24
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
qanundakı aşkar qadağanı qəsdən pozmuş olması baş vermiş kriminal nəticəyə görə onun daha sərt
cəzalandırılmasını şərtləndirir.
CM‐in 263‐1‐ci maddəsi cinayət xarakterli yol‐nəqliyyat hadisəsinin xüsusi subyekt tərəfindən
törədilməsini nəzərdə tutur. Məlumdur ki, xüsusi subyekt tərəfindən törədilən cinayətlərdə şəxs
həm cinayətin «müəllifidir», həm də əməlin ictimai təhlükəliliyini müəyyən edən sistemaltı
elementlərdən biridir (3, 86). Xüsusi subyekt cinayətin subyekti üçün ümumi əlamətlərlə yanaşı,
konkret normanın dispozisiyasında təsbit edilən xüsusi əlamətlərə də malik olmalıdır. CMin 2631ci
maddəsinin dispozisiyasında iki belə xüsusi əlamət göstərilir: 1) nəqliyyat vasitəsini idarə edən
şəxsin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir
edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olması; 2) nəqliyyat vasitəsini idarə
edən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmaması. Məlumdur ki, cinayətin
xüsusi subyektini xarakterizə edən əlavə əlamət müəyyən hallarda bəzi cinayət tərkiblərinin tövsif
əlaməti kimi çıxış edir (4, 297). Deməli, yuxarıda göstərilən əlamətlərdən hər hansı birinin olmaması
yol‐nəqliyyat hadisəsinin CM‐in 263‐1‐ci maddəsi üzrə tövsifini istisna edir.
Cinayət qanununun Xüsusi hissəsinin normalarının tətbiqində, ictimai təhlükəli əməlin tövsifində
ən mühüm vəzifə bu əməlin əlamətlərinin konkret cinayət tərkibinin əlamətlərinə dəqiq
uyğunluğunun müəyyən edilməsidir. Bu işin uğurlu və birmənalı olmasının vacib şərtlərindən biri
isə Xüsusi hissənin normasının dispozisiyasında göstərilən tərkib əlamətlərinin hüquqi müəyyənlik
xüsusiyyətinə malik olmasıdır. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi
müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları
birmənalı və aydın olmalıdır (1, 256).
Qeyd olunanlar CM‐in 263‐1‐ci maddəsi üzrə məsuliyyət məsələsinin də həllində keçərlidir. Baş
vermiş yol‐nəqliyyat hadisəsini bu maddə üzrə tövsif etmək üçün nəqliyyat vasitəsini idarə edən
şəxsin sərxoş olması və ya nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs olması cinayət‐
prosessual qanunvericilikdə müəyyən olunan qaydada mötəbər sübutlarla təsdiq edilməlidir.
Tədqiqat mövzusuna uyğun olaraq həmin əlamətlərdən birini ‐ nəqliyyat vasitəsini idarə etmək
hüququnun olmamasını nəzərdən keçirək. Zahirən hər şey kifayət qədər sadədir. «Yol hərəkəti
haqqında» Azərbaycan Respublikası Qanununun 33cü maddəsinin I hissəsinə əsasən, həmin
maddənin II hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı,
yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan
Respublikasının ərazisində nəqliyyat vasitələrini idarə etmə hüququna malikdir. Göründüyü kimi,
istinad olunan norma nəqliyyat vasitəsini idarə etmək hüququnun olması üçün şəxsin digər
əlamətlərlə (qanunda nəzərdə tutulan yaş həddinə çatmaq; sağlamlıq cəhətdən sürücülüyə yararlı
olmaq; yol hərəkəti qaydalarını bilmək; sürmə vərdişinə malik olmaq) yanaşı, müvafiq rəsmi sənədə
sürücülük vəsiqəsinə malik olmasını da təsbit edir. Sürücülük vəsiqəsi mexaniki nəqliyyat
vasitələrini və tramvayı idarə etmək hüququnun mövcudluğunu təsdiq edən rəsmi sənəddir. Yalnız
bu hüquqi formallığı rəhbər tutaraq demək olar ki, sürücülük vəsiqəsi olmayan şəxs nəqliyyat
vasitəsini idarə etmək hüququ olmayan şəxsdir. Amma məsələ bu dərəcədə sadə deyildir, çünki
nəqliyyat vasitələrinin növünə və təyinatına görə sürücülük vəsiqələrinin kateqoriyaları
fərqləndirilir. Bundan başqa, sürücülük vəsiqələrinin etibarlılıq müddəti məhduddur, habelə
müəyyən hüquq pozuntularına görə nəqliyyat vasitəsini idarə etmək hüququnun müvəqqəti
məhdudlaşdırılması və bu hüquqdan müəyyən müddətə məhrum etmə də var. Bunları nəzərə alan
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu özünün 15 noyabr 2013cü il tarixli, «Yol
hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə
məhkəmə təcrübəsi haqqında» Qərarının 4cü bəndində qeyd edir ki, nəqliyyat vasitəsini idarə etmək
hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan
qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti
məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə
etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız «B» kateqoriyasına
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
25
aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər). Plenumun
həmin Qərarı nəqliyyat vasitəsini idarə etmək hüququnun olmamasının dörd halına kifayət edəcək
aydınlıq gətirmişdir. Həqiqətən də, həmin hallardan hər hansı birinin mövcudluğu yol‐nəqliyyat
hadisəsi törətmiş şəxsə qabaqcadan məlumdur və o, nəqliyyat vasitəsini idarə etmək hüququnun
olmadığını, bu hüquqdan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunduğunu,
bu hüququnun müvəqqəti məhdudlaşdırılmış olduğunu, yaxud sürücülük vəsiqəsinin kateqoriyasına
aid olmayan nəqliyyat vasitəsini idarə etdiyini dərk edir, qanunun bu vəziyyətdə nəqliyyat vasitəsini
idarə etməyi qadağan etməsinə məhəl qoymadan nəqliyyat vasitəsini idarə edərək yol‐nəqliyyat
hadisəsi törədirsə, onun CM‐in 263‐1‐ci maddəsi üzrə məsuliyyətə cəlb edilməsi heç bir şübhə
doğurmayacaq.
Lakin qanunvericilikdə şəxsin nəqliyyat vasitəsini idarə etməsinin yolverilməz olduğu başqa bir hal
da təsbit edilmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 34cü
maddəsinin V hissəsinə uyğun olaraq hər bir şəxsə verilən sürücülük vəsiqəsinin konkret etibarlılıq
müddəti vardır. Həmin müddət bitdikdən sonra sürücülük vəsiqəsi etibarsız sayılır və
qanunvericiliklə müəyyən edilən qaydada onun sahibi vəsiqəsini dəyişdirməsə, belə şəxs sürücülük
vəsiqəsi olmayan şəxs sayılacaqdır. Həqiqətən də, sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmiş
və onu dəyişdirməmiş şəxs formal hüquqi baxımdan sürücülük vəsiqəsi olmayan şəxsdir. Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının 12 yanvar 2012ci il tarixli, Q100112 saylı Qərarı
ilə təsdiq olunmuş «Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları
əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair» Təlimatın 5.10‐cu bəndində
qeyd olunur ki, sürücülük vəsiqəsinin etibarlılıq müddəti keçmiş şəxslər sürücülük hüququ olmayan
şəxs qismində məsuliyyətə cəlb olunur. Təcrübədə bəzən sürücülük vəsiqəsinin konkret müddət
üçün verilməsinə dair «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun yuxarıda
istinad olunan müddəası, habelə adı çəkilən Təlimatın həmin norması rəhbər tutularaq sürücülük
vəsiqəsinin etibarlılıq müddəti keçmiş şəxs cinayət xarakterli yol‐nəqliyyat hadisəsi törətmiş
olduqda onun CMin 263cü deyil, 263‐1‐ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə cəhd edilir. Bu
səbəbdən sürücülük vəsiqəsinin etibarlılıq müddətinin başa çatdığı halda şəxsin nəqliyyat vasitəsini
idarə etmək hüququ olan şəxs sayılıbsayılmaması məsələsinə həm nəzəri baxımdan, həm də
qanunvericilik qaydasında aydınlıq gətirilməsi zəruridir.
Həqiqətən də, kifayət qədər mübahisəli məqamdır: bir tərəfdən, şəxsin sürücülük vəsiqəsinin
müddəti bitmişdir və yol hərəkətinə dair qanunvericilik belə şəxsin nəqliyyat vasitələrini idarə
etməsinin yolverilməz olduğunu təsbit edir; digər tərəfdən, həmin şəxs sürücülük üçün irəli sürülən
bütün tələblərə cavab verir və sadəcə olaraq onun bu hüququ təsdiq edən sənədinin etibarlılıq
müddəti ötürülmüşdür.
Hesab edirəm ki, bu məsələyə həm beynəlxalq, həm də milli qanunvericiliyin müddəaları, sürücülük
fəaliyyətinin mahiyyəti, habelə sürücülərə dair tələblər nəzərə alınmaqla aydınlıq gətirilməlidir.
«Yol hərəkəti haqqında» 1968ci il Vyana Konvensiyasının 41‐ci maddəsinin 3‐cü bəndində deyilir
ki, milli sürücülük vəsiqəsinin qüvvədə olma müddəti milli qanunvericilikdə məhdudlaşdırıla bilər.
Deməli, beynəlxalq qanunvericilik sürücülük vəsiqəsinin qüvvədə olmasını müddətlə
məhdudlaşdırmağı üzv dövlətlərin öhdəsinə buraxır. Buna uyğun olaraq, ölkəmizdə sürücülük
vəsiqəsinin müddətli verilməsi nəzərdə tutulmuşdur. «Yol hərəkəti haqqında» Qanunun 35ci
maddəsinin VIII hissəsini təhlil etdikdə aydın olur ki, sürücülük vəsiqəsinin etibarlılıq müddəti
bitdikdən sonra onun dəyişdirilməsinin iki qaydası nəzərdə tutulur: 1) şəxsin sağlamlığı barədə
tibbi arayış təqdim edilməklə sürücülük vəsiqəsinin dəyişdirilməsi; 2) belə tibbi arayış olmadan
sürücülük vəsiqəsinin dəyişdirilməsi. Fikrimcə, sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitdikdən
sonra şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ olan və ya olmayan şəxs hesab edilməsi
məsələsində əsas diqqət məhz bu məqama (tibbi arayışın tələb edilib‐edilməməsinə) yetirilməlidir.
Bunu aydın şəkildə dərk etmək üçün sürücüyə dair tələbləri nəzərdən keçirək.
1 aprel 1975‐ci ildə Cenevrədə imzalanmış «Sürücülük vəsiqəsinin verilməsi və qüvvədə olmasına
dair minimal tələblər haqqında» BMT Sazişi, habelə bu Sazişə uyğun olaraq «Yol hərəkəti haqqında»