104
yaxından tanımır da. Sibilla Ravik üçün yalnız gözəl bir qadın
olmuşdur, ona görə
də etibar eləyib belə şeyləri deməzdi... Bu, doğrudan da, elə idi. Haake onda heç nə
deməyib gülümsəmişdi.. Üç gündən sonra Sibilla öldü. Həbs düşərgəsində özünü
asmışdı. Bir gün sonra isə qaçanlardan birini gətirdilər. Yazıçı idi. Ravik onun nə
özünü, nə də səsini tanıdı. Haakenin sorğu-sualı bir həftə də uzandı, Ravik ölümcül
hala düşdü. Axırda onu da həbs düşərgəsinə göndərdilər. Sonra xəstəxana... Daha
sonra isə xəstəxanadan qaçması...
Gümüşü rəngli ay «Zəfər tağı»nın tuşunda dayanmışdı. Külək «Yelisey çölləri»
boyunca düzülmüş fənərləri yellədirdi və onların gur işığı stolların
üstündəki
qədəhlərdə əks olunurdu. Birdən ona elə gəldi ki, bunların heç biri həqiqət deyil –
nə qədəhlər, nə ay, nə bu küçə, nə bu gecə, nə də bu an. Bu an gah doğmalaşır, gah
da yadlaşırdı və elə bil, onu nə vaxtsa, hansı planetdəsə bir dəfə yaşamışdı. Heç
biri həqiqət deyil – nə beynində ötən illərin fosfor kimi işıldayan, donub sözlərə
dönmüş, gah ölüb,
gah dirilən xatirələri, nə də damarlarından şırıltı ilə axan ilıq
maye... Bir az şoran dadı verən bu dörd litr sirli mayenin adı qan idi, bədənin bütün
əzalarına süzülüb ola həyat verirdi, hansı bir heçlikdəsə gözə görünməyən bir
anbara yığılırdı və onun da adına yaddaş deyirdilər. Bu qan da süzüldükcə
ulduzları, illəri bir-bir çevirirdi. Onların bəziləri aydın, bəziləri isə qan rəngində
olur, sanki, Mars planeti fırlanıb Berri küçəsinin üstünə gəlib. Bəziləri də ləkə-
ləkədir, tutqun parıltı ilə işıldayır... Bütün bunların hamısı xatirələrin sirli-soraqlı
səması idi və zəmanə də onun altında bildiyini eləyirdi.
Qisas ümidinin yaşıl rəngli qığılcımı... Solğun ay işığında, avtomobil motorlarının
uğultusunda asta-asta yırğalanan şəhər... Ucu-bucağı görünməyən sıra evlər,
pəncərələr və onların arxasında küçələrin özü qədər nəhayətsiz insan taleləri...
Milyonların ürək döyüntüləri... Bu ürəkləri, sanki,
milyon at gücündə bir motor
döyündürür, aram-aram, asta-asta onu həyat yolu ilə dartıb aparır və hər döyüntü
ilə bircə millimetr ölümünə yaxınlaşdırırdı...
O durdu. «Yelisey çölləri», demək olar ki, bomboş idi. Künc-bucaqda bir-iki fahişə
vurnuxurdu. Üzüaşağı düşüb Pyer Şardon, Marbef, Marinyon küçələrini keçdi,
Pion
körpüsünə çatanda geri dönüb, «Zəfər tağı»na tərəf getdi. Zəncirlərin
üstündən aşıb, naməlum əsgərin məzarı önündə dayandı. Balaca, göyümtül fənər
qaranlıqda titrəyirdi. Qəbrin üstündə gülləri solmuş bir əklil vardı... Etual
meydanını keçib, birinci dəfə Haakeni gördüyü bistroya gəldi. İçəridə sürücülər
oturmuşdu. Yenə pəncərənin yanında əyləşdi, qəhvə içməyə başladı. Sürücülər
Hitlerdən danışırdılar. Ona lağ eləyir və deyirdilər ki, Majino xəttinə hücum eləsə,
mütləq məğlub olacaq. Ravik gözlərini küçəyə zilləmişdi. «Niyə burada otururam?
– ürəyindən keçirdi. – Parisin hər yerində ona rast gəlmək olar...» Saata baxdı. Üçə
az qalırdı. Çox gec idi. Haake – əgər, doğrudan da, o idisə –
bu vaxt küçələrdə
veyillənməzdi.
Gördü ki, küçədən bir fahişə keçir. O, pəncərədən içəri boylanıb getdi. «O
qayıdanda duraram», – deyə ürəyindən keçirdi. Fahişə qayıtdı, ancaq durmadı. Qət
elədi ki, bir də gəlib keçəndə mütləq qalxacaq. Demək, Haake Parisdə deyil. Fahişə
qayıtdı, başı ilə ona işarə eləyib keçdi. Ravik yerindən tərpənmədi. O bir də gəlib
keçdi, yenə durmadı...
105
Xidmətçi stulları stolların üstünə yığırdı. Sürücülər pullarını verib çıxdılar.
Xidmətçi piştaxtanın yanındakı işığı söndürdü. Otağa çökən qaranlıqda hər şey
birtəhər görünürdü. Ravik yan-yörəsinə boylandı:
– Pulunuzu alın, – dedi.
Bayırda külək qalxmış, hava soyumuşdu. Bulud topaları sürətlə yuxarı qalxırdı.
Joan yaşayan mehmanxananın yanından keçəndə ayaq saxladı. Birindən başqa
bütün pəncərələr qaranlığa qərq olmuşdu. O pəncərənin pərdələrindən zəif işıq
gəlirdi. Joanın otağı idi. Bilirdi ki, qaranlıq otağa qayıtmaqdan xoşu gəlmir. İşığı
ona görə yana-yana qoymuşdu ki, Ravikin yanına getməyəcəyini bilirdi. Başını
qaldırıb pəncərəyə baxdı və birdən-birə niyə elə hərəkət etdiyini özü də anlamadı.
Joandan niyə qaçırdı? Sibillanın özü haqda olan
xatirələri çoxdan sönüb getmiş,
təkcə ölümü yadında qalmışdı...
Bəs o biri? Onun Joana nə dəxli? Lap elə özünə nə dəxli var idi? Dumanlı
xatirələrin toruna düşüb dəqiq bilməyə-bilməyə kimisə izləməsi, təsadüfi bir
oxşarlıq nəticəsində ötüb keçmiş illərin zığ-palçığında təzədən eşələnməsi, çürüyüb
getmiş keçmişi yenidən qurdalaması, qaysaqlanmış yaranı təzədən qanatması və
bununla da qəlbində yenicə kök salmağa başlayan ümidi sındırması, yaxşı-pis ona
bağlanmış yeganə adamı itirməsi səfehlik deyildimi? Onun bunlara nə qarışacağı?
Həmişə hər şeyin öz yeri olduğunu özünə təlqin eləməmişdimi? Yoxsa, canını
onlardan necə qurtarardı? Belə eləməsəydi, axırı hara çıxardı?
Hiss etdi ki, damarlarından axan qan qurğuşun kimi dondu. Dərindən nəfəs aldı.
Külək bərkiyirdi. Yenə işıq gələn pəncərəyə baxdı. Orada onun qədrini bilən,
lazımı olan, onu görəndə rəngi dəyişən bir adam qalırdı. Ravik isə onu boş
xəyallara, qisas ümidinin yaratdığı mənasız bir təkəbbürə qurban vermək
istəyirdi...
Axı tələbi nə idi? Niyə özünü çəkirdi? Niyə etiraz edirdi?
Həyat özü gəlib onun
yan-yörəsində dolaşır, o isə naz eləyirdi. Özü də bu həyatın ona bəxş elədiyi
nemətin az yox, çox olduğu üçün naz eləyirdi. Axı bunu anlamaq üçün nəyə görə
təzədən keçmişin qanlı-qadalı burulğanına düşməli idi? Çiyinlərini çəkdi. «Ürək! –
deyə fikirləşdi. – Ürək yaman şeydir! Gör necə həssasdır! Necə şiddətlə döyünür!»
İndi qaranlıqda parıldayan o tənha pəncərə də bütün varlığı ilə özünü onun
ixtiyarına verən və onu tilsimləyən başqa bir coşğun həyatın nişanəsi deyildimi?!
Yenə nəşə alovu, yenə zərifliyin müqəddəs ocağı, yenə damarlarından axan qanın
parıltısı... Hamısı ona tanış idi, hamısını görmüşdü və elə bilmişdi ki, bu zərif, şirin
duyğular heç vaxt beynini dumanlandıra bilməyəcək. Bunları bilə-bilə də indi
üçüncü dərəcəli bir mehmanxananın qabağında dayanmışdı və həmin duyğular da,
sanki, sfaltdan buğ kimi qalxırdı, elə bil, dünyanın o başından, mavi Kokos
adalarından yayılan tropik baharın ilıq
nəfəsi idi, okeanlardan, mavi rəngli
cəngəlliklərdən, vulkanlardan, qaranlıqlardan süzülə-süzülə keçib gəlir, Parisə axır,
qisasla, keçmişlərlə dolu bir gecədə miskin Ponsel küçəsinə müşk, küsdümağacı
ətri çiləyir. Heç nə deyə bilmirsən,
heç nə eləyə bilmirsən, bir də görürsən ki, asta-
asta uyuyursan...