63
– Bir qədəh «Dübene», bir qutu da «Kolonial» siqareti.
Ravik qutunu açdı, qara tənbəkidən doldurulmuş siqaretlərdən birini çıxarıb
yandırdı. Qonşu stol arxasındakı fransızlar öz satqın hökumətlərindən, Munxen
sazişindən danışırdılar. Hərdən bəzi sözlər qulağına dəyirdi. İndi hamı bilirdi ki,
dünya laqeyd-laqeyd yeni bir müharibəyə doğru gedir. Heç kim də etiraz eləmirdi.
İndi adamın bircə şeyə gücü çatardı ki, o da möhlət
uğrunda mübarizə aparmaq idi,
bircə illik möhlət! Burada da möhlət... hər yerdə möhlət...
«Dübene»sini içdi. Konyakın şirin dadı, kəskin qoxusu ürəyini bulandırdı. Axı
niyə bundan istədi? Xidmətçiyə əl elədi:
– Bir qədəh «Fine».
Pəncərədən baxa-baxa qara fikirləri özündən qovmağa çalışdı. Əgər əlindən bir iş
gəlmirsə, niyə boş yerə özünü dəli eləyirsən?! Bu ibrət dərsini aldığı günü
xatırladı. Həyatın ona verdiyi böyük ibrət dərslərindən biri də o idi...
...Bu hadisə 1916-cı ilin avqust ayında İperi yaxınlığında olmuşdu. Bölük bir gün
qabaq ön xətdən qayıtmışdı. Cəbhəyə gəldikləri gündən ilk dəfə idi ki, belə sabitlik
yaranmışdı. İtki olmamışdı. İndi avqust günəşi başlarını döyə-döyə tonqalın
qırağına yığışıb, kimsəsiz tarlalardan tapdıqları kartofları közdə bişirirdilər. Bircə
dəqiqə sonra isə hər şey dəyişdi. Qəflətən toplar guruldadı və mərmilərdən biri düz
tonqalın ortasına düşdü.
Özünə gələndə gördü ki, ona heç nə olmayıb, hətta
yaralanmayıb da, ancaq iki yoldaşı ölüb. Onlardan bir az o tərəfdə isə Paul
Mesman yıxılıb qalmışdı. Onun qarnı yırtılmış, içalatı çıxmışdı... Paulu lap ayaq
açıb yeridikləri vaxtdan tanıyırdı. Həmişə bir oynamış, bir yerdə məktəbə getmiş
və heç vaxt ayrılmamışdılar...
Onu brezent çadıra büküb səhra xəstəxanasına gətirdilər. Yol taxıl zəmisindən və
böyük bir yamacdan keçirdi. Dörd nəfər idilər, hərəsi də çadırın
bir küncündən
tutmuşdu. Qəhvəyi rəngli çadırın arasında qıvrılan Mesman, dümağ, piyli, qana
bələnmiş içalatını qucaqlamışdı. Ağzı açıq idi, gözləri çevrilmişdi...
O, iki saatdan sonra canını tapşırdı. Bu iki saatın birini ara vermədən qışqırdı...
Ravik necə geri qayıtdıqlarını xatırladı. Lal-dinməz, qanıqara halda barakda
oturmuşdu. Ömründə birinci dəfə idi ki, belə şey görürdü. Dəstə komandiri
Kaçinski – o, müharibədən qabaq çəkməçi olmuşdu – gələndə də beləcə
oturmuşdu.
Kaçinski:
– Dur, – dedi, – bavarların yeməkxanasına pivə, araq gəlib. Kolbasa da var.
Heyrətlə onun üzünə baxdı. Kaçinskidən belə qansızlıq gözləmirdi.
Kaçinski də bir
xeyli onu süzüb dedi:
– Sən gedəcəksən. Lap döyə-döyə də olsa, aparacağam. Əməlli-başlı yeyib – içib
dəmlənəcəksən, sonra da fahişəxanaya gedəcəksən.
Cavab vermədi. Kaçinski onun yanında oturdu:
– Başa düşürəm... mənim haqqımda indi nə fikirləşdiyini də bilirəm. Sənin
gəldiyin ikicə həftədir, ancaq mən iki ildir buradayam. Gəl məni eşit! Bundan
sonra Mesmana kömək eləyə bilərik? Yox! Bilirsən ki, əgər onu xilas etməyə zərrə
qədər imkan olsaydı, hər şeydən keçərdik.
Başını qaldırdı. O, bunu bilirdi. Heç
kim eləməsə də, Kaçinski eləyərdi...
64
– Yaxşı, o öldü getdi, – Kaçinski sözünə davam etdi. – Daha heç nə eləyə bilmərik.
İki gündən sonra yenə ön cəbhəyə gedirik. Bu dəfə əvvəlki tək asan olmayacaq.
Burada oturub Mesman haqqında fikirləşə-fikirləşə özünü üzürsən. Əsəblərin
korlanır, inamın itir. Bu da kifayətdir... Bu dəfə top atılanda cəld tərpənə
bilməyəcəksən. Yarımca saniyə geciksən, bəsindir... Sonra səni də Mesman kimi
əlimizdə aparacağıq. Bu, kimə lazımdır? Mesmana? Yox! Bəlkə, başqasına? Yox!
Çanaq öz başında çatlayacaq, vəssalam. Anladın?
– Hə... ə... Ancaq bacarmaram.
– Mumla, bacararsan. Başqaları da belə eləyib. Sən birinci deyilsən!
Həmin gündən sonra xeyli yüngülləşdi.
Kaçinski ilə getdi, ilk həyat dərsini aldı:
bacarırsansa, kömək elə, əlindən gələni əsirgəmə. Elə ki gördün bacarmırsan, unut!
Üzünü çevir get! Özünü tox tut! Halıyananlıq dinc dövrlər üçündür, olum, ya ölüm
məsələsində artıqdır. Ölənləri basdır, özün də başla həyatı bir tərəfdən söküb
yeməyə. Bir vaxt gərəyin olacaq. Kədər qoy öz kədərliyində qalsın, ancaq
həqiqətdən də qaçma. Həqiqətlərlə barışa-barışa da yas saxlamaq olar... Yalnız
belə dözmək mümkündür...
Ravik konyakını içdi. Qonşu stoldakı fransızlar yenə də öz hökumətləri, İtaliya,
Çemberlen haqqında çərənləyirdilər. Eh,
yenə sözlər, sözlər... İş görənlər isə
başqaları oldu. Onlar güclü olmasalar da, qətiyyətli idilər. Cəsarətli olmasalar da,
bilirdilər ki, qarşıdakı müqavimət göstərməyəcək. Möhlət aldılar... Bəs ondan necə
istifadə elədilər? Yoxsa silahlandılar, o birilərinə çatdılar, ya da qüvvə topladılar?
Başqalarının necə sürətlə silahlandığını gördülər, ancaq heç nə eləmirdilər, əlləri
qoynunda nəsə gözləyirdilər, təzə bir möhlətə ümid bəsləyirdilər. Lap o morjların
başına gələn işə oxşayır. Sahilə yüzü birdən çıxır. Ovçu
gəlib əlindəki dəyənəklə
onları bir-bir qırır. Hamısı köməkləşsəydi, onu birtəhər eləyərdilər. Ancaq
arxayınca uzanıb, ovçunun yoldaşlarını necə qırdığına tamaşa eləyir, heç biri də
yerindən tərpənmir. Ovçu da düz onun yanındakının öldürür, belə-belə hamısının
axırını çıxırdı. Bu da Avropa morjlarının tarixçəsi... Sivilizasiyanın qürub çağı...
Qədim Allahların qorğun-arğın, kölgə kimi çəkilib getməsi... İnsan hüquqları
barədə gurultulu vədlər... Bir qitənin yerli-dibli satılması... Axır qiymət üstündə
çərçilik... Getdikcə yaxınlaşan tufan... Püskürən vulkan qoynunda yallı gedən
zavallı insanlar... Yavaş-yavaş yenə də fəlakətə sürüklənən xalqlar... At ölsəydi,
itin bayramı olardı... Həmişə də belə olub!
Ravik siqaretini söndürdü, yan-yörəsinə baxdı. Bütün bunlar nə deməkdi? Məgər
ötən gecə də zərif boz göyərçinə bənzəmirdimi? Ölənləri basdır,
özün də başla
həyatı bir tərəfindən söküb yeməyə... Vaxt gözləmir. Çox şeyə dözmək lazımdır.
Nə vaxtsa, kiməsə gərək olacaqsan. Gərək, ona hazır olasan...
Xidmətçini işarə ilə yanına çağırıb, pulunu verdi.
Ravik içəri girəndə «Şəhrizad» qaranlıq idi. Qaraçılar çalırdılar. Projektorun gur
işığı yalnız orkestrin yanında oturmuş Joan Madunun stolunu işıqlandırırdı...
Qapının ağzında dayandı. Xidmətçilərdən biri yaxınlaşıb stolu ona tərəf çəkdi.
Gözləri Joanda olan Ravik yerindən tərpənmədi.
– Araq içəcəksiniz? – xidmətçi soruşdu.
– Bəli, bir qrafin gətirin.