Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə53/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   45   46   47   48   49   50   51   52   53

 
184 
Yeri  gələndə,  Şahnazla  tək  qalanda  Nazənin  ağlayırdı, 
sinədolusu  ah  çəkib,  gözlərinin  yaşını  bahar  leysanı  kimi 
axıdırdı.  Elə  ağlaya-ağlaya,  göz  yaşları  içinlə  «bundan  mənə 
oğul çıxmayacaq, Şahnaz, ümidim ancaq Dəryayadır»-deyirdi. 
Tuqayın ona oğul olmamasının bir səbəbi vardı. Qızların, 
xanımların  arasında  böyüdüyündən  xasiyyəti  də  onlara 
oxşamışdı.  Qız  kimi  saçlarını  uzadır,  üz-gözünə  bəzək-düzək 
vurur,  yerişi,  baxışı,  duruşu  ilə  də  onlara  çox  bənzəyirdi.  Ali 
məktəbi  birtəhər  başa  vursa  da,  işləmək,  hansısa  bir  işin 
qulpundan  tutmaq  haqqında  düşünmürdü.  Nazəninlə  Şahnaz 
adam  tapmışdılar,  sənəd-sünədini  aparıb  bir  işə  qoymuşdular. 
Ancaq  orada  iyirmi  gün  işlədi.  Tapdıqları  ikinci  işdə  də  duruş 
gətirmədi.  Bir  aydan  sonra  işdən  çıxmaq  ərizəsini  yazıb 
sevincək  evlərinə  qayıtdı.  Qız  kimi  nazik  səsini  işə  salıb 
anasına  yalvardı,  dedi,  anacan,  mənə  gülürlər,  arxamca 
danışırlar, mənə elə yerdə iş tap ki, oradakılar mədəni olsunlar, 
adamı  başa  düşsünlər,  adamla  davranmağı  bacarsınlar… 
Nazənin  yenə  ağlayırdı,  Tuqayı  köksünə  sıxıb  «can  bala»  - 
deyirdi. 
Şahnaz  da  başını  itirmişdi.  Nə  edəcəyini  bilmirdi. 
Tuqayın  kişiyə  uyğun  gəlməyən  hərəkətləri,  əzilib-büzülməsi, 
axşamlar  gözdən  yayınıb  harasa  itməsi  bir  xala  kimi  onu  da 
məyus  edirdi.  Belə  anlarda  övladının  olmamasına  sevinirdi. 
Ata-ananı  el  içində  biabır  edəcək  övladın  olmasındansa, 
övladsız olmağın daha  yaxşı olduğunu düşünür, taleyin qəribə 
gərdişinə  mat  qaldığını  bacısına  deməsə  də,  qəlbinin 
dərinliyində ikinci səslə özü-özünə pıçıldayırdı. 
Bir  gün  imkan  tapıb  onunla  söhbət  eləmişdi.  Demişdi, 
Tuqay,  xala  qurban,  sənin  tay-tuşların  dağı-dağ  üstə  qoyurlar, 
yekə-yekə  işlərin  qulpundan  yapışırlar,  evlənib  arvad-uşaq 
sahibi  olurlar.  Sən  isə…  Arvad  almaq  fikrin  yoxdur?  Tuqay 
qayıdıb  demişdi  ki,  mən  xanımları  sevmirəm,  onlara  nifrət 
edirəm. Onlar olduqca məkrli, hiyləgər və qəddar məxluqlardır. 


 
185 
Daha  ayrı  bir  söz  deməyin  yersiz  olduğunu  düşünən 
Şahnaz susub gileyli-gileyli Tuqaydan aralanmışdı. 
Uşaq  yaşlarından  qəşəng-qəşəng  xanımların  qucağında 
böyüyən,  onların  şirin  canlarının  təmasını  duyan,  yaşından 
əvvəl  qadınların  ləzzətini  görən  bu  oğlanın  xanımlardan 
iyrənməyinin,  uzaq  qaçmağının  səbəbi  nə  idi  görəsən?  Bu 
sualın cavabını Şahnaz tapa bilmirdi. 
Nazənin  Tuqay  barəsində  düşündüklərini  dilinə 
gətirmirdi.  Heç  bu  haqda  Şahnazla  da  danışmırdı.  Ona  elə 
gəlirdi  ki,  bu  haqda  bir  söz  desə  və  yaxud  özü  bu  haqda 
danışsa, daha yaşaya bilməz, qəlbi əbədilik dayanar... 
Yağış  səsinin  içindən  küçə  qapısının  döyüldüyünü  hiss 
elədi.  Həyətin  dörd  yerdən  qapısı  var  idi.  Qulaq  verib  səsin 
hansı  qapıdan  gəldiyini  müəyyən  elədi.  Başına  çətir  tutub 
həmin  qapının  yanına  gəldi.  Qapını  açıb  çətirlər  altında 
dayanan iki qadını içəriyə dəvət elədi. Qadınlar içəri girən kimi 
üst paltarlarını çıxardılar, əllərini bir-birinə sürtüb ovuşdurdular 
və Nazəninin göstərdiyi yerlə əyləşdilər. 
- Elə bil dünya dağılır. Deyəsən yer üzü Allahın qəzəbinə 
gəlib. Bir yanda zəlzələ, bir yanda tufan, bir tərəfdə qaranlıq… 
- Yəqin qiyamət gəlir. 
- Hə, hara baxırıq, qiyamətin əlamətlərini görürük. 
-  Bədgüman  olmayın,  xanımlar,  qiyamətin  qopmasına 
hələ çox var. Yaxşı olar ki, özünüzü mənə tanıdasınız, dərdinizi 
deyəsiniz.  Bilmirəm  bilirsiniz,  yoxsa  yox,  mənim  ən  çox 
əziyyət  çəkdiyim  vaxt  azlığıdır.  Darməcallıqdan  başımı 
itirmişəm. 
Nazəninin  sözlərindən  sonra  gələn  xanımlar  qiyamət 
söhbətini bir yana atıb, özlərini tələsik tanış verdilər. 
-  Məni  yəqin  tanımış  olarsınız,  müğənniyəm,  adım 
Rübabədir. 
- Yox, vallah, tanımıram. Bir oxuyan Rübabə tanıyırdım, 
o da rəhmətə gedib. 


 
186 
- Necə tanımırsınız, mənim fəxri adım da var. 
- İndi heç kimin tanımadığı fəxri ad olan müğənnilərimiz 
çoxdur. 
- Mən onlardan deyiləm. Mən… 
- Yaxşı bəs siz kimsiniz? 
-  Mənim  adım  Mehparə  xanımdır.  Nazir  müavininin 
arvadıyam.  Nazənin  ürəyində  sevinsə  də,  bunu  büruzə 
verməməyə çalışdı. 

Onda 
elə  sizdən  başlayaq,  Mehparə  xanım. 
Müğənnilərin səbri, dözümü çox olur. Siz danışın ki,  yükünüz 
bir az azalsın. 
Mehparə  yerini  rahatladı.  Gözlərini  tavana  zilləyib 
düşüncəyə  daldı.  Sanki  nəyi  deyəcəyini,  necə  deyəcəyini, 
hardan  başlayacağını  müəyyənləşdirməyə  çalışırdı.  Bu  arada 
müğənni  xanım  nə  isə  demək  istədi.  Nazənin  barmağını 
dodağının üstünə aparıb, onun danışmasına imkan vermədi. 
-  Nazənin  xanım,  mənim  dərdim,  Rübabənin  dərdindən 
on  qat,  yüz  qat  ağırdır.  Belə  baxanda  xoşbəxtlərin  xoşbəxti 
kimi görünürəm. Bir yerə gedəndə, küçədən keçəndə üzümə elə 
baxırlar, qəlblərindən keçəni duyuram. Düşünürlər ki, İlahi, bu 
nə qədər bəxtəvər qadındır. Belə baxanda düz də fikirləşirlər, o 
boyda  nazir  müavininin  xanımıyam.  Ancaq  düzünə  qalsa, 
məndən bədbəxt adam yoxdur bu dünyada. 
- İraq uşaqlarından. 
Yenə Nazənin barmağıyla Rübabəyə «sus» işarəsi verdi. 
- Belə baxanda ərim də pis adam deyil. Amma onu öz 
adamlığında qalmağa qoymurlar, caduyla, pitiylə yolundan 
azdırırlar, ailəsindən, məndən soyudurlar. 
- Kim soyudur, niyə soyudur, açıq danış görüm. 
- Bilirsiniz, təzə müavin olanda qulağıma dəydi ki, cavan 
bir xanımın yanına gedib-gəlir. Bir yolla onu o qadından 
uzaqlaşdırdım. Keçən günləri eşitmişəm ki, indi bir yox, iki 
qadın saxlayır. Özü də biri tanınmış müğənnilərdəndir. 


 
187 
Mehparə  Rübabəyə  tərəf  baxdı.  Müğənni  xanım  qeyri-
ixtiyari gülümsədi. 
-  Mənə  niyə  baxırsan?  Əgər  sənin  ərinin  üzünü 
görmüşəmsə, cəhənnəmin qır qazanında yanım. 
-  Yox,  Allah  eləməsin.  Sən  mənim  yaxın  rəfiqəmsən. 
Ancaq, belə baxanda… 
- Deməli, ərin arvad saxlayır, özü də qoşa-qoşa? 
Nazəninin sualını Mehparə başı ilə yazıq-yazıq təsdiqlədi. 
- Burda nə var ki? Vəzifədə olanların hamısı arvad 
saxlayır də. Kişiliyi olmayanlar heç, qalan vəzifədə olan 
kişilərin hamısı iki yox, dörd, beş arvad saxlayır. Pul onları 
dingildədir, bacı, dollarlar onları qıdıqlayır, deyir, dinc 
oturmayın, durun özünüzü verin gözəl-göyçək xanımların 
yanına. 
-  Yox,  mən  bunu  qəbul  edə  bilmərəm.  Ya  özümü 
öldürəcəyəm, ya da onu boğacağam. 
- Əlini qana bulaşdırma. Hər bir işin çarəsi var. Bunun da 
çarəsini taparıq. 
- Başına dolanım, ay Nazənin xanım. 
-  O  qədər  belə  dərdlərə  dərman  tapmışam  ki.  Kişi  başqa 
qadın  görəndə elə bil cin-şeytan  görəcək. Sənin  dərdinin əlacı 
məndə… İndi isə sən danış, hörmətli müğənni xanım. 
Rübabə  səhnəyə  çıxırmış  kimi  üst-başını  səliqəyə  saldı, 
boğazını arıtladı. 
-  Mənim  dərdim  başqadır.  O  tərəfdən  rahatçılıqdır.  Ərim 
yoxdur  ki,  başqa  qadının  yanına  getsin…  Məsələ  burasındadır 
ki,  kolleqalarım  mənim  irəli  getməyimə  imkan  vermirlər. 
Özünüz  yaxşı  bilirsiniz,  ən  çox  cadu  eləmə,  bağlama,  tilsimə 
salma  biz  artist  tayfasında  olur.  Paxıllıq  bir  qurd  kimi  bizim 
qəlbimizi  didir.  Elə  bilirəm,  məndən  başqa  bütün  oxuyanlar, 
çalanlar,  rəqqasələr  bir-birinin  paxıllığını  çəkir,  bir-birinin 
bəxtini  bağladıb,  gününü  qara  eləmək  üçün  cadugərlərin 
qapısında növbəyə dayanırlar. 


 
188 
- Belə baxanda… 
-  Dayan,  Mehparə,  sözümü  kəsmə…  O  günləri  nazirliyə 
çağırıb,  məni  xaricə  gedən  nümayəndə  heyətinin  tərkibinə 
salmışdılar.  Bir  neçə  xarici  ölkəyə  gedəcəkdik.  Ancaq  üzünü 
mürdəşir  yumuş  başqa  bir  müğənni  gedib,  bilmirəm  nə  yolla 
məni oradan çıxartdırıb, öz adını yazdırıb. 
- İndi sənin istəyin nədir? 
- İstəyim odur ki, o murdarçanı yox eləyəsən. 
-  Əstafürullah.  Yox  eləmək,  yalnız  Allaha  məxsusdur. 
Mən belə işləri bacarmaram. 
- Onda səsini batır. 
- Onu da bacarmaram. 
- Bəs nə bacararsan? 
-  Nə  bacardığımı  altı  aydan  sonra  özün  görəcəksən. 
Həftədə  bir  dəfə  mənim  yanıma  gəlin.  Mənim  arxamca 
danışılanlara,  böhtanlara  inanmayın.  Onda  gördüyüm  işin 
səmərəsi olmaz… 
Bu  vaxt  telefon  zəng  çaldı.  Nazənin  gələnlərdən  üzr 
istəyib,  telefonun  dəstəyini  qaldırdı.  Donuq-donuq  dayanıb 
telefonun  o  başından  gələn  səsə  qulaq  asdı.  Rəngi  dəyişib, 
pambıq  kimi  ağardı.  Və  huşunu  itirib  yerə  yıxıldı.  Rübabə  ilə 
Mehparə  köməkləşdilər,  onu  zorla  sürüyüb  divanın  üstünə 
uzatdılar. Su tapıb gətirdilər, üzünə  çilədilər. Nazənin ayıldı, o 
yan, bu yana baxdı. 
-  Hamısını  Gövhər  elədi.  Allah  onun  evini  yıxsın.  Məni 
til… til… 
Yenə  özündən  getdi.  Qonaqlar  çox  əlləşib  onu  özünə 
gətirməyə  çalışdılar.  O,  özünə  yenicə  gəlib  ölü  gözləri  ilə 
qonaqlara baxır, sanki onların kim olduğunu bilmək istəyirdi. 
Bu  vaxt  küçə  qapısı  hikkə  ilə  döyüldü.  Mehparə  çətirini 
götürüb  qapıya  çıxdı.  Üç-dörd  qadının  ağlaşa-ağlaşa  içəri 
girdiklərini  görəndə  çaş-baş  qaldı,  onların  hansı  faciəyə  düçar 
olduğunu  öyrənmək  həvəsi  qəlbinə  hakim  kəsildi.  Rübabə  də 


 
189 
çaşqın halda gələnlərə, bir də divanda uzanan, eşitdiyi xəbərdən 
sarsılıb qalan Nazəninə baxırdı. 
Gələnlər Nazəninin ətrafında baş-gözlərinə döyüb ağlaşır, 
bir-birindən kədərli, qəmli, qəlbgöynədən ağılar deyirdilər. 
Mehparə  ilə  Rübabə  getmədilər.  Kədərə  düçar  olanların 
yanında  oturub,  hansı  faciənin  baş  verdiyini  öyrəndilər.  Üz-
gözünü didib parçalayan Şahnazın dediyindən bildilər ki, bacısı 
qızı Dərya nakam gedib dünyadan. Onu da bildilər ki, faciənin 
baiskarı  Dəryanın  öz  əridir.  O,  nəyə  görəsə  həyat  yoldaşını 
baltayla  vurub  öldürmüşdü.  Şahnazın  dediyinə  görə,  zavallı, 
nakam  bacısı  qızının  başında,  üz-gözündə  dağılmamış  yer 
qalmamışdı. 
Mehparə  ilə  Rübabə  bunları  öyrənəndən  sonra  hiss 
edilmədən kölgə kimi yox olub getdilər. 
Ziyad  evə  gəlib  çatanda  Dəryanın  meyidini  polislərin 
əlindən  birtəhər  almışdılar,  aparıb  çətinliklə  də  olsa  yumuş, 
kəfənləyib evə gətirmişdilər. 
Ziyad çox sakit dayanmışdı. Bu faciə sanki onun yox, bir 
qonşunun, uzaq qohumun başına gəlmişdi. Dəryanün meyidini 
götürəndə, qəbiristana sarı üz tutanda da özünü belə apardı. Nə 
fəryad  qoparıb  ağılar  dedi,  nə  göz  yaşı  axıdıb  fani  dünyanın 
işlərinə  lənətlər  yağdırdı.  Elə  beləcə  baxdı,  getdi,  qayıtdı  və 
gözlərini məchul nöqtəyə dikib dayandı. 
Dəryanın  üçünə  qədər  yasa  çox  qəlib,  gedənlər  oldu. 
Tanış-bilişlər,  qonum-qonşular,  bir  də  yadlar.  O  yadlar  ki, 
onları  Ziyad  tanımırdı,  bəlkə  də  üzlərini  birinci  dəfəydi 
görürdü. Onların kim olduqlarını, haradan və niyə  gəldiklərini 
Ziyad Nazənindən  heç soruşmadı  da. Bu üç  gündə oğlunun  da 
harada  olduğunu  bilmədi.  Heç  gözə  görünmürdü  Tuqay.  Bir 
məqam  tapıb  Nazənini  yanına  çağırmış,  ondan  Tuqayın  yerini 
soruşmuşdu. Nazənin ağlar gözlərini silə-silə: 
- Mən nə bilim hardadı, yəqin cəhənnəmə gedib, - 
demişdi. 


 
190 
      Nazəninin cavabından Ziyadın ürəyi sıxılmışdı və ora-bura 
boylanıb adamların arasında oğlunu axtarmışdı. 
Ziyad  ömrünün  bəlkə  də  ən  sıxıntılı,  üzücü  günlərini 
yaşayırdı.  Bir  tərəfdən  qızının  faciəvi  ölümünün  izahagəlməz 
aurası, o biri yandan işdən qovulub avara-sərgərdan qalmasının 
üzüntüsü,  bir  yandan  da  öyrənmədiyi  doğma  evinə  çəkilib 
qalması ona məhbus həyatı yaşamaq qədər ağır gəlirdi. Hərdən 
cürbəcür  qadınların  onlara  gəlməsi  və  Nazəninlə  otaqların 
birinə çəkilmələri onun sinir sistemində olan gərginliyi daha da 
artırırdı. 
Tuqay  harasa  getməyə  hazırlaşmışdı.  Atasına  yaxınlaşıb 
onunla  sağollaşanda  Ziyad  diqqətlə  oğlunun  üz-gözünə, 
geyiminə baxdı. Bir istədi ayağa dursun, onun saçlarından tutub 
silkələsin,  desin,  ay  bala,  bizim  vaxtımızda  heç  qızlar  sənin 
kimi  bəzənmirdilər.  Ancaq  demədi,  əsəblərinin  cilovunu  zorla 
tutub susdu. Sonra ayağa qalxdı, səssiz-səmirsiz ayaqqabılarını 
geyinib Tuqayın arxasınca düşdü. 
Tuqay  arxaya  baxmadan  gedirdi.  Bəzi  maşınlar  onun  lap 
yanında  dayanır,  maşında  olanlar  Tuqaya  nəsə  deyir  və 
yollarına davam edirdilər. 
Tuqay  yolun  səmtini  dəyişib  Ziyadın  şübhələndiyi  yerə 
doğru  addımlayanda  bir  anda  Ziyadın  qəlbinin  düz  ortasından 
gizilti  keçdi.  Ziyad  əlini  ürəyinin  üstünə  qoyub,  daha  Tuqayın 
getdiyi  yolun  sonuna  getməyə  özündə  güc  tapa  bilmədi.  Geri 
qayıtdı.  Oğlunu  itirmiş  atalar  kimi  ağır  addımlarla  özünü  ən 
yaxında olan dükana çatdırdı. Araq alıb, elə oradaca ağzını açdı 
və  satıcı  qızın  gözləri  qarşısında  şüşəni  yarısına  qədər  nəfəs 
dərmədən  başına  çəkdi.  Dükandan  bayıra  çıxdı.  Taksi 
saxlatdırıb,  arxada  oturdu.  Dili  dolaşa-dolaşa  gedəcəyi  ünvanı 
sürücüyə dedi. Sürücü təkrar soruşmadı, bir  az fikirləşib onun 
hara getmək istədiyini müəyyən elədi. 
Yenə  güclü  yağış  yağırdı.  Ziyad  taksidən  düşüb  torpaq 
yolla rəngi getmiş köhnə qapının qarşısına gəldi. Əlləri əsə-əsə 


 
191 
qapını  döydü.  Və  hələ  indi  yadına  düşdü  ki,  onun  imdad 
bağladığı  ocağın  çırağı  sönüb.  Dərdli  anlarında  tələsdiyi  bu 
evin sahibi dünyasını dəyişib. 
Ziyad  yağışın  altında  vurnuxur,  haraya  gedəcəyini 
bilmirdi. 
Asvalt yola çıxanda qeyri-ixtiyari bir əlini qaldırıb, beləcə 
dayandı.  Bir  neçə  maşın  ötüb-keçəndən  sonra  köhnə,  bir  neçə 
rəngə çalan maşın onun qarşısında dayandı. 
- Gəl otur, ay bədbəxt oğlu bədbəxt. Yağışın altında öldün 
ki. 
Ziyad islanmış paltarları ilə sürücünün yanında oturdu. 
- Qiyamət qopur, deyəsən… Hara gedirsən? 
- Bilmirəm. 
- İndi səni cəhənnəmə-gora aparım? 
- Yaxşı olar. Canım bir az istiləşər. 
- Onda bizə yaxşı yol. 
Sürücü  motoru  işə  salıb  maşını  yerindən  götürdü.  Maşın 
elə sürətlə gedirdi ki, elə bil, doğrudan da o dünyaya tələsirdi. 
Ziyad sərxoş olsa da, gedəcəyi  yerin adını sürücüyə deyə 
bildi. Sürücünün ağzını əyə-əyə danışmasından onu da bildi ki, 
sürücü  də  onun  günündədir.  Ancaq  onu  bilmədi,  bilmədi  ki, 
sürücünün qızı ölüb, oğlu pis yola gedib, sərxoşluq üstündə iki 
xəbərdarlıqdan  sonra  işdən  qovublar,  yoxsa  sürücünün  dərdi 
başqadır.  Bunu  Ziyad  sürücüdən  soruşmadı.  Soruşa  bilmədi. 
Ayıbına  gəldi.  Sərxoş  beyni  ilə  düşündü  ki,  bəzi  şeyləri  dilə 
gətirmək  olmaz.  Bəzi  şeyləri  dilə  gətirməzdən  qabaq  gərək 
ürəyini  çıxarıb,  yerinə  daş  bağlayasan.  Ya  da  dinmədən, 
danışmadan,  qiyamətin  qopmasını  gözləmədən  dünyadan 
köçüb gedəsən. Ziyad ürəyinə daş bağlaya bilməzdi. İkinci yolu 
seçməyə isə cəsarəti çatardı. Elə bu istəklə də qayıdışı olmayan 
yola çıxmışdı. 
Ömrünün sonuna yaxın öz kəndlərinə getmək istəyirdi. 


 
192 
Yağış  getdikcə  güclənir,  maşının  şüşəsiləni  suyu 
təmizləyə bilmir, yolun görünməyinə çətinlik yaradırdı. 
- Ölməyə vaxt tapmısan, Qaradaşlının yolunu göstər. 
Ziyad  boynunu  uzadıb  qabağa  baxdı.  Yol  görünməz  olsa 
da, uzaqdan Xurmalını tanıdı. 
- Bax, o dağın yanına sürərsən. 
Kənddə  heç  kəs  gözə  dəymirdi.  Hamı  yağışın  əlindən 
qaçıb, evində-eşiyində gizlənmişdi. Kənd də elə bil həmin kənd 
deyildi.  Onda,  Ziyad  uşaq  olanda  yağışı  da  başqa  cür  yağardı 
bu kəndin.  Çayxananın  yanından  ötəndə dayanıb  içəriyə qulaq 
verdi.  Danışırdılar.  Ancaq  onun  bildiyi  dildə  yox,  ayrı,  özgə, 
yad  dildə  söhbətləşirdilər.  Ziyadın  canı  üşüdü.  O  günləri  bir 
nəfərdən  eşitdiyi  sözlər  yadına  düşdü.  Həmin  adam  öz 
kəndlərindən  idi.  Danışırdı  ki,  Qaradaşlıda  aləm  bir-birinə 
dəyib.  Tayfa  davaları  üstündə  kənd  adamlarını  köçürüb  başqa 
yerlərə  aparmışdılar.  Yad,  özgə,  başqa  dildə  danışan  adamları 
gətirib bu kənddə məskunlaşdırmışdılar. Onda Ziyad bu sözlərə 
inanmamışdı,  sərxoş  başı  ilə  düşünmüşdü  ki,  danışan  yəqin 
ağzına gələni danışır. İndi isə inandı. Və əlləri ilə başını tutub, 
elə  beləcə,  düz  qəbiristanlığa  qədər  qaçdı.  Məzarlıq  hələ 
yerindəydi.  Atası  ilə  anasının  qoşa  qəbirlərini  tapdı.  Kol-kos 
basmış  məzarları  əlləri  ilə  oxşadı.  Sonra  iki  məzarın  arasında 
uzandı.  Üzünü  göylərə  tutdu.  Yağış  suları  gözlərinə  dolub, 
ətrafı görünməz elədi. 
Uzaqdan  anlaşılmaz  səslər  gəlirdi.  Ona  elə  gəldi  ki, 
hardasa bayquşlar ulayır. Bir də onu düşündü ki, hansı ruhlarsa 
fəryad qoparıb onu yanlarına çağırırlar... 
Yeddi dərə keçən qoca dağın ətəyinə gələn Şahnaz torpaq 
yığıb  əlində  gətirdiyi  kisəni  doldurdu.  O  tərəfə,  bu  tərəfə 
boylandı.  Bir  kimsənin  onu  görmədiyini  yəqin  eləyib,  sevinə-
sevinə gəldiyi yolla geri qayıtdı. Bir azdan gətirdiyi torpağı su 
ilə  qarışdıracaq,  canının  hər  yanına  yaxacaq,  qupquru 


 
193 
quruyandan  sonra  yuyunub  təmizlənəcək,  qüsl  verəcək  və 
tərtəmiz olduğuna inanıb, sinədolusu rahatca nəfəs alacaqdı. 
 
                       ____________________________ 
                  _________________________________ 
                       ____________________________ 
   
 
 
 
Redaktor: Güloğlan Həsənli 
Bilgisayar yığıcısı: Aynurə Rəşidova 
Texniki redaktor: Vüsal Valehoğlu 
 
 
Rasim Gənzəli 
( Rasim Qulu oğlu Məmmədli ) 
           Qiyamət qopanda... 
Roman 
Bakı - 2010 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə