29
heyvanların və zoomorf quşların danışa bilməsini
görürük (ibtidai insanlarda ruh və nitq məsələsi hələ
araşdırılmamışdır).
5.
Simvolizm – mifoloji şüurdan sonra yaranan
bədii şüurun yaratdığı poetik imkanların toplusudur.
Buraya şəxsləndirmə, alleqoriya, mübaliğə, metafora və
sair daxildir. Bunlar mifin bədii işarələridir.
Simvolizm daha geniş mənada simvol-işarələr
sistemidir. Mif özü mətnin işarəsidir. Totem işarədir.
Totemizm geniş mənada ibtidai cəmiyyətlə totem
arasında olan ictimai münasibətlərin işarəsidir.
Simvolu ilk yaranan sözün işarəsi kimi də
götürmək olar. Simvolizm ibtidai insanın davranışında
söz+nitq+mifoloji təfəkkür adlanan müxtəlif işarə sistemi
ilə onun öz dünyagörüşünü idarəetmə vasitəsidir.
Simvolizm animizmə, fetişizmə, totemizmə və
magiyaya məxsus bütün işarə kodlarını əhatə edir.
6.
Magiya – sözün qüdrəti ilə obyekti təsir altına
salmaq üsullarının məcmusudur. Magiya ağ magiya və
qara magiyaya bölünür. İlkin dövrlərdə magiyadan qədim
insanlar təbiəti ram etmək vasitəsi kimi istifadə etmişlər.
Müxtəlif ayinlərdə, rituallarda magiyadan yararlanaraq,
əfsun, sehir və caduların köməyi ilə ən vəhşi heyvanlar
belə ram edilmişdir.
7.
Şamanizm ibtidai dini dünyagörüş kimi həmişə
diqqəti cəlb etmişdir. Şamançılığın monqol inancı
olmasını əsas götürüb qədim türkün inancı kimi qəbul
etməyənlər də vardır. Türk tədqiqatçıları göytürklərdə
şamançılığın ibtidai dindən ziyadə, sehir və cadu kimi
qəbul olunduğunu yazırlar (45, s.82). Sehir və cadunun
təbiəti ovsunlamaq vasitəsi olması şamançılığın ikinci
dərəcəli vəzifəsidir. Onun əsas vəzifəsi ruhların köməyi
ilə dünyanı idarə etməkdir. Ruh tutmaq şamançılıqda
daha geniş yayılmışdır. Şamançılığı animizmin ən yüksək
30
pilləsi də hesab edirlər. Şamanizm inanc toplusu deyil, öz
qanun-qaydaları, vahid sistemi, öz ritualları, mif mətnləri
ilə zəngin olan dünyagörüşüdür. Şaman ruhlarla əlaqədə
olanda halı dəyişir, bu zaman o, çağırdığı ruhun
vəziyyətini hiss edərək, psixi yox, telepatik (telepatiya –
uzaqdan hissetmə duyğusunun güclü olması – R.Əliyev)
hallar keçirir (45, s.78). Şamanın türklərdə adı qamdır.
Dədə Qorqud qam vəzifəsini yerinə yetirir. Şamanların
xəstə ruhları sağaltmaq vəzifəsinin olmasına əsasən,
sonradan onların müəyyən üsullarla (xalq təbabəti və s.)
xəstələri müalicə etmə bacarığına malik olmaları
düşünülmüşdür.
Şaman dünyagörüşü şaman miflərini yaratmışdır.
Belə miflərdə əcdadlarımızın ruh haqqında bəsit fikirləri
əks olunmuşdur.
Ümumiyyətlə, mif yaradıcılığına nəzər yetirdiyimiz
zaman onların yuxarıda bəhs etdiyimiz mifoloji şüurun
keçdiyi inkişaf mərhələlərini mütləq bir dərəcədə əks
etdirdiyini görürük.
İbtidai insanların mif şüuru qeyd etdiyimiz həmin
mərhələlərdən keçir və onların izləri mif mətnlərində
yaşamaqda davam edir. Bu miflərin vasitəsilə
əcdadlarımız inanmışlar ki, insan öləndən sonra onun
ruhu bu və ya digər dərəcədə ölüb-dirilmə ilə bağlı ola
bilər (buna inisiasiya da deyilir). Əgər insan öz ruhu
vasitəsilə hansısa varlığın, əşyanın özünə çevrilə bilirsə,
bu, onun yeni bədəndə, yeni biçimdə yaşamaq imkanının
olmasını göstərir. Mifdə belə çevrilmələr totem miflərinə
xas olub, inkarnasiya vasitəsilə baş verir. İnkarnasiya
olunma, əsasən, totem miflərinə xas xüsusiyyətdir. Şərq
mifologiyasında inkarnasiyaya tənasüx də deyilir.
Tənasüx ərəb sözü olub çevrilmə mənasına uyğun gəlir.
İnkarnasiya prosesində ölüb-dirilmə (inisiasiya)
mütləq iştirak edir. İnisiasiyaya proses zamanı hər hansı
31
obyekt, subyekt, əşya və predmetin bir quruluşdan, bir
substansiyadan digərinə çevrildiyi anda düşüncədəki ani
ölümün işarəsi kimi baxmaq olar. Bu anilikdən sonra
dirilmə prosesində alınan yeni şəkil, forma mifoloji
şüurda yeni obrazın yaranmasına təkan verir. Biz totem
miflərində totemin birbaşa insana çevrildiyini görürük.
D.E.Xaytun, S.A.Tokarev, M.Eliade, L.Q.Şternberq və
başqaları qədim totem bütlərdən danışarkən onların
ikisifətli olduğunu, iki heyvanın üzünün cizgilərini əks
etdirdiyini yazmışlar. Totem bütlərin mifoloji şüurda
yaradıcı olma xüsusiyyəti onun iki heyvan sifətindən
birinin insan surəti ilə əvəzlənməsini, həm də totem-tanrı
formasında yüksək dərəcədə əcdadlarımız tərəfindən
qəbul olunmasını ortaya qoymuşdur. Özünü onun
nəsilindən hesab edən ibtidai insanın şüurunda totemin
insanabənzər ikinci sifətinin forması düşünülmüş,
inkarnasiya prosesinin başlanmasında təsəvvürdəki
fizioloji bağlılıq da rol oynamışdır. Nəticədə biz
öküzbaşlı qəhrəmanların, qurdbaşlı igidlərin arxaik
düşüncədə yarandığını müşahidə edirik. Hətta Oğuz
haqqında qədim miflərdə onun öküz formasının
inkarnasiya olunduğunu, ibtidai şüurda öküzbaşlı Oğuzun
tanrı səviyyəsinə qaldırıldığını da görürük.
Animizm, fetişizm, totemizm və antropomorfizm
bir-biri ilə bağlı olduğu kimi, həmin mərhələləri əks
etdirən miflərin də arasında əlaqə vardır. Bütün bu dörd
mərhələ ruhun müvazinəti ilə bağlı olduğuna görə, mif
mətnlərində də kortəbii düşünülən ruh anlayışı
inisiasiyanı (ölüb-dirilməni) və inkarnasiyanı (insana
çevrilməyi) şərtləndirən fövqəltəbii güc kimi anlaşılmış,
sonrakı proseslərin baş tutmasında həlledici rol
oynamışdır. İnkarnasiyanın baş tutması isə mifoloji
şüurda baş verən proseslərlə bağlıdır. Bu prosesi belə
şərh edə bilərik:
Dostları ilə paylaş: |