60
– Xərçəngdir, – dedi, – yüz faiz xərçəngdir. Çoxdandır belə şeyə rast gəlmirdim.
Güzgü ilə müayinə bir şey göstərmir, əllə yoxlayanda görürsən ki, yan tərəf
yumşaqdır, bir az da şişib. Elə bilirsən, ya kistadır, ya da mioma, elə qorxulu şey
deyil. Ancaq kəsməmiş işləmək olmur. Yarıb, içəridə gözlənilmədən xərçəng
tapırsan.
Veber ona baxdı:
– Fikriniz nədir?
– Bir az kəsib götürək, biopsiya eləyək. Bassion laboratoriyadadır?
– Əlbəttə...
Veber tibb bacısına laboratoriyaya zəng vurmağı tapşırdı. Başqa şeyin xeyri
yoxdur. Ən dəhşətlisi də odur ki, özü heç nə bilmir.
– Nəbzi necədir? – Ravik bihuşdarı verən tibb bacısından soruşdu.
– Qaydasındadır. Doxsan...
– Qan təzyiqi?
– Yüz iyirmi.
– Yaxşı, – Ravik cərrahiyyə stolunda Trendelenqburq üsulunda uzadılmış Ketə
baxdı. – Özü əvvəlcədən bilməli idi, razılıq verməliydi. Onun bədənində
istədiyimiz yeri kəsib götürməyə ixtiyarımız yoxdur. Yoxsa, var?
– Qanuna görə, yoxdur. Yoxsa, var?
– Məcbur olduq. Aşağıdan qaşıyıb təmizləmək mümkün deyil, indi isə tamam
başqa təşrih alındı. Uşaqlığı kəsib götürmək qaşıyıb təmizləmək deyil.
– Zənnimcə, o, sizə inanır, Ravik.
– Bilmirəm. Bəlkə də, elədir... Ancaq razılıq verərdimi? – O, dirsəyi ilə ağ xalatın
üstündən taxdığı rezin önlüyü düzəltdi. – Hər halda, çalışacağam ki, bir əlac
eləyim. Histroktamiyanı sonra da eləmək olar. Ejeni, bıçağı...
Kəsiyi göbəyə qədər uzatdı, xırda qan damarlarını sıxdı, böyüklərini isə ikiqat ipək
sapla tikdi, başqa bir bıçaq götürüb fassiyanı kəsdi. Onun altındakı əzələləri
bıçağın arxası ilə ayırdı, pertenimu qaldırıb, qarın boşluğunu açdı.
– Ayırıcı!
Tibb bacısı onu hazır tutmuşdu və ucuna ağır daş bağlanmış zənciri Ketin ayaqları
arasına saldı, üfürülən lövhəni ona bərkitdi.
– Dəsmal!
Ravik yaranın yan-yörəsinə nəm, isti dəsmal düzdü, korsanqı ehtiyatla ora yeritdi.
Sonra başını qaldırdı.
– Bura baxın, Veber... Bir də bura... Görürsünüz, necə bərkiyib?! Qalın, möhkəm
kütlədir. Heç nə eləmək olmaz, lap dərinə işləyib.
Veber diqqətlə Ravik göstərən yerə baxdı.
– Bir buna baxın, – Ravik sözünə davam etdi, – arteriyaları bağlaya bilmərik, çox
nazikdir. Hələ metastas da verib. Ümid yoxdur.
Ehtiyatla həmin yerdən nümunə kəsib götürdü.
– Bassion laboratoriyadadır?
– Bəli. – Tibb bacısı cavab verdi. – Zəng vurmuşdum, gözləyir.
– Yaxşı, göndərin. Nəticəni gözləyək. On dəqiqə ancaq çəkər.
Veber dedi:
– Deyin ki, zəng vursun. O dəqiqə vursun. Təşrihi dayandırırıq.
61
Ravik dikəldi:
– Nəbzi necədir?
– Doxsan beş.
– Qan təzyiqi?
– Yüz on beş.
– Oldu. Veber, mənə elə gəlir ki, razılıq haqda fikirləşmək lazım deyil. Artıq heç
nə eləmək olmaz.
Veber başını tərpətdi.
– Tikmək lazımdır. – Ravik sözünə davam etdi. – Uşağı götürmək, vəssalam!
Sonra da tikmək və özünə heç nə deməmək!
Bir anlığa dayanıb, dümağ dəsmalların arasındakı açıq yaraya baxdı. Gur işıq
dəsmalları daha da ağ göstərirdi. Elə bil, yenicə yağmış qar idi, arasıdan görünən
qanlı yara isə, sanki, ağzını geniş açıb əsnəyirdi. Nəsə görünmədən, bilinmədən
onu için-için yemiş və otuz dörd yaşlı, şıltaq, incə, şax qamətli, həyat həvəsli Ket
Heqstermi ölümə məhkum eləmişdi...
Yenə cansız cəsədə tərəf əyildi:
– Biz hələ...
Uşaq! Bu doğram-doğram olmuş bədəndə heç nədən xəbəri olmayan balaca bir
varlıq yavaş-yavaş böyüyürdü. Demək, o da ölümə məhkum olmuşdu. O, hələ
anasının qanından yeyir, şirəsindən sorurdu ki, böyüyüb bu dünyaya gəlsin, ya
əsgər, ya da kiminsə qatili olsun. Bir sözlə, insan olsun, yaşasın, sevinsin,
kədərlənsin, uçurub dağıtsın... – Əlindəki alət ehtiyatla görünməyən yerlərlə
irəlilədi, onu tapdı, astaca oradan qopardı, çölə çıxardı. Və hər şey də qurtardı.
Dünya işığı görməmiş, nəfəs almamış, sevinc-kədər dadmamış, böyüyüb başa
çatmamış, heç yaranmamış öldü... İndi bir parça rəngi solmuş, ölmüş, qana
bələnmiş ət parçası idi...
– Bassiondan xəbər çıxmadı?
– Hələ yox. İndi gələr...
– Bir-iki dəqiqə də gözləyə bilərik.
Ravik geri çəkildi:
– Nəbzi?
Ekranda Ketin gözlərini gördü. Bu gözlər ona dikilmişdi, ancaq heç nə
soruşmurdu, sanki, hər şeyi bilir, yazıq-yazıq ona baxırdı. Birdən Ravikə elə gəldi
ki, o ayılıb. Bir addım atıb dayandı. Ola bilməzdi! Ona elə gəlmişdi. Üzünə işıq
düşübmüş...
– Nəbzi necədir?
– Yüz. Qan təzyiqi yüz on iki. Düşür...
– Vaxtıdır, – Ravik narahat oldu. – Bassion qurtarmalı idi.
Aşağıdan boğuq telefon zəngi eşidildi. Veber qapıya baxdı. Ravik o tərəfə heç
baxmadı da. Sakitcə gözlədi. Qapı səsi eşitdi... Tibb bacısı gəldi.
– Elədir! – Bunu Veber dedi. – Xərçəngdir!
Ravik başını yırğalayıb, təzədən işə başladı. Sancaqları çıxardı, tikişləri sökdü,
dəsmalları götürdü. Onun yanında dayanmış Ejeni alətləri sayırdı. Tikməyə
başladı. Çox səliqə ilə, ustalıqla, dəqiq işləyirdi. Bütün diqqəti orda idi, heç nə
62
haqda fikirləşmirdi. Qəbrin üstü örtüldü, dəri qatları bir-bir ağız-ağıza gəldi, üst
dərinin də tikişini vurub dikəldi:
– Qurtardı.
Ejeni cərrahiyyə stolunu yenə maili vəziyyətə gətirdi. Ketin üstünü örtdü. Ravikin
xatirləri yenə oyandı: «Şəhrizad» ...Srağagün... «Maynboşdan» aldığı paltar... «Heç
xoşbəxt olmusunuzmu?», «Lap çox», «...qorxuram», «adi şeydir...», qaraçılar
oynayır...
Qapını üstündən asılmış saata baxdı. On iki idi. Nahar vaxtı bütün idərələrin,
fabriklərin qapıları açılır, sağlam adamlar dəstə-dəstə çölə axışır... Tibb bacıları
xərəyi cərrahiyyə otağından apardılar. Ravik rezin əlcəkləri çıxarıb, vanna otağına
getdi, yuyunmağa başladı.
– Siqareti atın! – Onunla yanaşı yuyunan Veber dilləndi. – Dodaqlarınızı
yandırarsınız.
– Hə... təşəkkür edirəm. Bəs bunları ona kim deyəcək, Veber?
– Siz, – deyə Veber tərəddüd etmədən cavab verdi.
– Gərək, niyə yardığımızı başa salaq. Elə bilirdi, adi qayda ilə edəcəyik. Həqiqəti
isə deyə bilmərik.
– Bir şey tapıb uydurarsınız. – Veber inamla dilləndi.
– Doğrudan? Tapa bilərəm?
– Əlbəttə! Hələ axşama kimi vaxtımız var.
– Bəs siz?
– Mənə inanmaz. Bilir ki, siz təşrih eləmisiniz, ona görə də sizdən soruşacaq. Mən
gəlsəm, əhvalı pozulacaq.
– Elədir.
– Başa düşmürəm, necə ola bilər ki, belə az vaxtda bu qədər böyüsün...
– Olur... Kaş ona nə deyəcəyimi biləydim!
– Bir şey taparsınız, Ravik. Deyərsiniz, kistadır, ya da mioma...
Gecə yenə xəstəxanaya getdi. Ket yatırdı. Axşamüstü oyanmış, qusmuş, təxminən,
bir saat sakitləşə bilməmiş, sonra yenə yatmışdı.
– Heç nə soruşmadı?
– Xeyr, – deyə qırmızıyanaq tibb bacısı cavab verdi. – Huşu özündə deyildi, heç nə
soruşmadı.
– Mənə elə gəlir, sabahacan yatacaq. Ayılıb soruşsa, deyərsiniz ki, hər şey
qaydasındadır. Arxayınca yatsın. Lazım gəlsə, dərman verin. Bir şey olsa, ya
doktor Veberə, ya da mənə zəng vurun. Harada olduğumu mehmanxanada
biləcəklər.
Küçədə elə dayanmışdı ki, deyərdin, canını kiminsə əlindən yenicə qurtarıb. Bayaq
inamla ona dikələn gözlərə baxa-baxa onu aldatmağa bir neçə saat qalmışdı...
Birdən ona elə gəldi ki, ulduz kimi sayrışan bu gecə yaman istidir. Taleyin ona
bağışladığı bu bir neçə mərhəmət saatı ağ göyərçin kimi qanad çala-çala gəlib onu
həyatın dəhşətli girdabından qopardı. Elə bunun özü də bir yalan idi, tale adama
heç nə bağışlamazdı. Sadəcə olaraq, müvəqqəti möhlət idi. Əslində, hər şey möhlət
deyildimi?
Bistrolardan birinə girib, pəncərənin qabağındakı mərmər stol arxasında oturdu.
Otaq siqaret tüstüsü, səs-küylə dolmuşdu. Xidmətçi gəldi.
Dostları ilə paylaş: |