www.vivo-book.com
15
Geri qayıdanda qocanı oturduğu yerdəcə yuxulamış
gördü. Gün artıq batmışdı. O, çarpayının
üstündən köhnə
əsgər ədyalını götürüb stulun söykənəcəyinə saldı, qocanın
kürəyini, çiyinlərini örtdü; bu çiyinlər əcaib dərəcədə qeyri-
adi, həm də möhkəmdi, çox möhkəm. Başı sinəsinə
sallandığından qocanın boynundakı qırışlar indi bir o qədər
sezilmirdi. Əynindəki nimdaş köynək elə qayığının
yelkəni
kimi yamaq-yamaqdı və yamaqlar günün altında müxtəlif
dərəcədə yandığından hərəsi bir rəngə çalırdı.
Lakin hər
şeydən daha köhnə görünən qocanın sifəti idi və indi gözləri
yumulu vəziyyətdə onun simasında zərrə qədər də həyat
əlaməti sezilmirdi. Yalın ayaqlarının damarları çıxmışdı;
onları, az qala, barmaqla saymaq olardı.
Qəzet əlindən
sürüşüb dizinin üstünə düşmüşdü; uçub getməsin deyə, qoca
dirsəyi ilə onu dizinə sıxmışdı. Yüngül meh əsirdi.
Oğlan qocanı yatdığı kimi də qoyub getdi; qayıdıb hələ
də ayılmadığını gördükdə isə əlini onun dizinə vurub
astadan səsləndi:
– Dur ey, axşamdır.