14
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
—
Yəni bizim kəndçi, o yaşmaqlı balaca Həcər arvadı deyirsən?
—
Bəli!
—
Axı, onun nəyi yaraşıqlıdır?
—
Həmin yaşmaqlı balaca Həcərin bir dəstə yaraşıqlı oğul-uşağı, nəvə-nəticəsi
vardır! Birisinin də adı heç bir yanda pisliyə çəkilməyibdir. Baxanda hərəsi bir
işin-peşənin sahibidir. Bax birisi aqronomdur, birisi mühəndis, birisi də
müəllim...
—
Yox, mən yaşmaqlı köhnə bir arvadın adının təzə zamanın yeni qızına
verilməsinin qəti əleyhinəyəm, — deyə yenə də qızım öz dediyinin üstündə
dayandı. — Bütün evlərə baxırsan, təzə-təzə ad, bizim evə dönürsən, Nuh
əyyamından qalan köhnə-köhnə ad!
—
Mən təkcə yaşmaqlı, balaca Həcəri yox, həm də aynalını əlinə alan, yel qanadlı
atının yalmanına yatan, gülləni güllə üstündən duşməninin başına yağdıran,
Gorus qazamatını dağıdan, Zəngəzur naçalniki Səlimbəylə kəllə-kəlləyə gəlib
onun silahlı atlıları ilə səngər-səngərə vuruşan, adı dillər əzbəri həmin igid
Həcəri deyirəm!
—
Axı, bütün bunlar nə münasibətlədir? Mən bilmək istəyirəm!
—
O münasibətlədir ki, qızım, biz Sabirin adı Ələkbəri, xalq aşığımızın adı
Ələsgəri, qədimlərdən danışsaq Nizaminin adı İlyası, ya bu yaxınlardan
danışsaq Vurğunun adı Səmədi, havalarını heyranlıqla dinlədiyimiz «Koroğlu»
bəstəkarının adı Üzeyiri, onlarca belə-belə adamlarımızın əziz surətlərini ancaq
bürünc, mərmər heykəllərə köçürməklə kifayətlənə bilmərik! Mən əsla təzə-
təzə adların uşaqlarımıza verilməsinə zidd deyiləm. Ancaq «köhnədir» deyə,
belə adların silinib aradan getməsinə, gözdən salınıb itməsinə, qondarma süni
adların bu adları sıxıb-sıxışdırmasına ziddəm!
—
Atam yenə də bizi fəlsəfəyə çəkdi, — deyə ali məktəbin son kursunda təhsil
alan qızım bu ittihamı üstünə götürmək istəmədi. — Mən bu körpəyə nə
münasibətlə Həcər adını qoymaq istədiyimi soruşduqda, sən aynalını əlinə
15
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
alan... Gorus qazamatını dağıdan Həcərdən dastan açırsan. Axır, ata, bu adlar
nə zamandandır ki, olub keçiblər.
—
Yox, qızım, — deyə mən ciddən etiraza qalxışdım. Bunlar əsla olub
keçməyiblər!.. Bunlar bizim atalarımız, babalarımız, nənələrimizdir! hələ bir
çoxları da müasirlərimiz, yoldaşlarımızdır. Mən bilmirəm siz, sabah hansı
haqla mənim adımı biryolluq unuda bilərsiniz?
—
Mən fəlsəfədən kənaram, amma Həcər adının bu körpəyə münasibətini
soruşmaq, bilmək istəyirəm,— deyə qızım öz siyahısını çıxarıb hirsindən
əlində əzişdirə-əzişdirə yumruladı. — Bizim evdə köhnəliklə yeniliyin
mübarizəsi qurtarası deyildir!
— Onda «köhnəlik», «yenilik» məfhumunu doğru başa düşmək gərəkdir!.. Nəyi
atmağı, nəyi saxlayıb yaşatmağı dürüst anlamaq gərəkdir!
—
Qızım mənim tündləşdiyimi görüb çəkindi. Kim necə razı olub-olmasa da
körpənin adı öz-özlüyündə Həcər qaldı.
—
Payız çıxdı, qış keçdi, yaz ötdü, yay yetişdi. Mollu kəndindən bir dəstə adam
Bakıya gəldi. Onlar balaca Həcəri öz kəndlərinə qonaq çağırırdılar. Mən bu
arada dincəlmək üçün başqa bir yaylağa yola düşdüm... Orada eşitdim ki, bəs,
Həcərgil Mollu kəndinə yollanıblar. Ad üstündə mənimlə razılaşmayan qızımı
da özləri ilə aparıblar. Dedim, görək qızım Mollu kəndindən nə fikirdə
qayıdacaq, Həcər adı ilə razılaşacaq, ya öz dediyində qalacaqdır?!
—
Sentyabrın əvvəlində biz, Bakıya dönən günü Həcərgil də Mollu kəndindən evə
qayıtdı. İlkin mən uzun kirpikli, iri qara gözlərini çevikcə dolandırıb-gəzdirən,
qol-qanad açıb dirçələn Həcəri qucağıma alıb, o üz-bu üzündən öpdüm. Qız
başını dikəldib üzünü neştərli bığımdan qaçırırdı. Qızımdan soruşdum:
—
Hə, necədir, Həcər adı?
O, tərəddüd etmədən:
—
Çox gözəl! — deyə, balaca Həcəri qucağımdan alıb oynatdı, bir küncdə salınan
xalçanın üstünə qoydu. Uşağın oyuncaqlarını da qabağına tökdü... Həcər
oyuncaqlara cumdu, birisini götürüb o birisini atdı.
16
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Qızım nağıl etdi ki, bəs biz, Molludan yuxarı meşəli yaylağa köçdük, Şirnuxu
kəndinin yanında Nəbi ilə Həcərin oylaqlarından birisi olan Şırlanbulağın yanında sıx
palıdlı meşədə düşdük. Bütün Mollu obası axşam-səhər ağız-ağıza verib:.
—
Nənə, nənə! — deyə bu körpəni çağırırdı. — Həcər nənə, Həcər nənə!—
Körpə əl-əl gəzirdi. Hərə bir qumrovlu quzu gətirib «Həcər nənə»yə
bağışladı. Həcər də qumrovlu quzuları toppuş əlləri ilə oxşayıb, oynatdı.
İndi «Həcər nənə»nin orada qumrovlu-zınqrovlu bir sürüsü vardır. İndi daha
bu qıza «Həcər nənə» deməsən, adama sarı baxmaz.
Söhbətin bu yerində mən, sınaq üçün, xalça üstündə oynayan qızı çağırdım:
—
Nənə, nənə, Həcər nənə, Həcər nənə!..
Qız oyuncaqlarını atıb qollarını mən tərəfə açdı. Mən, balaca Həcəri yerdən üzüb,
yuxarı qaldırdım.
—
Nənə! Nənə! — deyə ucadan oxşadım. — Həcər nənə, Həcər nənə!
Balaca Həcərin nənəsi, mənim uşaq kimi kövrəldiyimi görüncə, nazik libasının
cibindən balaca dəsmalını çıxartdı, həyəcandan yaşaran gözlərini gülə-gülə sildi...
Dostları ilə paylaş: |