncamında beş dəqiqə
var və vaxt bir saniyə də çox deyildir. Buna görə də onun ya bu məsələni, ya da
başqa birini yayğın göstərməkdən başqa çarəsi yox idi.
Filadelfiyada “dünyanın istənilən başqa şəhərindən çox şəxsi yaşayış evi
vardır”. Natiq bu bəyanatının təəssürat yaratmasına, inandırıcı olmasına necə
nail oldu? Birincisi, o, ədəd göstərdi: 397 000.
downloaded from KitabYurdu.org
İkincisi, o, bu ədədə əyanilik verdi: “Əgər həmin evləri iyirmi beş futluq
sahədə bir sıraya düzsək, onda bu sıra Filadelfiyadan başlayıb, Kanzas-Sitidə indi
biz olduğumuz qurultaylar zalından keçərək Denverə qədər, yəni 1881 mil
məsafəyə uzanardı”.
Dinləyicilər onun dediyi ədədi, çox güman, o hələ cümləni bitirməyə macal
tapmamış unutmuşdular. Lakin onlar canlandırılan mənzərəni də unutdular? Bu,
demək olar ki, qeyri-mümkündür.
Soyuq, maddi faktlarla bağlı toxunacağımız bax bunlardır. Lakin gözəl nitq
bunların üzərində çiçəklənmir. Bu natiq ruh yüksəkliyi yaratmaq, qəlblərə
toxunmaq, hissləri alovlandırmağa can atırdı. Və budur, yekunda o, emosiyaları
meydana çıxaran məsələlərə keçir. O, bu evlərə malik olmağın şəhərin sakinləri
üçün nə demək olduğu barədə danışır. O, Filadelfiyanı “azadlığın əsl mənbəyi”
kimi vəsf edir. Azadlıq! Sehrli hisslərlə dolu sözdür, milyonlarla adamın uğrunda
həyatını qurban verdiyi sözdür. Bu cümlə öz-özlüyündə yaxşıdır, lakin natiq onu
dinləyicilərin qəlbləri üçün qiymətli, müqəddəs olan konkret tarixi hadisələrə və
sənədlərə istinad etməklə möhkəmləndirəndə o, min dəfə yaxşı olur...
“Bu, birinci Amerika bayrağının hazırlandığı şəhərdir; bu, Birləşmiş Ştatların
birinci konqresinin iclas keçirdiyi şəhərdir; bu, Müstəqillik Deklarasiyasının
imzalandığı şəhərdir... Azadlıq Zənginin... ilhamlandırdığı... biz... amerikalı
ruhunun bərqərar edilməsindən və yanan azadlıq məşəlini qoruyub
saxlamaqdan ibarət olan missiyanı yerinə yetiririk ki, Vaşinqtonun, Linkolnun və
Teodor Ruzveltin hökuməti Yaradanın izni ilə bütün bəşəriyyət naminə
ilhamlanmış olsun”. Bu, nitqin əsl kulminasiyasıdır.
Dediklərimiz nitqin quruluşu ilə bağlıdır. Lakin kompozisiya nöqteyi-
nəzərindən nitq nə qədər yaxşı olsa da, o, yenə də uğursuz ola, asanlıqla heç bir
təəssürat yaratmaya bilərdi; əgər o, biganəliklə, ilhamsız, süstcəsinə
səsləndirilmiş olsaydı. Ancaq natiq onu necə qurmuşdusa, o cür də səsləndirdi –
hisslərlə dolu, dərin səmimilikdən doğan ruh yüksəkliyi ilə. Bu nitqin birinci
mükafatı aldığına və onun Çikaqo Kuboku ilə təltif olunduğuna heyrətlənmək
lazım gəlmir.
Doktor Konuell öz nitqlərini necə qururdu
Artıq dediyim kimi, nitqin ən yaxşı quruluşu məsələsini həll edə biləcək
səhvsiz qaydalar mövcud deyildir. Nitqlərin hamısı və ya onların əksəriyyəti
üçün yararlı olan çertyojlar, sxemlər, yaxud reseptlər yoxdur. Amma biz bəzi
hallarda tətbiq edilə biləcək bir neçə çıxış planı göstəririk. Mərhum doktor,
məşhur “Akrlarla almaz” kitabının müəllifi Rassel H.Konuell bir dəfə mənə dedi
ki, o, ictimaiyyət qarşısında etdiyi saysız-hesabsız çıxışlarının çoxunu aşağıdakı
prinsip üzrə qurur:
1. Faktların göstərilməsi.
2. Bunlardan irəli gələn mülahizələrin deyilməsi.
3. Hərəkətə çağırış.
Çoxları belə bir planın da kifayət qədər məqsədəmüvafiq və ilhamverici
olduğunu hesab edir:
1. Nə isə pis bir şeyi nümayiş etdirmək.
2. Həmin pisi necə düzəltmək gərək olduğunu göstərmək.
3. Əməkdaşlıq barədə xahiş etmək.
downloaded from KitabYurdu.org