5
nin 18 maddədən ibarət Konstitusiyası qəbul olundu. Cümhuriyyətin 40 min kv.
km ərazisi, 1,7 milyon nəfər (1,5 milyonu türk-müsəlman) əhalisi vardı. Dövlət dili
olaraq türk dili qəbul olunmuşdu. Üçrəngli (ağ, yaşıl və qara), ay-ulduzlu bayrağı
vardı. Batumdan həftədə üç dəfə çıxan «Sədayi millət» qəzeti hökumətin rəsmi
orqanı idi. Beləliklə, Rusiya imperiyasının dağılması ilə əlaqədar olaraq Qars,
Batum, Axalsıx, Axalkələk, Şərur, Naxçıvan, Sürməli və İrəvan qəzasının cənub-
şərq hissəsinin əhalisi öz müstəqilliyini elan etdi.
Qısa müddətdə CQQC-nin Müvəqqəti hökuməti təşkil edildi. İbrahim bəy
Cahangirzadə cümhurbaşqanı seçildi. Nazirlər şurası beynəlmiləl tərkiblə təşkil
olunmuşdu. Xarici işlər naziri vəzifəsinə türk Piroğlu Fəxrəddin bəy, xalq maarifi
naziri vəzifəsinə əvvəlcə yunan M.Andreyanot, sonra isə türk, müəllim Mehmed
bəy Kocaoğlu təyin edilmişdilər.
Partiyalar olmadığından, 65 bitərəf deputatdan ibarət parlament yaradıldı.
Doktor Əsəd bəy Oktay (Əsəd bəy Hacıyev) parlamentin sədri seçildi. Parlament
respublikanın
xarici
və
daxili
siyasətinin
aşağıdakı
istiqamətlərini
müəyyənləşdirdi: 1) CQQC bütün qonşuları ilə, xüsusən yeni yaradılmış Qafqaz
dövlətləri ilə mehriban qonşuluq əlaqələri qurmaq niyyətindədir; 2) CQQC neytral
dövlətdir; 3) CQQC-nin vətəndaşları milliyyətindən, dinindən, sosial mənşəyindən,
siyasi əqidəsindən asılı olmayaraq, bərabər hüquqlara malikdirlər.
Yeni yaranan dövlət ixtisaslı kadrlar və maliyyə baxımından çətinliklərlə
üzləşirdi. CQQC-nin köməyinə ümid bəslədiyi ilk dövlət Azərbaycan Xalq
Cümhuriyyəti idi. Azərbaycan Cümhuriyyətinin Batumdakı konsulu məsələ ilə
bağlı Bakıya teleqram göndərərək bildirdi ki, CQQC əhalisi Azərbaycan Xalq
Cümhuriyyətinin ona hərtərəfli yardım edəcəyinə böyük ümidlər bəsləyir. CQQC
hökuməti 1919-cu il yanvarın 25-də Azərbaycan Xalq Cümhuriyyətinə müraciət
edərək, hərbi və maddi yardım istəmişdi. Buna cavab olaraq, Azərbaycan
Hökuməti CQQC-nə hərbi təlim keçmək üçün zabitlər və xeyli qızıl pul göndərdi.
CQQC, sülhsevər mövqeyinə baxmayaraq, yarandığı gündən Ermənistan və
Gürcüstan hökumətlərinin təcavüzkar xarici siyasəti ilə üzləşdi. Respublikanın
silahlı qüvvələri 15,5 min nəfərdən ibarət idi. Bu qüvvə ilə iki dövlətin –
Ermənistan və Gürcüstanın təzyiqlərinə davam gətirmək mümkün deyildi. Digər
tərəfdən, Ermənistan və Gürcüstanı ingilislər də dəstəkləyirdilər. İngilislər CQQC-
nin ərazisini Ermənistan və Gürcüstan arasında bölüşdürmək istəyirdilər. Onlar
üzdə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini CQQC ilə bağlı status-kvonu
saxlayacaqlarına inandırmağa çalışsalar da, əslində, CQQC-nin ləğvi istiqamətində
fəaliyyət göstərirdilər. CQQC Müvəqqəti hökumətinin sədri Azərbaycan Xalq
Cümhuriyyəti Hökumətinə 1919-cu il 26 yanvar tarixli notasında bildirirdi ki,
Gürcüstan Ərdəhan mahalını və Axalsıx qəzasını işğal etməyə cəhd göstərir. Bütün
müsəlman əhalisi buna qarşı ayağa qalxmışdır. Ermənilər də Naxçıvan qəzasına
hücumlar edirlər. Gürcülərin Axalsıx və Axalkələk qəzalarına hücumları zamanı 45
min davar aparılmışdı. Ermənilər 1919-cu il aprelin 12-də ingilislərin dəstəyi ilə
6
Qars vilayətinə soxuldular. Azərbaycan Cümhuriyyəti Hökuməti ermənilərin
Qarsda törətdiyi soyqırımı ilə bağlı Britaniya komandanlığına etirazını bildirdi.
Buna baxmayaraq, CQQC-nə kömək göstərmək ingilislərin planlarına daxil
deyildi. Əksinə, ingilislər CQQC hökumətinin 35 üzvünü həbs edərək, zirehli
qatarda Gümrüyə, oradan da Batum yolu ilə Malta adasına sürgünə göndərdi.
Bununla da, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti süqut etdi. Aprelin 14-də ingilis
generalı Devinin tövsiyəsilə 6 türk, 1 rus, 1 yunandan ibarət yeni Milli Şura
yaradıldı. Aprelin 19-da S.Korqanov Qarsda qubernator kimi fəaliyyətə başladı.
Bunun ardınca, erməni qoşunları Qars vilayətinə soxuldular. Yerli müsəlman-türk
əhali dəhşətli soyqırımına məruz qaldı. Aprelin 30-da qondarma Milli Şura ləğv
edildi. 1920-ci ilin payızınadək Cənub Qərbi Qafqaz Cümhuriyyətinin ərazisi
ermənilərin və gürcülərin işğalı altında qaldı.
İ.Cahangirzadə başda olmaqla, CQQC-nin Hökumət üzvləri yalnız 1921-ci
il mayın 23-də Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman
Nərimanovun köməyi sayəsində Maltadan əsirlikdən vətənə qayıtdılar. Bəs
İ.Cahangirzadə haqqında nə bilirik?
İbrahim Bəy Cahangiroğlu, Cahangirzadə (1874, Gümrü - 19.5.1948,
Qars) - dövlət xadimi, hərbçi, erməni-rus istilaçılarına qarşı fəal mübariz. Cənub-
Qərbi Qafqaz hökumətinə başçılıq etmişdir. Gümrüdə və Qarsda mədrəsədə
oxumuş, üç il Qars şəhər məktəbində rus dilində təhsil almışdır. Zəngin və
tanınmış ailədən olduğundan Aleksandropol (Gümrü) kazak alayına qəbul edilmiş,
beş il burada təlim keçdikdən sonra zabit rütbəsi almaq ərəfəsində Qarsdakı gizli
«İslam cəmiyyəti» ilə əlaqələri müəyyən edilərək, Dağıstana sürgün olunmuşdur
(1903). Əfv fərmanına əsasən, 6 aydan sonra azad olunaraq Qarsa qayıtmış və
maliyyə məmuru işləmişdir. 1905-06-cı illərdə ermənilər Azərbaycan xalqına qarşı
soyqırımı həyata keçirərkən könüllü dəstə toplayaraq, qardaşı Hasanxanla birlikdə
Qarabağa köməyə gəlmiş, 1906-cı ildə oradan öz dəstəsiylə Təbriz vilayətinə
keçmişdir. İbrahim bəy Qarsa qayıtdıqdan sonra vilayət qubernatorunun icazəsi ilə
erməni komitəçilərinə qarşı «Nəşri-maarif» cəmiyyətini qurmuş, eyni zamanda,
Azərbaycandakı «Difai» partiyası ilə gizli əlaqə yaratmış, habelə «İttihad və
Tərəqqi» partiyası Ərzurum şöbəsinin üzvü olmuşdur. 1907-ci ildə Xoya köçmüş,
Təbrizdə hürriyyət mücadiləsinə qoşularaq, şah rejiminə qarşı mübarizə aparan bir
dəstəyə başçılıq etmiş, 1912-ci ilin oktyabrında 700 mücahidlə Türkiyəyə - Van
vilayətinə qayıtmışdır. 1913-cü ilin martında «İttihadçı»ların dəvətilə öz
könüllülərilə birgə İstanbula getmiş, üç ay yarım təlim keçən «Qafqaz könüllü
taburu» onun komandanlığı altında Ədirnəni bolqarlardan azad etmişdir.
1914-cü ilin noyabrında Türkiyənin hərbi naziri Ənvər paşa İbrahim bəyi
könüllüləri ilə birlikdə İran və İraq cəbhələrinə göndərmişdir. Burada o, rus
ordusuna qarşı vuruşmuşdur. 1918-ci ilin mayında Ənvər paşa onu İstanbula
çağıraraq «Fəxri alay komandanı» sifətilə 9-cu Ordu komandanı Yaqub Şevqi
paşanın sərəncamına göndərilmişdir. İyunun ortalarında Şörəyel qaymakamı təyin