Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə9/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

 
32 
haqqında qeyri-müəyyən fikirlər söylədilər. Bəs onun deyiklisi 
kimdir?  Ancaq  hər  nə  düşünürsə-düşünsün,  özünə  nə  qədər 
suallar  verirsə-versin,  axırda  onu  qoynunda  görürdü,  qatara 
mindirirdi, Bakıya aparırdı. 
Sabah tezdən yenə özünü Xurmalı dağın ətəyinə vermişdi. 
Neçə  gün  idi  buranı  özünə  məskən  seçmişdi.  Buradan 
Nazəningilin  evləri  görsənirdi.  Həsrətlə  qızın  evdən  bayıra 
çıxmasını gözləyir, onu görməyincə evlərinə qayıtmırdı. 
Məqam tapıb öyrənmişdi, qızın deyiklisi yox idi. Bundan 
sonra  ona  olan  istəyi  daha  da  artmış,  ürəyi  sevgi  atəşinə  qərq 
olmuşdu.  Əvvəllər  belə  şeylərə  gülməyi  gələrdi.  İndi  özü  o 
dərdə  mübtəla  olmuşdu.  Xəyalından  bir  an  da  onu  çıxara 
bilmirdi. 
O anı gözləyirdi… 
Və… 
Günlərin birində qızın qarşısında dayandı. 
- Salam. 
Qız əyri-əyri baxıb, uzaqlaşmaq istədi. 
Yenə qarşısını kəsdi. 
- Bura sənə Bakı deyil, yan dur. Görərlər, biabır olaram. 
- Qorxma, səni biabır eləmərəm. 
-  Bilmək  olmaz.  Hər  gün  Xurmalının  döşündə  dayanıb, 
bizim evə baxırsan. Qardaşım bilsə, səni öldürər… 
Ziyad  özünü  ələ  alıb,  tələsə-tələsə  sözlərini  deməyə 
çalışırdı. 
- Niyə, sizin kənddə sevənləri öldürürlər? 
- Nə demək istəyirsən? 
- Sevirəm səni, Nazənin. 
- Nə? 
-  Bu  haqda  düşün.  Bir  qərara  gəlsən,  iki-üç  gün  ərzində 
mənə zəng elə. Axşamüstülər telefonun yanında oturacağam. 
Elə  həmin  gün  axşamçağı  zəng  gəldi.  Ziyad  tələsik 
dəstəyi  götürdü,  onun  pıçıltılı  səsini  eşidəndə  az  qala  ürəyi 


 
33 
yerindən  qopdu.  Qız  əvvəl  bir  az  naz  elədi,  dedi,  oxuyacam. 
Sonra yumşaldı. Yavaş-yavaş əriyib muma döndü. 
Kənd artıq onları işindən xəbər tutmuşdu. Pıçhapıçla bir-
birinə  Mürşüdün  oğlu  ilə  Qəribin  qızının  sevgisindən 
danışırdılar.  Deyirdilər,  məktəbin  arxasındakı  bağda  tez-tez 
görüşürlər. Deyirdilər... Hətta, Nazəninin Ziyada öpüş verdiyini 
də görmüşdülər. 
Çox şeylər deyirdilər, çox şeylər danışırdılar… 
Xəbər  gəlib  Ziyadın  anasına  da  çatdı.  Arvad  Ziyadı  bir 
qırağa çəkib, məsələnin nə yerdə olduğunu öyrənmək istədi. 
- Ziyad, görüşmüsən Qəribin qızıynan? 
Ziyad dinmədi. 
-  Bütün  kənd  danışır.  Utanmırsan  bəs?  Adam  kəndin 
qızına sataşmaz. 
- Mən sataşmıram. 
- Bəs neyləyirsən? 
- İstəyirəm onu. 
-  Başıma  xeyir...  Əyninə  şalvar  ala  bilmirsən,  qız 
istəyirsən?..  Bir  də  ki,  oğul,  sənə  dedim  axı,  onlar  bizə  bab 
adam deyillər. 
Ziyad heç nə demədi. 
Yerin  də  qulağı  vardı,  elə  bil,  dediyi  sözlər  gedib 
Nazəninin  anasının  qulağına  çatmışdı.  Bir-iki  gün  nə 
görüşdükləri yerə gəldi, nə telefon zənglərinə cavab verdi. 
Ziyad  da  anasından  incimişdi,  onunla  qaş-qabaqlı 
davranırdı. 
Sonra  Ziyadın  Nazəninlə  münasibətləri  qaydasına  düşdü. 
Yenə görüşlər, yenə telefon danışıqları… Ancaq anası, həm də 
atasıyla arası Bakıya qayıdana qədər soyuq qaldı. 
Bakıda  bir  dəfə  təsadüfən  yenə  Nigarla  üz-üzə  gəldi. 
Nigar  üzr  istədi,  o  oğlanla  bütün  telləri  qırdığını  dilə  gətirdi, 
Ziyadı bir an da yadından çıxara bilmədiyini dedi. Sonra ağladı. 


 
34 
Qəşəng  gözlərini  ağ  yaylığı  ilə  silib,  imdad  diləyən  baxışlarla 
Ziyada baxdı. 
Amma,  artıq  gec  idi.  Ziyadın  Nigara  olan  sevgi  qatarı 
çıxıb  getmişdi.  İndi  Ziyadın  qəlbində  ancaq  bir  qızın, 
Nazəninin sevgisi vardı. 
Ona  həftədə,  on  gündə  bir  uzun-uzadı  sevgi  məktubları 
yollayırdı.  Arabir  telefonda  da  danışırdılar.  Nazənin  elə  sevgi 
dolu  sözlər,  ifadələr  işlədirdi  ki,  Ziyadın  qəlbi  riqqətə  gəlirdi. 
Və Ziyad tətilin gəlməsini elə həsrətlə gözləyirdi ki… 
Qaradaşlıda  yenə  aləm  bir-birinə  qarışmışdı.  Faxralı 
tayfası  ilə  Atlılar  tayfası  arasında  çaxnaşma  düşmüşdü.  Bu 
düşmənçiliyin  kökü  lap  keçmişlərdən  gəlirdi.  Deyilənə  görə, 
neçə  on  illər  bundan  qabaq  faxralılar  atlılardan  qız 
qaçırmışdılar.  Bunun  üstündə  iki  tayfa  arasında  qan  su  yerinə 
axmışdı.  Bir-birlərinin  igidlərini  vurub  öldürmüşdülər,  bir-
birlərinin  namusuna  sataşmışdılar,  yenə  də  ürəkləri 
soyumamışdı.  Sonralar  bir-birinə  qız  verib,  qız  alsalar  da, 
qohumluq  əlaqələri  qursalar  da,  düşmənçilik  hissi  ürəklərdən 
getməmişdi.  Yeri  gələndə  yenə  bir-birinə  badalaq  vurur,  quyu 
qazır, pisliklər etməkdən çəkinmirdilər. 
Belə  düşmən  tayfalar  kənddə  təkcə  bunlar  deyildi. 
Aynalılarla İlantutanlar, Dəmirçioğulları ilə Sübhalılar arasında 
da  dədə-baba  düşmənçiliyi  hökm  sürürdü.  Xırda  otlaq  yeri 
üstündə,  bir  qoyuna,  bir  quzuya  görə  bir-birinə  əl  qaldırır, 
keçmişdə  olanları  yada  salır,  bir-birinin  başına  olmazın 
müsibətlər gətirirdilər. 
Bu  dəfə  dava  su  üstündə  düşmüşdü.  Faxralı  tayfasından 
olan  adamın  suyunu  Atlılar  tayfasından  olan  adam  kəsmişdi. 
Bunun  üstündə  beyinlər  yenə  qızmış,  kişilər-kişilərə,  qadınlar-
qadınlara  qarışmışdı.  Qan  da  tökülmüşdü.  Polis  xəbər  tutub 
kəndə  gəlmişdi.  Ancaq  hər  iki  tayfanın  igidlərini  aradan 
götürmüş, aparıb dağların arasında gizlətmişdilər. İndi səs-küy 


 
35 
salan  qadınlar  idi.  Bir-birinə  elə  qarğışlar  tökürdülər  ki, 
eşidənlərin qulaqları qabarırdı. 
- İgidləriniz toy gərdəyi görməsin... 
- Üzünüz qara gəlsin... 
- Qapınızda bayquşlar ulasın… 
- Toyunuz yasa dönsün… 
Ziyadla Nazənin bütün bunları eşidirdilər. Axı oturduqları 
yer,  pünhan  görüş  yerləri  kənddən  bir  az  hündürdə  idi.  Ancaq 
onlar  heç  nəyə  fikir  vermir,  şirin-şirin  söhbətləşib,  bir-birinin 
gözlərinə baxırdılar.  
- Ziyad, xəbərin var ki, biz də düşmənik? 
- Niyə? 
- Ona görə ki, bizim bir tərəfimiz Faxralılara gedib çıxır, 
siz isə Atlılardansınız. 
- Mən bilmirəm. 
- Mən isə bilirəm, hamısını öyrənmişəm. 
- Yaxşı dedin, onda gəl səni öldürüm. 
Ziyad  astaca  iki  əli  ilə  Nazəninin  boğazından  tutdu.  Qız 
yalandan  dilini çıxarıb,  astadan qışqırdı. Ziyad  bu  vəziyyətdən 
ləzzət  alıb  qızı  sinəsinə  sıxdı.  Sonra  qızı  özündən  aralayıb, 
duyğulu-duyğulu onun gözlərinə baxdı. 
-  Mən  belə  şeylərə  nifrət  edirəm,  Nazənin.  Bu  nə 
biabırçılıq  idi?  Hamı  bir-birinə  qarışır,  bir-birini  daş  atəşinə 
tutur,  doğmasının,  yaxınının  başını  yarır...  Belə  şeylər  bizim 
eramızdan əvvəl baş verib. Ərazi uğrunda, ərzaq naminə beyni 
küt  tayfalar  əl  qaldırıblar  bir-birinə…  İndi  iyirminci  əsrdir, 
insan  kosmosa  yol  açır,  zəkalar  itiləşir,  hamı  bir-birini  başa 
düşməyə çalışır. Sivilizasiyanın yolu budur, Nazənin. 
- Sağ ol, Ziyad, sən əməlli-başlı oxuyub adam olmusan. 
- Adam deyildim ki? 
-  Yox,  vallah,  belə  bilmirdim  səni.  Atan,  anan,  kim  yox 
deyir-desin, səni əlimdən buraxan deyiləm. 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə