Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə7/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   2   3   4   5   6   7   8   9   10   ...   53

 
24 
Ziyadın kəndi belə kənd idi. Bir az oxuyanı, bir az biləni, 
bir  az  qabağa  gedəni  götürməzdilər.  Onu  bir  yolla  «taxtdan» 
salmağa  çalışar,  taxtı  boş  görəndə  rahatlanar,  xırda-xırda 
gülümsəyib, qımışardılar. 
Bu dağ  gəzintisini İlqar  təşkil eləmişdi. Demişdi, beş-altı 
kilo  ət  alaq,  dağa  qalxaq,  bir  havamızı  dəyişək,  kabab  yeyib 
qayıdaq.  Həm  də  demişdi,  qoy  Ziyad  dağları  yaddan 
çıxarmasın. Bakıdan gələndə dağları tanımaz, biabır olarıq. 
-  O  günləri  qızlar  da  buralara  qalxmışdılar.  Salman 
əminin qızını nəsə sancıb, deyirlər, su ilanı olub. Yusif həkim 
olmasaydı, qız əldən getmişdi. 
- Hə, Nazənin də orda olub, - İlqar çırpı yığa-yığa Əzizin 
sözünü təsdiqlədi. 
Nazəninin adını çəkəndə, uşaqlar gülüşdülər. 
- Ə, İlqar, sənin başqasının qızıynan nə işin var? Olmaya, 
Qərib kişinin qızına vurulmusan? 
-  Yox,  sən  öl,  bəs  dayımın  nəvəsi  deyil?!  Dünən  bizə 
gəlmişdi, dağ macəralarından xeyli danışdı. 
Ziyad  özünü  itirən  kimi  oldu.  Çünki  bulaq  başında 
səhənglərini  dolduran  qızları  görmüş,  onların  arasında  ən  çox 
Nazənini  bəyənmişdi.  Girəvəyə  salıb,  hətta,  uşaqlardan 
Nazənini  kimin  sevdiyini  öyrənmək  də  istəmişdi.  Uşaqlar 
qeyri-müəyyən  cavablar  vermişdilər.  Biri  siniflərində  iki 
oğlanın  onu  sevdiyini  demiş,  biri  Nazəninin  adını  eşitcək 
kinayəli  gülüb  «ağlı  olan  onu  istəməz»  demişdi.  Niyəsini 
soruşanda  dinməmişdi.  Araya  ayrı  söz  qatıb,  mövzunu 
dəyişmişdi. 
Ziyad  ikinci  kursda  oxuyanda  birinci  kursda  oxuyan 
Nigar adlı bir qızla tanış olmuşdu. Qız olduqca yaraşıqlı, boylu-
buxunlu,  ağbəniz  idi.  Gülümsünəndə  yanaqları  çökəklənirdi, 
gözləri  qəribə  tərzdə  axıb  adamın  qəlbini  ehtirasa  gətirirdi. 
Danışığı  da  qəribəydi.  Elə  astadan  danışırdı  ki,  onu  eşitmək 
üçün  maşının  ötüb  keçməsini,  küləyin  səngiməsini 


 
25 
gözləməliydin.  Dünyada  sevilməyə  layiq  beş  qız  var  idisə, 
bunlardan biri Nigar idi Ziyada görə. 
Bir axşamçağı qarşılaşdılar. Qızlar yataqxanasından bir az 
aralıda  tramvay  dayanacağının  yaxınlığında  Ziyad  bütün 
gücünü toplayıb qızın qarşısında dayandı. 
- Salam. 
Qız ürkək baxışlarla Ziyada baxıb, astadan onun salamını 
aldı. 
- Məni tanıyırsan? 
- Tanıyıram. 
- Hardan tanıyırsan? 
- Bir ali məktəbdə oxumuruq? 
Ziyad qıza hələ bu qədər yaxın olmamışdı. Onun nəfəsini 
nəfəsində  hiss  edirdi.  Öz  ürəyinin  döyüntüsünü  aydınca 
eşidirdi. Elə bilirdi ki, qız da onun ürək döyüntülərini eşidir. 
Bu  qəfil  görüş  isti  təmaslarla  əvəz  olundu.  Onlar  tez-tez 
görüşür,  bir-birinin  əllərindən  tutur,  söhbətləşir,  daha  da  isti 
münasibətlərin körpüsünü qurmağa başlayırdılar. 
Bir  axşam  bulvarın  işıq  düşməyən,  gözdən  uzaq  yerində 
Ziyad  ilk  dəfə  Nigarın  dodaqlarından  öpdü.  Bu  isti  təmasdan 
Ziyad elə sehrlənmişdi ki. Heç özündə-sözündə deyildi. Nigarı 
yenə  qucaqlamaq,  təkrar-təkrar  öpmək  istəyirdi.  Nigar  birdən 
ayıldı elə bil. Barmaqları ilə dodaqlarına yaxınlaşan dodaqların 
qarşısını kəsdi. 
- Bəsdi, ehsan deyil ki. 
Ziyad  Nigarın  titrəyən  səsindən  bir  az  da  ehtiraslandı. 
Qızı bərk-bərk sinəsinə sıxıb, beləcə dayandı. 
- Ziyad, bağışla məni. 
- Nəyə görə? 
- Elə bilərsən özünü idarə edə bilməyən qızlardanam. 
- Dəli… 
- Vallah, birdən oldu, gözlənilmədən. 


 
26 
Ziyad indi Nigarın da ürək çırpıntılarını eşidirdi. Saatlarla 
belə  dayanıb,  bu  təmasdan,  bu  şirinlikdən,  ilk  öpüşün 
ağılaparan  xoş  təsirindən  qurtarmaq  istəməzdi.  Lap  günəş 
doğana  qədər  gözləyərdi,  gözləyərdi  ki,  səhər  açılsın,  günəş 
gəlsin, onlara salam versin, onların məhəbbətini hamıya bəyan 
eləsin. 
- Ziyad… Bir şey soruşacağam, düzünü de. 
- De, gəlsin. Sənin imtahanından çıxmağa hazıram. 
- İndiyə qədər bir qızı öpmüşdün? 
- Yox. Sənə düzünü deyim, qoy aramızda heç bir qaranlıq 
məqam qalmasın… Orta məktəbdə oxuyanda sinfimizdə bir qız 
var  idi.  Bir  az  başdan  o  söz.  Sinfimizin  oğlanlarından  onu 
öpməyən yox idi. Kimin könlünə öpüş düşürdü, tənəffüs vaxtı 
aparıb  məktəbin  arxasındakı  bağda  öpüb  gətirirdi.  Elə  olurdu 
ki,  dərs  arası  fasilələrdə  onu  öpməyin  növbəsi  yaranırdı. 
Birinci,  Əjdər,  ikinci  Murad,  üçüncü  İlqar…  Mən  də  öpmək 
istəyirdim  o  qızı.  Öpüşün  tamını  dadmaq  keçirdi  xəyalımdan. 
Ancaq  qismət  olmadı,  mən  dəbərlənib  hazırlaşana  qədər  onlar 
başqa  kəndə  köçdülər…  İlk  öpüşün  dadını  sənin  dodaqlarında 
bildim, Nigar. Blsəydim belə şirindir, səni çoxdan öpərdim. 
-  Yox,  Ziyad,  bu  gün  də  necə  oldu,  səhv  elədim.  Mən 
sənin dediyin o qızlardan deyiləm. 
Nigar  Ziyadın  qolları  arasından  çıxıb  bir  az  aralı  oturdu. 
Və  birdən  qalxıb  uzaqlaşdı.  Ziyad  ona  çatmağa  çalışsa  da 
bacarmadı. Qız adamlara qarışıb gözdən itdi. 
Sonra  yenə  görüşdülər.  Bir  dəfə,  beş  dəfə,  on  dəfə...  Əl-
ələ verib bir-birinin gözlərinə baxdılar, məhəbbətdən, sevgidən, 
ailə  həyatının  şirinliyindən  danışdılar.  Ancaq  daha  Nigar 
Ziyada  onu  öpməyə  izin  vermədi.  Ziyad  nə  qədər  çalışsa  da, 
cəhdlər  eləsə  də  hamısı  boşuna  qaldı,  incə  barmaqlar  isti 
dodaqlarının qarşısına sədd çəkdi. 
Və günlərin birində… 


 
27 
Yenə  bir  yerdəydilər.  Yenə  üzbəüz  dayanıb  asta  səslə 
söhbətləşir,  çox  vaxt  da  danışıqlarının  yerini  lal  baxışlara 
verirdilər.  Belə  «danışmaq»  elə  danışmaqdan  şirin  idi…  Bu 
vaxt Nigar nəsə fikirləşib ala gözlərini süzdürdü. 
-  Ziyad,  iki  dəqiqə  gözlə,  sənə  bir  sürpriz  eləmək 
istəyirəm.  
Ziyad  daha  bir  şey  soruşa  bilmədi.  Nigar  ağacların 
arasından bir kəpənək kimi sivişib getmişdi. 
Əl çantası oturacağın üstündə qalmışdı. Yarısı açıq qalmış 
çantanın  gözündən  bir  kitab  görünürdü.  Həvəs  Ziyada  güc 
gəldi. Qalan  yarını açıb kitabı əlinə götürdü. Məmməd Arazın 
yenicə çapdan çıxmış kitabı idi. Sevindi. O da Məmməd Araz 
yaradıcılığını  çox  sevirdi.  Onun  poetik  ifadələrinin 
vurğunuydu.  Düşündü  ki,  kitabı  alıb  oxuyaram.  Və  kitabı 
vərəqləməyə  başladı.  Kitabın  arasından  bir  şəkil  yerə  düşdü. 
Ziyad  şəkli  götürdü,  əvvəl  şəkildəki  oğlana,  sonra  isə  şəkilin 
arxasına  baxdı.  Ürəyindən  elə  bil,  nəsə  qırılıb  içinə  düşdü. 
Şəkildən baxan gənc oğlan Nigara sevgi dolu sözlər yazmışdı: 
«Sən  mənim  dünyamsan,  Nigar,  sənin  gözlərinə  baxmaqdan 
doya bilmirəm». 
Ziyad  çaş-baş  halda  ayağa  durdu.  Şəkli  kitabın  üstünə 
qoydu, iti addımlarla  uzaqlaşıb  getdi.  Arxasına  baxmadan,  heç 
nəyə aydınlıq gətirmədən, heç nəyi götür-qoy etmədən… 
Sonra  bir  dəfə  həmin  oğlanı  Nigarla  gördü.  Nigarın  onu 
görüb-görmədiyini  isə  bilmədi.  Bu  onun  üçün  heç  maraqlı  da 
deyildi.  Ancaq  bu  anda  ürəyinin  lap  dərin  guşəsində  həmin 
gəncə  yazığı  gəldi...  Bəlkə  kiminsə  bir  vaxtlar  ona  da  yazığı 
gəlmişdi... 
Quru  odunlara  artıq  od  vurulmuşdu.  Odunlar  elə  çırta-
çırtla  yanırdı  ki,  adam  baxmaqdan  doymurdu.  Uşaqların  bir 
neçəsi  qıraqda  quzu  ətini  şişlərə  çəkirdilər.  Ziyada  çay  işinə 
baxmağı tapşırmışdılar. 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə