115
Ravik ona baxdı, ancaq dinmədi.
– Çatmadı sənə?
– Niyə ki...
– Niyə məni götürüb buralardan getmirsən, əzizim?
– Hara?
– Hara gəldi... Hara olur-olsun...
Ravik qəzeti açıb, şüşənin tıxacını çıxartdı, sonra bir qədəh gətirib doldurdu.
– Gəl, – dedi, – iç!
Joan başını buladı:
– Xeyri yoxdur. Bəzən içməyin də xeyri olmur. Bəzən də heçcə nəyin! Bu axşam o
səfehlərin yanına getmək istəmirəm.
– Zəng vur, de xəstəsən.
– Nə fərqi var, sabah yenə gedəsi olaçağam. Bu daha pis...
– Adam bir neçə gün xəstə ola bilər.
– Bunun da xeyri yoxdur. – Joan ona baxdı. – Niyə belə oldu? Mənə nə olub,
əzizim? Günahkar, bəlkə, yağışdır? Yoxsa, nəmişlik yağan bu qaranlıq? Hərdən
mənə elə gəlir ki, qəbirdəyəm. Axşama dönəndə adam lap boğulur. Bir az bundan
qabaq hər şeyi unutmuşdum, o balaca restoranda səninlə oturanda xoşbəxt idim...
Bu atıb-atılmaq söhbətini niyə araya saldın? Mən o haqda heç nə bilmək, heç nə
eşitmək istəmirəm. Elə danışanda məni qüssə bürüyür, vahiməli günlər gözlərim
önündə təzədən canlanır, onda da bilmirəm, neyləyim. Bilirəm, sən elə mənada
demirsən, ancaq mənə təsir eləyir. Mənə təsir eləyir, yenə yağış, yenə qaranlıqlar...
Sən belə şeyləri bilməzsən, çünki möhkəmsən.
– Möhkəməm?
– Hə.
– Sən bunu haradan bilirsən?
– Çünki qorxmursan.
– Mən daha heç nədən qorxmuram. Ancaq bunlar ayrı-ayrı şeylərdir, Joan.
Joan onun dediklərini eşitmədi. İri addımlarla otaqda gəzişirdi və otaq belə
addımlar üçün çox darlıq edirdi. «Həmişə elə gəzir ki, elə bil, üzü küləyə gedir!» –
Ravik ürəyindən keçirdi.
– Kaş yaxamı bunlardan qurtara biləydim! Bu mehmanxanadan, gecə
restoranlarından, adamın üzünə yapışqan kimi yapışan sırtıq baxışlardan qaçmaq,
uzaqlaşmaq istəyirəm... – Joan dayandı. – Ravik, biz həmişə belə, indiki kimi
yaşamalıyıq? Biz də bir-birini sevən adamlar kimi yaşaya bilmərik? Həmişə bir
yerdə olaq, bizim də öz şeylərimiz olsun, axşamlar heç nədən qorxmayaq, rahat
olaq, bu camadanlardan, mənasız keçən günlərdən, adamı həmişə qəribsədən
mehmanxanalardan canımız qurtarsın.
Ravikin üz-gözündən heç nə anışdırmaq olmazdı. «Başlandı!» – deyə fikirləşdi.
Onsuz da bunu çoxdan gözləyirdi!
– Joan, doğrudan, biz də elə yaşaya bilərik?
– Niyə yaşamayaq axı? Başqaları niyə yaşayır? Hamının isti yuvası var, qoşa
gəzirlər, mənzilləri var, qapını örtən kimi, bütün dərd-ələm çəkilib gedir, daha
buradakı kimi divarlara hopub qalmır...
– Doğru sözündür?–Ravik bir də soruşdu.
116
– Hə...
– Demək, balaca, rahat bir mənzil... kiçik, rahat bir meşşan səadəti... Vulkanın
ikicə addımlığında kiçik, rahat bir dinclik. Sənin doğru sözündür?
– Başqa cür də demək olar. Belə yox... Adam lap nifrət eləyir. Sevənlər başqa söz
tapıb deyər...
– O sözlər heç nəyi dəyişmir, Joan. Bu, sənin doğru sözündür? Axı heç birimiz
dünyaya belə həyat üçün gəlməmişik.
Joan ayaq saxladı:
– Məni çıx...
Ravik gülümsədi. Bu təbəssümdə nəvaziş də, kinayə də, qüssə nişanələri də var idi.
– Joan, – dedi, – sən də belə həyat üçün yaranmamısan. Sən məndən də betərsən.
Ancaq bu, yeganə səbəb deyil. Başqası da var...
– Hə, – Joan acı-acı təsdiq elədi. – Bilirəm...
– Yox, Joan, sən onu bilmirsən. İndi özüm deyəcəyəm. Desəm, yaxşıdır. Sən də
indiki kimi ağlına başqa şey gətirməzsən.
Joan onunla üzbəüz dayandı.
– Nə qədər tez desəm, o qədər yaxşıdır. Ancaq deyəndən sonra məni çox sorğu-
suala çəkmə.
Joan dinmirdi. Birdən-birə sifəti bayaqkı ifadəsini itirdi, yenə əvvəlki sifət oldu.
Ravik onun əllərindən yapışdı:
– Mən Fransada xəlvəti yaşayıram, – dedi. – Sənədim yoxdur. Əsl səbəb budur.
Ona görə də mənzil tuta bilmərəm, sevdiyim adamla da evlənə bilmərəm. Bunun
üçün, gərək, sənədim, vizam olsun. Düzünə baxsan, heç işləyə də bilmərəm.
Gərək, gizlindən, onun-bunun əvəzinə iş görəm. Mən başqaları kimi yaşaya
bilmərəm.
Joan gözlərini bərəldib ona baxırdı:
– Düz sözündür?
Ravik çiyinlərini çəkdi:
– Bu cür yaşayanlar yüzlərlə, minlərlədir. Yəqin, sənin də xəbərin var. İndi bunu
hamı bilir. Mən də o yüzlərdən, minlərdən biriyəm.– O gülümsəyib Joanın əllərini
buraxdı. – Morozov beləsinə «gələcəyi olmayan adam» deyir.
– Hə... Bəs...
– Hətta deyərdim ki, belə yaxşıdır. İşləyirəm, dolanıram... Bir də sən varsan...
Bunların yanında xırda-xuruş çatışmazlıq heç nədir.
– Bəs polis?
– Daha polisin də vecinə deyil. Təsadüfən ilişsəm, ölkədən çıxaracaqlar, vəssalam.
Bu da nisyə söhbətdir. Yaxşı, get restorana zəng elə, de ki, gəlməyəcəyəm. Qoy bu
gecə təkcə bizim ikimizin olsun. Bütün gecə! De ki, xəstəsən. Arayış istəsələr,
Veberdən düzəldərəm.
Joan yerindən tərpənmədi.
– Ölkədən çıxaracaqlar...–Joan bu sözləri elə dedi ki, elə bil, mənasını yeni-yeni
anlayırdı. – Çıxaracaqlar? Fransadan? Demək, çıxıb gedəcəksən?
– Bir neçə günlüyə...
Joan, sanki, bu sözləri eşitmədi.
– Gedəcəksən! – dedi. – Gedəcəksən! Bəs onda mən neyləyəcəyəm?
117
Ravik gülümsədi:
– Hə, doğrudan, neyləyəcəksən?
Joan əlini dizinin üstünə qoyub elə oturmuşdu ki, deyərdin, donub.
– Joan, iki ildir buradayam, görürsən ki, heç nə olmayıb.
Bu sözlər onun halına təfavüt eləmədi.
– Birdən olsa, necə?
– Tez qayıdacağam. İki, üç həftəyə buradayam. Elə bilərsən, gəzməyə getmişəm.
Yaxşı, dur zəng elə.
Joan tərəddüdlə ayağa durdu.
– Necə deyim?
– De ki, bronxlarına soyuq olub. Bir az da xırıltı ilə danış.
Joan telefona tərəf getdi, lakin çatmamış tələsik geri qayıtdı. Ravikə sarıldı.
– Ravik...
Ravik ehtiyatla onu özündən araladı.
– Get, – dedi, – hamısını da unut. Bəlkə də, belə yaxşıdır, bizi ehtirasın qulu
olmağa qoymaz. Eşqimiz saf olar, əbədi məşəl kimi alovlanar, üstündə kələm
qovurduğun mətbəx qazı kimi gah yanıb, gah da sönməz. İndi get, zəng elə.
Joan dəstəyi qaldırdı. Ravik onun necə danışdığına göz qoyurdu. Əvvəlcə heç
özündə deyildi, gözlərini Ravikdən çəkmirdi, elə bil, onu indicə gəlib
aparacaqdılar. Ancaq getdikcə inamla, çəkinmədən yalan danışmağa başladı. Hətta
lazım olmayan şeylər də uydurdu. Üz-gözü canlandı, sinəsindəki ağrıları təsvir
eləyəndə, ona uyğun qırışdı. Səsindən yorğunluq yağırdı, xırıltı da getdikcə
çoxalırdı və axırda ösgürməyə başladı. Daha Ravikə baxmırdı, gözlərini harayasa
lap uzaqlara zilləyib, bütün varlığı ilə rola girmişdi. Ravik də dinmədən onun necə
danışdığına fikir verirdi və sonra bir qurtum kalvadoa içdi. «Heç nəyi qarışdırmadı,
– deyə ürəyindən keçirdi. – Güzgü kimidir, hər şeyi əntiqə göstərir, ancaq heç nəyi
tutub saxlaya bilmir...»
Joan dəstəyi asıb, əlini saçlarına çəkdi:
– İnandılar, – dedi.
– Sən lap əla aktyor imişsən.
– Dedilər ki, yataqdan durmayım. Sabaha qədər keçib getməsə, Allah xatirinə, bir
gün də qalım.
– Gördün?! Sabahın da işi düzəldi.
– Hə...–Joanın üzünə bircə anlığa qaranlıq çökdü. – Düzəldi...
Sonra Ravikə yaxınlaşdı:
– Sən məni yaman qorxutdun, Ravik. De ki, onların hamısı yalan idi. Axı sənin
hərdən belə danışmağın olur. De ki, hamısı yalan idi. İndicə dediklərinin hamısı
yalan idi!
– Hamısı yalandır...
Joan başını onun sinəsinə söykədi:
– Elə şey gerçək ola bilməz. Mən yenə yalqız qalmaq istəmirəm. Sən həmişə
mənimlə olmalısan. Tək qalanda, heç nəyəm. Sənsiz heç nəyəm, Ravik!
Ravik yuxarıdan-aşağı ona baxdı:
– Joan, – dedi, – sən hərdən adi çoban qızı olursan, hərdən də meşələr yaraşığı
Diana! Gah da hər ikisindən!
Dostları ilə paylaş: |