65
Oturdu. Araq süzüb başına çəkdi. Bayaq küçədə fikirləşdiklərini unutmaq istəyirdi.
Hamısını – keçmişin xatirələrini, dəhşətli ölümü, mərminin darmadağın etdiyi
Mesmanı, xərçəngin için-için yediyi Keti... Gördü ki, iki gün əvvəl Ketlə oturduğu
stol arxasında oturub. Qonşu stol boşaldı, ancaq ora getmədi. Nə fərqi, ya burada
otursun, ya da orada, onsuz da bunun Ketə heç bir xeyri yox idi. Veber onda necə
demişdi? Təşrihin köməyi olmayanda niyə həyəcanlanırsınız? Adam bacardığını
eləyir, sonra da çıxıb evinə gedir. Bəs harada qalsın? Joan Madu oxuyurdu. Ket
düz deyirmiş, onun səsi adamı riqqətə gətirir. İçində araq olan qrafini götürdü. Bu,
elə bir an idi ki, bütün rənglər itirdi və heç nəyə gücü çatmayan əllərin altında
həyat yavaş-yavaş sönürdü. Qabarmış dənizin müəmmalı şəkildə qınına
çəkilməsi... Nəfəs alarkən bircə anlığa yaranan səssiz-səmirsiz fasilə... Ürəkləri
asta-asta parçalayan zaman... Joan «Santa Luçiya»nı oxuyurdu. Onun səsi dalğa-
dalğa, sanki, unudulmuş bir sahildən gəlirdi və həmin sahildə də nəsə
çiçəkləyirdi...
– Xoşunuza gəlir?
– Kim? – Ravik ayağa durdu.
Restoranın baş xidmətçisi lap yanında dayanmışdı və Joana işarə edirdi:
– Yaxşıdır... Çox yaxşıdır.
– Ancaq sensasiya deyil. Başqa musiqi nömrələrinin arasında oxutmaq olar.
Xidmətçi sürüşüb getdi. İşıq bircə anlığa onun qapqara saqqalını parıldatdı.
Qaranlıqda gözdən itdi. Ravik onun arxasınca baxdı və qədəhi götürdü.
Projektor söndü. Orkestr tanqo çalmağa başadı. Yenə də altında rəngbərəng işıqlar
yanan stollar, onların üzərinə əyilmiş sifətlər göründü. Joan ayağa durub stolların
arası ilə irəliləməyə başladı. Qonaqlar rəqs meydançasına getdikləri üçün bir neçə
dəfə ayaq saxlamalı oldu. Ravik ona baxdı. Joanın üzündə təəccüb ifadəsi yox idi
və özü də düz ona tərəf gəlirdi. Durub stolu kənara çəkdi. Xidmətçilərdən biri tez
köməyə tələsdi.
– Təşəkkür edirəm, – Ravik etiraz elədi, – özüm düzəldərəm. Bizə bir qədəh verin.
Stolu yerinə çəkib, xidmətçinin gətirdiyi qədəhi doldurdu.
– Araqdır, – dedi, – içirsinizmi?
– Bəli. Axı bir dəfə içmişik... «Bel Oror»da...
– Düzdür.
«Hələ bir dəfə də burada olmuşuq, – Ravik ürəyindən keçirdi. – Lap çoxdan... Üç
həftə qabaq... onda burada çörək də yedin. Onda plaşın içində elə büzüşmüşdün ki,
az qala qaranlığa qarışmışdın, görünmürdün. Onda bədbəxtlikdən başqa heç nə
deyildin... Ancaq indi...»
– Nuş olsun, – dedi.
Joanın sifəti işıqlandı. Təbəssüm deyildi, eləcə işıqlanmışdı.
– Çoxdan bu sözü eşitmirdim, – dedi, – nuş olsun!
Arağını içib, qadını nəzərdən keçirdi. Çatma qaşlar, bir-birindən uzaq düşmüş
gözlər, ağzı... Bunlar o vaxt nəzərə çarpmırdı, ancaq indi hamısı bir yerə yığışıb bu
işıqlı, sirli-soraqlı sifəti yaratmışdı. Həmin sifətin sirri onun səmimiyyətində idi.
Heç nəyi gizlətmirdi, heç nəyi də büruzə vermirdi. «Necə olub ki, mən bunu
əvvəllər görməmişəm? – Ravik ürəyindən keçirdi. – Yəqin, onda belə deyilmiş.
Onda orada qorxudan, həyəcandan başqa heç nə yox imiş...»
66
– Siqaretiniz var? – Joan soruşdu.
– Əlcazair siqaretidir. Qara tənbəkidir, özü də çox acı...
Xidmətçini çağırmaq istədi, ancaq Joan qoymadı.
– O qədər də acı deyil. Bir dəfə vermisiniz. Yadınızdadırmı, «de Alma»
körpüsündə...
– Düz deyirsiniz...
«Həm düz deyirsiniz, həm də yox... – Ravik ürəyindən keçirdi. – Sən onda
perikdirilmiş, saralıb-solmuş bir vücud idin. Heç özün deyildin. Onda aramızda
nəsə oldu və birdən elə yaddan çıxdı ki, elə bil, heç olmamışdı...»
– Bura gəlmişdim, – dedi, – srağagün...
– Bilirəm. Gördüm...
O, Ket barədə heç nə soruşmadı. Sakitcə, heç nə olmamış kimi, bir küncə qısılıb
siqaret çəkirdi və sanki, bütün fikri-zikri bu siqaretin yanında idi. Sonra yenə
sakitcə, aram-aram içməyə başladı və sanki, yenə bütün fikri-zikri arağın yanında
idi. Elə bil, nə iş görürdüsə, hətta ikinci dərəcəli də olsa, onu axıracan görürdü...
«Onda tamam ümidsiz idi, – Ravik ürəyindən keçirdi. – İndisə onlardan əsər-
əlamət yoxdur». Joan birdən-birə elə doğmalaşdı, elə qayğısız göründü ki! Ravik
bilmədi, bəlkə də, ona görə belə oldu ki, həmin anda heç bir dərdi-səri yox idi.
Bircə onu hiss elədi ki, Joanın hənirtisi onu isitdi...
Qrafin boşalmışdı.
– Yenə içəkmi? – Ravik soruşdu.
– Onda mənə içirtdiyiniz nə idi?
– Nə vaxt? Burada? Deyəsən, burda hamısını qatıb-qarışdırdıq.
– Xeyr, buradakını demirəm. Lap birinci gecə...
Ravik fikrə getdi.
– Yadıma gəlmir, – dedi, – konyak deyildi ki?
– Xeyr, konyaka oxşayırdı, ancaq tamam ayrı şeydi. İstədim yenə içəm, ancaq tapa
bilmədim.
– Niyə? Yəni elə yaxşı idi?
– Ona görə yox... Ömrümdə belə tünd şey içməmişdim.
– Harada içdik onu?
– «Zəfər tağı»nın yanındakı bistroda. Pilləkənlə aşağı düşdük... İçəridə də
sürücülər, qızlar oturmuşdu. Xidmətçinin də qolunda çılpaq qadın şəkli
döyülmüşdü...
– Hə, indi bildim, kalvados olacaq. Normandiyanın alma arağıdır. Buradan
soruşmusunuz?
– Deyəsən, yox.
Ravik işarə ilə xidmətçini çağırdı.
– Kalvados var?
– Təəssüf ki, yoxumuzdur. Burada istəyən olmur.
– Əlbəttə, buralarda yaraşmaz! Kalvados olacaq. Heyif ki, dəqiq bilmirik. Ən asan
yolu ora getməkdir. İndi isə olmaz...
– Niyə olmur?
– Burada işiniz yoxdur?
– Xeyr, qurtarmışam.
67
– Lap yaxşı! Gedək?
– Getdik!
Ravik meyxananı o dəqiqə tapdı. Demək olar ki, boş idi. Qolunda çılpaq qadın
şəkli döyülmüş xidmətçi gözünün ucu ilə onlara baxdı, gəlib stolu sildi.
– Bir az inkişaf var, – Ravik dilləndi. – Onda silməmişdi.
– Bu stolu yox... – Joan da dilləndi. – O birini silin.
Ravik gülümsədi:
– Möhvumata inanırsınız?
– Hərdən...
Xidmətçi yanlarında dayanmışdı:
– Düz deyir, – dedi və qolunu oynadanda çılpaq qadın da tərpəndi. – Onda da
burada oturmuşdunuz.
– Yadınızdadır?
– Bəs necə...
– Siz bu yaddaşla, gərək, general olaydınız.
– Mənim yadımdan heç nə çıxmır.
– Bəs necə olub ki, hələ də yaşayırsınız? Onda nə içdiyimiz də yadınızdadır?
– Kalvados! – Xidmətçi tərəddüd eləmədən cavab verdi.
– Yaxşı, elə indi də ondan içəcəyik. – Ravik qadına tərəf döndü: – Görürsünüz,
bəzi problemlər necə tez həll olunur? İndi görək həminki dadı verəcəkmi?
Xidmətçi kalvadosu gətirdi.
– Onda da belə iri qədəhlərdə içmişdiniz, – dedi.
– Bura baxın, siz lap möcüzəsiniz ki! Bizim onda necə geyindiyimiz də
yadınızdadır?
– Plaş geymişdiniz. Xanımın başında beret də var idi.
– Sizin yeriniz bura deyil! Gərək, varyetdə olaydınız.
– Orada işləmişəm. – Xidmətçi təəccübləndi. – Sirkdə... Axı sizə demişdim.
Yadınızdan çıxıb?
– Bəli, bədbəxtlikdən elədir.
– Bu cənab tez unudandır, – Joan dilləndi. – Siz yaddaş ustası olduğunuz kimi, o
da unutmağın ustasıdır.
Ravik başını qaldıranda baxışları toqquşdu. O gülümsədi.
– Bəlkə də, heç elə deyil, – dedi. – İndi də kalvadosun dadına baxaq. Nuş olsun!
– Nuş!
Hələ də yanlarında dayanmış xidmətçi dilləndi:
– Adam indi unutduğu şeyi sonralar ömrü boyu axtarmalı olur, müsyö. – Onun
fikrincə söhbət hələ axıra çatmamışdı.
– Elədir. Ancaq unudulmayan şeylər də adamın ömrünü cəhənnəm əzabına
döndərir.
– Mənimkini döndərmir. Ötüb keçən şeydir, o niyə həyatı cəhənnəm əzabına
döndərsin?
Ravik başını qaldırdı:
– Elə keçmiş olduğu üçün, qardaş. Siz artist olmaqla bərabər, həm də xoşbəxt
adamsınız. – Joana tərəf döndü: – O kalvadosun dadını verir?
– Ondan da yaxşıdır.
Dostları ilə paylaş: |