______________________________________________________ Poetika.izm
194
olmasa da, qəzəllərinin birində bu bədii fiqura rast gəlirik.
Aşüftə görüb halımı biganələr ağlar,
Yanmaxlığıma şəm’ ilə pərvanələr ağlar.
Ağlar mənə Fərhad məzarində bitən gül,
Bu rəsmdi divanəyə divanələr ağlar [8, V. 16
б
].
Həqiqətən də, “ağlar” sözünün həm birinci beytin sonunda, həm də
ikinci beytin əvvəlində işlənməsi şeirin ahəngini gözəlləşdirməklə yanaşı
fikri daha qüvvətli, ifadəli verməyə, eşq oduna yanan aşiq-şairin əhvalının
daha canlı və inandırıcı təsvirinə imkan yaratmışdır. İkinci beytdə daha
bir sözün – “divanə” sözünün də təkrar olunması yenə eyni məqsədə
xidmət etmiş və – aşiqlərin halını yalnız bu bəlaya mübtəla olanlar bilər –
fikrinin daha obrazlı və emosional ifadəsinə səbəb olmuşdur.
Tiği bidad çəküb bağrım dəldinsə, yetər,
Bəni divanə qılub halıma güldünsə, yetər...
Gəl, gəl insafə, əzizim, bir usan, bəsdir, bəs! [9, V. 36
б
]
Eyni sözlərin ardıcıl, yaxud yerlərini dəyişməklə təkrarı və s. ilə
yaradılan təkrirlər də maraq doğurur və ən əsası isə hər biri yerində,
məqamında işləndiyindən şeirə ağırlıq gətirmir, əksinə, onun daha axıcı,
lakonik və bədii ifadəsini təmin edir.
Bizdən-sizə hər dəm əmanət, hər dəm duayi-xeyr,
Sizdən-bizə münacati-güfran əmanəti [4, V. 73
a
].
Şairin yaratdığı təkrirlər içərisində diqqəti cəlb edən məqamlardan
biri də təqlidi sözlərin təkrarıdır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki,
Məhcurun şeirlərinə xüsusi musiqi ahəngi verən, axıcılığını təmin edən
vasitələrdən biri də şairin tez-tez istifadə etdiyi təqlidi sözlərdir.
Gülşəni-hüsnünə qurban olayım, bulsam rəh,
Edərəm müxlisi-şeyda kimi yüz cəh-cəhü cəh!
Çoxu naz etmə, əfəndim, bana lütf et gəh-gəh!
Barəkallah, gözəlim, bəs gözəl isən pəh! Pəh!
Bu nə ləbdir, bu nə ağız, bu nə xətdir, bu nə xal! [2, s. 372]
Poeziyanın ən spesifik və maraqlı xüsusiyyətlərindən biri budur ki,
hər hansı bir poetik fiquru əlahiddə götürülmüş şəkildə, ayrıca işlətmək
olmur. Bir bədii kateqoriya həmişə digərini tamamlayır, onunla vəhdətdə
və əlaqədə işlənərək əsərin bədii dəyərini daha da artırmış olur. Eyni
vəziyyət bədii ifadə vasitələrinin qarşılıqlı əlaqəsində də özünü göstərir.
______________________________________________________ Poetika.izm
195
Sözlərin poetik təkrarından yaranan bədii təkrirlər və təqlidi sözlər bütün
hissi-emosional funksiyaları ilə yanaşı, şeirin musiqiliyinə də xüsusi təsir
göstərmiş və klassik poetikada “
touzi (alliterasiya) adlanan mövzu bir
səsləniş, axıcı bir ahənglə də nəticələnmişdir” [10, s. 437].
Yandı canım, ey əzizim, namdar, əylənmə, gəl! (N)
Qoymadı hicrin qəmi məndə qərar, əylənmə, gəl! (Q, M,) [2, s. 364]
Göründüyü kimi, beytdə
n, q, m samitlərinin bir-birini izləməsi
şeirə xüsusi ahəng və musiqilik vermişdir.
Alliterasiyanın bədii təkrirlə bağlılığını tədqiqatçıların əksəriyyəti
qeyd etmişlər. Bu barədə M.Adilovun tədqiqatları xüsusilə diqqətəlayiq-
dir. Alim – “klassik poeziyada alliterasiya ümumiyyətlə klassik poetik
təkrarlar ilə sıx bağlıdır” [11, s. 217] – qənaətini klassik poeziya nüma-
yəndələrinin əsərlərinə istinadən əsaslandırır. Lakin fərq burasındadır ki,
təkrirdə sözlərin, touzidə isə səslərin təkrarlanması müşahidə olunur.
Bəzən isə hətta alliterasiyanı məhz “...təbiətdəki səslərin təqlidi yolu ilə
təsvir olunan əşya və ya hadisənin avazını yaratmaq üçün ayrılıqda bir
sözdə, yaxud şeirin misralarında, nəsrin cümlələrində eyni səslərin təkrar
edilməsi” [12, s. 2] kimi də izah edirlər. Zənnimizcə, bu fikirlər bir-birini
inkar etmir və hər ikisi həqiqətə uyğundur.
Klassik nəzəriyyədə şeirin musiqili ahənginə, axıcı və lakonik
olmasına xüsusi əhəmiyyət verilmişdir. Şərq ədəbiyyatının qiymətli inci-
lərindən olan “Qabusnamə”də bu haqda yazılır: “Vəzn seçib, qafiyə
tapmaqla kifayətlənmə, sənətkarlığı və ahəngdarlığı olmayan şeir demə,
bayağı sözlər xoşa gəlməz. Şeirdə sənət və məharət, ahəngdarlıq və
musiqilik lazımdır ki, xalqa xoş gəlsin” [13, s. 145].
Gəlmədi bağ içrə güli-gülşənim, (G)
Neylim, cayi-qürbət olmuş məskənim, (M)
Məhcuram, əyməzdim şaha gərdənim, (M)
Qaldım boynu əyri, sultan gəlməyir [2, s. 365].
Bir məsələni də qeyd etmək lazımdır ki, türkdilli xalqların şeir
yaradıcılığında qədim ənənəyə malik olan alliterasiya əruzun təsiri ilə öz
əhəmiyyətini nisbətən itirsə də, bu günə qədər diqqətçəkən bədii kate-
qoriya olaraq qalır. Çünki M.Arifin də qeyd etdiyi kimi, “şeirdə məna,
fikir birinci yeri tutur, ancaq məsələ orasındadır ki, hər zaman yaxşı
şeirlərdə olduğu kimi, zahiri cəhət, forma, musiqi fikirdən daha tez təsir
edir. O, güllə kimi açılır, biz əvvəlcə onun səsini eşidir, sonra isə hansı
hədəfə və necə dəydiyini görürük” [14, s. 57].
Qaşların qövsi-qüzeh, qəmzələrin tiri-şəhab... (Q)
______________________________________________________ Poetika.izm
196
Xəmi-əbru ilə yıxdın evim, ey xanə xərab, (X)
Bu nə qəddü, bu nə qamət, bu nə gözdür, bu nə qaş?! (B, N, Q) [2, s. 366]
Alimin dediklərində böyük həqiqət var. Elə götürək yuxarıdakı
parçanı. Doğrudan da oxucunu onun məna-məzmunundan daha öncə səs-
ləniş, tələffüz ahəngi cəlb edir. Təbii ki, səslərin bu cür bir-birini izləməsi
sövq-təbii, təsadüfən baş verməmişdir. Klassik poetikanın bədii fiqurları-
nın sirlərinə yaxşı bələd olan Məhcur şeirinin ləfzi gözəlliklərini artırmaq
üçün touzidən məqsədli şəkildə istifadə etmişdir və bunu şairin demək
olar ki, bütün şeirlərində görmək mümkündür.
...Qamətin nazü nəzakətdir, əya tazə nihal, (N)
Mən çəkim yayını, çəkməz ola kim Rüstəmi-Zal... (M) [2, s. 367]
Bu misalların sayını istənilən qədər artırmaq da olar. Ancaq, zənni-
mizcə, elə bu nümunələr də şairin touzi sənətindən məharətlə istifadə
etdiyini kifayət qədər aydın göstərir.
Klassik poetikanın ən maraqlı və çox geniş yayılmış fiqurlarından
biri də
irsəlül-
məsəl və ya
təmsildir. M.Quliyeva bu bədii kateqoriya haq-
qında yazır: “...burada müəyyən bir cümlə və ya ifadə zərbül-məsəl və
yaxud hikmətamiz söz şəklində verilir. Bu poetik vasitə sözün estetik
gözəlliyinin və məzmunun gücləndirilməsinə xidmət edir” [1, s. 71]. Xalq
təfəkkürü ilə bağlı olan bu vasitədən klassik Azərbaycan ədəbiyyatının
müqtədir sənətkarlarının yaradıcılığında çox geniş istifadə olunmuşdur.
Bu, həm də ondan irəli gəlirdi ki, bütövlükdə Şərq ədəbiyyatı hikmət və
kamillik inciləri xəzinəsidir. Xüsusilə, Nizaminin lirik ricətləri bu baxım-
dan daha çox diqqətəlayiqdir. Məhcur Şirvani lirikasında da belə irsəlül-
məsəllərə rast gəlmək mümkündür.
...Degil təğyirə qabil, olsa gər təqdirdən fərman,
Nə müşkül hal olursa, əql ilə həll eyləmək asan,
Nə hasil kim, büti-əyyar sevmək, ey könül, müşkül! [2, s. 362]
Şairin əsərlərində xalq atalar sözləri və məsəllərindən qidalanan be-
lə ifadələr onun şeirini təkcə məzmunca gözəlləşdirməklə kifayətlənmir,
həm də fikir və ideyanın oxucuya daha aydın çatdırılmasına kömək edir.
Birinci misrada şair
inversiyadan istifadə edərək fikri daha poetik və
təsirli çatdırmağa nail olmuşdur: əgər qədər fərmanını vermişsə, onu də-
yişdirmək mümkün deyil, hər bir müşkül işi ağıl ilə həll eyləmək müm-
kündür, ey könül, hiyləgər gözəli sevmək isə müşkül işdir.
Təriqi-mərifət tut, arifa, iç badeyi-ürfan,
Düşüb dərdən-dərə salus olmaz adı əşk-əfşan... [2, s. 376]