68
Ravik Joana baxdı. Yanaqları allandı. Bununla nə demək istədiyini başa düşürdü,
ancaq belə açıq danışması əl-qolunu bağlayırdı. Joan isə özünü elə aparırdı ki,
guya, bu işarənin Ravikə necə təsir etdiyini vecinə almır. Bu miskin meyxanada elə
oturmuşdu ki, deyərdin, evindədir. Üstüaçıq elektrik lampalarının işığı yaman gur
idi və bir-iki stol o tərəfdə oturmuş iki fahişəni lap nənələri yaşda göstərirdi. Ancaq
onun Joana gücü çatmırdı. Bayaq restoranın alaqaranlığında gördüyü adam idi, heç
dəyişməmişdi. O, cəsarətli, işıqlı sifəti olan adam idi, heç nə soruşmurdu, sakitcə
oturub gözləyirdi. Fikirləşirdi ki, çox müəmmalı sifətdir, külək haradan əssə, o
tərəfə dönür, tez dəyişir. Ona baxıb istədiyini fikirləşə bilərsən. Xalça-palaz,
bəzək-düzək gözləyən bomboş evə bənzəyir. Hər cür şəraiti var, istəsən saray
eləyərsən, istəsən də fahişəxana. Onu bəzəyən adamdan asılıdır... Bu ev ağzınacan
dolu topdağıtmaz imarətlərdən, xaricən dəbdəbəli görünən evlərdən nə qədər fərqli
idi!
Gördü ki, onun qədəhi boşdur.
– Ehtiyatlı olun, – dedi, – qədəhləri iridir. Yenə içmək istəyirsiniz?
– Bəli. Əgər vaxtınız varsa...
«Niyə vaxtım olmur?» – deyə ürəyindən keçirən Ravikin birdən yadına düşdü ki,
Joan onu axırıncı dəfə Ketlə görüb. Onun üzünə baxdı, ancaq heç nə oxuya
bilmədi.
– Vaxtım var, – dedi, – Sabah doqquzda təşrih edəcəyəm, vəssalam.
– Belə gecəyə qalanda çətin olmur?
– Xeyr, bunun ona dəxli yoxdur. Adət eləmişəm. Özü də hər gün təşrih eləmirəm.
Xidmətçi qədəhləri doldurdu. Şüşə ilə birlikdə stolun üstünə bir qutu da siqaret
qoydu. Yaşıl «Loran» idi.
– Onda da istəmişdiniz, elə deyilmi? – deyə özündən razı halda Ravikə baxdı.
– Yadımda deyil. Siz bilən, düz olar. Daha nə desəniz inanıram.
– Elədir! – Joan sözə qarışdı. – Yaşıl «Loran» idi...
– Gördünüz?! Xanımın yaddaşı sizinkindən yaxşıdır, müsyö.
– Bilmək olmaz. Ancaq siqaret qalsın, lazım olar.
Ravik qutunu açıb Joana uzatdı.
– Yenə həmin mehmanxanada qalırsınız? – deyə soruşdu.
– Bəli. Ancaq ayrı otağa köçmüşəm. Böyükdür...
Bir dəstə sürücü içəri girdi. Onlar qonşu stol arxasında oturub ucadan danışmağa
başladılar.
– Gedək? – Ravik soruşdu. Joan başını tərpətdi. Ravik xidmətçini işarə ilə çağırıb
pulunu verdi.
– «Şəhrizad»a qayıtmayacaqsınız?
– Xeyr.
Ravik onun paltosunu tutdu. Joan isə paltosunu geyməyib, eləcə çiyninə saldı.
Ucuz, bəlkə də, süni xəz idi, ancaq onun əynində bahalı görünürdü. Fikirləşdi ki,
könülsüz geyilən şey ucuz görünər. Belə ucuz tacları çox görmüşdü...
Küçəyə çıxıb narın yağışın altında dayandılar.
– Onda sizi mehmanxanaya ötürüm...
Joan ağır-ağır ona tərəf döndü:
– Bəs sənin otağına getmirik?
69
Joanın sifəti lap yaxında idi, altdan yuxarı ona baxırdı. Qapının başında asılımış
fənərin işığı düz üzünə düşürdü. Saçına qonmuş yağış damcıları par-par
parıldayırdı. Bir taksi gəlib dayandı. Sürücü bir az gözlədi, sonra nəsə donquldanıb
əlini yellətdi və tərpənəndə maşını yerdən çox sərt götürdü.
Joanın gözləri fənərin işığında parıldadı. Onlar elə dərin idi ki, ucu-bucağı
bilinmirdi...
– Mən səni bu gün gördüm, – Ravik dilləndi. – Əvvəlcə belə deyildin.
– Yox...
– Əvvəllər heç nə olmayıb...
– Yox... Mən tamam unutmuşam.
Onun nəfəsi dalğa-dalğa üzünə vururdu. Bu qərib gecənin qərib bəndəsi asta-asta,
şirin-şirin, inamla, ümidlə nəfəs alırdı. Birdən öz damarlarından axan qanın
şırıltısını eşitdi. Lap qıjıltı ilə axırdı. Elə bil qan deyil, həyatın özü idi. Min dəfə
qarğıyıb, min dəfə oxşadığı, gah da tapdığı həyat... Bircə saat bundan qabaq o
həyat bomboş, bomboz səhra idi, yalnız dünənə bağlıydı, sabahı yoxdu...
Ancaq indi yenə coşmuşdu, ömründə təsəvvür eləmədiyi sirli-soraqlı bir anın lap
yanında idi. Yenə dəniz sahilində dayanmış ibtidai insana çevrilmişdi, dalğaların
arasından nəsə ağ bir şey baş qaldırmışdı, parıldayırdı, sualı da özü idi, cavabı da...
Qan isə axır, axır, gözlərini örtürdü...
– Məni tut... – Joanın səsi onu xəyaldan ayırdı.
Ravik ona baxdı... və qolunu boynuna doladı. Joanın çiyinləri ona tərəf yelləndi,
elə bil, liman həsrətli gəmi sahilə uçunurdu...
– Tutmaq lazımdır? – pıçıldadı.
– Hə...
Joanın əlləri sinəsinə söykənmişdi.
– Mən tutaram.
– Tut...
İkinci taksi dayananda təkərlər xırçıldadı, səkiyə sürtündü. Sürücü heç nə
olmayıbmış kimi onlara baxırdı. Çiynində balaca bir it oturmuşdu. Ona toxunma
jilet geydirmişdilər.
– Taksi gözləyirsiniz? – uzun bığları kətana oxşayan sürücü xırıltılı səslə soruşdu.
– İşə bax! – Ravik dilləndi. – Onun heç nədən xəbəri yoxdur. Bilmir, başımıza nə
gəlib! Bizə baxır, ancaq görmür ki, o adamlar deyilik! Dünyanın bu işinə heç
yoxam. İstəyirsən Cəbrayıl ol, axmaq ol, ya da lap cani, heç kim görməz. Amma
bircə düymən çatmayanda, hamı görür.
– Belə yaxşıdır. Onda biz elə özümüz kimi qalırıq.
Ravik onu süzdü. «Biz!» – ürəyindən keçirdi. Nə gözəl sözdür! Dünyanın ən sehrli
sözüdür!
– Taksi lazım deyil? – sürücü ucadan, səbirsizliklə soruşdu və siqaret yandırdı.
Ravik:
– Gəl, – dedi, – əl çəkməyəcək. Neyləsin, sənəti belədir...
– Minməyək. Piyada gedək.
– Yağış başlayır.
– Yağış yoxdur, eləcə dumandır. Taksiyə minmirəm. Səninlə getmək istəyirəm.
– Yaxşı, heç olmasa, gedim onu başa salım.
70
Ravik gedib sürücü ilə nəsə danışdı. Kişi şirin bir təbəssümlə gülümsədi, Joana
baxıb, təkcə fransızlara məxsus bir əda ilə əlini yellətdi, maşını sürüb getdi.
Ravik geri qayıtdı.
– Necə başa saldın?
– Pulla. Ən asan yoludur. Gecə növbəsində işləyənlər yaman sırtıq olur. O dəqiqə
başa düşdü. Lütfkar bir həqarətlə baxıb, xeyirxahlıq elədi...
Joan gülümsəyib ona sığındı. Ravik hiss elədi ki, qəlbində nəsə baş qaldırdı, bütün
bədəninə yayıldı. Nəsə isti, yumşaq bir şey idi və elə bil, qırx əlli ondan yapışıb
aşağı dartdı, birdən-birə onunla beləcə yanaşı ayaq üstə dik dayanmaq, ensiz
pillələrdə səndələyə-səndələyə müvazinətini saxlamaq yaman çətinləşdi. Hər şeyi
unudaraq təslim olmaq, ürəyinə, əsrlərin arxasından – hələ kamalın, sualların,
əzab-əziyyətin, şübhələrin dünyaya gəlmədiyi vaxtlardan, təkcə qan rəngli bir
səadətin olduğu zamanlardan eşidilən çağırışa qulaq asmaq əvəzinə...
– Gəl, – dedi.
Onlar narın yağışın altında bomboş, bomboz küçə ilə üzüyuxarı qalxdılar və onun
axırına çatanda, qarşılarında nəhəng, ucu-bucağı olmayan bir meydan açıldı,
göylərə baş vuran «Zəfər tağı»nın ləngərlənən gümüşü kölgəsi göründü...
IX
Ravik mehmanxanaya qayıtdı. Səhər-səhər Joanı yatmış qoyub getmişdi. Fikirləşdi
ki, bir saata qayıdar, ancaq üç saat çəkmişdi...
– Salam, doktor! – İkinci mərtəbəyə qalxan pilləkəndə kim isə çağırdı... Ravik
diqqətlə kişiyə baxdı. Rəngi saralmış, qara pırtlaşıq saçlı, eynəkli bir adam idi,
tanımadı.
– Alvares, – kişi adını dedi, – jaim Alvares. Yadınıza düşmədi?
Ravik başını buladı. Kişi əyilib şalvarının bir ayağını yuxarı çəkdi. Topuğundan
başlayan çapıq dizinə çatmışdı.
– İndi yadınıza düşdü?
– Mən yarmışam?
Kişi başını tərpətdi:
– Cəbhədə, mətbəx stolunun üstündə. Aranxuenin səhra xəstəxanasında. Badam
bağlarındakı balaca ağ mülkdə... Yadınıza düşmədi?
Ravik birdən badam iyini hiss etdi. Bu İy, sanki, alaqaranlıq pilləkəndən qalxırdı
və onun şirin, bir az da çürük qoxusuna ürəkbulandıran kəsif qan iyi də
qarışmışdı...
– Hə, – dedi, – yadıma düşdü.
Yaralıları ay işığına qərq olmuş talvara uzatmışdılar. Onları bu kökə alman və
italyan bombardmançı təyyarələri salmışdı. Bomba qəlpələrinin parça-parça elədiyi
uşaqlar, qadınlar, kişilər idi. Uşaqlardan birinin sifətini tamam aparmışdı. Bir
hamilə qadının da qarnı döşlərinə qədər yırtılmışdı. Qoca bir kişi də qopub düşmüş
barmaqlarını qorxa-qorxa o biri əlində bərk-bərk saxlayırdı, elə bilirdi ki, təzədən
yerinə yapışdırmaq olar... Onların iniltisi gecənin bu ağır havasına, yavaş-yavaş
ətrafa yayılmağa başlayan büllur şeh qoxusuna qarışmışdı...
– Ayağınız indi yaxşıdır? – Ravik soruşdu.
Dostları ilə paylaş: |