www.vivo-book.com
105
Bayaqdan təmizləyib hazır qoyduğu qanadlı balığı sol
əliylə yerdən qaldırıb ağzına atdı, sümüklü-sümüklü
çeynəyərək quyruğunacan sümürdü.
Sonra öz-özünə dedi: “Çox yaxşı balıqdır. Adamı
əməlli-başlı doydurur. Mənə lazım olan hər şey onda var.
Mən əlimdən gələni elədim, qoy indi dənizdəki nəhəng balıq
nə qədər istəyir dövrə vursun.
Qoy o da əlindən gələni
eləsin. Ya ona verər Allah, ya mənə”.
Qoca dənizə çıxandan bəri günəş üçüncü dəfə doğurdu;
balıq da elə bil, günəşin çıxmasına bənd idi – dərhal dövrə
vurmağa başladı.
Qoca ha çalışdısa da, kəndirin dəniz səthi ilə əmələ
gətirdiyi meyl bucağını təyin edə bilmədi. Hazırda bu
mümkün deyildi, həm də hələ tez idi.
Gərginliyin bir az
səngidiyini hiss edəndə sağ əliylə ipi yığmağa başladı.
Kəndir təzədən əvvəlki tarım vəziyyətə gəlib, az qaldı qırıla.
Lakin gərginlik qəfildən azaldı və kəndir xeyli boşaldı. İşi
belə görəndə qoca azca əyildi, çiyinləri də, kəlləsi də ağır
yükdən
qismən xilas oldu; qaytanı tələsmədən, aramla
çəkməyə başladı.
O gah sağ, gah da sol əlini ata-ata