51
radio verilişlərinin yayınlanmasına başlanıldı. 1920-ci ildə Birləşmiş Dövlət Teatrı,
Rus Tənqid və Təbliğ Akademik Teatrı, 1924-cü ildə Azərbaycan Opera və Balet
Teatrı, 1928-ci ildə Uşaq Teatrı (1938-ci ildən Gənc Tamaşaçılar Teatrı), 1931-ci
ildə Azərbaycan Kukla Teatrı, 1938-ci ildə Azərbaycan Musiqili Komediya Teatrı
yaradıldı. Milli kinematoqrafiyanın əsasları yaradıldı. İkinci Dünya müharibəsi
illərində Azərbaycan SSR-in iqtisadiyyatı hərbi xəttə keçirildi. Bakı Sovet
Ordusunun əsas cəbbəxanalarından biri idi: SSRİ-də hasil olunan neftin 75%-dən
çoxu burada çıxarılır, sovet aviasiyası tamamilə Bakı nefti ilə işləyirdi, Bakının
maşınqayırma zavodlarında silah və sursat, o cümlədən məşhur "Katyuşa" istehsal
olunurdu.
Azərbaycan SSR-də ümumi sayı 600 min nəfərdən artıq olan 77-ci
("Simferopol"), 223-cü, 271-ci ("Qorlovka"), 402-ci və 416-cı ("Taqanroq") atıcı
diviziyaları təşkil edildi və onlar hərbi əməliyyatlarda iştirak etdilər. 1942-ci ilin
iyulunda alman qoşunları Şimali Qafqazın bir hissəsini işğal
etdikləri zaman sovet rəhbərliyi azərbaycanlıları Mərkəzi
Asiyaya və Qazaxıstana köçürmək haqqında plan hazırladı, lakin
M.C.Bağırov Stalini inandıra bildi ki, bu planın həyata
keçirilməsinin mənfi nəticələri olacaq. Müharibə illərində
Azərbaycan diviziyaları 400 minədək döyüşçü itirmiş,
Azərbaycanın 121 döyüşçüsü "Sovet İttifaqı Qəhrəmanı" adına
layiq görülmüş, 30 nəfəri hər üç dərəcədən olan Şöhrət ordeni,
176 min nəfəri SSRİ-nin digər orden və medalları ilə təltif edilmişdir. Həzi
Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Müharibə Azərbaycan SSR-in iqtisadiyyatına çox ağır zərbə vurmuşdur;
müharibədən sonra onun iqtisadiyyatı dinc yola keçirildi. 1948-ci ildə neft
istehsalının inkişafı müharibədən əvvəlki səviyyəyə çatdı. Yeni neft və qaz
yataqları istismar edildi. 1948-ci ildə Neft
daşlarının inşasına başlanıldı, 1949-cu ildə isə
dəniz neft quyusundan ilk fontan vurdu.
Müharibədən sonra bir çox yeni müəssisələr inşa
edildi, sənayenin kimya, dağ-mədən, qara və əlvan
metallurgiya, energetika kimi sahələri inkişaf
etdirildi. 1954-cü ildə Cənubi Qafqazda ən böyük
olan Mingəçevir SES işə salındı. 1955-ci ildə birinci Dağlıq Qarabağ və ikinci
Samur - Abşeron suvarma kanalları işləməyə başladı. Respublikada dənli bitkilərin
istehsalı azaldı, əvəzində isə texniki bitkilərin, xüsusilə də pambıq və tütün
istehsalı artırıldı. Heyvandarlıq öz inkişafında xeyli geridə qalırdı. Bütün bunlarla
yanaşı, əhalinin həyat səviyyəsi xeyli aşağı idi.
1945-ci ildə Bakıda Nizami Muzeyi (sonralar - Nizami adına Azərbaycan
Ədəbiyyatı Muzeyi) açıldı. 1945-ci il yanvarın 23-də Azərbaycan SSR Elmlər
Akademiyası yaradıldı. 1945-ci ildə Teatr İnstitutu, 1948-ci ildə Xarici Dillər
52
Pedaqoji İnstitutu, 1952-ci ildə Rus Dili və Ədəbiyyatı İnstitutu açıldı. 1940 - 50-ci
illərdə təhsilin ruslaşdırılmasına doğru ciddi addımlar atıldı, təhsilin məzmunu
mövcud rejimin maraqlarına tabe etdirildi. Müharibədən sonrakı dövrlərdə ədəbi
abidələrin, inqilabdan əvvəlki tarixçi və dilçilərin, eləcə də yadfikirlilərin təqibi
ciddiləşdirildi. “Kitabi-Dədə Qorqud” əsəri “mürtəce feodal-xan dastanı”
damğasını aldı, A.Bakıxanov idealizm və fanatizmdə günahlandırıldı, Kazım bəyi
"çarizmin sədaqətli nökəri" adlandırdılar, yazıçı Mirzə İbrahimov "elmi-siyasi
sayıqlığını" itirməkdə günahlandırıldı, akademik Heydər Hüseynov "Stalin
mükafatı"ndan məhrum edildi, akademik M.A.Dadaşzadə "Türkiyə casusu"
damğasını aldı və s. Moskvadakı erməni lobbisinə
arxalanan erməni millətçiləri və daşnakları Dağlıq
Qarabağın Azərbaycandan qoparılıb Ermənistana
birləşdirilməsi
haqqında
vaxtaşırı
məsələ
qaldırırdılar. Ermənistanın rəhbərliyi 1945-ci ildə
növbəti dəfə bu məsələni ÜİK(b)P MK-nın
qarşısında qaldırdı. M.C.Bağırov azərbaycanlıların
yaşadığı Zəngəzurun, Borçalının və Dərbənd dairəsinin Azərbaycana qaytarılması
şərti ilə, azərbaycanlıların məskunlaşdığı Şuşadan başqa, Dağlıq Qarabağın digər
ərazilərinin Ermənistana verilməsinə razılığını bildirdi. Həm Ermənistanın, həm də
Azərbaycanın təklifini rədd edən sovet hökuməti Ermənistan SSR-in ərazisində
yaşayan azərbaycanlı əhalinin xeyli hissəsinin Azərbaycan SSR-in Kür-Araz
ovalığına köçürülməsi haqqında sanksiya verdi. 1948 -50-ci illərdə Ermənistandan
"könüllülük prinsipi" əsasında 100 min azərbaycanlı köçürüldü. Eyni zamanda,
Azərbaycanda yeni yaradılan sənaye müəssisələrinə - Sumqayıt, Əli Bayramlı,
Mingəçevir və Daşkəsənə başqa respublikalardan minlərlə adam, o cümlədən
ermənilər köçürüldü, Azərbaycanın qərb rayonlarına - Daşkəsən, Goranboy,
Şəmkir, Kirovabad (Gəncə) və Dağlıq Qarabağa erməni miqrasiyası gücləndi.
1950-ci ildə Gürcüstan SSR-də Azərbaycan yaşayış məntəqələrinin adının gürcü
yer adları ilə dəyişdirilməsinə başlanıldı. Bütün bu sadalananlar sovet
imperiyasının Azərbaycan əleyhinə apardığı vahid kampaniyanın tərkib hissələri
idi. 1953-cü ildə Stalinin ölümündən sonra M.C.Bağırov "xəyanətkar fəaliyyətinə
və rəhbərlikdəki yarıtmaz işinə görə" tutduğu vəzifədən azad edildi. SSRİ Ali
Məhkəməsinin 1956-cı ilin aprelində Bakıda keçirilən Hərbi Kollegiyası
M.C.Bağırovu "xalq düşməni" kimi güllələnməyə məhkum etdi. Repressiya
olunanlara 1956-cı ildən etibarən bəraət verilməsinə başlanıldı, lakin Azərbaycan
xalqının tarixi keçmişindən və türk xalqları ilə birliyindən bəhs edilən əsərlərə
qoyulmuş qadağa yenə də götürülmədi. Azərbaycan KP MK-nın birinci katibi təyin
edilmiş İmam Mustafayev respublikanın inkişafındakı milli özəllikləri qorumağa
və artırmağa cəhd göstərdi. 1950-ci illərdə kəndli gənclərin Bakıya axını gücləndi
və bu, şəhərdə azərbaycanlı əhalinin sayının artmasına səbəb oldu. İ.Mustafayev
Azərbaycan dilinə dövlət dili statusu verilməsinə çalışırdı. 1956-cı il fevralın 14-də