75
Qız tərəddüd etdi, sonra:
– Siyirmədədir, – dedi.
– Budur?
– Bəli.
– Yaxşı, bir-iki günə gedərəm. Siz qorxmayın! – Raviq paltosunu geydi. – Nə
olub? Niyə durursunuz?
– Siz Bobonu tanımırsınız…
Ravik gülümsədi.
– Ondan da pislərini görmüşəm. Siz durmayın. Diqqətlə baxdım, qorxulu heç nə
yoxdur. Hələlik, Lüseyn, yenə gələcəyəm.
Ravikin açarı burmağı ilə qapını açmağı bir oldu. Heç kəs yox idi. Əslində, heç
gözləmirdi də. Bobo kimilərini çox görmüşdü.
Ət dükanında şəyird tək qalmışdı. Sarıbəniz bir kişi idi və bayaqkı qadın kimi
həvəslə işləmirdi. Həvəssiz-həvəssiz ət doğrayırdı. Kişi öləndən sonra yaman
yorulmuşdu. Üzbəüz bistrodakı süpürgəsatan lap ucadan dedi ki, onun qadına
evlənmək imkanı çox azdır və çox güman ki, bunu da qəbiristanlığa o, öz çiynində
aparası olacaq. Kişi əməlli-başdı düşmüşdü, qadın isə əksinə, bir az da üstünə
qoymuşdu.
Raviq qarağat arağını içib, pulun verdi. Elə bilmişdi Bobo burada olar. Ancaq yox
idi…
Joan Madu «Şəhrizad»dan çıxdı. Ravik taksidə onu gözləyirdi. Joan özü qapını
açıb oturdu və dedi:
– Buradan aralanaq. Sizə gedək.
– Nəsə olub?
– Yox, heç nə. Bu gecə restoranları məni lap boğaza yığdı…
– Bircə dəqiqə… – Ravik qapının ağzında dayanmış gülsatan qadını işarə ilə
yanına çağırdı. – Anacan, o qızılgüllərin hamısını ver. Ancaq çox yuxarıdan tutma.
– Sizin üçün altmışca frank. Bir dəfə mənə yel xəstəliyi üçün dərman yazmısınız,
ona görə…
– Xeyri oldu?
– Yox, haradan olsun?! Bütün gecəni yağışın altında ayaq üstə dururam.
– Siz mənim ömrüm boyu müalicə etdiyim xəstələrin ən ağıllısısınız, – deyə Ravik
gülləri götürüb ayaq altına sərə-sərə Joana tərəf döndü: – Günahımı yuyuram.
Səhər səni tək qoymuşam, ac getmisən. Bəs indi bir şey içməcəyəksən?
– Yox, gedək. Gülləri də ora yox, oturacağın üstünə qoy.
– Bura yaxşıdır. Gülü sevmək lazımdır, ancaq çox şişirtmək də olmaz.
– Sənin deməyindən belə çıxır ki, adam sevdiyi şeyi çox əzizləməz?
– Yox, demək istəyirəm ki, gözəl şeyləri çox da şişirtmək lazım deyil. İndiki
vəziyyətdə aramızda gül olmasını istəmirəm.
Joan bir anlığa şübhəli nəzərlərlə onu süzdü, sonra sifəti işıqlandı:
– Bilirsən, bu gün neyləmişəm? Mən yaşamışam! Təzədən yaşamışam! Nəfəs
almışam! Təzədən nəfəs almışam! Təzədən dünyaya gəlmişəm. Çoxdandır belə
olmamışdı. Yenə əllərim, gözlərim, dilim-ağzım...
76
Taksi dar küçədə gedən maşınların arasından sivişib çıxdı və birdən sürət
götürəndə Joan Ravikin üstünə yıxıldı. Ravik onu bircə anlığa qucaqladı, nəfəsini
duydu. Elə bil, isti külək idi, əsdi ki, bütün günü üzündə donub qalmış iztirabları
əritsin, qəlbinə çökmüş qəribə soyuqluğu isitsin, indi yanında oturub hissə qapıla-
qapıla danışan qadını ona hiss etdirsin.
– Bütün günü sellər-sular oynayıb. Dünya, sanki, ümmana dönmüşdü, fəvvarə
vururdu üz-gözümə, boyun-boğazıma çilənirdi, elə bil, mən də ağac kimi çiçək
açmalı, yarpaqlamalı, bar gətirməliydim. Bütün günü əl çəkmədi ki, çəkmədi...
Axır ki, qopdum, indi burada... sənin yanındayam.
Ravik ona baxdı. Joan bir az qabağa əyilmişdi və qara rəngli bayırlıq paltarının
arasından çiyinləri parıldayırdı. Çox səmimi idi, heç nə vecinə deyildi,
fikirləşdiyini çəkinmədən deyirdi. Onunla müqayisədə Ravik özünə yaman yazıq,
yaman quru göründü.
«Təşrih edirdim. – ürəyindən keçirdi. – Səni unutmuşdum. Lüsyenə baş çəkdim.
Haradasa, lap keçmişdə idim... Sən yox idin orada. Axşam düşəndə isə yavaş-
yavaş hənirti hiss eləməyə başladım. Onda səninlə deyildim, Ket haqqında
düşünürdüm...».
– Joan! – deyə əllərini onun oturacağa söykədiyi əlinin üstünə qoydu. – İndi bizə
gedə bilmərik. Xəstəxanaya dəyməliyəm. Bir-iki dəqiqəliyə...
– Təşrih elədiyin qadını yoxlayacaqsan?
– Bugünkünü yox, başqasıdır... Bəlkə, məni bir yerdə gözləyəsən?
– Elə indi getməlisən?
– İndi yaxşıdır. İstəmirəm, sonradan zəng eləsinlər.
– Sənin otağında gözləyərəm. Mehmanxanaya getməyə vaxt çatar?
– Hə.
– Onda gedək. Sən sonra gələrsən. Gözləyərəm...
– Yaxşı. – Ravik ünvanı sürücüyə dedi.
Geri söykəndi, başını da söykənəcəyə qoydu. Əlləri hələ də Joanın əlinin üstündə
idi. Hiss etdi ki, Joan onun danışmasını istəyir. Özü haqda, ya da ondan... Ancaq
bacarmırdı. O özü çox şey danışmışdı. Fikirləşdi ki, heç bu qədər lazım deyildi...
Maşın dayanan kimi Joan dilləndi:
– Sən düşmə, özüm gedərəm. Daha qorxmuram, açarı ver.
– Növbətçidədir.
– Özüm alaram. Belə şeylərə öyrəşmək lazımdır. – O, gülləri götürdü. –Bir kişi ki
məni yata-yata qoyub gedir, gözlənilmədən bir də qayıdır, demək, bəzi şeylərə
öyrəşmək lazımdır. Elə indidən başlasam, yaxşıdır.
– Mən də səninlə gedəcəyəm. Gəl hər şeyi də belə şişirtməyək. Onsuz da, yenə səni
tək qoyub gedirəm, bu, bəs eləyir.
Joan güldü və həmin anda elə cavan göründü ki!
Ravik sürücüyə dedi:
– Xahiş edirəm, bir az gözləyin.
Sürücü gözlərini yavaş-yavaş yumdu:
– Çox da gözləyərəm, – dedi. Onlar yuxarı çıxanda Joan dedi:
– Açarı mənə ver.
– Niyə?
77
– Mənə ver!
O, qapını açdı, ancaq içəri girmədi. Otaq qaranlıq idi. Pəncərədən buludlarla
gizlənpaç oynayan ay görünürdü.
– Nə gözəldir! – Joan bu sözləri qaranlıqlara dedi.
– Gözəldir? Bu daxmaya gözəl deyirsən?
– Hə, gözəldir. Hər şey gözəldir.
– Ola bilsin, hələ gözəldir, çünki qaranlıqdır. Ancaq... – Ravik əlini düyməyə
uzatdı.
– Dəymə! Özüm yandıraram. Sən gedə bilərsən. Ancaq sabah günortaya qalma.
Joan yarıaçıq qapının ağzında dayanmışdı və pəncərədən süzülən gümüşü işıq
üzünə, çiyinlərinə düşürdü. Çox müəmmalı, sevdalı görünürdü, adamı lap yerindən
oynadırdı. Plaşı sürüşüb yerə, ayaqlarının altına düşmüşdü və qara rəngli köpüyə
oxşayırdı. Özü isə qapıya söykənmişdi, dəhlizdən süzülən işıq bir qoluna
dolanmışdı.
– Get... Tez qayıt, – deyib qapını örtdü.
Ketin hərarəti düşmüşdü.
– Oyanmışdı? – deyə Ravik yuxulu tibb bacısından soruşdu.
– Bəli, saat on birdə oyanmışdı. Sizi soruşdu. Dediklərinizin hamısını çatdırdım.
– Bəs soruşmadı bu nə sarğıdır?
– Soruşdu. Dedim ki, yarmalı oldular. Yüngül şeydir. Sabah özü deyər.
– Vəssalam?
– Bəli. Dedi ki, əgər belə lazım bilibsə, demək, hər şey qaydasındadır. Bu gecə
gəlsəniz, sizə salam yetirim və deyim ki, sizə inanır.
– Hə... belə...
Ravik bir xeyli dayanıb tibb bacısının yana ayrılmış qara saçlarına baxdı və birdən
soruşdu:
– Neçə yaşınız var?
Qız təəccüblə başını qaldırdı:
– İyirmi üç.
– İyirmi üç... Nə vaxtdan işləyirsiniz?
– İki il yarımdır. Yanvarda iki il yarım tamam olacaq.
– Bu sənətdən xoşunuz gəlir?
Qızın alma kimi yumru yanaqlarına təbəssüm qondu:
– Xoşuma gəlir, – dedi.–Əlbəttə, bəzi xəstələrlə çətin olur, ancaq əksəriyyəti
yaxşıdır. Madam Brisso mənə dünən çox qəşəng bir don bağışlayıb. Keçən həftə də
madam Lerner bir cüt lak ayaqqabı vermişdi. Yazıq getdi evdə öldü... – O, yenə
gülümsədi. – Demək olar ki, özümə heç paltar almıram. həmişə nəsə verirlər.
Xoşuma gələn şey olmayanda rəfiqəmin yanında dəyişirəm. Mağazada işləyir.
Vəziyyətim çox yaxşıdır. Madam Heqstrem də çox əliaçıqdır, pul verir. Axırıncı
dəfə yüz frank verdi. Onca günə... İndi nə qədər qalacaq, doktor?
– Ço...o..x.. Bir neçə həftə.
Qızın kefi lap duruldu. Onun aydın, qırış tanımayan qaşları dartıldı, hiss olundu ki,
gəlirini hesablayır. Ravik yenə Ketə tərəf əyildi. O, sakit nəfəs alırdı. Yaranın iyi
saçlarından gələn kəskin ətir qoxusuna qarışmışdı. Birdən-birə yaman yazıqlaşdı.
Qız ona inanırdı. Ah,.bu inam! Doğram-doğram elədiyi, xərçəngin için-için yediyi
Dostları ilə paylaş: |