68
sığınacaq çox olduqca, onun növ tərkibi zəngin olar. Öz növbəsində qruplaşmanın növ müxtəlifliyi artdıqca
ekoloji sığınacaq da çoxalır.
Bir biosenozun tərkibində eyni ölçülü qrupa aid olan növlər sayına görə kəskin seçilir. Onlardan birinə
seyrək rast gəlinir, digəri isə olduqca çox olduğu üçün biosenozun xarici görkəmini təyin edir. Məsələn, yovşan
yarımsəhrasında yovşan, çətiryarpaqlı fıstıq meşəsində çətiryarpaq ot növü. Hər bir qruplaşmada müəyyən ölçü
qrupuna aid olan növlər üstünlük təşkil edir, məhz onlar arasında olan əlaqələr bütövlükdə biosenozun
fəaliyyətini müəyyənləşdirir.
Sayına görə üstünlük təşkil edən dominant növ, yaxud sadəcə olaraq həmin qruplaşmanın (biosenozun)
dominantı adlanır. Məsələn, iberiya palıdı meşəsində iberiya palıdı, onun ot örtüyündə qırtıc, yaxud cil
dominantlıq edir. Biosenozun heyvanat aləmində də dominantlıq edən növlər vardır. Dominant növlər
qruplaşmanın «növ nüvəsini» təşkil edir. Lakin onların hamısı biosenoza təsir göstərmir. Onların arasında elə
növlər vardır ki, onlar öz həyat fəaliyyəti ilə biosenoz üçün yüksək dərəcədə mühit yaradır və onlarsız digər
növlərin mövcudluğu mümkün deyildir. Bu növlər qruplaşmanın bütövlüklə mikromühitini (mikroiqlimini)
müəyyənləşdirir, ona görə onların aradan götürülməsi biosenozun tam parçalanması (məhv olması) təhlükəsini
yaradır. Bu növlər edifikatorlar (latınca-qurucu) adlanır. Bizim meşələrimizin edifikatorlarından şərq fıstığı,
şərq palıdı, iberiya palıdı, şabalıdyarpaq palıd, ağyarpaq qovaq növlərini, subalp və alp çəmənlərində qırtıc,
topalotu, şehduranı, yarımsəhralarda yovşanı, dəvətikanını göstərmək olar. Lakin bəzi hallarda heyvanlar da
edifikator ola bilər. Məsələn, marmotlar koloniyası məskunlaşan ərazi, onun eşici fəaliyyəti landşaftın
xarakterini, mikroiqlimini və bitki örtüyünün bitmə şəraitini müəyyənləşdirir.
Biosenozun tərkibinə az miqdarda dominantlarla yanaşı, adətən çoxlu miqdarda azsaylı və nadir növlər,
formalar daxil olur. Azsaylı növlər ikinci dərəcəli növlər də adlanır. Biosenozun həyatında nadir və azsaylı
növlər olduqca vacib sayıdır. Onlar növ zənginliyi yaradır, biosenotik əlaqələrdə müxtəlifliyi yüksəldir və
dominantların yerini doldurmaq, yaxud əvəz etmək üçün ehtiyat vəzifəsini görür, yəni bisenozun davamlığını və
müxtəlif şəraitdə onun fəaliyyətinin etibarlığını artırır. Biosenozda belə «ikinci dərəcəli» növlərin ehtiyatı çox
olduqca mühitin istənilən dəyişkənliyində onların dominantlıq etmək ehtimalı da artar.
Dominantlıq edən növlərin sayı ilə biosenozun ümumi növ zənginliyi arasında müəyyən əlaqə mövcuddur.
Növlərin sayı azadlıqda ayrı-ayrı formaların bolluğu artır. Belə kasıb qruplaşmalarda biosenotik əlaqələr zəifləyir və
rəqabətetmə qabiliyyəti güclü olan növlər maneəsiz çoxalma imkanı qazanır.
Mühit şəraiti spesifik olduqca qruplaşmanın növ tərkibi kasatlaşır və ayrı-ayrı növlərin sayı çoxalır.
Tundrada lemminqlər və ya aqrosenozda ziyanverici həşəratların kütləvi çoxalma «partlayışını» buna misal
gətirmək olar.
Daha zəngin biosenozlarda praktiki olaraq bütün növlərin sayı (miqdarı) az olur. Növ tərkibinin zənginliyi
ilə fərqlənən tropik meşələrdə eyni cinsdən olan ağacların bir neçəsinin yan-yana bitdiyinə nadir halda rast
gəlmək olar. Belə qruplaşmalarda ayrı-ayrı növlərin kütləvi çoxalması partlayışı baş vermir və biosenozlar
yüksək sabitliyi (davamlılığı) ilə seçilir. Biosenozun müxtəlifliyi onun sabitliyi ilə sıx bağlıdır: növmüxtəlifliyi
yüksəldikcə biosenoz bir o qədər sabit olur. İnsan fəaliyyəti təbii qruplaşmalarda növmüxtəlifliyini xeyli azaldır.
Təbii sistemlərin sabitliyini saxlamaq üçün insan fəaliyyətinin neqativ nəticələrini qabaqcadan bilməli və ona
qarşı mübarizə aparmalıdır.
Biosenozun növ strukturunda ayrı-ayrı növlərin rolunu qiymətləndirmək üçün kəmiyyət uçotuna əsaslanan
müxtəlif göstəricilərdən istifadə edilir. Növün bolluğu – vahid sahədə müəyyən növün fərdlərinin sayı və ya tutduğu
sahədə həcmidir. Məs., su hövzəsində 1 dm
3
suda xırda xərçəngkimilərin sayı və ya 1 km
2
bozqır sahəsində
yuvaquran quşların sayı, yaxud 1 ha sahədə müxtəlif yaş siniflərində növlərin sayı və s. Rast gəlinmənin
(qarşılaşma) təkrarlanması biosenozda növün biosenozda bərabər və qeyri-bərabər yayılmasını səciyyələndirir. O,
həmin növün rast gəlindiyi nümunə və ya təcrübə sahələrinin ümumi nümunə və ya təcrübə sahələrinə nisbəti ilə
hesablanır. Növün sayı və rast gəlinməsi bilavasitə əlaqəli deyildir. Belə ki, növün sayı çox, rastlaşma az və ya
əksinə, növün sayı az, rastlaşma isə kifayət qədər ola bilər.
Təbiidir ki, bütün biosenozlarda ən kiçik formalar – bakteriyalar və digər mikroorqanizmlər üstünlük təşkil
edir. Odur ki, müxtəlif ölçülü növləri müqayisə etdikdə saya görə dominantlıq etmək qruplaşmanın
xüsusiyyətlərini əks etdirə bilməz. Müxtəlif ölçülü formalar və növlər müxtəlif əlamətlərinə görə də ayrılır:
sistematik (quşlar, həşəratlar, taxılkimilər, mürəkkəbçiçəklilər)
ekoloji-morfoloji (ağaclar, kollar, otlar), yaxud
da bilavasitə ölçüyə görə (torpağın mikrofauna, mezofauna və makrofaunası bütünlükdə və s.).
Daha kütləvi yayılan növlərin müxtəlif ölçülü qrupları daxilində müxtəlifliyi, say nisbəti, nadir formaların
bolluğu və digər göstəricilərin ümumi xarakteristikasını müqayisə edərək biosenozların növ strukturunun
spesifikası haqda qənaətləndirici təsəvvür almaq olar.
69
Topik əlaqələr əsasında biosenoz daxilində xüsusi struktur birliyi –konsorsiumlar mövcuddur. Konsorsium
müxtəlifcinsli orqanizmlər qrupu olub hər hansı bir növün fərdinin (konsorsiumun) mərkəzi üzvünün xaricində
və daxilində yerləşir. Əksəriyyət hallarda bir konsorsiumun üzvü də müxtləif tropik əlaqələrlə bağlıdır.
Konsorsiumlar faktiki olaraq digərinə mühitəmələgəlmə təsirinə malik olan istənilən növün nümayəndəsinin
ətrafında formalaşır.
Ayrı-ayrı konsorsiumlar müxtəlif mürəkkəblik dərəcəsində ola bilər. Biosenozun daxili mühitinin
yaranmasında əsas rol oynayan bitkilər çoxçaylı konsorovtiv əlaqələri ilə seçilirlər (şəkil ). Konsorsiumun
digər üzvləri də öz növbəsində daha kiçik konsorsiumlar, yəni birinci, ikinci, üçüncü və s. konsorsium sıraları
yarada bilər. Ümumiyyətlə, konsorsiumların mərkəzi üzvləri çox vaxt bitkilər olur.
Beləliklə, biosenoz növlər arasındakı sıx topik və tropik əlaqələr əsasında yaranan bir-birilə bağlı
konsorsiumlar sistemindən ibarətdir.
4.1.2. Biosenozun ərazi (məkan) strukturu
Biosenozda növlər müəyyən ərazi strukturu yaradır, bu əsasən onun bitki hissəsində – fitosenozda bitkinin
yerüstü və yeraltı hissələrinin yayılması ilə müəyyən olunur.
Müxtəlif boya malik olan bitkilər bir yerdə olduqda fitosenoz çox vaxt aydın yarusluq (mərtəbəlik)
quruluşunu alır: assimlyasiya edən bitkinin yerüstü orqanları və yeraltı hissələri bir neçə qatda yerləşərək
mühitdən müxtəlif cür istifadə edir və onu dəyişdirir. Yarusluq mülayim qurşağın meşələrində yaxşı görünür.
Məsələn, Lənkəran ovalığında və dağətəyi hissədə dəmirağac üçyaruslu (üçmərtəbəli) mürəkkəb qarışıq meşəlik
yaradır. Üst mərtəbədə şabalıdyarpaq palıd üstünlük təşkil edir, ona vələs, azatağac və Qafqaz xurniyi (xurması)
də qarışır. Bu yarusun hündürlüyü 28-36 metrə çatır. Orta mərtəbəni dəmirağac (12-16 metr), alt mərtəbəni isə
samşit, bigəvər və başqa kollar tutur (3-7 metr).
Meşədə həmişə yaruslararası (yarusdan kənar) bitkilər də mövcuddur, bunlara ağacların gövdə və
budaqlarında mamır və şibyələr, ali sporlu və çiçəkli epifitlər və lianlar aiddir.
Yarusluq bitkilərə işıq axınından tam istifadə etməyə şərait yaradır – yüksək gövdəli bitkilərin çətirləri
altında kölgəyədavamlı və kölgəsevər bitkilər yayılaraq hətta ən zəif günəş işığını da tuta bilirlər.
Yarusluq ot qruplaşmalarında da (çəmən, bozqır, savanna) müşahidə olunsa da, o qədər aydın görünmür.
Burada həm də meşəyə nisbətən az yarus ayrılır, meşədə də bəzən yalnız iki aydın görünən yarus olur. Məsələn,
yüksək doluluqlu fıstıq meşəsində bəzən bir yarus-ağac yarusu, bəzən isə çətiryarpaq və ya cil ot örtüyü olan
ikiyaruslu ağaclıq yaranır. Yaruslar bitkinin assimlyasiya edən və mühitə böyük təsir göstərən əsas kütləsi üzrə
ayrılır. Bitki örtüyünün yarusları müxtəlif uzunluqda ola bilər, məsələn, ağac yarusunun hündürlüyü 30-50
metrə qədər, kol yarusu 2-6 m, mamır yarusu isə cəmi bir neçə santimetr təşkil edir.