20
Nuru paşanın hərbi xidmətinin ən mühüm dövrü Qafqaz İslam Ordusunun
fəaliyyəti ilə bağlıdır. Bu ordunun yaradılması 1918-ci ilin əvvəllərində
reallaşmağa başladı. Azərbaycanda bolşevik-daşnak rejiminin türk-müsəlman
əhaliyə qarşı törətdiyi soyqırımları dayandırmaq məqsədilə milli azadlıq hərəkatı
fəallarının kömək üçün Osmanlı dövlətinə müraciətindən sonra Qafqaz İslam
Ordusu yaradılması qərara alınmışdı. Türkiyənin hərbi naziri Ənvər paşa
Azərbaycana yardım göstərilməsinin əsas təşkilatçısı idi. İlk qərara əsasən,
Azərbaycana göndəriləcək türk zabitlərinin rəhbərliyi və iştirakı ilə yerli milli
qüvvələrdən ordu formalaşdırılmalı idi. Azərbaycana göstəriləcək hərbi yardıma
rəhbərlik Nuru paşaya tapşırıldı. Vəzifəsinin icrasına başlamazdan əvvəl Nuru
paşaya fəriq (general-leytenant) hərbi rütbəsi, bütün Qafqaz İslam Ordusu
hissələrinə komandanlıq vəkaləti, Qafqazda Türkiyə sultanının siyasətini təmsil
etmək hüququ verildi.
Nuru paşa 1918-ci il martın 2-ci yarısında 20 nəfərlik bir heyətlə
Azərbaycana doğru hərəkətə başladı. Martın 25-də onun heyəti Mosul şəhərinə
çatdı. Aprelin əvvəllərində Nuru paşa öz heyəti ilə birlikdə Mosul-Təbriz-
Naxçıvan-Qarabağ-Yevlax-Gəncə yolu ilə Azərbaycana doğru istiqamət götürdü.
1918-ci il mayın 24-də Yevlaxda, mayın 25-də isə Gəncədə Nuru paşanın
qarşılanması mərasimi keçirildi. O, Azərbaycandakı hərbi-siyasi vəziyyətlə tanış
olduqdan sonra bolşevik-daşnak qüvvələrinin müqavimətini qırmaq üçün, qısa
müddət ərzində, milli hərbi struktur formalaşdırılmasının qeyri-mümkün olması
qənaətinə gəldi. Bu barədə o, 3-cü ordu komandanı Vehib paşaya təcili məlumat
göndərdi və dövlət orqanları qarşısında Azərbaycana türk hərbi qüvvələrinin
göndərilməsi barədə məsələ qaldırmasını xahiş etdi. 1918-ci il iyunun 4-də
Batumda iki dövlət arasında imzalanan müqavilədən sonra Nuru paşanın vəsadəti
əsasında 5-ci Qafqaz firqəsi Azərbaycana göndərildi. Nuru paşa türk və
Azərbaycan hərbi hissələrindən təşkil edilmiş Qafqaz İslam Ordusunun komandanı
olmaqla bərabər, Azərbaycan hökumətinin qərarı əsasında milli hərbi hissələrin
formalaşdırılmasına rəhbərliyi də öz üzərinə götürdü. Onun qarşısında Bakı
Sovetinə tabe olan bolşevik-daşnak hərbi qüvvələrinə, erməni silahlı dəstələrinə
qarşı mübarizəni təşkil etmək, Azərbaycanın milli hərbi hissələrinin
formalaşdırılmasına nail olmaq, Qafqaz İslam Ordusunun komandanlığı altında
olan qüvvələrin təchizat və təminat məsələlərini həll etmək kimi mürəkkəb
vəzifələr dururdu. İncə və çevik hərbi duyuma malik olan Nuru paşa ona həvalə
olunmuş hərbi vəzifələrin öhdəsindən bacarıqla gəldi, Azərbaycan hökumətinin və
xalqın dəstəyi ilə onun komandanlığı altında olan hərbi qüvvələr qısa vaxt ərzində
Gəncədən Bakıya qədər uğurlu döyüş yolu keçdilər.
Döyüşlərin getdiyi müddətdə Nuru paşa Əlahiddə Azərbaycan korpusunun
komandiri Əlağa Şıxlinski ilə birlikdə üç dəfə birbaşa cəbhə xəttində olmuşdu –
1918-ci il iyunun 18-də Qaraməryəm cəbhəsində, iyulun 5-də Ağsu cəbhəsində,
sentyabrın 10-da isə Bakı cəbhəsində olan Nuru paşanın qüvvələrin yenidən
21
səfərbərliyə alınmasında, döyüş planlarının taktiki baxımdan təkmilləşdirilməsində
böyük rolu oldu.
Bakının azad olunması (1918) üçün keçirilən həlledici hücumun planı Nuru
paşa tərəfindən hazırlanmışdı. Şəhərin azad edilməsindən sonra Cümhuriyyət
Hökumətinin başçısı Fətəli xan Xoyski öz minnətdarlığını və təbrikini Nuru paşaya
bu sözlərlə bildirmişdi: «...Komandanız altında bulunan cəsur türk əsgərlərimiz
tərəfindən Azərbaycanın baş kəndi olan Bakının düşməndən təmizlənməsi
münasibətilə millətim, zati-həmiyyəti-pərvəranələrizə və dünyanın ən cəsur və
soylu əsgəri olan türkün oğullarına minnətdar olduğumu ərz etməklə iftixar
edərim».
Qarabağın erməni silahlı dəstələrindən təmizlənməsinə başlanmazdan əvvəl
də, 1918-ci il oktyabrın 1-də Nuru paşa Ağdama gəldi, döyüşlərə hazırlaşan türk-
Azərbaycan hərbi qüvvələrinin vəziyyəti ilə yaxından tanış oldu.
Mudros barışığının (1918) şərtlərinə əsasən türk hərbi qüvvələri bölgəni
tərk etməyə məcbur olduqda Nuru paşa Azərbaycanda qalıb fəaliyyətini davam
etdirmək istəyirdi. Ancaq ingilis hərbi komandanlığı buna imkan vermədi.
Azərbaycanı tərk etməli olan Nuru paşa 1918-ci il noyabrın sonlarında Gəncəyə
gəldi. Noyabrın 29-da Gəncə bələdiyyəsində Nuru paşa və xidmət yoldaşlarının
yola salınması ilə bağlı ziyafət verildi. Nuru paşa türkçülük və turançılıqla bağlı
geniş nitq söylədi.
Nuru paşa Batum-Artvin-Ərdəhan-Qars-Ərzurum-Trabzon yolu ilə
İstanbula qayıtdı. İngilislər tərəfindən təqibə məruz qalan Nuru paşa Hərbi
Nazirliyin polisləri tərəfindən həbs edilib ingilislərə təhvil verildi. O, Batum
həbsxanasına gətirildi. İngilislər onlara qarşı vuruşduğuna və Azərbaycanda
göstərdiyi hərbi şücaətlərinə görə Nuru paşanın edamına qərar verdilər.
Azərbaycan milli azadlıq hərəkatının fəalları Nurunun rəsmi yolla azad edilməsinin
mümkün olmadığını biləndə Batum həbsxanasına silahlı basqın təşkil edilməsini
qərarlaşdırdılar. Bunun üçün Batuma xüsusi dəstə göndərildi. 1919-cu ilin yayında
həmin dəstə Batum həbsxanasına basqın etdi. Əməliyyat zamanı itki verilsə də,
Nuru paşanı azad etmək mümkün oldu. O, Artvin-Sarıqamış yolu ilə Ərzuruma
gəlsə də, bir müddət sonra Bakıya qayıtdı. 1920-ci ilin aprelində Sovet
qüvvələrinin Azərbaycana təcavüzü ərəfəsində Nuru paşa Dağıstan ərazisində
fəaliyyət göstərir, yerli milli müqavimət qüvvələrinin yaradılmasına çalışırdı.
Sonra yenidən Azərbaycana dönən Nuru paşa 1920-ci ilin iyununda Qarabağda
bolşevik rejiminə qarşı alovlanan xalq üsyanının rəhbərlərindən biri oldu. Üsyan
yatırıldıqdan sonra isə Nuru paşa Türkiyəyə döndü.
Hərbi xidmətdən ayrılandan sonra Nuru paşa İstanbulda dəmir-tökmə
fabriki açdı. Bir sıra digər məhsullarla bərabər bu fabrikdə hərbi təyinatlı
məhsulların da istehsalı mənimsənildi. 1949-cu il martın 2-də fabrikdə naməlum
səbəblər üzündən baş vermiş partlayış nəticəsində həlak olmuşdur.